Ramiz Rövşənin Aqşin Yeniseyə içki sifarişi – Yazıçılardan YENİ LƏTİFƏLƏR

Ramiz Rövşənin Aqşin Yeniseyə içki sifarişi – Yazıçılardan <span style="color:red;">YENİ LƏTİFƏLƏR
24 iyul 2017
# 17:30

Kulis.az yazıçıların yeni lətifələrini təqdim edir.

Gənc yazar Kərmaət Böyükçöl Vaqif Səmədoğlu ilə araq vururmuş. Bir az kefləndiyi üçün şairin sözünü kəsir, ona danışmağa imkan vermirmiş. Birdən Vaqif müəllim hirslənir:

- Bala, dədəm dədəndən böyük şairdir, özüm də səndən, niyə qoymursan danışam?

***

Gənc şair Elşad Ərşadoğlu “Ulduz” jurnalına şeir aparır. Qəfil həmyerlisi, atasının yaxın dostu Seyran Səxavətlə qarşılaşır. Görüşürlər. Seyran müəllimin onu tanımır. Elşad da tanışlıq vermir. Jurnalın redaksiyasına qalxanda məlum olur ki, şeirlərin çapı üçün bir neçə ay gözləməlidir. Elşad Seyran müəllimi tapıb məsələni açmaq məcburiyyətində qalır. Ardınca aşağı düşüb onu mərtəbələrin hansındasa tapır, yaxınlaşıb yenə görüşür və söhbətə giriş vermək üçün deyir:

- Seyran müəllim, mən də Füzulidənəm!

Seyran müəllim tövrünü pozmadan gözünün birini qıyır:

- Füzulidən olanlar adamnan iki dəfə görüşürlər?

***

Elxan Zal evdən tələsik çıxdığı üçün üzünü yaxşı qırxmır, boğazında tük qalır. Onu çayxanada görən gənc yazar Müşfiq Şükürlü şairin üz-gözünə xeyli baxır-baxır və deyir:

- Ay məlliiim, boğazınızda bığ saxlamısız?

***

Rövşən Naziroğlu Yafəs Türksəslə yeyib-içməyə gedir. Rövşən deyir, Yafəs, araqpuluna sən də kömək elə, yarım litrlik götürək, “çubuş” bəs eləmir.

Yafəs Türksəs:

- Bax elə ona görə şair ola bilmirsən! Ayə, mən bircə yarpaqdan keflənirəm eee, nə yarım? Əlli qaram da bəs eləyir maaa!

Rövşən dinmir. Mağazadan 250 qramlıq araq götürüb kafeyə gələndə stolun yanındakı gül kolundan bir yarpaq qırıb Yafəsin qarşısına qoyur:

- Sən yavaş-yavaş məşğul ol, görək mən neynirəm!

***

Aqil Abbasın qonaqlığında Kəramət Böyükçöl qəfil ayağa qalxır:

- Aqil müəllim, şota kömək eləyəcəm, qoyun bir az da mən danışım.

***

Adil Mirseyid yaşlanan vaxt dişləri tamam tökülmüşdü. Onun yumru saqqalı və bığları ağzına dolmuşdu elə bil. Bir gün “Sahil” bağında Murad Köhnəqala ilə rastlaşır. Mehribanca görüşüb öpüşürlər. Adil harasa tələsirmiş və görüşüb hal-xoş edəndən sonra dərhal çıxıb gedir. Dalınca başqa bir adam gəlib Muraddan Adil Mirseyidi soruşur. Murad əlini şair gedən tərəfə uzadıb ciddi-ciddi deyir:

- Ağzında bir çəngə tük belə getdi!

***

Aqşin Yenisey Ramiz Rövşənlə bir məclisə düşür. İçib keflənəndən sonra Ramiz müəllimlə zarafatlaşmaq istəyir:

- Şair, nədənsə mən iki yüz içəndə özümdən şeir deyirəm, üç yüz içəndə Vaqif Cəbrayılzadədən, daha çox içəndə sizinkilər düşür yadıma...

Ramiz Rövşən üzünü ofisianta tutur:

- Cavanların arağını bol eləyin!

***

Xanəmir Qubadlı haqqında tənqidi yazı yazdığı üçün inciyən camaat onun nənəsinin yasına gəlmir. Hər işi şair özü görməli olur. Əvvəlcə gedir qəbir qazmağa. Qəbri qazır, birdən deyir, ey dadi-bidad, arvadın boyunu ölçmədim, birdən qəbirə yerləşməz. Özü qəbirin içinə uzanıb təxmini müəyyən eləmək istədiyi an mobil telefonuna zəng gəlir. Telefonu açır. Azər Turandır:

- Alo, Xanəmir, hardasan?

- Qəbirdə...

# 2199 dəfə oxunub

Müəllifin son yazıları

# # #