Arvadını Antonio Banderasa qısqanmayan kişi

Arvadını Antonio Banderasa qısqanmayan kişi
31 avqust 2013
# 07:30

“Fraqmentlər” silsiləsindən

Toydan az sonra, sonralar və lap sonra

Toydan on bir ay sonra

- Sən yenə bu qızın şəklinə baxırsan?!

Noutbukda ərini “qız üstündə tutan” arvad özündən çıxdı.

- Ayy! Sən hələ layk da eləmisən bunu. Bax, inan ki, bunu sənə bağışlamayacam. Belə getsə, mən... bilmirəm... neyniyəcəm!

“Elə bilməsən yaxşıdı,” - davamını kişi deyir, ürəyində. Amma hələ ki, heç nə demir, tam sakitdi.

- ...Bu qədər də olmaz axı. Nə vaxta qədər bu layklara, yazdığın yaltaq şərhlərə, təzə dostluqlara dözmək olar. Hamısı da qızlar. On bir aydı e evləndiyimiz. Mən ərə gələndən səni işdə də feysbukda görürəm, evdə də. Haranın şortusu sənə dostluq göndərir, baxmırsan kimdi, nəçidi, o dəyqə dostluğunu qəbul eliyirsən. Olmaz axı belə.

- ....

- Mənim, öz halalca arvadının şəkillərini xahiş-minnətdən sonra layk eliyirsən. İnanırsan, necə peşman olmuşam ilk dəfə elədiyim o layk xahişimə? – Ərinin dinmədiyini görüb daha da əsəbiləşir arvad. - İndi zəhmət çəkib anlayk elə bütün şəkillərimi. Gir mənim şəkillərim olan yerə.... Yox, bu dəyqə gir.... Hə, bax indi diqqətlə... Ayaqlarıma bax, - şəkildə qısa dondadır, uzun, qəşəng ayaqları var iyirmi yeddi yaşlı arvadın, - boynuma bax, - boynu da qeyri-adi gözəl olmasa da, pis deyil.

- ....

- İndi qayıt o şortunun şəkillərinə.... Hə, bax, cəmi ikicə şəkildə dondadı. O da ciddidi guya, dizdən aşağı don geyinib. Əyri ayaqdı, “spiçka” ayaqdı, ona görə. Belə ciddisənsə, soruşan lazımdı, niyə dar kofta geyinmisən.

- Amma razılaş ki, sifətdən pis deyil, - nəhayət, kişi sakit tonda dilləndi.

- Nəə?! - əlləri üzündə qaldı arvadın, - sözüm yoxdu day, - deyib qapını çırpıb otaqdan çıxdı.

Üç il sonra

Arvad sakitcə böyük otağa girir, kişi ATV-də Nura Surinin ingilis dilində oxuduğu mahnıya qulaq asır.

- Ölürsən də bu liliputdan ötrü, - arvad deyinir.

- Liliput-zad deyil. Küçədə öz gözlərimlə görmüşəm, amma hündür də deyil. Televizorun günahıdı, uzunu liliput, liliputu uzun göstərir. Sifətcə qəşəngdi.

- Off, bir şey əzbərrəmisən də sən, filankəs sifətdən qəşəngdi, gözəldi. Mən çirkinəm bəyəm sifətdən?

- Ər istədi desin “Pri çom tut sən”, anladı ki, bir az kobud çıxar, xətrinə dəyər, - hər halda on il yox, üç ildi ki, evlidirlər, - başqa cür deyəsi olur:

- Mən bəyəm deyirəm ki, sən sifətdən çirkinsən?

- Yaxşı, necəyəm onda?

- Əlbəttə, sən də qəşəngsən sifətcə.

- Gəşəng yox, gözəl. Bu birincisi. İkincisi, tək sifətcə yox, elə fiquram da necə lazımdı yerindədir! – Bunu deyib əndamını ərinin qabağında hərəkət etdirir, hər iki əlini bədəni boyunca sürtür.

- Tək sifətcə yox, elə fiquran da necə lazımdı yerindədi, - ər sakitcə təkrar edir arvadının dediyini.

- Uy daa, bu üç ildə necə sənə dözmüşəm?!

- Uy daa, bu üç ildə bəs mən necə sənə dözmüşəm?!

Arvad ah çəkib başını bulayır...

Dörd il sonra

...Feysbukdakı profilindən çıxmaq üçün beş dəfə dalbadal, kursorla tez-tez “çıxış”a tıklayır. Addım səsləri yaxınlaşır, çatdırammır. “Zibil,” – kişinin ağzından çıxan söz və arvad kişisini növbəti laykın üstündə yaxalayır. Süpürləşirlər, - mərəkə qopur aralarında...

