Xoşbəxt olsan əgər ki, sən özgələrlə

Xoşbəxt olsan əgər ki, sən özgələrlə
1 may 2018
# 17:12

Nicat Əlizadə

ƏZİZSƏN

Razıyam, sevgindən qoy uçsun huşum

Ver mənə qəlbini, ona qovuşum

Gəl otur qarşıma bir şey soruşum

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Bir gül göndərərəm, dəli olarsan

Mən üz döndərərəm, dəli olarsan

Bir sual verərəm dəli olarsan,

Cavabın Tapmarsan Dünyanı Gəzsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Sən mənə yarmısan, dostsan, tanışsan?

Gah günəş nurusan, gah da yağışsan,

Xəyalda parlayan nurlu baxışsan,

Həyatda Kin Dolu Bircə Cüt Gözsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

İndi kim olacaq mənə qəlb verən?

De kimdən bəs mədət ummalıyam mən?

Həyatda çirkabın içindəsən sən

Amma ki, Xəyalda Gül Tək Təmizsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Verdiyin bu dərdlər əzaba sığmaz

Axirət günündə hesaba sığmaz

Xəyalda cümləsən, kitaba sığmaz

Həyatda Sadəcə Bir Quru Sözsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Nə qədər yalanın, günahların var,

Bu bahar ömrümə yağdırmısan qar,

Həyatda bataqlıq kimisən ey yar

Xəyalda Gözoxşar Sakit Dənizsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Qoymursan bu rəsmə məhəl, çəkmirsən!

O ötən günləri məsəl çəkmirsən

Xəyalda yanımdan heç əl çəkmirsən

Həyatda Sən Məndən Nə Qədər Bezsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Get kimə istəsən, durma, get, yeri!

Söyləmə sən mənə getdiyin yeri

Xəyalda səhvini anlayan biri

Həyatda Arsızsan, Həmişə Düzsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Gör mənə nə etdin? dur kənardan bax

Yarasız ömrümə dağ vurmusan, dağ!

Həyatda sən dərdsən, xəyalda ancaq

Sən Mənə Allahdan Paysan, Cehizsən

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Qəlbimə qonaq gəl, tək dəvətlisən

Sən o qəlb evimdə çox hörmətlisən

Mənim xəyalımda mərhəmətlisən,

Həyatda Necə də Mərhəmətsizsən!

Xəyalınmı Əziz, Sənmi Əzizsən?

Ayrı yerləşərik, bu Bakı gendi

Lakin tək yaşamaq xeyli çətindi

Cavabın tapmadın bilirəm, indi

Bir azda səbr edib, Bir azda Dözsən

Mən Sənə Deyərəm Harda Əzizsən

Tək onu bilirəm mənim qəlbimdə,

Bir ömür silinməz, yaralı izsən.

Nə xəyal, nə həyat fərq yox sevgimdə,

Sən Mənə Hər Şeydən Bilki Əzizsən!

KÖRPƏ QIZCIĞAZ

Qızcığaz gördüm mən əlində çiçək

Çiçəyi darayır o, ləçək-ləçək

Soruşdum ürkək ey gözəl, göyçək

De, hardadır atan, hardadır anan?

Suala bu cürə verdi cavabı

Onunla yaşatdı mənə əzabı

-"Küçələrdir məni övladı sayan

Gül satıram mən biri bir manat

Məni məcbur qoyub buna bu həyat

Yaşıdlar oynayır bağçada, bağda

Mənim valideynlərim yatır torpağda"

Yoxmudur bir doğman, yoxmudur qohum

Yetimçün atılıb küçəyə toxum?

Bir kiçik qardaşım varımdı mənim

Gözümün işığı, həyatım, tənim

Onunçün işləyib pul qazanaram

Qoymaram ac qalsın, mən dolanaram

Heyrətə gətirdi qeyrəti məni

Yaşamağ sevinci, vəhdəti məni

Gördükcə düşündüm, duruxdum bir an

Göz yuma bilmərəm edərək üsyan

Soruşdum - hardadır?! o yazıq, qorxaq

Yetimi küçəyə salan bu alçaq

Zamana nə deyim?! nə deyim axı?!

Cahana nə deyim?! nə deyim axı?!

Atanı, ananı əlindən Allah,

Alıbdır bildiyi varıymış hərgah

Yenə də küçədə qalmalı deyil

Gül, çiçək əlində qalıbdır veyil

Oxumaq vacibdi, yaşamalıdır

Kim deyər bu yükü daşımalıdır?

Ey insanoğlu, ey bəndə tarı

Kənara qoy bir an dövləti, varı

Düşün bu körpənin halın neynəsin?

Nə yemək yesin o nə həyat görsün?

Olmazmı insan tək ömrünü sürsün?

