Stalinin kəlləsi ilə ağzını silirdi

Stalinin kəlləsi ilə ağzını silirdi
12 fevral 2014
# 11:46

Kulis.az Ələmdar Cabbarlının “Test” hekayəsini təqdim edir.

Avtovağzalda düşdü. Üzündə bir sevinc vardı. Zarafat deyildi – illərlə xəyal­larında canlandırdığı Bakıda idi. Şəhərə instituta imtahan vermək üçün gəlmişdi. Amma imtahanlara hələ ay yarım varıydı. Evdə demişdi ki, qoyun bir az tez gedim, həm şəhər həyatı ilə tanış olum, həm də beş-on günə dayısı oğlunun kiçik toyu olacaqdı – orada iştirak edim. Əslində isə bunlar bəhanə idi. Qara qızın dərdi vardı – heç olmasa bir yay ot biçinindən canını qurtarmaq üçün tez gəlmişdi.

Bəlkə də heç onu qınamaq da olmazdı – qop dartmaqdan, kərənti çəkməkdən bezmişdi.

Əvvəl istəmişdilər ki, onu da hamı kimi maldan-qo­yundan, gəvədən-kilimdən satıb pulla instituta qoy­sun­lar. Razılaşmamışdı:

- Ölərəm, amma pulla qəbul olmaram!

Bilirdilər ki, tərsdi. Ona görə də söz çevir­mə­miş­dilər. Onu da bilirdilər ki, savadlı uşaqdır, hazırlıqlı uşaq­dır. Amma kim idi belə şeylərə qiymət verən. Əlacları uşa­ğın Bakıda yaşayan – yaxşı vəzifədə işləyən, qəbul ko­mis­si­yasında bir sözü iki olmayan dayısına qalmışdı. Dayısına yax­şı bələd olan atası əvvəl heç ona ağız açmaq istəmirdi. De­yirdi bir iş ki, pulla düzəlir, niyə onun əliylə eləyib ömür­lük minnətini götürürük. Ancaq indi başqa yol yox idi. Fikirləşmişdi ki, o boyda kişinin əlində nədir bir uşağı insti­tuta qoymaq. Eləyər, mən də əvəzini çıxaram. Əslində isə vaxtı ilə o qədər əvəzini çıxmışdı ki...

Dayısıgilin evini bir əzab-əziyyətlə tapdı. Neyləsin, ün­vanlarını dəqiq bilmirdi. Dayısı evlənib Bakıya kö­çən­dən bəri qohum-əqrəbadan uzaqlaşmışdı. Elə bil kişi girov düş­müşdü. O, təkcə dayısını deyil, arvadlarının əsirinə çev­rilən, onlara görə qohum-əqrəbadan uzaq düşənlərin ha­mısını girov adlandırırdı – arvad girovu! Özü də bu girov­luq ömürlük idi. Müharibədə girov götürülənləri Qır­mı­zı Xaçla, Qızıl Aypara ilə, lap elə pulla almaq olur. Be­lə­lərinin isə qohum-əqrəbasına öləndə meyitlərini verirlər. Çün­ki, meyitləri daha arvadlarına lazım olmur. Amma di gəl ki, qazandığının hamısını nənəsi demiş “o ləçərin qo­hum-əqrəbasına yedirdən” dayısının kəndə gələndə yekə-ye­kə danışmağı vardı:

– Nə çətinliyiniz olsa, utanmayın, ölməmişəm ki!

Dayısı uşaqları onu mehriban qarşıladılar. Hələ uşaq idilər, ağılları kəsmirdi – ona görə. Kəndə gələndə onu at yerinə də, eşşək yerinə də buyuran dayısı arvadı isə heç qohum-əqrəbanı da soruşmadı. Amma dayısı onun gəlişinə sevinmişdi. Fikirləşirdi ki, yəqin imtahan vaxtı rayondan müəllimlərə vermək üçün pul göndərəcəklər – o da pulu cibinə qoyub uşağı bir xahişi ilə qəbul elətdirəcək. Zalım oğlunun pulunun sayı-hesabı yox idi, amma tamahı ondan da çox idi.

