Üzümə yazılmış kitab

Üzümə yazılmış kitab
4 fevral 2013
# 17:19

Şamxal Həsənov

Üzlərimiz

“Mənim yazı üslubum, məni kim dinləyir deyə maraqlanmaqdan çox yüksək səslə düşünməyə və öz zövqlərimi izləməyə dayanır”.

De Quineey

Pərdəni çəkdim. Qocanın qəribə üz ifadəsini fikirləşməkdən özümü saxlaya bilmirdim. Hər üzün bir hekayəsi olduğunu, küçədəki hər üzün yazmaq üçün yaxşı bir mövzu olduğunu əvvəllər də bilirdim. Anı bir həyəcanla yazmağa həvəsli olduğumu düşündüm və sanki bu həvəs məni insanların üzlərindəki gizli sirləri oxumağa və oxuyacağınız bu kiçik yazını siqaretimin tüstüləri arasında yazmağa sürükləyəcəkdi.

Üzümüzə hopan, sizi “siz” edən, heç kimdən gizlədə bilmədiyiniz gizli sirrə güzgüdə diqqətlə baxmsınızmı? Oxucu, ey oxucu, cümlələrimi diqqətlə izləyən oxucu, öz üzümdən bəhs edərkən sənin üzündən də bəhs etdiyimi hiyləgərcə anlayan, diqqətli oxucu, öz üzümdə gördüklərimi sənin hekayən kimi yazdığımı bilən oxucu! Güzgüyə baxdım, qarışıq yazılarla, rəsmlərlə dolu xatirələrimin yazıldığı üzümdə, heç vaxt oxumadığımız, içindəkilərini bildiyimizi düşünüb kənara tulladığımız bir kitabın səhifələrini gördüm.

Üzüm həyatımın, həyatının güzgüsü imiş. Dəri üzlü bir kitab imiş üzüm. Səhifələrini tələsərək çevirib başa gətirdiyim kitabda ilk yazdığım hərfləri, müəllimin gözünə girmək üçün hər kəsdən tez yazıb fərəhlə göstərdiyim ilk hərfləri gördüm. Ehtiyac içində keçən uşaqlığımın rəsmlərini; dərsdən evə gedən yolda aclığa dözə bilməyib, anamın “hər ehtimala qarşı” verdiyi pulu satıcıya uzadarkən üzərindəki rəqəmləri, hərfləri gördüm. Qışın tez düşən axşamlarından birində rəngini unutduğum qonaq otağımızda, sobanın yanında yerdən oturan yaşlı nənəmin seyrəkləşmiş nəm saçlarını deyinə-deyinə daradığını, anamın otağın bir yerindən hamıya göz qoyduğunu, baxılmayan televizorun yorucu səsində hər kəsin fikirli-fikirli oturduğunu gördüm. Bir-birindən fərqlənməyən, maraqsız, darıxdırıcı keçən axşamlardan birində, gələn qonaqla, evə gətirdiyi müvəqqəti sevinci gördüm. Qonaqlar gedəcəklər deyə kefim pozulardı. Həyatımıza girən qonaqlar sevindirərdi məni. Az sonra bitəcəyini bildiyim siqaretimin son tüstüsü kimi. Divanda oturan, ayaqları yerə çatmayan yaşlı nənəmi “bəs sonra ?” deyə suallarla bezdirib heç nə olmamış kimi öz dünyama gömülərdim.

Həyatımızı “sonra”larla, “baxarıq”larla qurduğumuzu, istəmədiyimiz maraqsız senaryonu oynamağa məcbur olduğumuzu, həmişə “qonaqlar”a ehtiyacımızın olduğunu uşaq ağlımla anlamazdım və “Hollywood” filmlərindəki rəngli həyatlara ya “bir oyun” gözüylə baxar, ya da onların bizim dünyadan olmadığını bilərdim. Filmlərdəki həyatın deyil, filmlərin həyatımızın bir parçası olduğunu düşünərdim.

Oxucu, sən də çevirirsənmi səhifələri? Çünki, üzümüzün bir kitab ola biləcəyini mən də düşünməzdim.

Səhifələri sürətlə çevirdikcə, güzgünün hər yeri, məhdud həyatların, zövqlərin bizi bir-birimizə bənzətdiyi yorğun, çəkingən, tənbəl, ifadəsiz, əsəbi, gərgin, cəsarətsiz üzlərlə dolar və mən isə onların arasında öz üzümü axtarardım. Nə var ağlının gizli sarayında, ey oxucu ?

# 2758 dəfə oxunub

Müəllifin son yazıları

# # #