Yaşayaq biz buna qoy göz yumaraq

Vicdanı kənara atağ biz ancağ

Allahın yanında dik duraq necə?

Birgəlik lazımdı zülmə sadəcə

Danışdı o körpə mənsə dayandım

Onun dediklərinə doluxsulandım

Bir dənə gül aldım mən qızcığazdan

Nə edim əlimdən ancaq bu gəlir

Hərənin talehin O Allah bilir

Üzündə təbəssüm, əlində çiçək

Böyük Allah olsun arxan, həm kömək...

ƏLVİDA

Məni görəcəysən, göz önündəyəm,

Tərk etdiyin yerə diqqətlə baxsan.

Hərdən düşünürəm - "mən nə gündəyəm?"

Hələ gözləyirəm, qayıdacağsan.

Mən elə birinə aşiq oldum ki,

Gecə gözlərində hüzünü gördüm.

Mən elə birinə aşiq oldum ki,

Günəş qürub etdi, üzünü gördüm.

Necə qəddar oldun bu son illərdə?

"Əlvida, gedirəm!" -deyəcək qədər!

Mən bizi yaşatdım çox fəsillərdə,

Sən bizi yaşatdın kəpənək qədər.

Dalğa sahilinə küsər mi? denən!

Sən məndən ayrıldın ləpələr kimi.

Bağlar viran olsa yenədə çəmən,

Bülbülə görsənməz təpələr kimi!

Sevgi bir səhnədi obrazları var,

İki obraz deyim, sevən, sevilən.

Sən sevilənsən, belə yazıb yazar,

Mən isə çox sevib tez tərk edilən.

Səni təsvir etmək keçir könlümdən,

Ancaq şeir gəlir dilimdən mənim.

Əlimi boş qoyub getdiyin gündən,

Yalnız əlim sıxır, əlimdən mənim.

Mənə qalan budur, mənim öz dərdim,

Qaranlıq həyatım dərd ortağı tək.

Sən yanımdaykən tez-tez deyərdim,

-"Rəngarəng ömrüm var, göyqurşağı tək".

Adına yazılmış şeir, qəzəllər,

Səhfələr doldurmaq istəyirəm mən.

Dünən əllərimdən bərk tutan əllər,

Bu gün məni boğur, məndən gedərkən.

Daha gec-gec gedir mənimçün zaman,

Rəngarəng olmayır mənə göy üzü.

Necə təsir eyləyirmiş, Ay Allah, aman!

Yeni doğulmuşa "Əlvida" sözü.

Baxdıqca bu qəlbə alışan, yanan,

Sönmüş közlərindən öpürəm sənin.

Bunu oxuyarkən doluğsulanan,

Gecə gözlərindən öpürəm sənin...

Əlvida...

Əfv ETMƏRƏM...

Əfv etmərəm əllərini,

O əllər ki, özgə əldə yuva salıb

Onun qəmi, onun dərdi mənə qalıb.

Əfv etmərəm o yolları.

O yollar ki, ayrı saldı məndən səni

Ayrılıqla hədələdi səndən məni.

Əfv etmərəm ürəyimi,

Ona əfsus, unutmadı səni heç vaxt

Dərk etmədin, niyə axı bunu bədbaxt?

Əfv etmərəm gözlərini,

Məni gördü o gözlərin ən birinci

Bir özgəyə qismət oldu son sevinci.

Əfv etmərəm mən sevgini,

Yarı yardan ayrı salmaq olarmı heç?

Yarın yeri özgəsiylə dolar mı heç?

Əfv etmərəm kirpiyini,

Saydım onu hər görəndə danə-danə,

Məkan saldı özgə gözdə xanə-xanə.

Əfv etmərəm ürəyini,

Sevmədi heç görən neyçün məni zalım

Mənim ancaq onun üçün çöndü halım.

Çöndü beyin, çöndü ürək

Bir özgəyə döndü ürək

Gəlişinlə yandı belə,

Gedişinlə söndü ürək.

Əfv etmərəm gedişini,

Məni dəli edişini.

Necə deyim ürəyimə- "buna sən döz",

"Ayrılırıq" məhv eylədi məni son söz.

Əfv etmərəm heç vaxt səni, heç vaxt məni

Eşq bəyənməz tərk eyləyib tez gedəni.

Xoşbəxt olsan əgər ki, sən özgələrlə,

Eybi yoxdu tək qalaram bəlkə'lərlə.

Əfv etmərəm bilirsən mi, neyçün səni?

Bu ürəkdi, bu daş deyil

Qorxu deyil, təlaş deyil

Oyuncağmı sandın onu?

Zülm olsa da bunun sonu,

Mən özümü öldürmərəm, məhv etmərəm

Məni atdın, səni heç vaxt əvf etmərəm...

# 3044 dəfə oxunub

Müəllifin son yazıları

# # #