Qafar Rüstəm
Tappıltıyla yerə düşən şey onu səksəndirdi, naqafil yerindən dik atıldı. Ürəyi gupagup döyünməyə başladı. Ətrafa boylanıb nə baş verdiyini öyrənmək istədi. Hər şey yerli yerindəydi, nəzərə çarpan bir dəyişiklik yox idi. Ayqlarını yerdə sürüyə-sürüyə irəli addımladı. Elə bu dəm sərt bir şey ayağına dəyib bir az kənara diyirləndi. Ayaqları bir-birinə dolaşdı, ürəyi tıncıxdı. Bir az kənarda pırpız tüklərlə örtülü naməlum bir şey vardı. Qorxa-qorxa həmin şeyə yaxınlaşdı. Əyilib yerdən götürməyə ürək eləmədi.
Ayağının ucuyla naməlum şeyə ehmallıca toxundu, yumru şey tənbəl-tənbəl bir dəfə yuvarlandı. Onun digər üzü yumuru deyildi, elə bil insan sifəti idi. Yox, yox, elə insa sifəti idi, lap doğur-doğur insan isfəti idi. Əlləri əsim-əsim əsməyə başladı. Gündüz günorta çağı kəsilmiş insan başı görməkdən faciyəli nə ola bilər? Ürəyinə pis-pis fikirlər gəlməyə başladı. Birdən bu baş dünən mənzilində öldürülmüş bankirin başı olsa necə olar? Bəlkə ona tələ qurmuşdular. Dələduz polislər onu girvəyə düşürmək üçün belə bir oyun oynaya bilərdi. İndiki zamanda bu polislərdən nə desən gözləmək olar. Necə sübut edə bilərdiki bankiri o öldürməyib. Ancaq yerdəki baş bankirin başına bənzəmirdi. Bankirin pələ bığı vardı, bunun isə kosa saqqalı.
Yavaşca yerə çömbəldi. Bədənsiz başa bu qədər yaxın dayana biləcəyi heç vaxt ağlına gəlməzdi. Bir dəfə yuxusunda tükürpədən kabus görmüşdü. Qalaq-qalaq yığılmış başlardan qan axırdı. Hamısı zarıyırdı, kömək istəyirdi. Ancaq onların içindəki bir baş dəli kimi hırıldayırdı, arada bir ciddiləşib digər başlara əmr verir, hətta ağıza alınmayacaq söyüşlər söyür, sonra yenə gülməyə davam edirdi. Həmin başın qəh-qəhəsi bir neçə gün gözünün qabağıdan getməmişdi.
Yerdəki başın dişləri mərmər kimi parıldayırdı, sifətində qəribə məyusluq və gülüməsəmə vardı. Elə bil nə edəcəyinə qərar verə bilmirdi, həm gülümsəyir, həm də kövrəlirdi. Əlini uzadıb başı o tərəf-bu tərəfə tərpətdi. Xoşbəxtlikdən başın heç bir yerində qan yox idi, elə bil mumdan düzəldilmiş heykəl idi. Onu ehtiyatla götürüb yuxarı qaldırdı. Başı yuxarı qaldırdıqca çiyinlərinə yerbasan ağırlıq çokdüyünü hiss edirdi. Elə bil nəsə onu zərbəylə yer tərəfə basır, nəfəsini yerli dibli kəsmək istəyirdi. Güclə ayağa qalxdı. Başı bacardığı qədər özündən kənarda tutub eləcənə bir müddət dayandı. Bu başı hardansa tanıyırdı. Bu baş elə bil ona çox yaxın, doğma birinin başı idi. Bəs kimin başı? Əslində bu başı tanımaq istəmirdi. Bədənsiz başı tanımaq əsil fəlakətdir. Tanıdığın, hətta sevdiyin bir insanın başını əllərndə tutub onunla qabaq-qənşər durmaq necə də dəhşətli bir şeydi, ilahi.
İndiyə qədər insanların başına heç fikir verməmişdi, başsız bir insan necə yaşaya bilərdi. Bir dəfə xəbərlərdə görümüşdü ki, başsız bir toyuq düz altı ay yaşyıbmış, hətta o toyuğun heykəlini qoymuşdular. Nə qəribə dünyadı, başsız toyuğa heyklə qoymaq, başlı toyuqların başını kəsmək.... Görəsən o başsız toyuq bu dünya haqqında nə fikirləşirdi. Toyuq da olsa baş lazımdır, baş mütləq lazımdır.