“Zibil, – bunu isə arvadıyla dalaşandan sonra feysbuka yox, özünə deyirdi. – Bir dəfə yavaşca vursan çıxışı, çıxmışdın feysdən, beş dəfə niyə vurursan?!”

Beş il sonra

Kişi arvadı axtarış saytında Tom Kruzun şəkillərinə baxan yerdə “yaxalayır”.

- Ay arvad, bu gədəyə on altı-on yeddi yaşlı məktəbli qızlar baxanda yenə başa düşərəm. Sənin otuz iki yaşın var, bir oğul anasısan, hələ də nərmə-nazik oğlanlara baxırsan.

- O, qaluboy deyil.

- Əstaafurulla, mən bəyəm dedim ki, o, qaluboydu.

- Yaxşı, kimə təklif eliyirsən baxım?

- Kimə təklif eliyirsən, - ağzını əyir arvadının. – Nə bilim kimə, Corc Kluni məsəlçün... Ya Bryus Uillis, Banderas... İndi futbolçular moddadı, ya da trenerlər. Hə, tapdım, Joze Maurinyo, sən ona bax.

Altı il sonra

Ər qucağında beş yaşlı oğlu divanda oturub Cenifer Ənistonun baş rolda oynadığı “Söz gəzir ki...” (Rumor Has it.......) filminə baxa-baxa fikirləşir: “ Kim nə deyir-desin, bu, Ancelina Colidən qəşəngdi... Qəşəng də olmasa ... Seksualdı. Bred Pitin zövqünə ....., bunu atıb, gör gedib kimə ilişib. Görən, milyarder olsaydım, mənimlə ......”.

- Ee papa... papa. Çöndər Kayuya. Kayunu istiyirəm.

Oğlu iki dəqiqədən bir atasını dümsükləyir ki, Kayu cizgi filmi gedən Türkiyənin “Yumurcaq” kanalına çevirsin.

- Gözlə Qubuş, - Qurbandı oğlunun adı, - az qalıb e, indi reklam olsun, baxarsan Kayuya.

İstəmir Ceniferi “əldən buraxsın”, oğlu irəli uzanıb divanın o başındakı pultu götürmək istəyəndə onu özünə tərəf çəkir, uşaq zırıldamağa başlayır.

- Reklam qutarıb, çöndər, qutarıb reklam, - oğlu isə uşaq ağlıyla elə bilir atası “Yumurcaq” kanalında reklamın bitməyini, cizgi filminin başlamasını nəzərdə tutur, ona görə deyir, o kanalda reklam bitib, çevir ora.

- Ay kişi, niyə qoymursan uşax multikinə baxsın? - əlində sini, sinidə iki stəkan, konfetlərlə dolu qəndqabı və balaca üçün bir fincan çay qadın gülə-gülə böyük otağa girir.

- Təzə dəmləmisən?

- Eee, sualdan qaçma, niyə keçirmirsən multikə? O şortuya baxmaq üçün, hə?

- O şortu deyil. Min dəfə də Ancelina Colidən qəşəngdi.

- Qəşəngdi? Onda mən də sənin acığına Bred Pitin kinoları olan diski alıb səhərdən-axşamacan baxacam.

- Neyniyim, bax da.

Arvad sinidəki çayları masaya qoyur və ərinə yaxınlaşıb cəldliklə pultu götürüb televizora tərəf çevirib Qubuşun istədiyi kanalın nömrəsini – iyirmi altını- basmaq istəyir, ancaq düymələrdən birini basa bilir, kişi onun qolundan tutur, yenə süpürləşirlər, kişi onun qoltuğunun altını qıdıqlamağa başlayır. Qadın qəşş edib gülür, pult əlindən yerə düşür, kişi pultu götürmək istəyəndə arvad onu qıdıqlamağa başlayır, kişi gülməyə başlayır, uşaq fürsətdən istifadə edib pultu götürür və 26-cı düyməni basır.

Bir neçə gündən sonra kişi arvadı maraqla Antonio Banderasın internetdə şəkillərinə baxan yerdə tutur, başına yüngül qapaz vurur.

- Əşi, düzünü bilmək istiyirsənsə, heç xoşuma gəlmədi, - arvad deyir və açdığı şəkil saytlarının hamısını bağlayır. – Sifəti çox mənasızdı, “tupoy” maçodu.

- Bu gün bilmisən tupoy maço olmağını? Demək istiyirsən ki, indiyə qədər baxmamısan onun şəkillərinə? Elə bilirsən yadımdan çıxıb, mən özüm sənə hardasa bir il qabaq demişdim ki, Tom Kruzdansa Banderasın şəkillərinə bax. Ya da o gün özün dediyin kimi Bred Pitin kinolarına. Amma bu gündən Banderasa baxmırsan, çünki “tupoy” maçodu o.

