Halallığın iki məqamı

Halallığın iki məqamı
9 yanvar 2014
# 15:56

Çingiz Özgür

Qonşumuz Sədaqət xala həftənin 5-ci günü axşam saatlarında “tamam oldu”. Hə, belə ölümlərə adətən bizim tərəflərdə ölmək yox, tamam olmaq deyirlər. Yazıq arvad neçə gün idi ki, can üstəydi. Bundan əvvəl də, neçə ayların xəstəliyini çəkmişdi deyə, övladları daxil olmaqla, hamı onun ölümünü çoxdan qəbul eləmişdi. Qalırdı bu hadisənin rəsmi sürətdə baş verməsi ki, bu da dediyim kimi, axşam yeməyindən sonra oldu. Mən bunu aramızda olan divarın o tərəfindəki həyətə tərəf boylananda, evdəki hərəkətlilikdən hiss elədim. Tez də, divarın azca sökülmüş yerindən keçib, onlara tərəf getdim.

Balkonda məni Sədaqət xalanın (artıq rəhmətlik) böyük oğlu Niyaz qarşıladı, bir küncə çəkilib doluğsunmuşdu, mənim gəldiyimi görəndə qabağıma gəldi, çiyinlərimi qucaqlıyıb “- Getdi qonşu, anam getdi... Ta yoxdu, həmişəlik getdi”, - dedi.


Nə qədər gözlənilən olsa da, baş vermiş hadisənin ağırlığı , valideyn itkisi Niyaza əməllicə təsir eləmişdi. Amma bu cəmi 5 dəqiqə çəkdi, çünki kədərlənmək vaxtı deyildi. Səhər tezdən dəfn, sonra isə ehsanat işləri vardı. Kəndin yazılmamış və gündən-günə də ağırlaşan qayda-qanununa tam riayət eləmək, elə də asan iş deyildi.

İçəri keçdik, bir otaqda qızları, gəlinləri və qonşular ölünü ortaya qoyub “anam vay”la ağlaşırdılar. Bu ağlaşma səslərinin müşayiəti altında, biz digər otaqda oturub səhərki işlərin müzakirəsinə başladıq.

Hələ çox adam xəbər tutmadığından cəmi 6 nəfər idik. Başdan Niyazın uzaq əmiuşaqları oturmuşdu, onlardan sağda belə işlərdə xüsusi ağsaqqalıq qabiliyyəti ilə tanınan qonşumuz Bayram kişiydi, onunla da üzbəüzdə rəhmətliyin bacısı oğlu Fuad əyləşmişdi. Niyazla mən aşağı tərəfdən yan-yana oturmuşduq. Niyaz əyilib qulağıma “ Məllim, qadan alım, əsas işlərə özün bax, ta sabah, birisi gün məktəb də yoxdu, qaldı bir üçü, onu da birtəhər eləyib yola verərsən”-dedi.

Mən indiyə kimi yaslarda heç vaxt bu qədər yaxından iştirak etməsəm də yaxşı bilirdim ki, “əsas işlər” deyəndə, qonşum “pul işlərini”, siyahıyla yasa yazılacaq pulların hesabını və alınan ərzaqların pulunun ödənməsini nəzərdə tutur. Çarəsizcə təsdiq mənasında başımı tərpətdim. Rəhmətlik arvadın üstümdə xeyli haqqı-sayı vardı, o da bir tərəfə, biz bütün yaxın qonşular kimi, qohumdan da irəli, bir evli idik. Niyaz demişkən, yasın əsas hissəsinin altı bazara düşməsi , mənim “ məktəbdə olmalıyam, dərsim var” bəhanəmə də birdəfəlik “veto” qoyurdu.

- Əsas məsələ dana məsələsidi, ya da ət. Nətəri desəz, elə də eliyək, - Bayram kişi artıq söhbəti ələ almışdı, - Ən çətini budu. İndi onsuz da, diri heyvan tapmaq çox çətindi, əti olan heyvanların hamısı yuxarıda dağda, “subay naxır”dadı, o da ki, heyvanın ət yığan vaxtıdı deyə, heç kim indi gətirib danasını kəsməz. Qalanı asandı, sabah üçün nə lazımdı məndə evdə hazır siyahı var, uşağı göndərrəm gətirər. Tezdən bir maşın göndərərik, biz dəfndən gələnə kimi, rayondan nə lazımdı alıb gətirər. Görək heyvan tapa bilmiriksə, elə əti də rayondan aldıraq. Sabaha 50 kilo ət olsa, artıqlamasıyla bəsdir.

