Qapılar 

Qapılar 
23 fevral 2017
# 16:10

Ceyhun Məmmədov

İndiki zamandayıq dostum. Keçmiş arxa qapıların birində qaldı. Gələcək isə önümüzdə duran qapının arxasındadır. Amma deyəsən bu qapıları tez-tez açıb, içəri keçməklə yoruluruq. Qolumda bir saat yoxdur. Taxmaq istəmirəm biləklərimə zamanı. Yaşamaq istədiyimin fərqindəyəm. İntiharlar üçün heç bir səbəb yoxdur. Deməli bu hissədə şanslı insanam?! Bax dostum, önümdə duran qapıları açmaq deyəsən bezdirici hala çevrilir. Gələcək dediyimiz əslində özü gəlir. Yəni sənə demək istədiyim odur ki, zamana burax hər şeyi. O, önündəki qapı da zamanı gələndə özü açılacaq. Tələsirik, lənət olsun ki, çox tələsirik. Üstəlik, bəzən keçmişin qapılarını qurdalayırıq. Bəzən istəmədən qulpundan tutub açırıq. Dostum, bəs niyə o, qapıdan içəri daxil oluruq?! Nəyə lazımdır axı keçmiş qapıya əl vurmaq?! Yox... Mən deyəsən başa düşürəm. Biz insan varlıqları öz-özümüzə əzab verməyi sevirik. İki saat günün xoş getsə, qalan saatı cəhənnəm kimi yaşamağa sanki borclu olursan. Hey... Ordasan?! Sənə bir söz deyəcəm. İndiki zamanda yaşamaq daha gözəldir. Nə bilim, bəlkə də bunun adını mükəmməllik qoymalıyam. Yox... Yox... Çox mükəmməldir deməliyəm. Özünü zamanın qanadlarına atmaq. Və sən gələcəyə doğru uçmursan. Sadəcə yerindəcə durursan və gözləyirsən ki, gələcək özü gəlsin. Bir də ayılıb görürsən ki, gələcəyin qapısı öz-özünə açılır.

Səni çox istədiyimi bilirsən. Axı sən mənim içimdə yaşayan bir insansan. Görünməz bir insan. Sadəcə daxilimdən gələn bir səssən. Əgər hələ də məni dinləyirsənsə, sənə bir dənə də fikir söyləmək istəyirəm. Bu dünya təkcə pis insanların əlində ölmür. Yaxşılıq etməyi istəyən, amma bunu etməkdən çəkinən şəxslərin əlindən də yaralanır. Onlar elə hey yaxşılıq etmək üçün xəyallar qururlar. Lakin güvənsizlikləri görüb xəyallarında saxlayırlar. Dünya həmin insanlara ümid edir həmişə. Amma onları belə görəndə, yaralanır. Ümidini gündən-günə əridir. Bəlkə də bu həyata sadəcə yağış yaraşır. Keçmişdən yox, gələcəyə yaxın, indiki zamanın sərhədsiz sahəsində təbiəti hiss etmək deyəsən hər bir insan üçün rahat olacaq. Qapıları bəlkə də özümüz açmağa tələsməməliyik. Zaman, nə qədər zəhərli bir dərman olsa da, ehtimalı hələ də var ki, xeyirli bir ölümə aparsın.

# 1646 dəfə oxunub

Müəllifin son yazıları

# # #