Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovun APA-ya müsahibəsi
- Füzuli müəllim, işləriniz necə gedir?
- Əgər belə davam etsə, çox şükür, hər şey normaldır, sağlamlığım yerindədir. Amma hər zaman deyirəm, sabaha heç bir şeyə ümidim yoxdur. Sabahı Allahdan başqa kimsə bilə bilməz. Yalandan deyim, planlar qurum, səhər yerimdən qalxmaya bilərəm, həyatdır. Ona görə mən heç vaxt söz vermirəm. Söz verdinsə gərək sözü tutasan.
- Sabahlar adətən Sizin üçün necə açılır?
- Hər cür olur - acısı da, şirini də. Normal insanlarda necə açılırsa, məndə də elə açılır.
- Sizinlə sonuncu söhbətimizdən artıq üç il keçib. Bu üç il müddətində nələr dəyişib? Xatırlayıram, o zamanlar teatrla bağlı yetəri qədər sərt çıxışlarınız oldu. Amma gələcəyə ümidləriniz var idi. Artıq 3 il keçib, nələr dəyişib?
- Fikirlərimi necə demişdimsə, o fikirdə də qalıram, hətta daha da sərtləşdirirəm. Mənə elə gəlir ki, nə isə dəyişikliyə meyl var. Əsas olan budur. Hətta eşitmişəm ki, yaxın gələcəkdə teatr, səhnə heç kimə lazım olmayacaq. Deyilənlərin yalan olmasını çox istərdim. Çünki teatrın olmaması çox pis haldır. Teatr yeganə sənət növüdür ki, insanlarla sırf canlı ünsiyyət olur, məhz o səhnədə tamaşaçını hiss edə bilirsən. Həmin illərdə teatrda əsaslı təmir işləri aparılırdı. Bu işlərin necə getdiyini bilmirdim. Sadəcə, artıq teatrın təmir olunması tərpəniş idi. Deməli, teatr binalarına diqqət var. Amma teatr binasının təmirindən sonra aydın oldu ki, düzgün təmir etməyiblər. Bu gün teatrda musiqi sistemində problem var. Oynadığımız yerdə musiqi donur, tamaşanın şirin yerində görürəm ki, radio sistemində oturan əl eləyir mənə, özünü öldürür ki, o hissəni keçin, musiqi yoxdur. Əgər bu müasir texnikadırsa və belə işləyəcəksə, o zaman bu texnika nəyə lazım idi? Yox, əgər bunun mütəxəssisi yoxdursa, o zaman mütəxəssis çağırın, gəlib öyrətsin. Burda elə böyük ağıl da lazım deyil, mən bilmirəm niyə belə olur. Bütün bunlar çox maraqlıdır.
Biz uşaqlıq vaxtımızda qarpız, armud oğurluğuna gedərdik, məhəllə-məhəllə davalar edərdik. Müasir gənclər isə hərəsi əlinə bir kompüter alıb oyun oynayır. Düşüncə tərzləri başqadır. Biz ayaqyalın gəzməyimizlə fəxr edərdik ki, ayaqlarımızın altı bərk olsun, indi isə torpaqda ayaqyalın gəzmək istəyən yoxdur. Çox qəribədir. Yəqin istəmirlər ki, ayaqları bərk olsun.
- İndi yenə də ayaqyalın gəzərsiniz?
- Hə, məmnuniyyətlə gəzərəm, niyə də olmasın?
- Sözlərinizdən belə nəticəyə gəlinir ki, Azərbaycan teatrının inkişafı naminə hazırda heç üç il əvvəlki tərpəniş də yoxdur...
- Yox, istək var ki, nə isə olsun. Addım atıldı, pis və ya yaxşı yeni repertuar quruldu. Müəllif öz əsərini süni təqdim etmədi, müasir dramaturgiyaya müraciət olundu. Belə bir tərpəniş var, yəni balığın hələ ürəyi döyünür.
- Teatrdakı rəhbərliyin həyata keçirdiyi işdən necə, razısınızmı? Zənn edirsiniz ki, teatrın inkişafı rəhbərlikdən asılıdır?