Əmiuşağı Səttar söhbətə acıqla müdaxilə elədi. O da, belə işlərdə saç ağartmış adamdı. Mən belə olacağını əzbər bilirdim, “iki qoçun başı bir qazanda qaynamaz” məntiqi burda da mübahisə edəcəklərinin sübutu idi.

- Səhərə azı 100 nəfər çağırmalıyıq. Məndə siyahı hazırdı, 100 adam üçün nələr lazımdı, bir də ki, gün ərzində çay ehsanına nə gedəcəksə, onlar da bəllidi. Amma, əti rayondan almaq olmaz. Nə biləsən , nə ətidi. Mən indi qəssab Qulama zəng edib dəqiqləşdirərəm.

Başlanmışdı... Hər yasda rast gəldiyimiz “ehsan çəkişmələri”nə, Məşədi İbad demiş, bir növü adətkərdə olmuşduq, bilirdik ki, bunlar qaçılmazdır.

Eşidənlər bir – bir gəlməkdəydi. Yan otaqdakı ağlaşma məclisi get-gedə qızışırdı. “Anam vay”- “xalam lay-laya” qarışmışdı, arvadın qızı xüsusi hay-küylə və ağılarla ağlayırdı. Bir ara onun “ay mənim gözəl anam” naləsinə, baməzə hazırcavablığı ilə ad çıxarmış Sitarə arvadın “Gözəlliyi yox idi, amma ağla, ürəyini boşalt” deməyini qulağım çaldı, gülməkdən özümü saxlamaq üçün əlimi ağzıma tutub, başımı aşağı saldım. Otaqda söhbət etməyin mümkünsüzlüyünü görüb, çölə çıxdıq. Payızın ilk günlərinin ilıq havası adamın üzünə vururdu.

- Qəssab Qulam deyir ki, bu gün dağda Müzünün danası yıxılıbmış, Müzəffərin. Çoban Səfərə zəng vurdum, zəng çatmadı. O bilər, dana necə danadı. Bizə yarıyar, ya yox.- Səttar qalib əhval - ruhiyyəylə elan elədi.

- Ağlınızı başınıza yığın, əməlli ət tapmaq lazımdı. Odey, rayonda necə istəsən ət var. Dağda, bu payızın ot quruyan vaxtı yıxılan inək, azı 50 metr sürüşüb gəlir aşağıya. Çoban çatınca canı da çıxır, cəsədi də soyuyur. Mundar olmuş inəyin haram ətini camaata verib, günah qazanası halımız yoxdu - Bayram kişi idi, münasib imkan tapan kimi “əks hücuma” keçmişdi...

Bu mübahisələrin get –gedə qızışdığı vaxtda, birdən yada düşdü ki, mollaya xəbər verilməyib. Molla Mirzə nəinki bu çay üzrə olan 3-4 kəndin, hətta rayonun başqa da bir çox kəndlərinin yaslarını yola verdiyindən, belə işlərdə gərək ona mümkün qədər tez xəbər verəydin. Hətta can çəkişən adam, hələ rəhmətə getməmişdən də xəbər edənlər olurdu ki, gəlsin başının üstə dua oxusun. Molla da öz işini bilən adam idi, kimin “namizəd” olduğunu, kimin az , kiminsə çox “çəkəcəyini”, nə vaxt can tapşıracağını həkimlərdən də yaxşı bilirdi.

Bunları fikirləşəndə 3 gün öncə qonşu kənddəki yasda , onu yaxın günlərdə atasının ilində verəcəyi ehsana dəvət edən bir nəfərə mollanın verdiyi “- İnşallah bala, bir ağır xəstəmiz var, ona bir şey olmasa, gələcəm. Təvəkkül Allaha” cavabı yadıma düşdü. Onda da bilmişdim ki, Sədaqət arvadı nəzərdə tutur.

