Anam gedəndə demişdi ki, qayıdacaq

Anam gedəndə demişdi ki, qayıdacaq
17 may 2013
# 07:00

Günel Treu

Artur

Təzə təyin olunmuşdu iş yerinə, hələ özünü yad hiss edirdi. Universiteti yeni bitirməsi, heç bir təcrübəsinin olmaması sıxırdı onu. Hətta sinif jurnalını belə qaydasında yaza bilmirdi. Dəfələrlə jurnalda səhv etdiyinə görə danlanmışdı. Və hər dəfə də “axı bunu mənə siz öyrətməli idiz” demək istəsə də, deyə bilmirdi. Həm də elə bilirdi ki, nəsə soruşsa ona güləcəklər, irad tutacaqlar. Üstəlik də təyin olunduğu məktəbdə də hər şey yerli yerində və ədalətli deyildi.

Amma getdikcə təcrübə qazanırdı, ən əsası isə şagirdlər onu sevirdilər. Düzdü, hərdən hər şeydən bezib, çıxıb getmək, sənətindən tamam fərqli bir işdə işləmək istəyirdi, amma bacarmırdı. Bəlkə də uşaqlar onun dərsində daha sərbəst, daha məsum olduqları üçün onu sevirdilər. Axı əslində elə özü də uşaq idi, gülə-oynaya yenicə ayrılmışdı universitet partasından, hələ heç özünü müəllim də hesab etmirdi, canı müəllim danlağından təzə qurtulmuşdu.

Beşinci sinfə dərsi vardı, sinfə daxil olan kimi adəti üzrə bəzi ərköyün şagirdlər üstünə qaçıb, üz-gözündən öpməyə başladılar. Öyrəşmişdi artıq! Uşaqlarla salamlaşan kimi günün bütün vacib xəbərlərini müəllimin ovcuna qoydular. Təzə xəbərlərdən biri də bu idi ki, sinfə yeni şagird gəlmişdi. Əslində ilin ortasında sinfə yeni şagirdin gəlməsi o qədər də xoş gəlmədi müəlliməyə. İlk ağlına gələn isə bu oldu: indi yarım ilin dərsini ona necə öyrədəcəyi? Üzündə narazılıq ifadəsi ilə bu alagöz, sarışın, məsum üzlü oğlana yaxınlaşdı:

- Adın nədi sənin?

- Arturdu, müəllim.

Oğlanın səsi o qədər yavaş çıxdı ki, müəllim bir anlıq adı yanlış eşitdiyini düşündü. Adı ikinci dəfə soruşub, eyni cavabı alanda əmin oldu Artur adına, axı o qədər də çox eşidilən ad deyildi.

- Başını qaldır görüm, nə olub axı sənə, hə? Kim incidib səni?

Başını ağır-ağır yuxarı qaldırıb, müəlliminin gözlərinə baxan Arturun baxışlarında yüz ilin dərdi vardı sanki. Bu sarışın, göygöz , ilk baxışda tipik Qafqazlıya bənzəməyən on yaşlı uşağın səsi o qədər kədərli idi ki, ürəyi sızladı müəllimin. İlk anda ağlına gəldi ki, yəqin kimləsə dalaşıb, kimsə incidib onu. Ya yuxusuzluqdan, ya da ağlamaqdan gözləri alqırmızı idi Arturun.

Gənc müəllimə nədənsə məhz Arturun da uşaq evindən olduğunu yəqin etdi, adətən belə uşaqlar ilk dərsdə daha fağır, daha köməksiz görünürlər, ta ki digər uşaqlara öyrəşənə qədər. Bu məktəbdə çox sayda uşaq evindən olan şagirdlər vardı. Düzdü, məktəbdə bütün şagirdlər bir-birlərinə qoşulub, dərs oxuyub, deyib-gülsələr də əsas fərq dərs bitdikdə bilinirdi.

Digər uşaqları məktəbin çıxış qapısında valideynləri gözlədiyi halda, uşaq evinin şagirdləri bir-birlərini gözləyir, sonra yığılıb bir yerdə uşaq evinə yollanırdılar. Elə əsl bu səhnə kədərləndirirdi müəlliməni, məhz çox vaxt bu mənzərəni görməmək üçün digər çıxış qapısından çıxıb getməli olurdu. Çox qəribə idi ki, hamısının da baxışı, üz cizgiləri, insana münasibətləri eyni idi, hamısı bir-birinə bənzəyirdi sanki.

