HƏYAT
Astaca,
ahəstəcə
an içində keçir ömür.
Dəqiqələr, saniyələr geri dönmür.
Şam tək əriyir həyat
Allahın stolunda...
Kefli adamlar kimi
səndələyə-səndələyə,
əlimdən gələni
tapdalaya-tapdalaya,
bacara bilməyəcəyimə doğru
üz tutdum.
Heçnəsiz gedirəm,
elə heçnəsiz də qalaram
belə gedişlə...
DƏRD
Gün boyu günəşin şəfəqlərindən
tapdalanan yerdə bir budaq əkmişəm.
Elə yerdə əkmişəm ki, kölgəli olmasın.
Suvaracağam, susamasın,
bəsləyərəm onu.
Yarpaq açıb pöhrə verər,
uca bir ağaca çevrilər.
Sonra isə...
Soyuq bir qış günündə həmən acağın dibindən kəsib doğrayaram,
özümü isitmək üçün ocağa ata-ata
bu dünyanı lənətləyərəm.
Lənət sənə dünya,
lənət sənə dünya!
BALIQÇI OLMAQ İSTƏRDİM...
Kaş balıqçı olaydım...
Mavi dənizin sahillərində əlimdə tilov
bütün günü quruyaydım, qalaydım.
Gərək balıqçı olaydım.
Bəlkə də nağıllardakı kimi bir hadisə
baş verəydi,
qızıl balıq tilovuma gələydi.
Onu sudan çıxaranda:
“-Nə istəsən edərəm, təki sən məni
burax”-deyəydi.
Qızıl balığı suya buraxıb bir
anlıq fikrimdən var dövlət,
ləl cavahirat keçəydi.
Qəfil dənizin sərin mehi məni
fikir dünyasından oyadaydı.
Yazıq-yazıq qızıl balığa tərəf çevrilib
titrək səsimlə ilk məhəbbətin qaytarmasını
dilərdim.
O isə ya “darıxma düzələr” deyər,
ya da öz gücsüzlüyünü duyub
fırtınalı dənizdə itib-batardı...
Balıqçı olmaq istərdim.
Bəlkə nəsə dəyişə,
dəryadakı arzular
tilovuma ilişə...
BACARMIRAM
Gücüm çatmır,
Bacarmıram...
Çünki sehrbaz bənna deyiləm
ölümlə həyat arasında iri daşlardan
keçilməz bir sədd hörəm.
Gücüm çatmır,
Əzrayıl əllərinə qandal,
Ayaqlarına buxov vurmağa...
Bacarmıram,
bir istedadlı rəssam da deyiləm
sabah tablosundan kədəri silib,
yerində fırçamla qəhqəhə çəkim!
Bacarmıram,
bacarmıram,
bacarmıram.
Əlimdən gələsi bir iş varsa
o da Allahın əmri ilə yer üzündə göçən
kimsəni yaddaşıma yazmaqdır.
Odur ki,
nahaq boylanmayın belə mənə tərəf,
a başdaşılarındakı şəkillər!..
SKRİPKA SƏSİ
Həzin-həzin bir musiqi əzir məni...
Ülvilikdən xəbər yetirən
incə notlar fəvvarə vurur.
Yatmış hisslərim tüğyan edir!
Musiqinin dəmirdən qopardığı
incə düşüncələr
bütün varlığımı coşdurur.
Dəmir simlərdən mülayimlik,
həlimlik qopur...
Səslən ey gözlərimdən uzaq
gözəllik səslən!
Sinəndən ayrılan nidalarla
yar mənim sinəmi
Ürəyimə yetişib
sakitliyinə xəncər çək!
Sonra isə simlərindən qopan
Sehrli notları bələdçim edib
apar məni, apar bu dərd-sər dünyasından!