Düz 10 dəqiqə sora Bayram kişi, öz kanalları ilə xəbər tutmuşdu ki, dağda yıxılan heyvana diriykən çatıb başını kəsmək mümkün olmayıb. Amma o biri tərəfdən də, Müzəffərin hələ indiyəcən toyuğundan keçdiyini görən olmamışdı. İndi yəqin ki, maşın götürüb dananı gətirməyə getmişdi. Heyvanı elə qoymazdı, nəsə bir yanlıq edəcəkdi. Əgər kəndə səs yayıldısa ki, heyvan murdar olub, ta onu kənddə sata bilməzdi.

Axır ki, Səttarla Bayram kişi “konsensus əldə etdi”. Sabahlıq əti Bayram kişinin dediyi kimi, rayondan almaq, qalan alınacaqları isə, Səttarın cibindəki siyahılarla həll etmək qərara alındı. Alınacaqların siyahısını tutub kəndçimiz “xalturşik” Yaquba verməyə getdim. Maşını ilə hər gün rayon mərkəzinə camaatçün alış-verişə gedib gəldiyindən, ondan yaxşı bilən olmazdı bu işləri. Mən həyətdən çıxıb , Yaqubgilə tərəf gedəndə yuxarıdan, dağların arasından çox zəif hiss olunan maşın işıqları sezilirdi. “Müzəffər, danasını gətirir. Buna da Müzü deyərlər e, harda olsa bu gecə o dananı bir yanlıq edəcək, dünyanın bicidi” – maşının işıqlarını gördükdə mənim ağlımdan keçən bunlar oldu.

Sübh tezdən Molla Mirzə həyətdə hazır idi. Bütün kənd yığışmışdı, hər dəfndə olduğu kimi. Biz mərhuməni dəfn edib qayıdana kimi Yaqub bütün yazdıqlarımı alıb gətirmişdi. Siyahıyla yazılanları təhvil alıb, borcu hesabladım.

- Əti hardan aldın?

- Rayon bazarından. Cəmi bir yerdə dana əti vardı. Çatmasam qalmayacaqdı.

- Neçə kilo götürdün?

- Siz 60 yazmışdız, ama mən hər ehtimala 80 kilo götürdüm. Sabaha ya ola , ya olmaya, nə biləsən.

Belə görünürdü ki, hər şey qaydasındadı. Otağa keçdim, molla başda yanına yastıq qoyub əyləşmişdi. Keçib böyründə oturdum. Üç gün sərasər burda olacaqdıq ikimiz də, dedim qoy indidən isinişək. Topa-topa adamlar məclisə girir, fatihəsini oxuyub- “Allah rəhmət eləsin”ini, çayını içib “Allah qəbul eləsin”ini deyib gedirdi. Arada sakitlik olduqca, kimsə gəlib mollanın qulağına nəsə pıçıldayırdı. Deyiləni dinləyəndən sonra, molla ya boğçasını açıb bir topa duanın içindən adları oxuya –oxuya bir dua çıxarıb verirdi, ya da, qələmini çıxarıb yeni duanın sifarişini qeyd edirdi. Hərdən sual verənlər də vardı. Sualların çoxu da çoxbilmişlikdən, nəyisə sübut etməkçün verilən suallardı. Günün əsas mövzusu Müzünün danasının mundar olub –olmaması olduğundan, ən çox sual halal-haram üzərinə verilirdi. Molla Mirzə də adəti üzrə təsbeh olan əlini irəli uzadıb, gözlərini qıyırdı, o biri əliylə də, papağını düzəldib cavab verməyə başlayırdı. Bu cavablar sonu çox uzun-uzadı olurdu, konkretlik filan da yox idi, amma əvvəli adətən belə başlıyırdı:

- Bilirsən nətəridi, a bala? Burda iki məqam var...