- Mən, ümumiyyətlə, konflikt adamı deyiləm. İkincisi, orda kimin rəhbər olmasından heç nə asılı deyil. Mən də olsam, hətta siz də olsanız, eyni vəziyyət olacaq. Amma bunların realizə olunması üçün möhkəm bir məmur ordusu var və buna mane olur. Bəlkə də bilərəkdən mane olurlar, mütləq kiminləsə razılaşdırmalısan, kimdənsə asılı olmalısan. Teatrda asılılıq, kimdənsə nəyisə öyrənmək istəyi varsa, o zaman problemlər yaranır və olacaq. Bu gün teatra sözün hər mənasında rejissor lazımdır. Bir müddət əvvəl tendensiya yarandı ki, bəlkə xaricdən rejissor gətirək, gətirildi də. Amma bu iş davamlı olaraq həyata keçirilməlidir. Az müddətə gələn rejissorların heç birinin işi normal alınmadı, bu mümkün deyil. Hər hansı bir rejissorun Azərbaycan mühitini öyrənməsi üçün minimum ona 6 ay vaxt lazımdır. Heç olmasa, bizdə 10-15 tamaşaya baxmalıdır ki, hansı aktyora hansı rolun verilməsi barədə düşünə, sərbəst qərar verə bilsin. Mütləq şəkildə o rejissor millətin psixologiyasını bilməlidir. Gələnlərə 1-2 ay müddət verilir, külli miqdarda pulunu alır, deyir kimə verirsiniz verin, sonra da burdan belə keç, ordan belə keç, bu da iş olur.
- Həmin rejissorlar da yalnız bir məqsədə qulluq edirlər - gəlir əldə etmək. Azərbaycan teatrının gələcək inkişafına xidmət etməyən rejissorların teatrlarımıza dəvət olunması nə dərəcədə doğrudur?
- Bəli, gəlib qazanır, çıxıb gedir. Vəssalam, bununla da işini bitirir. Onlar heç zaman Azərbaycan teatrının inkişafı haqqında düşünməyəcəklər. Ola bilər ki, biri ilə uzunmüddətli, beş illik müqavilə bağlanılır, müəyyən rəqəm təklif olunur və o rejissor teatrda oturub işini görür. Kənardan dəvət olunan istənilən rejissorun özünə də mühiti bilmədiyi üçün çox ağır olacaq. Biri var balıq üçün balaca bir gölməçə olsun, biri də var dərya olsun. Sözsüz ki, həmin rejissor özünü dəryada yox, gölməçədə hiss edəcək. İçimizdə olanlara daha çox müraciət olunmalıdır. Düzdür, bu gün respublikada nə qədər rejissor varsa, hamısına nəyisə tamaşaya qoymaq üçün şərait yaradılır. Düzdür, mən heç bununla da razı deyiləm. Amma bu məsələ həllini tapmalıdır.
- Hər cür şərait yaradılırsa, bəs nədir problem? Potensialımız yoxdur, çatışmazlığımız nədədir?
- Heç nə yoxdur da demək olmaz. Yaxşı nələrsə var, sadəcə, çatışmayan çox şeylər var. Yəni bugünkü aktyorların, teatrların maddi vəziyyəti hamıya bəllidir. Bir müddət əvvəl keçirilən beynəlxalq konfransda Avstriyadan gələn mütəxəssisə qulaq asdım. Ora yazıldı ki, Vyanada 17 dövlət teatrı var, o teatrların illik büdcəsini dövlət verir, bu da 430 milyon avro təşkil edir. İndi siz təsəvvür edin - Azərbaycanda 27 dövlət teatrı var, buna da illik 6 milyon vəsait ayrılır. Bu durumda nə edə bilərsən? Teatrlarımız aktyorları harasa göndərmək, təcrübə toplamaq üçün belə bunu edə bilmir. Teatrın borcu ola bilərmi? Teatrın vergilərdən azad olunması və ya bunu heç olmasa 20 faiz etmək, elektrik, su təchizatında güzəşt etmək, əlavə dəyər vergisindən azad etmək mümkün deyilmi? Çox istərdim ki, bütün büdcə açıqlansın. Maraqlıdır, teatra ayrılan büdcə hara xərclənir? Bunlar açıqlansa və məlum olsa, hər şey yoluna düşər, adam bilər ki, bu pul hara getdi. Bu gün şəxsən mənim aylıq əmək haqqım 376 manatdır. Hər ay əlimə 300 manat maaş alıram, 76 manat isə tutulur, niyə tutulduğu da bəllidir. Bunun vergisi var, təqaüdü var. Amma mənə çox maraqlı gələn məqam odur ki, məsələn, mən 62, yaxud 60 yaşıma çatdım və dünyamı dəyişdim. Bəs adıma yığılan pullar hara gedəcək? Nə olacaq bu pullar? Buna aydınlıq gətirilmir.
- Sadaladığınız bu problemlər insanı düşündürür və fikrimcə, bu problemləri görüb də bu cür teatr sistemində aktyor olmaq peşmançılıq hissi yaradır. Peşmansınız?
