Zülfi Məcidli
Rənglər dünyası...
Mən rənglər dünyasında
İki rəng tanıyıram – biri ağ, biri qara.
Mən tamlıq aləmində
İkicə şey qanıram – bir bütöv, bir də para
Yaşadığım dünyada
İki sifət görmüşəm – biri əyri, biri düz
Zaman bir-birin qovan
İki şeydir – bir gecə, bir də gündüz.
İnsanlara baxıram – kimi acdı, kimi tox
Nağıl dünyamızda da “biri vardı, biri yox...”
Bu ikilik, doğrusu, yaman bezdirib məni
Bütövlükçün, tamlıqçun hər vaxt gəzdirib məni.
16.10.2008
Tələsir insan
Bu qovhaqov, qaçaqaç dünyasında,
görəsən,
Hara tələsir insan?!
Yarandığı zamandan, ayrılmış dildarından,
Yara tələsir insan
Dünənkilər bu günə,
Bu günkilər sabaha,
Qış gələndə bahara, bahar gələndə qışa
Qara tələsir İnsan!
Hara tələsir İnsan?!
Bağban bağa tələsir
Qovun tağa tələsir
İsti yay günlərində
El yaylağa tələsir.
Zirvələr həsrətilə səyyah dağa tələsir.
İnsan özü bilmədən,
Üstündə doğulduğu
bu torpağa tələsir.
Almasın bizi qəflət
bu işdə var bir hikmət.
İnsan hardan gəlibsə,
elə ora tələsir.
Dərdlərinə axtarır o bir çara tələsir.
Hara tələsir insan?
Yara tələsir İnsan!
Yara tələsir İnsan!
17.02.2010
Cavabsız suallar
Ey ulu Tanrım mənim,
Sənə böyük inamım,
Dərin etiqadım var.
Fəqət, Sənə yönəlik
çoxlu suallarım var:
- Çoxluq varsa, azlıq nə?
Dərinlik – dayazlıq nə?
Genlik nədir, darlıq nə?
Yoxluq nədir, varlıq nə?
Şadlıq nədir, xarlıq nə?
Dərə nədir, gədik nə?
Sağlamlıq-xəstəlik nə?
Ağ ağdırsa, qara nə?
Gecə nədir, gündüz nə?
Əyri əyridir, düz nə?
Susmaq varsa, söz nədir?
Təpə varsa, düz nədir?
Bu – sevincdir, bu - kədər.
Bu- əsaslı, bu- hədər.
Bu alçaqdır, bu uca.
O- cavandır, bu- qoca.
O bütövdür, bu para
O yaxşı, bu avara.
Nədəndir “olar”, “olmaz”?
Bu solandır, bu solmaz!
O ötkəmdir, bu fağır
O yüngüldür, bu ağır.
O atalı, bu sağır!
Biri hər şeydən qəni
Birin ehtiyac boğur!
Bütün dünya belədir:
- İkiliklə qurulub
Dünyamızın mayası
İkilikdən yoğrulub.
Bu bilməcə dünyanın
Əvvəli yox, sonu yox
Bu həyat – sirli aləm
- Suallar çox, cavab yox!
Allahım, varlıqlarda
İkilik yaxşıdırsa,
Sən əbədi varlıqsan
Bəs nədən tək olmusan?
Təkliyi qəbul edib
Vahidlikdə qalmısan?
Bilirəm ki, Yaradan
Həm alimdir, həm qadir.
Allah – mürid, müdrikdir.
Şəriki yoxdur, təkdir.
Sifəti zatındandır
Zatı da mübarəkdir.
Bilirəm uca Tanrı
Çox qədimdir, əzəldir.
Ancaq, ey böyük Allah
Bir özün anlat mənə
İkili yaranışın
Axı nəyi gözəldir?!
09.12.2010
Vahid zaman, vahid məkan
Silərdim lüğətlərdən,
Mənə qalsa, “Mən” sözün.
Dünya təkcə “Mən” deyil.
“Sən” varsan, “O” da vardır.
“Biz”-lər, “Siz”-lər
və “O”-nlar
- Hamısı varlıqlardır.
Dünya təkcə “Mən” deyil,
Ancaq hər kəs özünü
Ayrılıqda “Mən” sayır.
Zamanların fərqində
Məkanlar ayrıcında
Hər bir “Mən” ayrılıqda
Öz ömrünü yaşayır.
Mənə qalsa, dünyada
bir məkan, bir zaman var.
Bir də tamah ucundan
torpağın üzəri də
“Bu da mənimdir” – deyə
Çəpər çəkən adamlar
Vahid olan zamanda
Vahid olan məkanda
Can bir qəlbdə yaşasın
Mənə qalsa, insanlar!
20.02.2011
Müstəqil olduq ki biz...
Müstəqil olduq ki, biz,
Qurtulaq əsarətdən.
Azad olsun adamlar,
Qorxudan, itaətdən.
Müstəqil olduq ki, biz,
Olsun sərbəst yolumuz.
İmzaların içində
Öz imzamız, qolumuz.
Müstəqil olduq ki, biz,
Çıxaq qorxu, təlaşdan
Cəmiyyət xilas olsun
Murtuzovdan, Qaloşdan.
Müstəqil olduq ki, biz,
Azad sözümüz olsun.
Zülmət gecədən çıxaq,
Al gündüzümüz olsun.
Müstəqil olduq ki, biz,
Azad cəmiyyət quraq.
Türk oğlu türklüyümü
Bütün dünyaya yayaq.
Müstəqil olduq ki, biz,
Milli dövlətim olsun.
Baxsın zəfərlərimə
Bütün dünya mat qalsın.
Müstəqil olduq ki, biz,
Güclü ordumuz olsun.
Düşmənlərə göz dağı
Azad yurdumuz olsun.
Müstəqil olduq ki, biz,
Millətim azad olsun.
Bəlkə, Rəsulzadənin
Nakam ruhu şad olsun.
***
Müstəqil olmadıq ki,
Beşi-üçü yağlansın
Torpaq işğala düşsün
Nicat yolu bağlansın
Müstəqil olmadıq ki,
Özgələr tək görünək.
Əcnəbi millətlərin
Arxasınca sürünək.
Müstəqil olmadıq ki,
Kim hara gəldi çapsın.
Zəifin qismətini
Güclü əlindən qapsın.
Eşq sözə sığışmaz
Deyirsən: “Eşqdən yazmırsan niyə?”
O, ruh aləmidir, sözə sığışmaz.
Eşqdən yarandı külli-kainat
Ölçüsüz kainat gözə sığışmaz.
Sən kifir bir adam, mən bir ağ üzəm
Əyriyə də düzəm, düzə də düzəm.
Sən qaranlıq gecə, mənsə gündüzəm
Qara gecə ağ gündüzə sığışmaz.
Fani bir dünyadır gözümdə cahan
Qafillər dörd əllə tutar dünyadan.
Arif adamlarda heç vaxt, heç zaman
İki sifət bircə üzə sığışmaz.
17.01.2011