Məqamlarsa nəinki ikini, iyirmini keçirdi: qanı çıxıb ya yox, üzü qibləyə olub- olmuyub, kəsən adam bıçağı heyvanın boğazına çəkməmiş lazımi duanı oxuyub, ya yox...Bəzən molla verilən suala elə uzun cavab verirdi ki, sual verən adam da, otaqdakılar da çıxıb getmiş olurdu, molla son dinləyicisi kimi üzünü mənə tutub davam edirdi. Bu anlarda qapıdan baxıb, əli ilə məni çağıracaq adam arzulayırdım. Arzum yerinə yetəndə, tez yerimdən qalxır, əlimlə qapıya işarə edib, günahın məndə olmadığını mollaya göstərməyə çalışırdım. Qayıdıb gələndə, mövzu çoxdan dəyişmiş olurdu

Bayram kişi bir tərəfdə, Səttarsa bir tərəfdə, öz “sərxeyir”liyini eləyib günorta yeməyini yola verdilər. Axşama kimi yas dualar, fatihələr, suallar və ən çox da halal-haram mövzusunda, hansısa bir formada verilmiş suala, “iki məqamlı “ cavablarla davam etdi. Axşam yeməyi təzəcə verilmişdi ki, məhəllənin çoxbilmişi olan, Niyazın xalası oğlu Fuad gəlib yanımda oturdu, qulağıma “Yeznə Həsən küsüb getdi” dedi. Ahaa...

Yeznə Həsən Sədaqət arvadın kürəkəni idi. Çox maraqlı və qeyri-adi insan idi. Qohum olduqları gündən yola getmirdilər. Zalım oğlu, arvadına min bir zülm verirdi, o da bəs eləmirdi, hər toyda, xeyir işdə küsürdü. Həmişə də nəsə maraqlı bir bəhanə tapırdı küsməyə. Niyazın böyük oğlunun toyunda dəvətnamə yazmamışdılar, onu bəhanə elədi-“Mən kimdən əskiyəm ki, hamıya dəvət göndəribsiz, mənə yox”. Heç kəs izah eləyə bilmədi ki, kənd yerində əslində heç dəvətnaməyə ehtiyac da yoxdu, bu da təzə dəbdi, kimsə bir dəfə eləyibdi deyə, indi hamı dəbə uyur, amma yenə də, yaxın qohumlara dəvətnamə yazılmır. Keçən il qızının toyunda, Niyaz dəvətnaməyə yazdı, göndərdi qapısına. Onda da küsdü ki, məni uzaq adam sayırsız, dəvətnaməylə çağırırsız- dedi, toya gəlmədi. Yazıq arvadı da qaldı, toy eviylə öz evinin arasında, getdi evdə ağladı, yalvardı, gəldi toyda oynadı, güldü. Di gəl, xeyri olmadı, yeznə toya gəlmədi. Ama bunlar hamısı bir yana, kimsə onun yasda da, nəsə bahənə edib inciyəcəyinə - küsəcəyinə ehtimal verməzdi.
- Nolub axı, nə məsələdi, nə bahənə elədi ?- soruşdum Fuaddan. Bilirdim ki, Yeznə Həsən ən “ekstremal şəraitdə” belə küsməyə bəhanə tapacaq adamdı, amma burda nə bəhanə etdiyini ağlıma gətirə bilmirdim.

- Tövləyə baxmağa gedib yubanmışdı. Gəldi oturdu, tez gedib yemək gətirib qoydum qabağına. Qaşığın ucunda ağzına yaxınlaşdırdı, heç ağzına dəyməmiş “ bu nə yeməkdi, köpəyuşağı bilib ki, mənə gətirirsən, soyuq yemək veriblər” dedi, durdu, çıxdı getdi.

Yox, bu Yeznə Həsənə yaraşan bəhanə deyildi. Burda nəsə bir iş, bir sirr vardı. Ağlıma heç nə gəlmirdi. Niyəsini özüm də bilmədən soruşdum:

- Söyüş zad da eləyirdi?

- Nə bilim, müəllim. Dodağı altda nəsə mızıldanırdı. Ta bilmədim, söyür ya nəsə başqa şey deyir. Eləcə, bir iki söz eşitdim.

Bu heyində kimsə məni yasa pul yazdırmaqçün çağırdı, durub çölə çıxdım. Qayıdandasa Fuad yox idi. Fikirləşdim ki, onsuz da belə qalmaz, yeznənin əsil küsmə səbəbini gec-tez biləcəyəm. Odur ki, dərininə getmədim.

Həsən kişi həm də Müzünün xalası oğluydu. Ama hamı kimi, Müzəffərlə də yola getmirdi, küsüb barışırdılar. Heç bilmirəm, indi küsülüydülər, yoxsa barışıq. Amma bir dəfə, lap bərk dalaşmışdılar. Onda idi ki, Həsən öz xalasının ərindən, Müzünün atasından polisə şikayət eləmişdi. Həsənin də yazdığı “daşdan keçirdi”, köhnə kommunistlərdən idi. Qələmi götürdümü, kiminsə ya qanı getməliydi , ya da pulu. Müzü gilin də, qanları qədər pulları getmişdi o işdə. Neçə il küsülü qalmışdılar. Amma son vaxtlar Yeznə Həsən ta məktub - şikayət yazmağa, qələm işlətməyə ehtiyac görmürdü. Rayonun prokuroruyla quda olmuşdu, sözü olan kimi birbaşa ona çatdırırdı.

Prokurorun oğlu Bakıda yaşayırdı, babat da yerdə işləyirdi deyə, çətin ki, işini atıb yasa gələydi, amma atası bu gün gəlmədisə, sabah mütləq gələcəydi. Həm də, bazar günüydü axı, sabah. Gəlib yasa dəyərdi ki, ta iş günü bir də işdən qalmalı olmasın.

Birdən yadıma düşdü ki, Müzü də heç yasda görünmədi bu gün. Bəlkə də gəlib, mən görməmişəm. Amma necə olsa gəlsəydi, bilinərdi. “Bunnan görünməyən iş, mümkün deyil ki, heyvanı həll etməmiş olsun. Bəs niyə görsənmədi ?” - fikirləşə- fikirləşə pul dəftərinə göz gəzdirdim. Yox, yox idi, pul da yazdırmamışdı.

Axşamın haqq-hesabını elədim, yasa yığılan pullardan Yaqubun bugünkü aldıqlarının pulunu verdim, sabah üçün də lazım olanı sifariş elədik. Ət məsələsini Qəssab Qulam birdəfəlik həll eləmişdi. Qonşu kənddən xahiş minnətlə bir dana tapıb gətirmişdi, 160 kilo əti gəlmişdi ki, bunun da yasa tam olaraq bəs edəcəyini deyirdilər. Bu problem həll olunandan sonra, Bayram kişiylə Səttar da, Qəssab Qulamın rəhbərliyi altında “həmsədrlik institutu” yaratmışdılar, sakit və mehribancasına idarə edirdilər yası. Qəssab Qulam həm də yasın yeməyini bişirirdi deyə, artıq əsas söz sahibi o idi. “Sabah da ağır gün olacaq, əsas ehsan günümüz sabahdı, gedin yatın, dincəlin” - Bayram kişi “yatağa” komandasını bu sözlərlə verdi.

Səhər tezdən, yenə dünənki axarı ilə davam edirdi yas. Bir ara kimsə mollaya üzün tutub: “- Əgər yediyin haram olsa da, haram olduğunu bilmirsənsə, günaha batırsan, ya yox?” sualını verdi. Molla Mirzə əlindəki stəkandan son qurtumunu alıb, əliylə papağını arxaya elədi.

- Bilirsən qardaş, burda iki məqam var. Kitabda da göstərir ki, bu əgər sənin hər gün yediyin yeməklərdən biridirsə, bunun içinə haram qatılıbsa...

