Zaur Sahil
Mən düşdüyüm qürbət ilə
Vətənin arasında
Yarım saat fərq var.
Bu fərq,
Qürbəti vətənə sarı qovub,
Yarım saat qürbətdə,
Yarım saat vətəndə,
Yaşamaq deməkdi.
İncimə vaxtından tez gəlsəm.
***
Qürbətin mənə
yazdırdığı şeirlər
Əfqanıstan kimidi.
Əzrayıl Amerika
formasında dayanıb
başı üstündə.
Çölündə Ata ağlayır.
İçində Ana ağlayır.
***
Qışın soyuqluğuna,
Yayın istiliyinə baxmayın.
Qış yaydan varlı olur,
Qışın günəşi, yağışı, qarı, küləyi,
dumanı-çəni, şaxtası-buzu var.
Yayın təkcə günəşi var.
***
Mənim üçün 7 rəqəmi
1 rəqəmi kimidi.
Sənin üçün 6 rəqəmi
9 rəqəmi kimidi.
Gör, aramızda
nə böyük fərq var.
Amma eyniyik.
Bağışla məni, hamıya
gəlib-getməkdən yorulmuşam.
Tək sənə, hələ də
gələ bilmirəm,
getməyim var deyə.
***
ALLAHIN,
İlk və son kitabının adı,
zamandı.
Əvvəli heyvan,
Sonu insandı.
Saatlar sətirləri,
Saniyələr mürəkkəbləri,
Dəqiqələr sözləridi.
Günlər səhifələri,
Aylar fəsilləri,
İllər mündəricatıdı.
Dünya dükanı,
Ömür satanı,
Ölüm alanıdı.
***
O qədər insanlar
üşüdür məni.
Əynimin nazik olmağından
yaman qorxuram.
İsti havalarda da
qalın geyinirəm.
Qış-yay evimdə
peç yandırıram.
Mənim ömrüm
qışdan ibarətdi.
Hər zaman yağışım, dumanım,
qarım, küləyim, şaxtam var.
Bir, günəşə həsrətəm.
***
Bədənim,
Həyatımla ölümümün,
Bir tikə ürəyim uğrunda
Döyüşdüyü bölgədi.
Ruh həyatımın,
Əzrayıl ölümümün rəhbəridi.
Mən ruhun vətəniyəm.
Əzrayıla qürbətəm.
Yaşamaq istəyirəm.