Tibb Universitetinin qızlarına pis baxırlar

Tibb Universitetinin qızlarına pis baxırlar
9 yanvar 2013
# 17:46

Fəridə Məmmədova

6 ildir Azərbaycanın ən böyük ali təhsil ocaqlarından sayılan Tibb Universitetinin tələbəsiyəm. Yazmaq istədiyim nə təhsildir, nə şərait, nə xəstə dərdi, nə maaş azarı. Bu mövzularda kifayət qədər yazılıb və danışılıb.

Məni narahat edən mövzu ictimaiyyət arasında Tibb Universitetinin tələbəsi olan qızlara qarşı yaranan antipatiya, mənfi fikirdir, türklər demiş ''önyarğı''.

Kəndindən tutmuş, lap şəhərin göbəyinəcən- hamı oxumuş qızlara böyük rəğbət bəsləyir ( bu ifadəm ali təhsili olmayan qızları qıcıqlandırmasın lütfən, çünki bu faktdır ki, diplomlu novruzəlilər də kifayət qədərdi) .

İstər müəlliməlik olsun, istər mühəndislik, lap hüquq oxu, bank işi olsun, lap elə kollec oxumuş olsun. yetər ki, oxumuş, ya da oxumaqda olsun. Hər səhər dərs adı ilə çantanı götürüb evdən çıxsın. belə qızlara həmişə xüsusi hörmətlə yanaşılıb.

Di gəl ki, ''harda oxuyursan'' sualına - ''Tibb Universitetində'' cavabı verəsən. elə bil, iraq-iraq qara daş olub düşürsən sualı verənin başına. O saat başlayır ''ağızbüzmə''lər, ''xətrinə dəyməsin, oranın qızları bir cür oluree''lər, ''üstünə götürmə, oranın qızlarını heç yaxşı demirləree''lər...

Soruşursan, ''niyə ay xala, ay bibi, ay nənə, ay ana, lap elə, ay qardaş?”...

Deyir: “Orda oxuyan qızlar hər şeyi bilir, çoxbilmiş olur”. Başa düşə bilmirəm, hər şeyi bilmək, lap elə çoxbilmiş olmaq pisdimi? Dünyaya ayaq açmaqdan, Avropaya inteqrasiyadan, nə bilim marsa səyahətdən danışan bir toplum bunu niyə belə problem hesab edir ki?..

Hər şeyi bilməsək, bilməyə çalışmasaq necə inkişaf edərik?
Kor-koranə, qaranlıqda özünü ora-bura vura-vura
savadsız olmaqmı yaxşıdı? Maarifsiz olmaq, həyatdan, insandan, elə öz orqanizmimizdən, hisslərimizdən anlamamaq, seriallarla yasamaq?

Bəli, Tibb Universitetində oxuyan qızların 90%-i çoxbilmişdir. Hər şeyi olmasa da, çox şeyi bilirlər, əcəb də eləyirlər.

Misal üçün, Tibb Universiteti və başqa bir universitetin tələbəsi olanbir qızın həyatında bir insan ola bilər, hətta birlikdə yaşamış da ola bilərlər .Amma gedin bir ay qadın məsləhətxanalarında, ginekoloji kabinetlərdə müşahidə aparın, görək hamilə qalıb abort etmək üçün gəlmiş bir tibb tələbəsi görə biləcəksinizmi? Görə bilməzsiz. Amma mən öz gözlərimlə görmüşəm başqa bir universitetin tələbəsinin gəldiyini. Söhbət təbii ki, gəlib gəlməməkdən yox, bilib bilməməkdən gedir.

Tibb Universitetinin tələbəsi hər şeyin ''təhri''ni bilir, özünü qorumağı da bacarır. Bilir ki, hamilə qalıb, abort edib gələcəyini və səhhətini zərbə altında qoymaqdansa, bunun vaxtında asan üsullarla qarşısını ala bilər.

Tibb Universitetinin tələbəsi hər hansı gözəllik salonunda qulağını deşdirib, yanaşı 5 dənə sırğa asmaq eşqi ilə hepatitə yoluxmur.

Tibb Universitetinin tələbəsi bilir ki, sağlam arıqlamaq nədir, dietə oturub mədə-bağırsağını sıradan çıxarıb illərlə müalicə almır.

Tibb Universitetində oxuyan qız səhər hamilə olanda dölün gündə bir şəklini ultrasəsdə çəkdirib, az qala qəzetlərdə elan verməyəcək. Çünki bilir hər şeyin dozası var.

Tibb Universitetində oxuyan qız bilir ki, həkimlikdə kişi və qadın deyə cahilcə cins ayrımı yoxdur. Ona görə də onu maraqlandıran mövzuda sərbəst fikir mübadiləsi aparır.

Bu siyahını çox uzada bilərik. Bunlar normal bir insanın bilməli olduğu məlumatlardır.

Maraqlı bir fakt da var ki, bu gün bu qızlara ''hakim'' kimi hökm oxuyan insanlar, səhər həkim gəlinlərinin olması ilə fəxr edirlər. Hər halda həkimlə bir ailədə yaşadıqca, onun qayğısını, şəfqətini hiss etdikcə o adın, peşənin ülviliyini də dərk edirlər.

Bütün tələbə dostlarıma demək istəyirəm ki, qızlar, gələcəyin Hippokratı olmasaq da, ən azı öz ailəmizi və sevdiklərimizi müalicə edə bilmək üçün savadlanmağa çalışaq.

''Hakim''lərə aldırmadan.. Tutduğumuz yol müqəddəsə yaxındı...

# 12094 dəfə oxunub

Müəllifin son yazıları

# # #