Dayısının evinin cah-cəlalı gözlərini qamaşdırdı. Də­rin fikrə getdi... Köpəkoğlunun pulu, vəzifəsi, rüş­və­ti gör nələrə qadirsən. Kənddə toğlu-çəpiş oğurlamaqdan ya­zıq kişinin üz-gözü kolda-kosda qalmışdı..

II

Dayısının onunla yaşıd olan böyük oğlu da bu il instituta sənəd verəcəkdi. Amma burada olduğu vaxt ərzində onun əlində kitab görməmişdi. Bütün günü şəhərdə veyllənirdi. Evə gələndə isə ona başına gələn əhvalatlardan, əsasən də sevgi macəralarından danışırdı. Əslində belə söhbətlər onun üçün maraqlı deyildi və candərdi qulaq asırdı. Dayısının böyük oğlunun boş-boş söhbətlərinə, o biri uşaqlarının səs-küylərinə baxmayaraq, bütün günü gətirdiyi kitablarla məşğul olurdu. Humanitar sahəyə sənəd verəcəkdi. Texniki fənlər uşaqlıqdan beyninə batmırdı və onlardan zəhləsi gedirdi. Deyirdi ki, riyaziyyat 12 başlı əjdahadır – birini kəsirsən, yerinə ikisi bitir. Məktəb illərində də çox nadinc olmuşdu və hər dəfə bu dərslərdən bir yolla canını qurtarırdı. Gah sinif otağındakı peçin turbasına əsgi salırdı ki, peç tüstü eləsin – evə getsinlər, gah da qapının açar düşən yerinə kağız doldururdu ki, qapı açılmasın. Axırda müəllim bunları başa düşmüşdü və dərsi koridorda keçmişdi. O da görmüşdü ki, bu fəndlər daha keçmir, başlamışdı hər dərs icazə alıb çölə çıxmağa. Müəllim də ürəyində deyirdi ki, yazığın böyrəkləri xəstədir. Bir dəfə də ATƏT-in Avropa şəhərlərinin birində sammiti olmuşdu. Camaat bir-birini təbrik eləyirdi ki, bəs gözünüz aydın, Qarabağ məsələsi bi­zim xeyrimizə həll olunub. Onun da əlinə “kozır” keç­miş­di – hökumətin tərəfini saxlayan riyaziyyat müəl­limi içəri gi­rən kimi başlayırdı:

- İndi də bu sammitlə camaatın başını qatırlar, ha­mı­sı boş-boş şeylərdi.

Müəllim də dözmürdü, başlayırdı mübahisəyə. Bi­rin o deyirdi, birin bu deyirdi, bir də baxırdılar ki, zəng vu­ru­lub, dərs də gedib işinin dalınca. Düz 4 ay sammitin “şo­tu­na” dərs keçmədilər. Amma axır vaxtlar hiss eləmişdi ki, bu­nu qəsdən eləməyindən müəllim şübhələnib. Yenə bir gün müəllim içəri girib jurnalı yoxlamışdı ki, yerindən dil­ləndi:

- Görəsən, bu sammitin axırı noldu?

Müəllim bu dəfə dözməmişdi:

- Azzar oldu, canına oldu. Dörd aydır baş-beynimi apar­mısan, çıx dərsini danış...

Həmin dərsləri isə özünəməxsus tərzdə danışırdı. Tu­taq ki, Pifaqor teoremini izah eləyir. Başlayırdı Pifa­qo­run həyatını uzada-uzada yarım saata danşmağa. Axırda da sə­sinin tonunu qaldırıb deyirdi:

- Teorem isbat olundu!

Sonra görmüşdü ki, yox, teoremi bu yolla heç vaxt is­bat eləyə bilməyəcək, biryolluq əl çəkmişdi bu fənlər­dən. Texniki fənlərlə yanaşı rus dili də başına batmırdı. Rus­ca şeir əzbərləmək onun ən böyük problemlərindən bi­ri idi. Fikirləşib onun da çəmini tapmışdı. Evə əzbər öy­rən­mək üçün verilən şeiri kağıza iri hərflərlə yazıb yazı löv­hə­sinə birləşdirirdi. Lövhənin böyründə durub arabir hə­min kağıza baxmaqla şeiri “əzbər deyirdi”. Amma bu­nun da üstü açıldı. Siniflərində üzündən oxuya bilməyən biri­si vardı. Müəllim görmüşdü ki, gədə arxasını uşaqlara çe­virib, dizlərini yerə qoyub, şeiri həmin kağızdan hərf­lə­yir. Partanın altından gərməşov ağacını çıxarıb düşmüşdü uşağın canına. Həmin günü yadına salanda indi də belində ağ­rı hiss eləyirdi. Amma Namiqin həmin günü onları döy­dür­məsinə baxmayaraq o, dəfələrlə Namiqi vəziyyətdən çı­xar­mışdı. Tarix imtahanında heç bir suala cavab verə bil­mə­yəndə müəllim əlacsız qalıb soruşmuşdu:

- Yaxşı, Namiq, de görüm Lenin nə demişdi?

Namiq isə mal kimi gözlərini döymüşdü. Onda Na­mi­qin yerinə bu dillənmişdi:

- Ay müəllim, Lenin nə deyəcəkdi, demişdi ki, ya­zıqdı bir üç yaz, itilsin getsin cəhənnəminə.

Kimya dərsində də müəllim Namiqi lövhənin qa­bağına çıxarmışdı ki, gəl heç olmasa bir su işarəsi yaz. Yəni H2O. Namiq də özündən sağ adam. Götürüb eləcə yazmışdı SU. Müəllim də dözməyib qışqırmışdı:

- O nədi, sudu?

Yenə yoldaşının yerinə o dillənmişdi:

- Sudu da, su deyil bə nədi, zəqqutundu...

...Amma indi hərdən dayısının gül balası ilə Na­mi­qi müqayisə eləyəndə deyirdi ki, Namiq bunun yanında “kan­didat naukdu”.

III

Bu gün özünü yaman narahat hiss eləyirdi. Axşam anasını yuxuda görmüşdü. Özü də yaxşı görməmişdi. Fikrini dağıtmaq üçün şəhəri gəzməyə çıxdı. Yolda rastına çıxan dilənçilərə pul da verdi. Yuxusunu qatanda dilənçiyə pul verməyi, nəzir ayırmağı elə anasından öyrənmişdi. Anası hər səhər oyananda bir teleserial danışırdı. Özgə vaxtı da deyirdi ki, yuxum yoxdu. Özü də görməmişdi ki, bir dəfə yönnü bir yu­xu danışsın. Filan ölü məni çağırırdı, uçurumdan düş­müş­düm... sonra da başlayırdı hər yuxu üçün nəzir ayırmağa, özü de­miş “təsəddiq çıxmağa”. Ailələrinin büdcəsinin yarısı ana­sı­nın yuxularının “şotuna” dilənçilərə gedirdi. Təkcə onun ana­sı deyil, kəndlərinin bütün arvadları belə şeylərlə həris idi­lər. Bütün günü kəndə gələn qaraçıları, seyidləri hərim-hə­rim hərləyirdilər.

- Az, görmədin küsən seyid nejoldu?

- Az, deyəsən Dilarəgilə düşdü.

Birinin qoltuğunda xoruz, birinin əlində pendir, yağ – kəs­dirirdilər qaraçının, seyidin yanını. Qızlarına bəxt aç­dı­rır­dı­lar, gəlinlərinin dil-ağızlarını bağlatdırırdılar, oğlanlarını ins­titu­ta qoyurdular, ərlərini başqa arvadlardan çəkin­di­rir­dilər – ayrı neyləyirdilər bir özləri bilir, bir də Allahları...

...Şəhəri bir az dolaşandan sonra kinoteatra tərəf ge­tdi. Keçib yerini rahatladı. Ömründə birinci dəfə idi ki, belə iri ekranda, geniş zalda kinoya baxırdı. Cəmi bir neçə dəfə darısqal kənd klubunda filmə baxmışdı. Hələ kəndlərinə birinci dəfə kino gətirəndə camaat bərk qorxmuşdu. Kino başlayan kimi ekranda əli baltalı bir kişi bağıra-bağıra irəli gəlmişdi. Yazıq camaat elə bilmişdi ki, baltalı kişi ordan çıxıb cumacaq bunlara. Qışqıra-qışqıra, bir-birini ayaqlaya-ayaqlaya pərən-pərən düşmüşdülər. Hələ arvadlar gedib dağ­da danışırmışlar ki, kişilər bilirdilər dava olacaq, bizi qəs­dən qabağa vermişdilər.

Sonralar kino göstərən Zəki görmüşdü ki, yox ey bu camaat hind kinosundan başqa heç nəyə baxmır. Camaatın hind kinosuna olan marağından istifadə edən Zəki arada görürdün ki, rus kinolarını da, Azərbaycan kinolarını da hind kinosu adına sırıdı camaata. Kəndin görünən yerlərinə vurulan afişalarda yazılırdı: Hind kinosu: “Zita və Gita”. Gedirdin ki, ya hansısa rus kinosudu, ya da “Yeddi oğul istərəm”. Bir qayda olaraq kişilər arvadlarını kinoya qoymurdular. Ona görə də görürdün ki, arabir Zəki “maraqlı” kinolar da gətirdi. Ömründə bulvar görməyən, günləri qoyun nobatında keçən kənd cavanları elə həsrətlə baxırdılar belə kinolara...

...Gördü ki, film çox da maraqlı deyil. İstədi durub getsin. Sonra fikirləşdi ki, hayıfdı biletə pul vermişəm, qoy malım xarab olunca canım xarab olsun. Axşam gördüyü yuxu da onu bir yandan narahat eləyirdi. Bilmirdi kənddən nə təhər bir xəbər tutsun. Kəndlərində də telefon yox, bir şey yox. Əlacı ona qalmışdı ki, məktub yazsın. Gördü ki, boş vaxtı var – cibindən dəftərçəsini çıxarıb elə burda dizinin üstündə yazmaq istədi. Amma bilmədi ki, nə təhər başlasın. Məktub yazmaq səriştəsi yox idi. Heç sevgi məktubu filan da yazmamışdı. Cəmi bircə dəfə əsgərlikdə olan dostuna məktub yazmışdı. O da başdan-ayağa şablon sözlər. Dostu da cavabında yazmışdı ki, qaqa, məktubunu alıb yaman sevindim, amma bir sözü başa düşmədim – yazmısan ki, “burda qar burdandı” – sən Allah, yaz görüm “burda qar burdandı” yazanda türkün məsəli əlini hara qoymuşdun?..

Amma bugünkü məktubu yazdı. Məktubu yazandan sonra daha kinoteatrda oturmadı. Durub dayısıgilə gəldi. Sabah dayısı oğlunun sünnəti olacaqdı.

İçəridə it yiyəsini tanımırdı. Dayısının bacanaq­la­rı, qayınları, baldızları, qayınanası, qayınatası – hamısı onlar­da idi. Kişinin qohumlarından isə heç kim yox idi. Heç kimi çağırmamışdı. Elə o, özü də qohumlarının xeyrinə-şərinə getmirdi. Deyirdi ki, vaxtım yoxdur, “uspet” eləyə bilmirəm. Özünü elə aparırdı ki, guya Bakını bu fırlayır. Ümumiyyətlə, dayısının indiyədək heç bir qohumunun yaralı barmağı üzərində bir funksiyası olmamışdı. Amma arvadının uzaq qohumunun da kiçik bir məclisində can-başla iştirak edirdi.

IV

Şəhərin yaraşıqlı restoranlarından birində yerini rahatlamışdı. Birinci dəfə idi ki, şəhər toyunda idi. Stolun düzülüşü diqqətini çəkdi. Xüsusilə, bəzəkli “salfetkalar”. Onların kəndində stola belə şeylər qoyulmazdı. Kimin ki, məclisi olacaqdı – axşamdan gedib poçtalyon Mahirdən bir yığın qəzet alıb gətirirdi. “Kommunist” qəzetini 4 yerə bölüb “salfet” yerinə stola qoyurdular. Görürdün ki, biri Stalinin kəlləsi ilə ağzını silir.

Tamada əlini-qolunu ölçə-ölçə danışırdı. Pişikdən qorxan bu uşağın gələcəkdə sərkərdə olacağından, atasının halal adam olmasından və bunun kimi saxta şeylərdən. Məclisin yoruculuğu onu yaman sıxırdı. Tamadanın dediyi düşük şairlərin düşük şeirləri, tumançaq qız müğənnilərin, özünü arvada oxşadan oğlan müğənnilərin oxuduğu bambılı mahnılar, hansı hava gəldi atılıb-düşən, əlindən-ayağından çox bədənlərinin başqa yerlərini oynadan lüt gəlinlər, qızlar, şit-şit oynayan yekəqarın kişilər onun lap zəhləsini tökmüşdü. O, belə şeirlər eşitməmişdi. O, Sücaətin şeirləri ilə böyümüşdü. O, belə mahnıları sevə bilməzdi – onunku Qədir idi, Könül idi, Rəmiş, Canəli, Ağaxan, Alim idi. Onların kəndində buradakı kimi kim hansı hava gəldi oynamırdı. Hamı bilirdi ki, Nənəxanım ortaya çıxdısa, mütləq “Tello”ya oynayacaq.

Elinin heç bir adətini saxlamayan dayısı kirvəlik adətini saxlamışdı. Adət xətrinə yox – öz xeyri üçün. İmkanlı biri ilə kirvə olurdu. İmkanlı adamı kirvə tutmağı isə dayısı icad eləməmişdi, uşaqlıqdan görüb-götürmüşdü. Dünənə qədər kənddə heç kimin salam vermədiyi biri vəzifəyə keçən kimi onu kirvə tuturdular. Son vaxtlar isə kəndin oğrularını da kirvə tuturdular ki, mal-heyvanlarına dəyib-dolaşan olmasın.

Səhərdən bəri özü demiş ona “vnimaniya” ver­mə­yən dayısı onu oyuna çağırdı. Gəlib oturanda isə dedi:

- Ə, bu zurna-balaban sənə təsir eləmir, sən də bir isin də - dayın toyunda qol götürüb oynasın.

Əslində toy eləsəydi də dayısı gələn deyildi. İndi piyan idi deyin belə deyirdi. Bir də ki, dayısı demiş, lap isinsəydi də, kim idi onu evləndirən? Nəsillərində oğlanı 35-40 yaş arası evləndirirdilər. Əksəriyyəti necə deyərlər turp kimi erkəkləmişdilər. Kəndin ağsaqqalları belə cavanlara məsləhət verirdilər:

- Ə, səni evləndirmirlər? Kürlük elə, özünü dəliliyə qoy, qab qır, yükü uçur, hədələ ki, Ursetə gedəcəm – qoy ağılları başlarına gəlsin.

Ərə getmək üçün ürəyi gedən qızlar da varıydı ki, bilmirdilər evlənəsi oğlanları olan arvadlara nə təhər xoş gəl­sinlər – ot yığımında, su gətirməkdə onlara kömək elə­yir­­dilər. Arvadlar da evə gələndə ərlərinə deyirdilər:

- Bu İsfəndiyarın qızı yaman yaxşı qızıymış ey, gəl onu alaq böyük gədəyə.

Ta bilmirdi ki, gəlib özünü toxtayandan sonra yazıq arvadın başında oturacaq.

Elə bəylər də olurdu ki, toy günü yaman səbirsizlik eləyirdilər. Yayın uzun günlərində saat 2-də, hələ toran çalmağa 8 saat qalmış onun əmisi oğlu olan təzə bəy demişdi ki, yarım saata toran çaldı-çaldı, çalmadı – qaldı qiyamətə. Toyun səhəri də dayanmışdı camaatın içində. Üzü-gözü, boyun-boğazı da tamam zər. Atası Məhər kişi də özündən sağ adam:

- A bala, bu üz-gözün, boyun-boğazın niyə zərdi?

Yazıq kişi neyləsin onun vaxtında gəlinlər üstlərinə zər səpmirdi axı... Görmüşdü ki, əmisi oğlu qızarıb – yerinə bu dillənmişdi:

- Kənanın üzünə nur yağıb.

Başqa bir əmisi oğlu Məzahir müəllim də qayıt­mış­dı ki, Allah o nurdan hamınızın üzünə yağdırsın. Mə­za­hi­rin özü də duz idi. Anasının təkidi ilə xalası qızını al­mışdı – toyun səhəri də idarənin qabağında demişdi ki, dünən də nənəmə bir arvad aldım. Məzahirin kiçik qardaşı Qurbanın isə evlənmək məsələsində heç bəxti gətirməmişdi. İndi guya ki, 5 qardaşdan biri öz istədiyini alacaqdı. Atasıgili birtəhər yola gətirib, istədiyi qızı qaçırmağa getsələr də tərslikdən qaçırılası qız evdə tapılmır. Onlarla bir yerdə qız qaçırmağa gedən atası dirənir ki, ta onsuz da gəlmişik, boş qayıtmağın da sayası pisdir – baxın görüm qızlardan hansı evdədir – götürün aparaq...

Toyları da bu sünnətdəki kimi şit tamadalar aparmırdı ey. Kəndin sayılıb-seçilən ağsaqqalları aparırdı. Adlarına da “paççah” deyilərdi. Doğrudan da elə onlar padşah kimi adamlar idi.

...Gör dayısının bir sözü onu haralara aparıb çıxardı... Fikirdən ayılanda gördü ki, məclis artıq dağlılıb.

Sünnətdən çıxıb evə gəldilər. Dayısı acgözlüklə siyahını ortaya qoyub, yığılan pulları hesablayırdı. O, isə sənədlərini yebəyer edirdi. Sabah ali məktəblərə sənəd qəbulu başlayırdı.

V

Sənədləri verib dayısıgilə döndü. Gələndən bəri beynini deşən fikir yenə də onu rahat buraxmırdı. O, bilirdi ki, dayısı yaxşı vəzifədə işləyir, amma dəqiq bilmirdi ki, nə işləyir. Soruşmağa da utanırdı. Nəhayət bu gün sualına cavab tapdı. Dayısının kiməsə yazdığı məktub əlinə keçdi. İmza yerində yazılmışdı: ...Səhmdar Cəmiyyətin Sədri: Qafar Əsədov.

Dayısının adının qabağındakı “sədr” sözü ona qəribə gəldi. Bu sözlə dayısının “vid-fasonu” arasında uyğunluq tapa bilmədi... Belə də sədr olar? Qalstukda, altında QAZ-31, yanında sürücüsü... O, ancaq kolxoz sədri görmüşdü. Sədr deyəndə gözünün önünə məhz kolxoz sədri gəlirdi - əlində şallaq, atın belində. Özü də o sədrlər dayısı kimi sədrlərin tayı deyildilər. Düzdür, onlar da əmə­li-saleh deyildilər – rüşvət alırdılar, camaatı soyur­dular, am­ma Məşədi İbad demişkən, day bu qədər yox. O sədrlər da­yısı kimi bəzənib-düzənib səhər naxıra, axşam axura tələs­mirdilər. Onların həyatları belə rəvan getmirdi. Əkinlə-biçinlə bağlı çoxlu çətinlikləri olurdu.

