Rafiq Əhməd: “500”-Ən qısa hekayə

Rafiq Əhməd: “500”-Ən qısa hekayə
25 dekabr 2013
# 16:00

Kulis.az Rafiq Əhmədin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “500” (499 işarə) hekayəsini təqdim edir.

Qiymətlərin nirvanaya qaxdığı, qolların dizlərdən aşağı endiyi bahalı bir payız günü o, belə bir elan oxudu: 500 simvol hekayə yaz, pul qazan. Hər hərfinə 60 qəpik.

Cibindəki son 20 qəpiyin o biri tayına bayaq köşkdən iki ədəd siqaret almışdı. Qarın aclıqdan kilsə zənglərinə bənzər səslər çıxarmağa başlayırdı. Həyat limitli, pul zəruri.

Evə gəlib köhnə “Pentium 4”-ün “Power” düyməsini ayağının baş barmağı ilə sıxdı. Yazı faylı açdı. Klaviatura əşyasız boş otaqda fəryad qoparmağa başladı: qiymətlərin nirvanaya qaxdığı, qolların dizlərdən də aşağı endiyi bahalı bir payız günü...

# 2192 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #