Əsgərin ölümü

Əsgərin ölümü
28 fevral 2013
# 17:22

Zərifə Cabbarova

Əbədi məhəbbət

Ağır döyüşlər gedirdi meşənin kənarında. O qəhrəman döyüşün sonuna yaxın ağır yaralandı. Atını meşənin içinə apardı. Qızılgül kolunun yanında atdan düşüb yerə uzandı.

Torpaq sanki ona rahatlıq gətirdi. O hiss etdi ki, həyatının sonu yaxınlaşır. Bir an bütün həyatı gözünün qabağında canlandı. Doğma yerlər, ata-anası və o qız. Əlini qoynuna apardı. Əli çox yumşaq, ipək bir yaylığa toxundu. Qoynundan çıxarıb ona baxdı.

Bu vaxt qızılgül koluna bir bülbül qonub oxumağa başladı. Öz sevgilisini tapmışdı bülbül. Öz gülünə nəğmə oxuyurdu. Qəhrəman bülbülün səsini eşidib yaylığını sinəsinə sıxdı. O da öz yarını yanında gördü. O gözəl bir qız idi. Xəyalında ağ donunda gülərək ona tərəf gəldiyini görürdü. Qəhrəmanın üzünə təbəssüm qondu.

Sanki həmişəlik sevdiyinə qovuşdu və əbədi olaraq gözlərini yumdu. Sanki bülbül də qəhrəmanın ölümünü hiss etdi. Şövqlə cəh-cəh vurub oxudu, oxudu və bir an susdu. Özünü gülün tikanına vurdu. Onun da sinəsində gülün rəngində qan göründü. Bülbül də öz aşiqinə beləcə qovuşdu. Eşqi yolunda həlak oldu.

Ertəsi gün döyüşçülər qəhrəmanı talada qızılgül kolunun yanında tapdılar. Çox qəribə mənzərəyə rast gəldilər. Qəhrəmanın sinəsi üstündə bir bülbül düşüb qalmışdı və gülün ləçəkləri onun sinəsini örtmüşdü.

Qəhrəman və bülbül hər ikisi beləcə vətən və sevgi uğrunda canlarını fəda etdilər.

# 2213 dəfə oxunub

Müəllifin son yazıları

# # #