“Yazı” ədəbiyyat dərgisinin 13-cü sayı işıq üzü görüb. Bu barədə Kulisə jurnalın baş redaktoru Azad Qaradərəli məlumat verib.
“Yeni naturalizmə doğru” yazısı ilə açılan dərginin rubrikaları yenə rəngarəngdir. “Sözümüzün yiyələri” rubrikamızda görkəmli şair Vaqif Səmədoğlunun şeirləri yer alıb.
“Bir kitab şeir”də oxucular Şəhriyar del Geraninin, poeziya bölümündə isə Könül Həsənqulu, Məmməd İlqar, İsfəndiyar Əhmədli, Esmira Məhiqızı, Elnur Astanbəyli, Ruzbeh, Cavanşir Muradlının şeirlərini oxuya biləcəklər.
“Yazıçının arxivindən” bölümündə mərhum yazıçı Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanının əvvəli verilib. “Həsr” bölümündə isə Kənan Hacının “Fironun dəftəri” romanının sonu, Əjdər Ol, Mübariz Örən, Mövlud Mövlud, Həmid Piriyev, Oğuz Ayvaz, Xan Abdulla, Azad Qaradərəlinin hekayələri verilib.
“Yaradıcılıq Emalatxanası” rubrikası BSU Yaradıcılıq Fakültəsinin tələbələrinə həsr olunub. Burada Vəli Efe, Sərvər Kamranlı, Sevil İşıq, Zaur Sahil, Zamiq Mehdisoy, Günay Həsənli, Dəniz Pənah, Gültən Qədirlinin yazıları ilə tanış olmaq olar.
“Çevirmə” başlığında Nobel mükafatçısı Mario Varqas Lyosanın “Su içində balıq kimi” romanından parçaalar, Ataol Bəhramoğlu, Fərrux Fərruxzad, Herman Hesse və özbək ədəbiyyatından (Fərqanə məktəbi) çevirmələr dərc olunub.
“Güney sovqatı” rubrikasında Kiyan Xiyav və Ramin Cahangirzadənin yazıları yer alıb.
“Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin davamı, Mehman Qaraxanoğlunun Mübariz Örənin yaradıcılığına həsr olunmuş qeydləri və “Rakurs” bölümündə Vahid Qazinin yazısı verilib.
“Palirta” bölümündə gənc rəssam Pəri Miniatürün yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.
Bu sayda ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.
Dərginin yeni sayını rayonlarda “Azərmətbuatyayım” köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından (Dəmiryol vağzalı ilə üzbəüz, Dəmiryol xəstəxanasının sağında, 2-ci mərtəbə) və Bakitabdan (Sabir bağı, Sabirin heykəli ilə üzbəüz zirzəmidə) əldə etmək mümkündür.