“Mən o qadını gözəl yaşadım” – Şəhriyar del Geranidən YENİ ŞEİR

“Mən o qadını gözəl yaşadım” – Şəhriyar del Geranidən YENİ ŞEİR
21 noyabr 2017
# 15:59

Kulis.az tanınmış şair Şəhriyar del Geraninin yeni şeirini təqdim edir.

Bir qadın olmalıdır əlbət;

quşlara uçmağı,

balıqlara üzməyi,

buludlara yağmağı öyrədən bir qadın.

Olmalıdı əlbət

səadətə çatmaq üçün adamlara 100-ə qədər saymağı öyrədən bir qadın.

Çox üşüdüm keçən qışlarda,

quşlar da üşüdü,

yağışlar da,

amma mən daha çox üşüdüm,

daha uzun qışım oldu bəlkə də.

Ya bəlkə də mən daha yaxşı bilirdim qışın nə olduğunu,

ol səbəbdən çox üşürdüm.

Amma bir qadın olmalıydı əlbət mənimlə eyni qışı üşüyəcək...

Çoxdan unutmuşdum velosiped sürməyi,

uşaqlığımda qalmışdı bu həvəs,

pişikləri havlayıb qorxudardıq,

ya bəlkə də köpəklərə öyrədərdik hürməyi.

Bilmirəm.

Bəlkə köpəklər də adamlardan öyrənmiş bu tövr gəvəzəlikləri.

Nə fərq edər ki?

Mənə velosiped sürməyi xatırladacaq bir qadın olmalıydı...

Böyləcə keçməli deyil ki ömür,

Deyil əlbət.

Bir qadın olmalı - üzündə əlin, ağzında dilin kimi bir qadın.

Mən - dilin... - deyirəm,

Siz - ömür... - oxuyun,

Yəni Allah qarşısında ilk nəfəsdə böylə cavab verməli bir erkək:

"Mən O Qadını gözəl yaşadım..."

# 1944 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #