Rəşad Məcid: “Emin Piri cəzasını alacaq!”

Rəşad Məcid: “Emin Piri cəzasını alacaq!”
5 fevral 2016
# 11:23

Gənc şair, AYB üzvü Emin Pirinin Kulisə müsahibəsində Fikrət Qoca haqqında söylədiyi fikirlər Yazıçılar Birliyində müzakirə ediləcək. Bu barədə Kulisə qurumun gənclər katibi Rəşad Məcid bildirib: “Bu tərbiyəsizlikdi. Fikrət Qocanın bir faizi qədər yaradıcılığı olmayan bir havalanmış gəncin eyforik halıdı. Təhqirdi. Təhqirə görə də cəzasını alacaq”.

Katib Emin Pirinin nankorluq etdiyini deyib: “AYB onu Gənc Ədiblər Məktəbinin koordinatoru təyin etdi, təqaüd verdi, kitabını buraxdı, təqdimatını keçirtdi. Bütün bunlardan sonra bu hikkənin adı nankorluqdur”.

Rəşad Məcid Emin Pirinin arxasında müəyyən qüvvələr dayandığını güman edir: “Bir müddət əvvəl bu gənc kimlərdənsə aldığı sifarişlə Kamal Abdullaya qarşı haqsız hücumlar edir, Kamal müəllimlə Yazıçılar Birliyinin arasını vurmaq istəyirdi. Görünür, indi də kimlərinsə sifarişini yerinə yetirir. Açığı, onun AYB-nin hansısa mətbu orqanında işlə təmsil olunmaq istəyi vardı. Lakin bu istəyi yerinə yetirmək mümkün olmadı. İndi də Emin hikkə nümayiş etdirir”

Emin Pirinin AYB üzvlüyündə qalıb-qalmayacağı ilə bağlı suala Rəşad Məcid belə cavab verib: “Biz hələlik katiblikdə onun müsahibədə dediyi fikirləri müzakirə edəcəyik. Sonrasına isə baxarıq. Amma bu təhqirlər cavabsız qalmayacaq, müvafiq tədbir görüləcək”.

# 1052 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #