Arzu Nəsibova
Dərdlərin əlacı olmayan zaman!
Gözümdə dəyişir dünyanın rəngi
Acılar qolumu bağlayan zaman.
Pozulur ruhumun düzgün ahəngi
Çılğın göz yaşıyla ağlayan zaman.
Həyatın pozulmaz qanunları var,
Hərənin bir cürə sorunları var.
Düzgünlük görməyən oyunları var,
Ayı bir armudla oynayan zaman.
Bağlıdır çoxunun bəsirət gözü,
Doğrunu yalandan ayırmır düzü.
Danışa bilməyir, qurtarıb sözü,
Həqiqət oyunun qavrayan zaman.
Sevmişdim sevgim də dəyişib indi.
Acılar içimə növbəylə sindi.
Qəlblər rahatlandı, acılar dindi,
Həyatın mənasın anlayan zaman.
Zamandır durmadan dolub boşalır,
Həyat can verirsə, ölüm can alır.
Doğulan körpələr sonda qocalır,
ALLAHdan "ol" sözü çağlayan zaman.
Üzülmə dünyanın kədərlərinə,
Nə oldu tarixin mərd ərlərinə?
Həyat nə dağ çəkdi sinələrinə?
Dərdlərə əlacı olmayan zaman.
Qafil
Ey insan!
Yatmısan yuxuda bir qafil kimi,
Dünya bəzəklərinə sən aldanaraq.
Satmısan
Əzəldən sənə pak verilən ruhunu
Günahlar içində daldalanaraq.
Həyat
Doğumla ölümün arasında vaxt.
Hər insan doğuşdan qazanmayır taxt.
İnsanlar dünyaya müxtəlif gələr,
Kimisi ağdır, kimisi də sarı
Kimisinin doğuşdan şansı güclüdür,
Kimisi də buğdadan ayırır darı.
Amma ölüm
Bir faktdır doğan gün kimi,
Mövqeyə baxmadan aparır bir-bir.
Dünyanın üstünü dar görənləri,
Torpağın altında yatırır bir-bir.
Nə oldu o taxtlar, imperiyalar?
Tarixdə quruca adları qaldı.
Töküldü boş yerə günahsız qanlar,
Cəsədlər torpağın bağrına daldı.
Bu Yerdir fırlanır öz ətrafında
İçində min cürə oyun gizlədir.
Oyunlar qurulur söz ətrafında,
Qürurlar sınmayır düzü gizlədir.