“Leyli yoxdursa, Məcnun da yoxdur”

“Leyli yoxdursa, Məcnun da yoxdur”
25 mart 2014
# 09:00

Kulis.az görkəmli filosof Asif Atanın “Məcnunluq” yazısını təqdim edir.

Dahilik

Min ürəyə, min idraka sığmayan ehtiras, fikir, bir ürəyə, bir idraka sığanda dahilik yaranır.

Min qəddi əyən ağır mənəvi yük bir çiyinə düşəndə dahilik yaranır.

Dənizlərə bənzəri var dahilərin: adi çay sularından törəyib, lakin çay deyil, dənizdir.

Dağlara bənzəri var dahilərin!

Xırda torpaqlardan, daşlardan yığılıb. Lakin torpaq deyil, daş deyil, dağdır.

Təbiət möhtəşəmliyə və bütövlüyə can atır.

O neçə ürəkdə parçalanan, paralanan, kiçilən adi hissləri, düşüncələri bir qəlbə yığır.

Dahilər bəşəriyyətin mənəvi yükdaşıyanlarıdır.

Məcnun dahi aşiqdir; onun böyüklüyü, bənzərsizliyi və faciəsi də bundadır.

Adi, orta məhəbbətə pənah gətirənlər aləmində Məcnun dahi aşiq idealına uyğun yaşayır.

Hamı sevir, sevilir. Lakin Məcnunun yaşadığı zəmanədə məhəbbətin ülvi mənası unudulmuşdur.

Məcnuna qədər məhəbbətin bütün müdrikliyini, qəmini, kədərini, şeiriyyətini, fədakarlığını, müqəddəsliyini, cəngavərliyini özündə təcəssüm etdirən şəxsiyyət yox idi!

Qəmlənən çox idi. Lakin kədər bulaqlarından süzülüb gələn əzəmətli dağ çayı yox idi!

Məhəbbətə hörmət var idi. Lakin məhəbbətdə itmək, yanıb külə dönmək yox idi! Fədakarlıq vardı, müəyyən sədd daxilində! Heyrət vardı, müəyyən miqyasda! Dözüm vardı, müəyyən vaxta qədər! Atəş vardı, yanıb sönmək üçün! Fəryad vardı, bir anlıq!

Fədakarlığı, heyrəti, dözümü, atəşi, fəryadı, müqəddəsliyi əbədi mövcudluğa çevirən, məhəbbətdə özünü tapan, məhəbbət üçün yaşayan və əbədiliyə qoşulan dahi aşiq yox idi!

Dahilər dünya adlanan müxtəliflik aləmində müəyyən bir ideyaya uyar, ona bağlanar, onunla bir can olar.

Məcnun üçün dünya və Leyli birdir. Məcnunluqda məhəbbət insan iradəsinə bütünlükdə hakim olur. Bu hökmün əzəməti qarşısında hər şey aşiqə sönük görünür. Məcnunu Qeysdən fərqləndirən budur! Qeysi Məcnun səviyyəsinə qaldıran da budur.

Əgər Qeys məhəbbət “xəstəliyinə” düçar olubsa, bu “xəstəlikdən” onu artıq heç nə qurtara bilməz. Onun əhvalı kimi həyat tərzi də artıq bənzərsiz olmalıdır. Onunla başqaları arasında sonsuz ziddiyyət yaranır.

Qeys eşqdə dahilik zirvəsinə çatdığından onu “dəli” adlandırırlar. Qeysin dəliliyi, məcnunluğu nədədir? Ondadır ki, fəryadı yeri-göyü titrədir, bu isə aşiqlik “normasına” uyğun deyil. Ondadır ki, Leyliylə onun arasında misilsiz bir anlaşma, mənəvi qovuşma yaranıb.

Ovzai-müxalif oldu yeksan,

Guya iki təndə idi bir can.

Hər kim sorar olsa Qeysə bir raz,

Leylidən ona yetərdi avaz.

Kim Leyliyə qılsa bir xitabı,

Qeys idi ona verən cavabı.

Qeys Kəbə daşlarına üzünü sürtüb, eşq bəlasının “şiddətlənməsini” diləyir. Qeys Leylinin atasının yox, onu eşqinə yetirməyə can atan Nofəlin əsgərlərinin məğlub olmasını arzulayır, çünki Leyliylə bağlı nə varsa, Qeys üçün əzizdir. Qeys “rüsvayçılığında” Məcnun məğrurluğu var.

