Gözlərim qəlbimin danışan dili…
Gözlərim qəlbimin danışan dili,
Qəlbimsə Tanrının söz qəfəsidi.
Əsiri olduğum bəzəkli dünya,
Məni yaradanın öz qəfəsidi.
Gəlişi, gedişi sirr gizli ruhun,
Ölüm payı varmış hər gizli ruhun.
Dərgah hər bədəndə bir gizli ruhun,
Məzarsa bədənin “buz qəfəsi”di.
Ölümə əlac yox, dərdəsə ancaq,
Tapılsa tapılar “Bir”dəsə ancaq.
Göydə buludlarda, yerdəsə ancaq,
Kədərin yuvası “göz qəfəsi”di.
Bu həyat savaş olub...
Qanad yox, yerdən qopub,
Uçam Tanrıya sarı.
Əlac qaldı əlimi,
açam Tanrıya sarı.
Bu həyat savaş olub,
Dərdi başa “daş” olub.
Ölüm gələ qoşulub,
qaçam Tanrıya sarı.
Neynəm, vaxt ötkəm gedir,
Nə ruh, nə də, qəm gedir.
Yatmaram bilsəm gedir,
Gecəm Tanrıya sarı.
Əllərim göylərə dayaq olubdu...
Tanrı geyindirib bəxti ömrümə,
Günümdən qaçıram günümə sarı.
Əllərim göylərə dayaq olubdu,
Dizimlə gedirəm “Din”imə sarı.
Alışmır eşqimin közü də, kordu,
Əriyə sinəmin buzu da, kordu!
Mən tapa bilmirəm, özü də, kordu,
Xoşbəxtlik yol tapmır önümə sarı.
Ürək gəzdirirəm tən buludlara,
Yüksələn ahımdı-çən buludlara.
Yerdən boylanıram mən buludlara,
Buludlar ağlayır ünümə sarı.
Çıx get ruhum...
Torpaqdan bir-bir yoğrulur,
Kündə buluddan aşağı.
Neçə kündə ruhla bişir,
Gündə buluddan aşağı.
Didərginəm, qovulmuşam,
Gəlib dərdə yol olmuşam.
Mələk idim, qul olmuşam,
Mən də, buluddan aşağı.
Milyon ildi söküb-tikib.
Hərə sonda bir “daş əkib”.
Haqdan “Tanrı yolu”çəkib,
Din də, buluddan aşağı.
Dartınır insan yuxarı,
Çün çəkinir can yuxarı.
Allah buluddan yuxarı,
Bəndə buluddan aşağı.
Nalə, fəryad, ölüm, qarğış,
Xeyrə doğru şərlə çarpış.
Yer neyləsin tufan, yağış,
Çən də, buluddan aşağı.
Çıx get ruhum “qənim” kimi,
Əzabdasan tənim kimi.
Nə durmusan mənim kimi?!
Sən də, buluddan aşağı.
Atıb bəndəliyin daşını bir gün...
Atıb bəndəliyin daşını bir gün,
Alçala-alçala gedəm Tanrıya.
Sərhədsiz göylərin sığınacağında,
Yerlərdən şikayət edəm Tanrıya.
Qənim kəsilibdi yerə şər axı,
Dözürəm, bəlkə son yetişər axır.
“Üzüm də gəlməyir” nə qədər axı,
Gündə gileylənər adam Tanrıya.
Əllərim dizimdə, dizim yolunda,
Tapdım ürəyimə dözüm yolunda.
Eşqi sinəmdədi izim yolunda,
Demirəm özgəyəm, yadam Tanrıya.
Dünən dünyaya gələn...
Dünən dünyaya gələn,
Bayaq bezib dünyadan.
Yatır fikri dağılsın,
Oyaq bezib dünyadan.
Alnım bitib dizimdə,
Gözüm yatım dizimdə.
Dözüm itib dizimdə,
Ayaq bezib dünyadan.
Ürək odda, təşnədə,
Fikir dağnıq, qəlb zədə.
Nəinki biz, bəlkə də,
“Dayaq” bezib dünyadan.