Ənvərlə Elşənin sevgisi

Ənvərlə Elşənin sevgisi
11 sentyabr 2014
# 12:17

Tut ağacı

Hacı Səfərov

hekayə

Sakit addımlarla dayanacağa doğru irəliləyirdi. Getdiyi yer uzaq olduğundan, avtobusda boş yer tapmağa çalışacaq, xüsusilə də ən arxa oturacaqda özünə yer etmək istəyəcəkdi ki, yolboyu onu yerindən edəcək hər hansı bir təhlükə ilə qarşılaşmasın. Yuxusunu normasından az aldığına görə özünü yuxulu hiss edirdi, bacarsaydı yolda yatmağı da yoxlayacaqdı. Boş yer ümidi ilə yaxınlaşdığı, ilk avtobusdan təəssüf hissi ilə uzaqlaşdı və ikincisini gözlədi. İkincidə özünə yer tapa bildi, bir anlıq xoşbəxtlik hissinə qapılıb rahatlandı. Gözlərini yumdu, çətin yuxuya getdiyindən sanki zamanla mübarizə aparırdı. Ona elə gəlirdi ki, gözlərini açmasa, azacıq yata biləcək. Avtobus tərpənəndən heç beş dəqiqə keçməmiş, əsasən kişilərin oturmağı üçün nəzərdə tutulan beş nəfərlik iri oturacağa gözlənilməz bir qonaq gəldi. Nənəsi ilə evlərinə qayıdan, 5-6 yaşlarında, sarışın, yaşılgöz, sısqa uşaq oturacaqdakı 6-cı kişi oldu. Gənc oğlanla ortayaşlı kişinin arasında oturan uşaq sakit dayanmaq bilmirdi. Ortayaşlı kişi onu danışdırdıqca danışır, həvəslə üyüdüb-tökürdü. Ənvərsə yorğun olduğundan yatmaq istəyirdi, amma balacanın səsindən boğaza yığılmışdı. Balaca dayanmadan danışır, polis olmaq istədiyini deyir və ömür boyu güləcəkmiş kimi gülürdü.

Artıq əsəbiləşməyə başlayırdı, imkan olsaydı uşağı boğub öldürərdi. Amma bunu bacarmazdı, uşaqları sevirdi. Gözucu baxdığı balacada diqqətini çəkən yeganə xüsusiyyət nazik dodaqları və dodaqların arxasında varlığını isbatlamağa çalışan süd dişləri idi. Üst dodağından burnuna qədər olan nazik sərhəddə nə vaxtsa bığları olacaq, bəlkə də nazik dodaqları öz gözəlliyini itirəcəkdi.

Dəqiqələr ona sonsuzluq kimi gəlir, o, saniyələrlə güləşirdi. Evə çatanda bu iztirabın bitdiyindən ötrü avtobusa minəndə olduğu kimi xoşbəxtlik hissinə qapılmışdı. Aclığını məhv etmək, canavar kimi ulayan mədəsinə bir parça çörək vermək və yatmaq üçün bacardığı qədər cəld hərəkət edirdi. Anasının hazırladığı yeməyi cəld mədəsinə ötürüb, otağına yollandı. Yerinə girən kimi yuxuya getmək istədi, ancaq yenə də uğursuz oldu. Yarım saat yerində qurdalanaraq yatmağa çalışdı və sonunda niyyətinə çatdı.

Yuxudan oyananda saat artıq 12-ni göstərirdi və günəş öz istiliyi ilə adamın nəfəsini kəsirdi. Bədəni tərdə qalmışdı, halsız və narahat idi. Paltarlarını geyinib, hamama keçdi. Əlüzyuyanda üzünə su vuraraq özünə gəlməyə çalışdı. Anası yeməyi isitmiş, onun üçün hazır qoymuşdu. Süfrəyə oturan kimi bu sözləri eşitdi:

- Bayaq Ləman zəng eləmişdi, axşam harasa gedəcəkmişsiniz.

- Doğrudan da, unutmuşdum lap. Yadıma salmağı yaxşı oldu.

Nəsə demək istədi, çaydan bir qurtum içib boğazını yaşladı.

- Ayma, çox qəribə yuxu görmüşəm.

- Allah xeyrə calasın, bala. Nə görmüsən elə?

- Bilirsən, elə bil, havasız bir yerdə uçurdum. Ya da havasızlıq idi, mənim qanadlarım yox idi, lakin yerə düşmürdüm. Halbuki digər adamlar uçmağa cəhd edən kimi yerə çırpılırdılar. İnsanlar pəncərələrdən yerə tut kimi tökülürdülər. Yerə düşəndə tut kimi əzilir, yerdə qəribə mozaika yaradırdılar, adam baxdıqca zövq alırdı. Heç bilmirəm bunu necə başa salım. Dünyanın ən gözəl ölüləri həmin mozaikada cəmlənib, bəşəriyyətin ancaq və ancaq bu qədər gözəl ola biləcəyini göstərirdi. Yadındadı, o vaxtı tut ağacını silkələyərdik palazın üstünə, sonra tökülənləri yığıb yeyərdik. Elə vaxt olardı ki, yolda yerə tökülmüş, bəyaz xalça kimi görünən tuta baxıb heyfsilənərdik.

Yuxumda da eyni hissləri yaşadım. Bu gözəllik mənə ləzzət elədi, vaxtında dərə bilmədiyim üçünsə kədərləndim.

- Hə, bala, yaxşı vaxtlar idi. Daha bizim ağac quruyub. O vaxtı siz balaca olanda qarajın üstünə çıxar, tutun dəymişlərindən seçərdiniz özünüz üçün. Sənin bir dostun da vardı, bir yerdə oynayardınız. Sonra köçdülər burdan, adı nə idi onun?

- Adı, ...mmm, Ənvər idi. Hə, Ənvər.

- Ay sağ ol, Ənvər. Çox yaxşı uşaq idi. Tut yığmaq üçün ağacı silkələmək lazım olanda o da səninlə birgə olardı. Görəsən, indi necə olub, neyniyir? Sənin kimi, o da universitetə qəbul ola bilib?

- Bilmirəm, ayma, – Elşənin nəsə bu mövzudan xoşu gəlmədi. Qanı qaraldı, mövzunu dəyişmək üçün soruşdu:

- Ləman nə vaxt gələcəyini demədi?

- Dedi saat dörddə orda olacam. Sənin üçün ad günündə aldığı kostyumu geyinərsən. Baxma, ayıbdı, deyərlər saymır bizi. Bircə Ləmanla toyunuzu görsəydim, başqa dərdim olmazdı.

Elşən divar saatına baxdı: birə on beş dəqiqə qalırdı. Mətbəxdən qonaq otağına keçdi, kresloda oturub yerini rahatladı. Özündən asılı olmayaraq uşaqlıq illərini xatırladı.

İsti yay günlərində, səhər günəş özünü göstərəndən ta batana qədər onunla oynar, qonşunun bağına oğurluğa girər, meyvələri ciblərinə doldurub aradan əkilərdilər. Onları heç vaxt bir-birindən ayrı görmək olmazdı. Futbol oynayanda eyni komandada oynar, dava edəndə bir-birinə kömək edər, sırf uşaq marağı naminə uzaqda olan məhəllələrdə birgə gəzər, özlərindən yeni şeylər kəşf edərdilər. Birinci sinfə eyni vaxtda getmiş, eyni sinifdə, eyni partada oturmuşdular. Dərslərini birgə edər, eyni vaxtda həyətə çıxardılar. Birinci sinfi bitirəndən sonra Ənvərgilin ailəsi köçməli olmuşdular. Evlərini satışa qoyub, alıcı gözləyirdilər. İyulun ortalarından sonra ağ tut yetişmiş, qarajın üstünə çıxmaq zamanı başlamışdı. Həmişə tut yeməyə gedərkən köhnə paltarlarını seçər, hətta çirklənməyin də özünəxas ecazkarlığını yaşayardı. Darvazadan girən kimi sol tərəfdə yerə uzadılan nərdivanı qarajın yanına gətirərdilər.

İkisi qüvvəsini toplayıb onu qarajın damına söykəyər və nərdivanın 13 pilləsini səbirsizliklə qalxardılar. İllərdən qalma qarajın damında zamanla çürüklər əmələ gəlmişdi. Uşaqlar həmişə burda gəzərkən diqqətli addımlamalı, təhlükəli ərazilərdən uzaq durmalı idilər. Heç zaman yerə tökülmüş tutu yeməzdilər. Əllərinin çatdığı qədər yeyər, daha uzaqda olan meyvələrin dadına baxmaq lazım gəldikdə budaqların üstünə çıxardılar. Elşən Ənvərsiz qalacağına görə üzülür, bunun necə baş verəcəyini ağlına sığışdıra bilmirdi. Qarajın üstündə ayaq üstə durub tut yeyəndə Elşən inamsız və küskün səslə Ənvərə demişdi:

- Siz indi gedirsiz?

- Immm, deyəsən...

- Hə, hə, gedirsiz, - Dodaqlarını büzmüş və küskün bir tövr almışdı -, orda özünə yeni dostlar taparsan, oynuyarsan. Məni də unudarsan.

- Unutmaq? Mən səni heç vaxt unutmayacam.

Bu sözlərdən sonra Elşən daha ciddi bir şəkildə dedi:

- Hə, hə, unudacaqsan. Sən hələ, mən burdan getməmiş məni unutmusan. Səni dünən Elnarəylə danışan gördüm. Mən sizi gördüm. Bax, - öz gözlərini göstərərək, - bax, bu gözlərimlə görmüşəm sizi. Sən özünə yeni dostlar tapmağı yaxşı bacarırsan.

Ənvər ona yaxınlaşdı, barmağı ilə tut ağacını göstərib dedi:

- Bu tut ağacı şahidim olsun ki, sən mənim ən yaxşı dostumsan və olacaqsan da. Başqa dostu neynirəm mən? Anama deyəcəm məni sənin yanına gətirsin, yenə oynuyaq, yenə tut yeyək. Lap lazım olsa yalvararam ki, mənə hərdən sizdə qalmağa icazə versin. Elnarə məndən onun balaca itini görüb-görmədiyimi soruşurdu. Mən ona cavab verdim, o da çıxıb getdi. Başqa nə ola bilər ki?

- Yox, sən yalan deyirsən. Gəlməyəcəksən, heç vaxt gəlməyəcəksən. Atam Məmməd əmiynən danışanda eşitmişəm ki, siz uzağa köçürsüz. Hara olduğun bilmirəm, amma uzağa, həm də çox uzağa. Məni unudacaqsan. Elnarədən də bu haqda soruşacam, görüm düz deyirsən, ya yox.

Bu sözlərdən sonra Elşən özünü saxlaya bilmədi, ağlamağa başladı. Uşaqlara xas olan səsli və hıçqırıqlı ağlamaq deyildi bu, göz yaşları səssizcə yanağından dodaqlarına süzülürdü. Ənvər də ona qoşulmuşdu, ağlayırdı, lakin Elşənin ağlamağını istəmirdi. Balaca və koppuş barmaqları ilə Elşənin göz yaşlarını silməyə başladı:

- Yaxşı, daha ağlama, biz uzağa köçmürük. Biz lap yaxında olacağıq. Belə eləmə. Ağlama, Elşən, ağlama. Elə bu dəqiqə Elnarədən soruşmağa gedə bilərik, təki sən ağlama.

- Yox, mən bilirəm. Mən səndən küsmüşəm, sən mənə yalan danışırsan. Elnarənin də başına daş düşsün. Nədi o elə, gombul, həmişə dərsə hazır olan axmaq qız.

- Sən istəyirsənsə, lap Elnarə ölsün. O, axı mənə heç maraqlı deyil. Mənim üçün yeganə dost və vacib insan sənsən. Səndən başqasını neynirəm mən?

- Elə deyirsən? Hmm? Yaxşı, mən sənə inandım, amma bir şərtim var.

Ənvər heyrətdən gözlərini bərəldərək Elşənə baxırdı:

- Nədi o şərt elə?

- Nədi? Məni öp, barışaq.

Elşən sözlərinin qarşılığı olaraq yanağından öpülməyini gözləyirdi. Dodaqlarını onun dodaqlarına yaxınlaşdırıb, alt dodağını üst dodağına toxundurdu. Bunu bir filmdə görmüşdü. Bir neçə saniyə belə dayandılar və sonra ikisi də bərkdən gülməyə başladı. Sanki bir neçə dəqiqə əvvəl ağlayan məsumlar bunlar deyildi. İndi onlar dünyanın ən xoşbəxt iki uşağı idi. Həyatlarının ən xoşbəxt günü idi və bunu bilirdilər. Tut ağacı isə öz əzəməti ilə göylərə uzanmaqda idi. Külək əsdikcə budaqları yavaşca tərpənir, yarpaqları oynayır, tut yeyən uşaqların bir-birinə dediyi “Səni sevirəm” sözləri küləyin səsinə qarışırdı.

