Rəşid Səfərov
Oyuncaq sevgi
Fərz edək ki, eyni gündə doğulmuşuq
Eyni taleyi yaşayan
Əkiz uşaqlar olmuşuq
Dünya adlı balaca evin
Bir küncündə
Sən kuklayla oynamısan
Bir küncündə
Mən oyuncaq bir maşınla
Fərz edək ki, ömrümüzün hər günündə
Sevirmişik bir-birimizi
Ağladığın hər anında
Göz yaşını mən silmişəm
Və itən oyuncağımın
Yerini də sən demisən
Son unudulma tarixi
İnsanlar da balıq konservləri kimidir
Onların üzərlərində qırıq-qırıq xətlərlə
Tarixi rəqəmlər yazılır:
“Son unudulma tarixi”
İnsanların da gün gəlir vaxtları keçir
Balıq konservləri kimi onlar da bir gün
Acı bir dad verərək zibil qutusuna atılır
Və sadəcə unudulurlar.
Alınlarında yazılan son unudulma tarixlərini
Yaşaya-yaşaya yaşayır insanlar
Rəqəmlərin zamanı gələndə
Yuli Sezarın yuxularına girən qız kimi
Makedoniyalı İsgəndərin gizlin sevgilisi kimi
Dostoyevskinin anası kimi
Unudulur insanlar.
Və ən əzabvericisi odur ki,
Səni yalnız xatırlayanlar unuda bilər
Yalnız xatırlayanlar unuda bilər.
Yalnız xatırlayanlar…