Həyat qısadır, əzizim, quşlar uçur
Çətini başlamaqdı,
Bilinməz nə vaxt bitəcəyi.
Qırılmış bir ürəyi,
Bakının küçələrinə səpələnmiş hissləri
Tapa bilməzsən bir daha.
Yaşa həyatı, indiki anı
Unut dünəni və boş ver sabahı
Həyat qısadır, əzizim, quşlar uçur
Xəbərim yoxdu heç qonşuluğumdakı ac insandan
doğma qohumlarımdan,
dost dediyim insanlardan,
ən yaxın dostumu nə zaman gördüm son dəfə
heç xatırlamıram.
Bilirsən niyə? Başım qarışqdı yaman
öz işimə, pul qazanmağıma, gələcək qurmağıma
başım həm də qarışıb aktual məsələlərə
Amerikamı haqlıdır, yoxsa Rusiya ?!
bir sürü kölələrə bir az utopiya
bir az xəyal, bir az ümid
səpələnir göylərdən
necə ki, ən gözəl nəğmələr
səpələnir bir radio dalğasıyla
hansısa oğraşın, fahişənin otağına
Əşşi, düşünmə bunları
Həyat qısadır, əzizim, quşlar uçur
Bir neçə il sevgiylə yaşadım.
Sevdim bir neçə qadını
bir az uşaq kimi, bir az da filmlərdəki kimi
Amma olmurdu həyat filmlərdəki kimi rəngbərəng.
Olmurdu əynimdə ən bahalı geyimlər,
nə də qolumda ən bahalı saatlar
sevgilim də deyildi sarı saç, mavi gözlü
Sevmirdi çayı, kofeni, qəndi.
Sevmirdi universitet həyətindən dərdiyim qızılgülü
Sevmirdi ad gününə aldığım hədiyyələri
Biz ola bilmirdik filmlərdəki kimi sevgi qəhrəmanları
heç bircə dəfə də olsun dəniz qırağına adlarımızı da yazmadıq
amma ən bahalı restoranda ən bahalı yemək
səni daha çox xoşbəxt etmişdi,
xatırlayıram, amma anlamıram, nəyin həvəsi idi bu?
necə bir oyun idi ki, məğlubiyyətin də adını qoya bilmədik
sadəcə gec oldu bir az anlamağım
Anladım ki, biz uşaq idik!
Həyat qısadır, əzizim, quşlar uçur
Dəniz
Nağıllarda olur ən gözəl həyatlar
xəyallarda olur əlçatmaz arzular
ürəyimdə qalıb son arzum hələ də
Bilirəm!
Doğulmadan üzərini almışdı onsuz da qara buludlar
Dənizlər!
nə qədər azaddır onlar
amma bir sərhəd daxilində
elə hey orda dalğalanar çırpar özünü
çılpaq daş qayalara,
səmaya ucalmaq istər bir neçə damcı
azadlıq istər, yox! Mümkün deyil!
hər damcı bağlıdır dənizinə
dənizi dəniz edən həmin o damlalar
nə vaxtsa gəlmişdi göy üzündən bir quyuya hədiyyə
və o damlalar çevrildi bir gün sevgiyə
qovuşdu damlalar
dənizi yaratdılar
kimləri aldı qoynuna, kimləri uddu zülmətinə
bir gün qusacaq o dəniz də
bezəcək eyni dalğalardan, eyni insanlardan
çıxacaq sahilə, yuyacaq tozlu küçələri
bir yığın xatirələri neçə-neçə ümidləri rəhmətinə bürüyəcək
o gün şəhər dəyişəcək libasını
qara palçıqlar olacaq yeni libası
və yeni bir nağılı yaranacaq şəhərin
100 ildən sora da danışacaqlar
Qurbanı olmuşdu bu şəhər Dənizin...
Ruhuna Fatihə...
Sevgilim, heç bu qədər kimsəsiz, yoxsul olmamışdı bu yollar
Hər gün gəzirəm, sənlə bir vaxt gəzdiyimiz o yolları
Titrəyir ayaqlarım, gəzə bilmirəm bəzən
İçin-için ağlayaraq sənsiz yaşayıram o anları
Mənə təkcə xəyalın qalıb, bir də ki, rəsmin
Gecələr ağlayaraq rəsmini öpüb qucaqlayıram.
Göz yaşlarım, islaq öpüşlərim rəsminin rənglərini qarışdırıb
Son qalan rəsmindəki xəyalını da itirməkdən çox qorxuram
Kim bilir, indi hansı pəncərədəsən, hansı tozlu, boz şəhərə baxırsan
Kim bilir hansı pəncərədə süzülən yağış damlalarını sayırsan,
Kim bilir.
Mən elə atıb getdiyin yerdəyəm, hər gün
Ləçəkləri tökülmüş qızılgül əlimdə, üzgün
Qayıt gəl, sevgilim, qayıt gəl, qocalmış ruhuma
Bu qədər gənc ikən düşüncələrim qocaltdı məni
Hər kəsdən qaçdım, səndən sonra, dost seçdim özümə kədəri
Qayıt gəl, gəl ki, dirildəsən, sənsizlikdən ölmüş qəlbi.
Şərqi
Sevgilim, bu gün bir az kədərliyəm.
Həzin bir musiqi, sakit, kimsəsiz mehmanxana dəhlizi.
O qədər gözəldir ki, buralar.
Elə məni atıb getdiyin gündəki kimi.
Gözəl deyirəm ona görə ki, burda kədər var.
Axı bilirdin sən,
Kədəri necə sevirdim mən!
Son gecəmizi yaşamışdıq bu mehmanxanada,
Səhərədək ağlamışdıq.
Gözlərimizdə yaş qurumadı heç.
Sən için-için ağlarkən o qədər gözəldin ki,
O qədər kədərliydin ki, səni o gecə daha çox sevdim mən.
Axı bilirdin sən,
Kədəri necə sevirdim mən!
Sevgilim, yeni fəsil daha soyuqdu buralarda.
Hər tərəf ağ rəngə bürünüb.
Sən də qış vaxtı ağ paltarlar geyinərdin, qarlı təbiət kimi.
Deyərdin ki, qara qarışıb yox olmaq istərəm.
Bax, yenə qış fəsli, sən yox olub getmisən.
Necə qıydın ki, bizə?!
Kaş məni də aparaydın qaranlığına, özünlə.
Mən də qıymaq istərəm həyatıma.
Qorxuram!
Bəlkə ordakı kədər daha azdı burdakından, heç bilmirəm mən
Axı bilirdin sən,
Kədəri necə sevirdim mən.