O sədrlərin bir çətinliyi də ot bölgüsündə olurdu. Bir dəfə iki dəstə arasında belə bir mübahisə düşmüşdü. Biçin sahəsinin ortasında iri bir armud ağacı vardı. Püşk atanda ağacdan bəri bir dəstəyə, o biri tərəf isə digər dəstəyə düşmüşdü. Amma cəmi bir neçə metr yerin üstündə qırğın çıxmışdı. O biri dəstənin adamları da zirək tərpənib gecəynən o boyda ağacı kökündən qazıb, gətirib dedikləri yerdə basdırmışdılar. Səhər biçinə gedən camaat şübhələnmişdi:

- Elə bil bu ağac bəri gəlib.

Ağacın yerini dəyişənlərə söz sübut eləmək olardı:

- Nə boş-boş danışırsınız, ağac bəri gəlib nədi?

Amma bircə həftə keçməmiş görmüşdülər ki, “uje” ağac quruyub...

Vəzifədən getmiş sədrlər haqqında isə kənddə müxtəlif söz-söhbətlər gəzirdi. Xeyir-şər məclislərində görərdin ki, biri deyir:

- Yəqin ki, Əhməd kişini boş qoymazlar, iş-zad verərlər.

Başqa birisi isə qayıdırdı:

- Hə, iş verəcəklər, bir 10 il verəcəklər.

Camaatı soyan sədrlərin qənimi isə Abdulla kişi idi. Kəndin ovçularına deyridi:

- Niyə tülkü vurmaq üçün zəhmət çəkib meşəyə gedirsiniz? Tülkülər hamısı kolxozun idarəsinə yığılıb – gedin durun orda. Çıxdıqca bir-bir atın.

...Səhərdən bəri əlində tutduğu, imza yerində “Səhm­dar Cəmiyyətin Sədri” yazılan məktubu yerinə qoy­du:

- Hardan alım Abdulla kişini. Həmin ovçuları bir bu tərəflərə də göndərəydi...

VI

Artıq imtahanlar başlamışdı. Kənddən pul gön­dəril­mədiyinə görə dayısı ona kömək eləməmişdi. Amma nə etməli idi. Sənədləri geri götürəsi deyildi.

Eşşəyə min­mək bir ayıb, düşmək iki ayıb. Bəxtə-bəxt gedib im­ta­ha­n­ları vermişdi.

Bu gün isə gedirdi cavabları öyrənsin. Suallara yaxşı cavablar versə də qəbul olunacağını güman eləmirdi. Amma hər halda gedib öyrənməli idi. Yol uzunu da onu imtahan boyu dolaşdıran, çək-çevirə salan professora “professor” adı verənin atasının goruna söyürdü.

...İnstitutun elanlar lövhəsində “qəbul olunanların” adları yazılmşdı. Lap başda isə dayısı oğlunu adı həkk olunmuşdu. Onun adı isə özü demiş heç it dəftərində də yox idi...

VII

Rayonlarına gedən avtobusda əyləşmişdi. Yaman tələsirdi kəndlərini, onun saf adamlarını görməyə. Heç institutdan kəsilən uşağa oxşamırdı. İçində bir inam vardı. Özünün də anlamadığı bir inam. Elə bu inamla da gedirdi. Gedirdi ki, gələn il gəlib təzədən imtahan versin.

...Gələn il isə o, mütləq instituta qəbul olacaqdı. Onda ona nə pul lazım olacaqdı, nə də dayısı. Çünki, tələbə qəbulunda rüşvətin ağzına daş basılacaqdı. Anasının indiyə qədər adını düzgün deyə bilmədiyi bir üsul tətbiq olunacaqdı tələbə qəbuluna. O, isə sonralar ürəyində bir az qorxu hissi keçirərək deyəcəkdi:

- Bircə buna barmaq etməyəydilər...

# 1899 dəfə oxunub

Müəllifin son yazıları

# # #