Başı o tərəf-bu tərəfə çevirib özünə yaxınlaşdırdı. Başın məzmunsuz mimikalı sifətini özünə tərəf çevirmişdi. İnsanları ancaq sifətlərindən tanımaq olur. O boyda bədən qala-qala insanlar sifətinə görə tanınır. Görəsən neçə insan öz yaxınlarını sadəcə bədəninə görə tanıya bilər? Kimə özünün qol-qıçı göstərilsə onun özününkü olduğunu anlaya bilər. Ancaq sifətlər, qəribə çizgili, mürəkkəb məzmunlu üzlər... Başız bədən özünü nə qədər tənha və kimsəsiz hiss edər. Hardansa soyuq bir hənir bədəninə yayıldı. Niyəs xoflandı, əlindəki baş elə bil qorxulu bir məxluqa çevrilirdi. Başı sol əliylə tutub sağ əlini özünə tərəf apardı. Sağ əliylə əvvəlcə sinəsini, sonra boynunu yoxladı. Əli boynunda yuxarı qalxdıqca ayaqları tir-tir tirəyirdi. Əliylə başının yerini yoxladı, başı yerində deyildi. Az qalsın əlindəki baş sürüşüb yerə düşəcəkdi. Tez sağ əlini uzadıb ikiəlli başa yapışdı. Əlindəki başın öz başı olduğunu anlamışdı. Nə qədər də dəhşətliydi. Yeriyərkən yerindən qopub düşən başından xəbəri olmamışdı. Nəsə bir çarə qılmalı, itirdiyi başını yerinə yapışıdırmalıydı. Bir iki dəfə yerində var gəl etdi, həmişəki kimi başını qaşıyıb fikirləşmək istədi, ancaq bunun mümkünsüz olduğunu anlayanada yerində karıxıb qaldı. Bundan sonra harasını qaşıyacaqdı? Ürəyi möhkəm sıxıldı. Yadına dostu cərrah düşdü, ondan kömək istəməliydi. Tez başını qoltuğuna vurub xəstəxanaya tərəf qaçmağa başladı. İnsan izdihamını əliylə yara-yara xəstəxanaya tərəf yüyürürdü. Bəzən ona elə gəlirdi ki küçədə bir çox insanın baş yoxdu, bəzilərinin isə başı yerində düz oturmayıb, bəzilərinin isə başı papbalaca lap qoz boyda idi. Bütün vücudunu lərzəyə gətirən qorxunun təsiriylə dəli kimi insanlara çırpılır, başını qorumaqdan başqa bir şey fikirləşmirdi. Bir anlıq yolda eləcənə dayandı, qorxu bütün bədənini bürümüşdü. Bundan belə başsız yaşasa nə olardı ki? “Bax, elə küçədə bir çox insanın başı yoxdu. Başsız bədənlər heç bir şey olmamış kimi öz işləriylə məşğul olur, heç halını pozmur. O da hamı kimi başsız yaşasa dünya dağılmazdı ki. Ümumiyyətlə baş nə işə yarayır axı? Yox, yox belə olmaz. Baş mütləq lazımdır, qaşımaq üçün belə olas baş insana mütləq lazımdır.” Yeyin addımla xəstəxanaya tərəf yüyürdü.
Xəstəxanada izdiham vardi. Hərə bir ağızdan qışqır bağır salmşdı. Bəziləri öz başını daş əvəzinə başqalarına atır, qarşısındakını əzmək istəyirdi. Havada fırlananan başlardan yüksələn söyüşlər qulaq batırırdı. O, heç kimə məhəl qoymadan insanları yarıb keçdi, tez özünü dostunun otağına atıb qapını bağladı. Dostu qalın sağanaqlı eynəyini tez-tez düzəldə-düzəldə kağıza nəsə yazırdı. Başını qaldırıb onu görəndə gülümsədi. “Sən də başını itirmisən” deyə rəhimdilliklə onu məzəmmət etdi. O balaca uşaqlar kimi çiyinlərini aşağı endirib əlindəki başını dostuna tərəf uzatdı. Dostu yerində qalxıb maraqlı nəzərlərlə başı süzdü, başı əlinə götürüb tədqiq etdi.
