İlqar Fəhmiyə AYB-də yüksək vəzifə verildi

İlqar Fəhmiyə AYB-də yüksək vəzifə verildi
28 avqust 2014
# 12:42

Azərbaycan Yazıçılar Birliyinin katibliyinin toplantısında yeni və önəmli qərar qəbul edilib.

Ayb.az-ın məlumatına görə, “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Yazıçılar Birliyinin katibi təyin edilib. Xatırladaq ki, buna qədər bu vəzifəni Arif Əmrahoğlu icra edirdi. Arif Əmrahoğlu 19 iyun tarixində dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Fəhmi bu vəzifəni sentyabr ayının 1-dən icra etməyə başlayacaq.

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.

Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.

Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü və "Ulduz" jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.

Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcısıdır.

# 1612 dəfə oxunub

Müəllifin son yazıları

# # #