Başqaları üçün məhəbbət həyatın bəzəyidirsə, Məcnun üçün həyatın özüdür. Məcnun üçün dünyada məhəbbətdən qeyri heç nə yoxdur. Başqaları üçün məhəbbət gec-tez sönməli olan bir ocaqdır. Məcnun üçün yaşamaq – məhəbbət odunda yanmaqdır.

Bu fərq Məcnun ilə atasının söhbətində öz parlaq ifadəsini tapmışdır. Burada qeyri-adi vurğunluqla adi aşiqlik arasındakı məsafə görünür. Burada iki məntiq döyüşür. Atanın və Məcnunun məntiqi.

Atanın məntiqi adi şüur məntiqidir. Bu məntiqə görə, “bütün dərdlərin əlacı var”, “eşqə könül vermək – bəlalı işdir”, “məhəbbət insanı zay edir”, “Leylidən başqa dünyada qız çoxdur”, “eşq əbədi hiss deyil, gec-tez o “sönür”, “oğul ata malına sahib durmalıdır” və sair. Bu sözləri hamıya demək olardı, Məcnundan başqa.

Ata, oğlunun bənzərsizliyini dərk etməmişdir. Dərk etsəydi, oğluna aşağıdakı sözlərlə müraciət etməzdi:

Eşqin bilirəm ki, böylə qalmaz,

Daim səni ğəm bu halə salmaz.

Bəxtin oyananda bu yuxudən,

Hirsin yorulanda bu cüst-cudən

Qorxum bu ki, özgə ola halım,

Dünyada nə mən qalım, nə malm.

Ata anlaya bilmirdi ki, Məcnunun eşqi həmişə belə qalacaqdır. Duymurdu ki, o, məhəbbət bəlasından nəşələnmək üçün doğulmuşdur. Duymurdu ki, Leyli və Məcnun adlı iki şəxs yoxdu, onların əvəzində şairanə bir vəhdət, “ikinin bir olması” mövcuddur... Anlaya bilmirdi ki, məcnunluq misilsiz cəfakeşlikdir, cəfadan əbədi pay ummaqdır.

Müqəddəslik

Dahi aşiqin qəlbində daim bir ehtiras yanar: səcdə qılmaq ehtirası. Aşiqin səcdəgahı sevgilisidir.

Səcdəgaha səcdə qılmaq, dünyaya, həyata, insana tükənməz inam bəsləməkdir. Səcdə qılmaq – başqasında ən ülvi, ən ali bir məna tapmaqdır.

...Səcdə qılmaq – dünyanı sirli, möcüzəli bir varlıq kimi görmək, dərk etməkdir.

Əsl insan heyrətə layiqdir. Səcdə heyrətdən doğur. Səcdə qılan adamın ürəyində atəş sönməz, ehtiras tükənməz. Gözlərində heyrət işığı azalmaz. Səcdə qılmaq – bir şəxsin timsalında bəşəriyyətə qovuşmaqdır.

Səcdə qılmaq – təmizlənmək, ucalmaq, munisləşmək, müqəddəsləşmək deməkdir. Müqəddəsliyə qovuşan kəs kiçiklikdən, cılızlıqdan bayağılıqdan, bəsitlikdən uzaq olar.

Müqəddəsliyə qovuşmaq – dünyanın qədrini bilməkdir. Bütün nemətlərin qədrini bilməkdir: gülün, çiçəyin, dostluğun, məhəbbətin...

Müqəddəslik ülvilik əlamətidir. “Gül incədir” – deyəndə biz gülün bir cəhətini dərk edirik. “Gül gözəldir” – deyəndə biz gülün ümumi mənasını anlayırıq. “Gül müqəddəsdir” – deyəndə onun saflığını, ülviliyini, ucalığını dərk edirik.

Məcnun daim səcdəqılandır, dahiyanə pərəstişkardır. Leyli onun səcdəgahıdır. Məcnun pərəstişkarlığında çox böyük bir özünütəsdiq vardır. O, səcdə qılmaqla öz mənəvi aləmini büruzə verir, özünü ali səviyyədə təsdiqləyir. Bu təsdiqləmə məqamında pərəstişkarlarla səcdəgah hansı bir nöqtədəsə birləşir.

Leyliyə pərəstiş etməklə Məcnun kiçilməmiş, əksinə, yüksəlmişdir. Qeysin Məcnunluq şöhrətində pərəstişkarlığın payı çoxdur. Leyli, Məcnun üçün böyük bir dünyaya çevrilmişdir. Bu, yeni müqəddəsliyin yaranması deməkdir. Məcnunun böyüklüyü, həmin dünyanı kəşf etməsində, ona əbədi bağlanmasındadır. Təbiidir ki, bu dünya qəhrəmanı əhatə eləyən aləmdən tamamilə fərqlidir və Məcnun faciəsi – həmin dünya ilə öz dünyası arasındakı ziddiyyətdən doğmuşdur.