Təqribən 40 dəqiqəlik nitqdən sonra aydın oldu ki, çörəyə kimsə haram qatıbsa, sən bilmirsənsə, günahın yoxdu, amma kolbasaya qatıblarsa, səndə də günah var, çünki sən gündə kolbasa yemirsən ki, hər ehtimala şübhələndinsə yeməməlisən. Amma burda da, molla, şəhər yerində hər gün kolbasa yeyən adamlar olduğunu nəzərə almırdı deyə, nəsə cavab tam olmadı. Mollanın sözünə ara verdiyinə görə, mən söhbətin bitdiyini fikirləşirdim ki, Mirzə əlindəki xurmanı ağzına qoyub, “...bu bir tərəfi, ikinci tərəfdən...” deməklə hələ bir yarım saat da danışacağının anonsunu verdi. Fuad qapıda görünəndə, məni çağıracağını düşünüb sevindim, amma tərslikdən çağırmadı. Gəlib yanımda oturdu. Nəsə söz deyəcəyi bəlliydi.

- Müzü gəldi, o biri otaqda oturub.

- Kefi nətəridi?
- Yaxşıdı , elə oturub ki, elə bil mundar olmuş heyvanı satan bu deyil.

- Nə bilirsən satıb? Bəlkə heç satmayıb, dünən də yox idi.

- Yox, srağagün gecəynən həll eliyib. Məmmədin UAZ-ıynan getmişdi axı dağa, elə onnan da harasa aparıb. Dünən tezdən maşın Məmmədin qapısındaydı, Məmməd özü də odey, dünənnən neçə dəfə yasa gəlib –gedib. Bunun nəsə başqa işi –fırıldağı varmış, ona görə dünən yasa gəlməyib.

Qapının arasından Fuad işarə edən tərəfə boylandım, Müzü sakitcənə oturmuşdu, çayını içirdi. Halallıq söhbəti eləyən də yox idi, nə camaatdan sual verən vardı, nə də molladan bir səs çıxırdı. Bir ara ağsaqqallardan heç kəsin otaqda olmadığını fürsət bilən cavanlardan kimsə, yeniyetmələrin sevimli mövzusu olan, “hansı halda cənabət qüslü vermək lazım olduğu”nu soruşmuşdu molladan. Molla Mirzə də, üzündə qəribə bir ifadə ilə nəsə izah edirdi. Yenə də iki məqam vardı...

Axşam Niyazla hesab –kitab eləyəndə, nəsə deyəcəyimi hiss edib , məni qabaqladı.

- Bilirəm, məllim, bilirəm. Dərsdən qalan deyilsən. Sabaha elə bir ağır işimiz də qalmıyıb. Dərsini de, gələrsən. Rəhmət sənin də ölənlərinə, yaxşı kömək elədin.

Səhəri məktəbdə rayondan iclasdan qayıdan direktor xəbər verdi ki, internatın direktorunu atıblar çölə. Özü də əməllicə səs-küylə. “Prokuror da başda oturmuşdu iclasda. Bir ara çıxış edəndə, kimisə nəzərdə tutub, “hər şeyi bilirik” deyib barmaq da silkələdi. Direktor hələ də iclasdaymış kimi, qorxa –qorxa danışırdı: “- Şagirdlərin yeməklərini satdırırmış bazarda. İnternatın ətinin-südünün hamısı bazardaymış.” Direktor elə deyirdi ki, guya bunları internat məktəbin direktoru özbaşına edib. Guya onu işdən çıxaranlar, ondan təmiz imişlər. Guya bunun özü orda direktor olsa, elə şeylər etməzmiş.

Ama məsələ nədən qaynaqlansa da, rayon səviyyəsində hay-küyə səbəb olacaq qədər böyük hadisəydi. Görünür hardasa, kiminsə payı çatmamışdı, ya da kiminsə quyruğu çox pis ayaqlanmışdı ki, internatda olan bütün əyər - əksiklər açılıb ortaya qoyulmuş, hamısı da direktorun boynuna yüklənmişdi. Əlqərəz...

Dərsdən çıxıb birbaşa yasa getdim. Mən qapıdan girəndə molla Mirzə də o tərəfdən göründü.

- Məllim, bu gün ikimiz də yubanmışıq. Mən də rayona getmişdim, pensiyama görə, zülümnən ki, indi həll elədim qutardım. Həkimi “gördüm” dedim, sən həll edərsən, mən ta gedim, yasda olmalıyam.

