Jalə Seyidli
***
Mənə yad olan adam....
səndə özümü tapdım...
sən də məndə qaldın...
məndə özünü tapdın?
bunu soruşmağa utandım onda....
bir gün getdin....
məndə özünü tapmadın yəqin...
mən də yox kimiyəm...
Dön!
bir yerdə özümüzü axtaraq...
Tapdıq bəlkə.....
***
Ayna olacam önündə...
adam cildində...
məni görüb bir az çaşıb qalarsan...
o ayna mənmişəm kimi davranarsan...
üstünü yazarsan, pozarsan....
bir də yazarsan...bir də pozarsan...
qələmlə, rənglə...
çirkli bir əskiylə ləkələrini silməyə çalışarsan...
üzü bir az da bozarar, qaralar, qızarar...
təmizləyə bilməzsən...
hirsindən cızarsan, qaşıyarsan üzünü...
bəlkə təmizlənər deyə...
Təmizlənməz!
əsərsən, coşarsan...
sonra daş atıb çatladarsan...
bir az da sındırarsan...
yamamağa, yumağa da çalışasan bu aynanın üzünü...
görərsən ki, buza dönüb-qorxusundan!
hamar üzü ləkəlidi, bulaşıqdı!
iyrənəsən, bu aynanın üzündəki yaralardan...
sonra bir az da qorxarsan....
susmağından, dözməyindən...
mənə bənzər bu aynanın.
bəlkə onda mən bilərsən!
bilərsən ki, önündəki adammış - ayna cildində...
susmağıyla, dözməyiylə...
sənə səni anlatmağa çalışırmış...
onda başa düşərsən ki, səni bağışlamaq çətin...
nə yamanar, nə tikilər qırıq olan məhəbbətim...
***
- Sənə məndən danışmaq istəyirəm...
Dostlara danışa bilmərəm...
- Niyə?
- Məni başqa cür tanıyırdılar... təəccüblənəcəklər...
- Qohumlara danışsan?
- Təəssüflənəcəklər...
- Yadlar?
- Bəlkə də sevinəcəklər...
Bircə özüm qalmışam...
Özümə danışmaq istəyirəm. Nolar, dinlə məni!..
Sənə ehtiyacım var!...
***
Bayırda bərk külək əsir...
dəli bir yağış yağa, bu külək islana...
təmizlənə: tozdan, torpaqdan...
bir də "Allah səni kəssin" qarğışından...
qulağı alqış eşidə: “Allaha şükür” deyə...
qarğışdan küsən külək...
sakitləşə, bir az yumşala...
mehə dönə...
sonra qanadlarına ala...
apara bu alqışı...
qarğış tutan yerlərə...
orda əvvəl tufan ola, külək yox...
dağıda qarğışları...
dünyanın dörd küncünə...
külək ola...yağış görə...meh ola...
yenə uça göylərə...
bəlkə onda, bircə dəfə eşitdiyi...
alqış düşə yadına...
dönə o yer üzünə!...
***
Xoşbəxtlik nə?
doğulmaq...uşaq olmaq...
yatmaq-durmaq...
yeriməyə çalışmaq...
getmək-gəlmək...
adam kimi adam olmaq..
sevmək-sevilmək...
elə adam kimi...
bacarsan bir az insan olmaq...
insan kimi...
yaxşıya qənim olmamaq...
övlad olmaq, dost olmaq...
bir qəlb sevindirmək...bir üz güldürmək...
Allaha xatir!...
böyüsünlər, yerisinlər...
adam olub sevilsinlər...
bir az da insan olsunlar deyə...
istəsən bir az ata, bir az da ana olmaqdı... xoşbəxtlik!
nənə olmaq...baba olmaq...
yaşlanmaq, qocalmaq...
sona doğru yol almaqdı...
sona çatmanı sonra anlamaqdı....
bir ömürdü XOŞBƏXTLİK!...
***
- Sevirəm!
- Gecdi....
- Ölərəm!
- Tezdi...
- Dözmərəm!
- Sözdü...
- Gedərəm!
- Bezdin?
- Dözdüm...dözdüm axır bezdim...
Sözdən, nazdan...gedim sözsüz bir yer axtarım...küsdün?
- Hə!...
- Bezdin?
- Hə!...
- Deyəsən tapdım!...sözüm də, sözsüzüm də sənsən çünki...
***
Səssizlikdi!....
uğultu, inilti bəlkə də bir nalə var bu səssizlikdə...
kim deyir səssizlik laldı, səssizdi...
səssizlik ən uca səsdi bəlkə?...
mən də səssizəm...
səssizliyim bir az etirazımdı...
bir az öfkəmdi...
bir az hiddətimdi...
bir az hirsimdi...
sənə görə...
bəlkə səssizlik üsyandı həm də?...
mən sənsizlyə üsyan edirəm...
bəs səssizlik kimə?
...özünə etiraz edir yəqin...
bir də mənim sənə görə səssizliyimə...
Dön gəl!...
özümüzü axtaraq....
tapdıq bəlkə səssizcə...
həm səssizlik, həm də mən...
rahat uyuyaq bircə gecə....
***
- Saçlarım ağarır...
mən qorxuram!
- niyə?
- o saflaşır...
- bəs sən?
- Yaşlanıb, qocalıram, üzüm də qara!
saçım ağ, üzüm qara...
Allaha ikiüzlü görünəcəm,
ağ-qara...
rəng axtarıram qapqara,
- niyə?
- saçlarımın üzünü boyayıb...
özümə oxşadım deyə? bir rəngdə olaq...
- qara???...bəlkə ağ!..
- ağ eləmə?- yolmuşam! kəsmişəm!
uzadıb min rəngə salmışam!...
İndi də qaralayıram deyə, ağartmaz üzümü...
- o rəng almayıb hələ...izn ver üzüağ eləsin səni...
Tutun əl-ələ,
Allaha sarı yol alın!
Ağ rəngdə
Gülə-gülə...
***
Qura, oynaya, çəkə bilirik.....
Rejissoru, operatoru - özümüzük
həyat filminin....
baş rolumuz-İNSAN ya da ADAM...
təkcə ssenarist deyilik...
"Həyat" filminə ssenari,
göylərdə yazılır deyə....
***
Tələsirəm “sevirəm” deməkçün...
qorxum da yanımdadı...
təngnəfəsik!
mən sənə, o mənə çatmaq istəyir...
“gecikməyin, bir addımdasan!” deyir...
illərdi susmama nifrət edib qorxum....
çatdım, amma gecikdim!...
danışmağa, deməyə söz qalmadı....
qoy indi səbrimə nifrət etsin qorxum...
bəlkə mən də gecdən, tezdən, səbirdən,
lap qorxmaqdan da qorxum....