Şübhə yoxdur ki, başqalarının Leyli haqqında təsəvvürü ilə Məcnunun Leyli haqqında təsəvvürü arasında yerlə göy qədər fərq vardır. Bu da təbiidir. Məcnun Leyliyə adi bir şəxs kimi yox, böyük bir dünya kimi baxır. Bu dünyanın öz məntiqi, öz qayda-qanunları, öz meyarı vardır.

Əsl məhəbbət – insanın başqasının gözündə bir dünyaya çevrilməsidir. Məhəbbət müdrikliyi və şairanəliyi elə bundadır.

Məcnun, Leyli haqqında düşünərkən, həmişə böyük və kamil bir dünya haqqında düşünür. Bu dünyada, bu aləmdə hər şey məhəbbətdən xəbər verir.

Nə üçün Məcnun heyvanat aləmində özünə, öz məhəbbətinə yer tapır, ancaq insanlar arasında yox? Niyə Məcnun insanlardan qaçır? Çünki onu əhatə edən adamlarda məhəbbətə səcdə qılmaq meyli yoxdur. Çünki insanlar məhəbbətdə müqəddəslik axtarmırlar. Məcnunun məhəbbət aləmində qəmin də, fəryadın da, sevincin də, kədərin də, hicranın da, vüsalın da mənası tamamilə başqadır. Burada aşiq qəmi ən yüksək müdriklik kimi qiymətləndirilir.

Ya rəb, bəlayi eşq ilə qıl aşina məni!

Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

Az eyləmə inayətini əhli-dərddən,

Yəni ki, çox bəlalarə qıl mübtəla məni!

Olduqca mən götürmə bəladan iradətim,

Mən istərəm bəlanı, çün istər bəla məni!

Məhəbbətin məntiqi adi, bəsit şüurun məntiqinə ziddir. İnsan da bəla istəyərmi?

Bu necə aləmdir ki, burada rüsvaylıq – ən böyük şöhrət, əzab – ən böyük nəşə, fəryad atəşinə yanmaq isə ən böyük hünər sayılır? Bu necə sevgidir ki, vüsal səadətinə ehtiyac yaranmır, çünki onlar bir-birinin qəlbində, düşüncəsində yaşayırlar.

Sənsən hala tənimdə canım,

Gözdə nurim, ciyərdə qanım,

Məndən bəri eylədin məni sən,

Ərzə kimi eyləyim səni mən.

Getdikcə Məcnun üçün hər şey dəyişir. Çıraq da, ay da, bulud da, gecə də, ulduzlar da bir anda dəyişilir, məhəbbətdən söhbət açan rəmzə çevrilir. Onlarda aşiqlik nişanəsi peyda olur. Onlar adilik dairəsindən çıxır, yeni, qeyri-adi məna kəsb edirlər.

Bulud “fəryad” timsalı, gecə “zülmət içində yol itirən matəmzadə”, dəvə “başı açıq, ayağı yalın” sevdazadədir. Bunların hamısına qəhrəman, məhəbbətin gözü ilə baxmışdır.

Yerlə göy, canlı ilə cansız birləşmişlər. Məhəbbətlə təbiət arasındakı məsafəni qısaltmış, təbiət insana, insan isə təbiətə çevrilmişdir. Həyatda bir-birindən uzaq olan hadisələr yaxınlaşmış, qəlbin və ağlın əhatə dairəsi genişlənmiş, sonsuzlaşmışdır.

Məhəbbət insanlara çox adi, lakin daim unudulan bir hikməti xatırlatmışdır: dünyada nə varsa, bir-birinə qohumdur, pərvanə ilə aşiq arasında doğmalıq, yaxınlıq vardır.

Bu həqiqəti bəzən biz unutsaq da, məhəbbət bizi yenidən ona qaytarır, dünya gözümüzdə böyüyür, müqəddəsləşir.

Sığmazlıq

Məna var bir ilə, bir aya, bir günə sığar. Məna var zəmanəyə, dövrə sığmır. Məcnunluq ali bir sığmazlıqdır. Bunun səbəbi aydındır. Məcnun məhəbbətinin qədəri və sonu yoxdur. Məcnun zəmanəsində isə hər şey ölçülür, hər şeyə sədd qoyulur.

Məcnun məhəbbətində məhəbbət ideyasının bütöv ifadəsi var. Hər zəmanə, hər dövr isə sevgi ideyasının yalnız bir tərəfini ifadə edə bilir. Ona görə də Məcnun heç bir dövrə sığmır.