Danışa –danışa yerinə keçib, yastığını düzəltdi, fatihəsini verdi. Qurtaran kimi də, nəsə deməsinə imkan vermədən sualımı verdim:

- Molla əmi, sən də rüşvət verdin?

- İndi, rüşvət deyəndə ki, ildə bir dəfə gedirik də. Haqqı var, verməyəndə də olmur, - cənabətdən danışanda üzündə olan ifadə yenə də yerini tutmuşdu. Mən əl çəkmədim:

- Molla, bəs din, kitab nə deyir bu barədə? Günah deyil?

- Bilirsən məllim, burda....

- Bilirəm, Mirzə kişi, bilirəm. Burda iki məqam var. Ama sən mənə əsas məqamı de , rüşvət vermək dində günahdı, ya yox?

- Belə günahdı ki, burda da iki məqam var...

Fuad qapıdan görünüb məni çağırdı. Bu dəfə molla da sevindi. Elə mən də sevindim, bir şey çıxmayacağını hiss etdiyimə görə, söhbətin bitməsini istəyirdim.

Axşamçağı, adamın lap az vaxtında Müzü gəldi. Əvvəlcə o biri otaqda oturub bir çay içdi, sonra yavaş-yavaş bu tərəfə keçdi. Tam otağın boşalmasını gözlədi, molla Mirzəyə yaxınlaşdı. Mənim çölə çıxmayacağımı bildiyindən, məcbur qalıb söhbətə başladı:

- Molla əmi, bir sualım var, amma aramızda qalsın. Ta bir şey ki, bilirsiz...

- Əşşi sözünü de, hıqqanma- Molla Mirzə, Müzəffərə ürək-dirək verdi. Mən qabağımdakı çayı götürüb içə-içə özümü maraqsız kimi göstərmək istədim, amma əslinə qalsa Müzünün sualının nə olacağına marağım çox idi.

- İndi, o günkü ki, o heyvan mundar olmuşdu dağda, mən onu satmağa aparanda altına evdən bir palaz götürüb açmışdım. O palaza da onun qanı zadı dəyib. İndi evdəkilər də gic eliyib məni, deyirlər molladan soruş görək, o palaza “salavat” verib, suya çəksək, onu təzədən ev-eşikdə işlətmək olar , ya yox ?

Qənd boğazıma ilişdi. Əlimdəki çayı axıracan içsəm də, keçmədi. Durub tələsik eşiyə qaçanda, arxadan molla Mirzənin cavabını eşitdim:

- Əslində, burda iki məqam var...

Balkonun o başında öskürüb boğazımdakı qəndi bir təhər çıxardım. Dərindən nəfəs alıb özümü gəlmişdim ki, arxamdan Fuadın səsi gəldi

- Məllim, bu kopayoğlu, heyvanı aparıb İnternata veribmiş. Alçax!!!

Bu dəfə də gözlərim bərəldi, Fuada tərəf döndüm.

- Kim deyir?

- Odey, UAZ Mamed. Demişdim axı öyrənəcəm bu işi. İki gündü sıxışdırıram. Axırı, əsgərdə ölən qardaşının qəbrinə and verdim, dedi.

İldırım sürəti ilə, son 3 gün ardıcıllıqla gözüm önündən keçdi. Beynimdə ilişən epizod- sual olub, dodaqlarımdan Fuadın üstünə axdı:

-Fuad, Yeznə Həsən o gün küsüb gedəndə, nə deyirdi öz- özünə?

- Nə bilim ay məllim, danışırdı da. Deyirdi: “- xaloğlum qurumsağa da göstərəcəm, o rayondakı yetim payı yeyən qurumsağa da. Qoy sabah qudam gəlsin, ikicə kəlmə deyim ona, onda görəcəklər.”

Qeyri-ixtiyari balkonun o başına gedib məhəccərdən aşağıya tüpürəndə, “xalturşik” Yaqubun, yasın birinci günü əti hardan aldığı barədə verdiyim suala “ - Rayon bazarından. Cəmi bir yerdə dana əti vardı”- cavabı, yaddaşımdan süzülüb gələrək beynimi əsir götürmüşdü. Başqa heç nə düşünə bilmirdim...

# 4751 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #