Səni gecələrdə axtaracam daha... – Elmir Həsənin şeiri

Səni gecələrdə axtaracam daha... – Elmir Həsənin şeiri
4 aprel 2022
# 19:30

Kulis.az Elmir Həsənin şeirlərini təqdim edir.

Unutmağın şeiri

Unutmuşam artıq səni
gözlərimin yaddaşından,
sənsiz uçmaz düşünürdüm
kəpənəklər də qarşımdan.

Heç soruşma bir qurtum da
mən necəyəm, nə təhərəm,
indi sən özgə birisən
mənsə kimsəsiz şəhərəm.

Barışmışam bu ömürlə
arzularım göz ucudur,
bir biləsən sənsiz hər gün
yaşamaq da yorucudur.

Nəysə, artıq unutmuşam
bir sən ötdün bu ömürdən,
tanrı qədər sevdim səni,
küləklər əsdi önümdən.

Gün keçdi

Ağlayıb siləcəyəm gözlərimdən,
sənli bütün səhnəni bir ömürlük,
küləklərə qoşulub gedəcəyəm
sən olduğun şəhərdən bir ömürlük

Ünvanı nəfəsindən çox-çox uzaq
şəhərin səs-küyünə qızınacam.
Yelkənsiz qayıqda - lap çox uzaqda
dənizin dalğasına islanacam.

Təklik

Mən minbir ürkək könüldə
axtarıb səni tapmışam,
təklik bürünüb könlümə,
səsinə həsrət qalmışam.

Yağış islatmış küləyəm,
ömürdən incik düşmüşəm,
sənsizlik hopub canıma,
qışdan, bahardan küsmüşəm.

Şimşəktək çaxdın köksümə,
yandırdın məhzun keçmişi
tək baxışımda gizlətdim
hər gün sən boyda günəşi.

Bilirəm, ülvi məhbubum,
lap səssiz ötür bu ömür,
gecədən keçir, biləsən
sevgimiz də buza dönür.

Səhər açıla

Bir səhər açıla, yağışlar yağa;
günahları yuya, nifrəti yuya,
Bir səhər açıla, yağışlar yağa,
ürəklərə hopmuş xisləti yuya.

Bir səhər açıla, nifrət soyuya;
keçmiş bu gün ola, dünən də bu gün.
Hər keçən keçmişlər unudulmaya;
sevənlər sevilə, həm sevə hər gün.

Bir səhər açıla evdəkiləri
saçı ağarmamış uşaq görəsən.
Uşaqlıqdan qonaq dolu evləri
qayıdıb da yanar çıraq görəsən.

Bir səhər açıla yalan dil aça
həqiqəti deyə, deyə doğrunu,
düşmənlər dilindən o gün asıla,
əlləri dil açıb deyə doğrunu.

Yağış yağaydı kaş

Səni xatirələrdə yox, gecələrdə axtaracam daha,
səni şəkillərdən yox, yuxudan istəyəcəm,
səni baharda açan çiçəyin ətrindən qoxulayacam,
əvvəlkitək eyni şəhərdə aramayacam daha.

- Səni tanıdığım günə yağış yağaydı kaş ki:

Mən də dəyişəcəyəm, belə getmiyəcəyəm,
tanımayacağın qədər dəyişəcəyəm bu payız,
"Bizim" olanları ağacda saralmış yarpaq bilib,
küləktək əsib torpağı xəzəl edəcəyəm bu payız.

- Səni tanıdığım səhərə əsərdi külək kaş ki:

Gedəcəm, arxamca yağış da yağacaq,
yorulduğumuz yolların torpağına hopmuş ayaq izimizi
haçansa palçıq tutmuş ayaqlar aparacaq,
o gedişlə bir ömür gedəcək,
günəş də yaşlanacaq haçansa -
belə qalmayacaq dəyişəcək hər şey, hər kəs.

- Səni tanıdığım səhərə qar yağardı kaş ki:

səni özümə yox quşlara danışacağam,
ağaclara, atlara, yarpaqlara danışacağam -
belə olmalı deyildi bu ömür...

- Səni tanıdığım səhərə oyanmazdım kaş ki,

Bizim sevgilər

Səndən geriyə təkcə
bir tək şəkillər qaldı.
yayın ən axşam çağı
yolumu duman aldı.

Haçansa bu ömür də
bir ayrıcda bitəcək,
küləklər də bir gecə
payızı gətirəcək.

Bir tikə xatirənə
tutunub, söykənmişəm.
darıxdığım gecələr
yuxuda kövrəlmişəm.

Səni xatırlamağa
bir tək xəyalım qalıb,
gedərkən geriyə bax,
arzular yarım qalıb.

Səni unutmağa da
bir yol ürəyim gəlmir,
təkrar "Səni sevirəm"
deməyə üzüm gəlmir.

Lap sən unutsan belə
xatirələrdən məni,
ömürlük yaşadacam
kövrək qəlbimdə səni.

Nəysə, səhər açılır
keçən ömürdən keçdi,
özüm yaxşı bilirəm
darıxmaq belə gecdi.

Vətən müharibəsi şəhidi Məlik Zülfüqarovun xatirəsinə...

Ən nəhayət ki, mən də
yolçusu oldum, Ana
zəfərə gedən yolun
sən də fəxr et mənimlə
bu gün şəhiddir oğlun.

Yaş ağlama sən, ana,
ağlasan fəxrdən ağla
gözlərində sevincin
yaşı parlasın, Ana.

Nə xoş ki, bu gün mənə
Vətən bütövlüyündə
mənim də öz adım var,
Qəhrəmanlar içində
mənim də öz adım var.

Mən Vətənə hopmuşam
yurdum şanlıdır mənim,
torpağım azaddırsa,
ruhum da şaddır mənim.

Yaş ağlama sən, Ana
ağlasan, yağışda ağla
darıxma məndən yana
başını uca saxla.

Bu son misralar deyil
sarsılmaz dayan, Ana,
vətənim yaşadıqca
yaşayacam mən, ana.

# 2897 dəfə oxunub

Müəllifin son yazıları

# # #