Bəlkə də belə deyildi, sadəcə o elə gəlirdi... Arturun da üzündə bu ifadələr olsa da, nədənsə o biri kimsəsiz uşaqlardan fərqli görünürdü. Sanki elə bu dəqiqə evdən, valideynlərinin yanından çıxıb gəlmişdi, ətrafa ürkək-ürkək, qorxa-qorxa baxırdı, üst-başı da tərtəmiz idi. Nə isə bir yalnışlığın olduğu bəlli idi, amma nə?...

Artur heç bir suala cavab vermirdi, sadəcə başını aşağı salıb, suallardan lakonik cavablarla canını qutarmağa çalışırdı. Müəllimin bu qısa cavablardan getdikcə hövsələsi daralsa da müəyyən etdi ki, Arturun atası azərbaycanlı, anası isə rusdu. Ataları bir rus xanımla ailə qurduğu üçün illərlə öz ata-anası tərəfindən edilən təzyiqlərə dözməyərək sonda Arturun anasından ayrılmışdı.

Dediyinə görə əvvəllər onlara tez-tez baş çəksə də, indi demək olar ki, gəlmir. Arturun üç yaşlı bacısı da uşaq evindəymiş, nədənsə müəllimə elə gəldi ki, Arturun bacısına görə dərin bir məsuliyyəti var, daha çox bacısından danışırdı.

Bu məsum, ürkək baxışlı uşaq müəllimin ürəyinə elə yatdı ki, qeyri-ixtiyari onun saçlarını sığallayıb, daha mülayim danışmağa çalışdı:

- Artur, bəs anan niyə sizi uşaq evinə qoydu?

- Biz evdə olanda o, işləyə bilmirdi axı müəllim, ona görə məcbur olub “detdoma” verdi bizi, həm də mən bacıma tək baxa bilmirəm...

Ürəyi ağrıdı müəllimin, üzülməkdən başqa əlindən nə gəlirdi ki? Söhbət əsnasında Arturun çoxlu məktəb ləvazimatının çatışmadığını da öyrəndi. Üstündə olan ehtiyat qələmini, təzə dəftərini Artura verib, fənni haqqında bir az məlumat verdi. Amma hiss edirdi ki, Arturun fikri tamam başqa yerdədi, bu uşağın gözləri dənizə bənzəyirdi, sanki toxunsaydın ağlayacaqdı! Bunu hiss edirdi müəllimə, özündən asılı olmayaraq Arturun saçlarını sığallayıb, əlini onun kürəyinə qoydu:

- Dediklərimi anladınmı, Artur?

- Anladım, müəllim.

- Bax, gələn dərs ev tapşırıqlarını mütləq yaz, yoxlayacam. Nəyi başa düşməsən bir də soruş, çəkinmə, oldumu?

Arturdan aralanıb, lövhəyə tərəf gedəndə nədənsə geri döndü:

- Hə bir də anan gələndə onu mənim yanıma gətir, səni ona tərifləyəcəm, deyəcəm ki, sağ olsun sənin kimi ağıllı oğlan böyüdür.

Əsil səbəb Arturda fənninə və özünə qarşı sevgi yaratmaq idi. Amma elə bu sözləri deyən kimi bu balaca oğlanın bütün kədəri, ağrısı gözlərinə yığıldı sanki, elə bir baxış ki, bu baxışı gənc müəllimə sonralar bir daha unuda bilməyəcəkdi!

- O daha gəlməyəcək, müəllim!

- Niyə ki? Niyə gəlməyəcək?

- Üç gün əvvəl onu maşın vurub, anam ölüb müəllim!...

Donmuşdu müəllimə, bütün sinif başına fırlanırdı, nə qədər düşünsə də söz tapa bilmirdi...

Artursa elə hey danışırdı:

- Amma gedəndə demişdi ki, gələcək müəllim, söz vermişdi axı....

# 3054 dəfə oxunub

Müəllifin son yazıları

# # #