Toğrul Bəylər
Getdi
Məni ovsunladı sirli baxışlar
O baxış qəlbimə iz qoyub getdi
Keçmişi mənimlə yazılan qızın
Ümidli sabahı puç olub getdi
Biz vəhdət olmuşduq hava su kimi
Dolu buludların yağmuru kimi
Onunla dərdləşib səhərə kimi
Sonda göz yaşıma qərq edib getdi
Əsdi ümidlərim üşütdü məni
Ağladı köksümdə şirin xəyallar
Ulduzlu gecələr bəslər qəmimi
Sevgimsə sabahı tərk edib getdi
İndi düşünürəm dönsəm keçmişə
Nübarı gecikən baxçalarımda
Həyat bizi salıb yaman gərdişə
Əğyar kölgəsində qocalıb getdi
Sev yana yana
Qərib günlərimin gizli sirdaşı
Hərdən xışıldayır qulaqlarıma
Üşüyən şəklimi əlinlə oxşa
Tər bənövşə kimi sür yanağına
Təsəlli axtarma xatirələrdə
Bizi bizdən alan ötən illərdə
Yaşa mənsizliyi şəkillərimdə
Toxun dodağıma öp yana-yana
Düşünmə mənsizlik məhv edər səni
Düşünmə sənsizlik itirər məni
Bir soyuq öpüşdə dəfn eylə məni
Ağla muradına gül yana-yana
Çox da kədərlənmə şəkillər üstə
Şəkillər dağılıb yatağın üstə
Gizlət ən yaxşısını sinənin üstə
Dəysin əndamına sev yana-yana
19.03.2016
Ağlayan Səadət
Tək qalıb otaqda azad düşüncə
Tək qalıb təkliyin dibinə varıb.
Qələm üsyan edir yaş süzülüncə,
Yay kimi dartılıb ox kimi batıb.
Sətirlər hərb yeri, vərəq yaralı,
Bəyaz səhifələrin ömrü qaralı,
Qələm heç dinməyir, sancır oxları
Qan axan sözlərə göz yaşı axıb.
Dəftər əsir olub, düşüncə silah
Qələm quduzlaşıb diş qıcıyarmış.
Masam bu savaşın canlı şahidi
Dəyən hər zərbəyə o göz yumarmış.
Bu ağır vəhdəti dağıdır yuxu.
Kədər məskənidir yuxunun çoxu.
Bu eşqin acı mən, həsrətdir toxu.
Dağınıq otaqda qol budaq atıb.
Fəqət, ümidlərim gəzir eyvanda.
Sübh çağı içimə çəksəm bir anda,
Düşün ki düşüncəm torpaq olanda,
Ağlayan səadət otaqda qalıb.
23.09.2019
İstə
Həyat dəyişkəndir, çapdırır atı
Yazıb təqvimləri, qurduq saatı
Gəzir rəqəm üstə insan həyatı
Dəyişən taleyin, dəyişim üstə
Sındır əqrəblərin azadlıq istə.
Axı nəyə lazım təqvim zamanlar,
Mövsümlər bəllidir, yoxdur gümanlar
Vaxtı qızıl bilib, qızıl satanlar
Alıcı tapılmaz çarəsi sizdə
Nisbiyə uyma sən, mütləqlər istə
Demə nə qazandım? mükafatım nə?
Həqiqət ruhundur, yalansa gənə
Sən nisbi zamana qurub məngənə
Sıxıb yalanları dürüstlük üstə
Təmiz sabahların paklığın istə
Zaman izafidir, ölüm anidir,
Təsadüf düşünmə yaşam fanidir
Cisim vədəlidir, ruh firaridir
Eşit qəlb səsini səbəblər üstə
Mənliyin yetimdir, təlatüm istə
Zənn etmə düşüncən tənha qalacaq
Əlbəttəki ruhumuz şərik tapacaq
Fikrin sabahlara baş qaldıracaq
Saxta fikirləri topla üst üstə
Üfür qaranlığa aydınlıq istə
28.01.2019
Sarsılan Ümidlər
Çırpınır qayada dəli dalğalar,
Dalğalar dərdlidir, dərdimə ağlar
Əlim tumar çəkər qaya sığallar,
Ağlar kədərimə rüzgarın səsi
Aya möhtac qalmış dəniz ləpəsi
Susdura bilmədim mən təbiəti,
Dalğalar qəzəbli, dəniz qəzəbli
Qaya dilə gəldi vermə əziyyəti
Göz yaşın ağırdır cismimi əzdi,
Ovub parçaladı, toz oldu, bəsdi.
Qəlbim necə dözsün bu əzəblara
Ruhum möhtac qalıb ötən çağlara
Vüsalın duman tək düşüb dağlara
Görünür evlərdən məhəbbət sisi
Kövrələn ürəklər yad edir bizi.
Çökdü sükunətim dindi yağışlar,
Bu gecə həsrətim məni alqışlar
Məni yetim qoydu nəmli baxışlar
Əlacı tapılmaz yoxdur çarəsi,
Əbədi susmayan ayrılıq səsi
Sanma ümidlərim dayaqdır mənə
Səni məndən alan cəzamdır sənə
Vurğumu vururam mən dönə dönə
Fələk məhrum etdi sevgidən bizi
Leylini Məcnun tək sevən hər kəsi.
30.01.2019