Məcnunda heç bir adilik nişanəsi yoxdur. Ona görə də zəmanə onu yaxına buraxmır.

Zəmanəyə sığmaq üçün Məcnun, heç olmazsa, bir anlıq, qeyri-adilik taxtından düşməli idi. Onda məcnunluğunu itirərdi. Məcnunun məhəbbəti heç bir dövrün məhəbbətinə bənzəmir. Məcnunun dayandığı zirvə çox ucadır.

Məcnun öz məhəbbətilə bütün zəmanələrə yaxın, həm də bütün zəmanələrdən uzaq görünür. Hər bir dövrdə məhəbbətə ehtiyac vardır. Lakin müəyyən sədd daxilində. Böyük ehtiraslar sədləri dağıdır. Məcnun bütün dövrlərə sığsa da, öz dövrünə sığmır.

Sadə gözəlliyi zəmanə qəbul edər. Lakin bu cür ilahi gözəlliyin mənası dövrə sığmaz.

Leyli demə - şəmi məclisəfruz,

Məcnun demə - atəşi-cigərsuz!

Leyli demə - cənnət içrə bir hur,

Məcnun demə - cənnət içrə bir nur.

Leyli demə - övci-hüsnə bir mah,

Məcnun demə - mülki-eşqə bir şah.

Bu ilahi gözəllik bir dövrün, bir zəmanənin mənasına sığarmı?

Adi qəm Məcnun dövrünə sığır. Lakin heyrətli və müdrik, möhtəşəm və məğrur Məcnun qəmi zamana sığmır.

Mənim tək heç zaman zarü-pərişan olmasın, ya rəb!

Əsiri-dərdi-eşqü – daği-hicran olmasın, ya rəb!

Dəmadəm cövrlərdən çəkdiyim birəhm bütlərdən,

Bu kafərlər əsiri bir müsəlman olmasın, ya rəb!

Görüm əndişeyi-qətlimdə ol mahi, budur virdim,

Ki, bu əndişədən ol mah peşiman olmasın, ya rəb!

Demən kim, ədli yox, ya zülmü çox hər hal ilə olsa,

Könül təxtinə ondan qeyri soltan olmasın, ya rəb!

Bu sətirlərdə zamana sığmayan məhəbbət qəmi öz misilsiz ifadəsini tapmışdır.

Adi qəm sızıldar, Məcnun qəmi yeri-göyü titrədər! Adi qəm ürəkdən qovular. Məcnun qəmi ürəyə çağrılar. Adi qəm yanıqlı, Məcnun qəmi məğrur səslənər.

Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə,

Bir ah ilə verərdi min Bisütun badə.

Adi sevgiləri hər dövran alqışlar. Ancaq dahi aşiqi hər dövr qəbul etməz.

Ney kimi hərdən ki, bəzmi-vəslini yad eylərəm,

Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.

Bu hikməti hansı əsrin ayağına yazasan? Hansı dövr, hansı zəmanə deyə bilər ki, hicranın dahiyanə kədəri yalnız ona məxsus olan cəhətdir? Aşağıdakı misralar hansı zamana sığar?

Hasilim yox səri-kuyində bəladan ğeyri,

Qərəzim yox rəhi-eşqində fənadan ğeyri.

Neyi-bəzmi-ğəməm, ey ah, nə bulsan yelə ver,

Oda yanmış quru cismimdə həvadan ğeyri.

Eşqin böyüklüyünü zəmanə təsdiq edər. Ancaq məhəbbət rüsvayçılığını məğrurluq nişanəsi kimi qəbul etməz.

Sığmazlıq – Məcnunluğun ümdə cəhətidir. Məcnunun böyüklüyü və əlçatmazlığı bundadır.

Məcnunluq çalarları

Məftunluq – ömrün son dəqiqəsinə qədər yanmaq səadəti, sevinci. İftixara bərabər kədər. Vüsala bərabər hicran. Ehtizaz hikməti. Dözümlük istedadı. Rəmzə çevrilmək qüdrəti. Heyrətə səbəb olan heyrət.

Qəhrəmanlığın ilkin mənası. Müqəddəs “dəlilik”. Mənəvi təmizlənmə ehtirası. Hərtərəfli özünütəsdiq. Sadəlövhlük biçimində müdriklik. Şairanəlik.

Bütün zəmanələrin və xalqların Nəsimiləri, Cordano Brunoları...

İşləyib hazırladı: Göylü Atalı

# 1812 dəfə oxunub

Müəllifin son yazıları

# # #