- Onda sən də nə Penelopa Kruzun, nə də Kemeron Diazın şəkillərinə baxırsan, danışdıq? Heç Ceniferin də kinolarına baxmırsan.

On iki il sonra

İkisi də kişinin feysbukdakı profilinə girib bir xanımın şəkillərinə baxır. (Kinemotaqrafik olaraq: ekranda iki yan-yana baş arxadan, uzaq planda görünür. Kadr yaxınlaşır və başların arasından noutbukun ekranında dizə qədər yay paltarında olan bir xanımın meşədə çəkdirdiyi şəkillər “siçanın” düyməsiylə bir-birini əvəzləyir.)

- Baldırları “padruqam” Ramilənin baldırları kimidi. Super, - arvad dillənir.

- Bəs sifəti?

- Sifəti də qəşəngdi. Amma bədəninə söz ola bilməz.

- Dodaqları silikondu, məncə.

- Xeyir! Mən silikonla təbii dodaqları o dəqiqə ayıra bilirəm. Bunun elə əzəldən dodaqları belə toppuş olub.

- Doğurdan?

- Əlbəttə.... Şəxsən mən qadınlığımla buna az qala vuruldum.

Kişi tərs-tərs arvada baxır.

- Əşi o mənada yox e. Sən də o dəyqə başqa yerə yozursan, - arvad gülür. – Amma ciddi deyirəm, şəxsən mən kişi olsam, bu şəkilləri layk eliyərdim.

Kişi sanki bunu gözləyirmiş kimi tezcə bir-bir şəkilləri layk eləməyə başlayır. “Hardasa on il əvvəl belə şeylərə görə az qalırdı boşansın mənnən,” – on iki il əvvəl toydan bir ay sonrakı kimi kişinin sifətində ironik təbəssüm yaranır.

Otuz beş il sonra

Otuz beş il sonra kişinin altmış beş, qadının əlli səkkiz yaşı var, nəvələri artıq məktəbə gedir...

Kişi tualetdə əllərini sabunla yuyurdu.

- Ay kişi!!

- Həə!

- Ay kişi hardasan?! Cenifer Eniston haqqında veriliş göstərirlər.

Kişi suyun şırıltısı, hamamda işləyən ventilyasiya, üstəlik, böyük otaqda televizor və nəvələrin səs-küyündən arvadın sözlərini tam eşitmədi. “Nə deyirsən e, ay arvad, imkan ver əlimizi yuyaq,” – öz-özünə mızıldandı.

Az keçməmiş hamamın qapısı döyüldü və o tərəfdən dördüncü sinifdə oxuyan qız nəvəsinin səsi gəldi:

- Ay baba, nənə dedi ki, tez gəlsin. Cenfer Asitonu göstərirlər, cavanlıq şəkillərini göstərirlər.

- Yaxşı gəlirəm, - deyib güldü baba.

“Asiton... Amma düz deyir ha. Arvad bu Ceniferə görə vaxt varıydı kefimə asiton tökürdü. İndi deyir, tez gəl, cavanlıq şəkillərini göstərirlər”. Əlini tez qurulayıb hamamdan çıxdı.

Kişi rayonda kiçik qardaşıgildədir. Axşamdı, “Avronyus”dan xəbərlərə baxır. Birdən qardaşı nəvəsinə “Ay uşaq, onun səsini qaldır,” – deyir. Uşaq televizorun səsini qaldırır. Xəbər bitəndən sonra kişi qımışır. Sonra mobil telefonunu götürüb arvadını yığır:

- Ay arvad, zəng elədim göz aydınlığı verəm, daha doğrusu, baş sağlığı verəm, - qardaşı nəvəsinə göz vurur. – sevgilin Antonio Banderas səksən yeddi yaşında uzun sürən xəstəlikdən sonra o dünyaya getdi.... Ağır dərddi, başa düşürəm, çox ürəyinə salma... Nədən öləcək, spiddən... Aktyordu da, ölənə qədər gəzib, axırda birindən virus tutub.... Yevranyusa bax, ordan deyərlər yəqin... Az zarafat eliyirəm. Deyən, ürəyinə saldın. Ha-ha-ha-ha... Ölmək nədi, bu yaşında gedib iyirmi yeddi yaşlı qızla evlənib sevgilin... Yalan deyirəm?... Yəni demək istiyirsən ki, o oğraşın ölüm xəbərini eşidəndə pis olassan deyə mən səni bir nöyü indidən o xəbərə öyrəşdirirəm?... Yaxşı inanmırsansa, gir yandex.ru-ya, rus hərflərinnən Banderas yaz, “poisk” ver[1].

16 fevral – 15 avqust, 2013,

Bakı - Altıağac - Bakı

# 3669 dəfə oxunub

Müəllifin son yazıları

# # #