- Sənin başın yaxşı başdır, ancaq bilmirəm yerinə qoyandan sonra sənin xidmətində olacaq yoxsa yox
O yerində dik atıldı. Təlaşlı-təlaşlı o tərəf bu tərəfə gedib gəlməyə başladı.
- Bilirəm, bu sənin üçün çətin başa düşüləndi. Hər kəsin problemi başqa başqadır, bəzilərinin başı yoxdu, bəzilərinin başı var amma bir şeyə yaramır, elə adam da var ki başı sözünə baxmır, bir növ yarım muxtariyət elan edir, bədəni saymır. Düşən başı yerinə qoyanda belə fəsadlar üz verə bilər. Ancaq narahat olma, mən əlimdən gələni edəcəm.
Dostu onu sakitləşdirib yerində otuzdurdu. Başı yerinə qoyub dərzi kimi ölçüb biçdi. Masanın üzərindən iynəyə bənzər sivri aləti götürüb başı bədənə tikməy başladı. Həkim iynəni hər dəfə onun dərisinə sancdıqca onun ürəyinə qəribə hislər dolurdu. Yenidən başa qovuşmaq , başını yenidən bədəninin üzərində ucaldığın görmək ona ölçüsüz həyacan hissi veririrdi. Bundan sonra başını mütləq qoruyacaqdı, onu yerindən düşüb ora-bura diyirlənməyə icazə verməyəcəkdi.
Həkim işini bitirəndən sonra alnındakı təri silib dərindən oh çəkdi. Üzbəsürt durub bir-birlərinə baxışdılar. Həkim göz-qaşını “necəsən” mənasında tərpətdi. O nə baş verdiyi anlaya bilmirdi. Elə bil başı yenə yerində deyildi. Guman etdi ki, başı hələ bədəninə yaxşı yapışmayıb, yoxsa o boyda başı niyə hiss etməsin. Divardakı güzgüyə yaxınlaşıb başına baxdı. Başını görəndə elə bil yer ayağının altından qaçdı. Üzü qıpqımızıydı, elə bil nəfəsi tükənənəcən qəh-qəhə çəkmişdi. Qaşları aşağı yuxarı oyanşır, gözləri hədəqəsindən çıxacaq kimi yerində fırlanır, dili sağa-sola ilan kimi hərəkət edirdi. Başından bərk-bərk yapışıdı, onu bir daha itirmək istəmirdi. Başına yırtıcı quş qonmuş kimi ora-bura qaçışmağa başladı. Həkim onu nə qədər sakitləşdirməyə çalışsa da bir şey çıxmadı. Bir müddət dəli kimi otağın içində dövrə vurandan sonra ayağı kresloya ilişdi və ağızı üstə yerə sərələndi.
...Gözünü açanda qarşısında xəstəxananın ağ tavanını gördü. Başına zəhlətökən bir ağrı sancılmışdı. Ürəyi aramsız döyünürdü. Otaqda tibb bacısından başqa heç kim yox idi. Tibb bacısı onun oyandığını görəndə qeyri-ixtiyar gülümüsündü.
- Mənə nə olub, deyə yorğun səslə tibb bacısından soruşdu.
Tibb bacısı işinə davam edə-edə dilucu cavab verdi
- Ağır yaralı olaraq xəstəxanaya gətirilmişdiniz. Həkimə oyandığınızı xəbər verəcəm, o sizə ətraflı məlumat verər.
O udqundu, ağlına gələn sualı soruşmağa ehtiyat edirdi.
- Mən bura gələndə başım yerindəydi mi?
Tibb bacısı pıqqıltıyla güldü, başını yırğalayıb otaqdan çıxdı.
O, əlini uzadıb üz-gözünü, saçlarını yoxladı. Hər şeyin yerli yerində olduğu görüb rahat nəfəs aldı. Başı yerində olandan sonra heç bir şeyi vecinə almadı. Qəfil əlini boğazına atanda elə bil qanı damarında dondu. Boynundakı sarğıdan qan damlayırdı, narkozun təsiri keçdiqcə boynundakı yaranın sızıltısını yavaş-yavş hiss edilirdi.
27.07.16