Elşən daldığı xəyaldan, xatırladığı keçmişdən indiki zamana və reallığa qayıtdı. Ləmanın gəlməyinə hələ çox var idi. Televizoru açdı. Həmişə səsindən zəhləsi gedən və onun əsəblərinə toxunan aparıcı yenə ciyildəyirdi:

- Salam, hörmətli tamaşaçılar! Bugünkü mövzumuz cinsi azlıqlardır. Çox hörmətli ekspertlərimiz də bu haqda rəy verəcəklər. Məqsədimiz, bir həftə öncə Bakıya oxumağa gələn Ənvər Məmmədovun özünü doqquz mərtəbəli binadan ataraq öldürməsi olub. Valideynlərinə öz cinsi orientasiyasını açıq şəkildə bildirən gənc sərt reaksiya ilə qarşılaşıb və tətil zamanı atası evindən döyülərək qovulub. Şahidlərin dediyinə görə, atası onu övladlıqdan çıxarıb və anası...

Elşənin beynində yaranan tutqunluq, qarışıqlıq, televizorun səsinin heç bir anlam kəsb etməməsi, sözlərin mənasızlaşması və anlaşılmazlığı onu yerinə mıxlamışdı. “Bu necə ola bilər axı? Odur? Yox, ola bilməz!” - deyib tez kompüterini açdı və internetə qoşuldu. Bir həftə öncənin xəbərlərinə baxdı və məlum xəbəri tapdı. Ənvərin şəkilini gördü. “İlahi, necə də dəyişib, təkcə dodaqları dəyişməyib, əvvəlkitək nazik və incədir. Nazik bığları da onun incə dodaqlarının gözəlliyinə xətər yetirməyib” – deyə düşündü.

14 il əvvəl olduğu kimi, yenə də səssizcə ağlayırdı. İllər Elşənin ağlamağını heç dəyişməmişdi. Heç vaxt onu itirib-axtarmamış, onunla ünsiyyət qurmamışdı. “Görəsən, kimə aşiq imiş?”, “Mən yanında olsaydım da intihar edərdimi?” kimi suallar beynini deşirdi. Dəqiqələri, saatları unutmuşdu. Gözü monitorun ekranına sataşanda saatın artıq 15:45 olduğunu gördü və 15 dəqiqə sonra Ləmanın burda olacağını düşündü. Ayağa qalxdı, üzünü yudu. Ləmanı gözləməyə başladı. İnsanın sakitlik istəyəndə saat səslərini dinləməsində olan möhtəşəm gərginlik və sonsuzluq hissi bütün bədənini öz ağuşuna aldı. Gözləyirdi, lakin həyatında heç vaxt bu qədər gərgin halda gözlədiyi yadına düşmürdü.

Bəlkə də, həyat öz qəzəbini onun üzərinə yağdırmağa başlamışdı, kim bilir.

Uzandıqca onu daha da əsəbiləşdirən anlardan sonra Ləman içəri daxil oldu. Məzəmmətlə:

- Sən hələ geyinməmisən? - dedi.

Əgər özünə xəyanət etdiyini düşünməsəydi çoxdan hazır olardı. Hər zaman bu barədə ciddi və məsuliyyətli idi. Hazır olmamağı Ləmanı yüngülvari həyəcanlandırmışdı, amma bunun o qədər də ciddi bir şey olacağını zənn etmirdi. Elşən səsinin tonuna güclə nəzarət edərək :

- Ləman, səninlə ayrılmalıyıq, - söylədi.

Evlənməklərinə cəmi 2 ay qalmış bu nə demək idi? Ləman şok olmuşdu, yer ayağının altından qaçdı. Gülümsəməyə çalışdı. Bu gülümsəmə ilə hər zaman güclü olacağı və Elşən olmasa da həyatının davam edəcəyini bildirmək istəyirdi. Ağlında saniyənin onda biri ərzində keçən bu fikirlərdən sonra, sonuncu və klişeləşmiş suala əl atdı.

- Necə? Zarafat edirsən? Heç belə zarafat olar?

- Yox, zarafat etmirəm. Ayrılmalıyıq.

- Niyə axı, niyə?

Özündən asılı olmadan ağlamağa başladı, göz yaşları dayanmaq bilmirdi. Bunu heç vaxt Elşənə bağışlamayacaqdı. Ağlından min fikir keçirdi, amma səbəbi anlaya bilmirdi. Lənətə gəlmiş hansısa qızlamı aldadırdı onu? Yoxsa başına hava gəlmişdi? Necə olardı axı? Tanış olduqları üç il müddətində münasibətlərində yüngül problemlər, küskünlüklər və yenidən barışmalar olmuşdu. Axı hansı münasibətdə olmur ki?

- Bilirsən, ... Ləman, sənin dodaqların xoşuma gəlmir. Sənin dodaqların nazik deyil.

# 2345 dəfə oxunub

Müəllifin son yazıları

# # #