- Ümumiyyətlə, peşman olmaq anormal şeydir. Bu iş olubsa, daha peşman oldun, ya olmadın, nə faydası var. Molla Nəsrəddinin uşaq döyməsini bilirsiniz də, deyir əvvəldən özümü döyərdim, eləmədim. Təbii olur, insanıq.
- Bayaq Azərbaycan teatrındakı mövcud vəziyyət ətrafında danışarkən maraqlı fikir səsləndirdiniz - “balıq özünü ya gölməçədə, ya da dəryada hiss edir”. Füzuli Hüseynovun Azərbaycan teatr səhnəsində özünü gölməçədə, yoxsa dəryada hiss etdiyini bilmək olarmı?
- Hələlik sakit axan bir çaydayam. Axış var, amma görünmür. Bu da müvəqqətidir.
- Niyə Sizin simanızda peşəkar aktyorlarımıza tamaşaçılarımız həsrət qalıb? Nədir bunun səbəbi? Bəlkə səbəbkarı özünüzsünüz?
- Bununla bağlı nə etmək olar ki? Məndən asılı heç nə yoxdur. Baxın, yazıçı nə isə etiraz edəndə neyləyir - oturur dağın başında, yazır. Rəssam hirslənəndə fırçasını götürüb küsüb gedir, amma bu peşədə biz etiraz belə edə bilmirik. Bu durumda mənim nə isə etməyim mümkünsüzdür. Mən nə istəyirsən, eləyim, Azərbaycan teatrını istəyirsən çiyinlərimdə Marsa qaldırım, göndərdiyimiz peykin dalınca göndərim, amma bu, mənimlə bağlı olan şey deyil, mümkün deyil. Bu sistemdir. Tutaq ki, aktyor dedi “hə”, mən küsdüm hamınızdan, protest elədim, siz teatrı bacarmırsınız. Dağın başında oturum, özüm üçün oynayım - mümkündür?
- Tamaşalarda oynamaqdan özünüz imtina edirsiniz, yoxsa başqa səbəb var?
- Yox, dəvətin çox olmasını da demək olmaz, bir işə dəvət almışdım. Həmin rejissorun bu işi görə bilməyəcəyinə əmin olduğum üçün işə getmədim. Bilirdim ki, bu rejissor məcbur olub bu işi görür. Mən isə oyuncağa çevrilə bilmərəm, vəssalam. Və sonda sübut elədim ki, düz eləmişəm. Düzdür, deyəsən ona görə mənə töhmətə bənzər nəsə verdilər. Dünyada istəmədiyin yeməyi yeməkdən, istəmədiyin adamla görüşməkdən pis şey yoxdur.
- Aktyor etiraz edə bilmir, teatr rəhbəri addım atmağa çəkinir və bütün bunlar tamaşaçısız teatr vəziyyətinə gətirib çıxarır. Teatr tamaşaçısız yaşaya bilərmi?
- Bunun rejissoru, yaxşı stilisti, qrim ustaları, yaxşı işıq, musiqi sistemi olmalıdır. Teatrın qapıları cırıldamamalıdır, zalda gəzəndə taqqıltı salınmamalıdır, tamaşa oynanılanda səhnə arxasında səs olmamalıdır. Yəni bunlar çox xırda görünən, əslində çox gərəkli şeylərdir. Teatrda sən tək heç nə edə bilməzsən. Bu pisi ilə, yaxşısı ilə bir ailədir. Teatrda yeməkxanadan başlayaraq hər şey yerində olmalıdır və yeməkxanaya daxil olanda artıq teatrın hansı səviyyədə olduğu bilinməlidir. Heç kimi qınamaq mümkün deyil. Təsəvvür edin - normal bir rejissor gəlir teatrın, tamaşanın, aktyorun səmtini dəyişə bilir, amma çayı süzəndə də sən onu ürəkdən süzməlisən ki, çay dadlı olsun. Mən də öz adıma deyim ki, hər şeyi ürəkdən etməyə çalışıram, amma görəndə ki düzgün başa düşülmürsən, deyirsən əşşi, hamı necə məndə belə. Ən pis zərbə elə budur.
- Füzuli müəllim, çoxsaylı yerli teatrlarda reallığı dilə gətirən və teatrımızın mövcud durumunu düzgün analiz edən azsaylı aktyorlardansınız. Maraqlıdır, belə bir durumda digər həmkarlarınız niyə danışmır? Nədir və ya kimdir onları susduran?
- Deyirəm də bu camiədə hər şey o qədər asılı haldadır ki, mümkün olmur. Bizim peşə də belədir - aktyor düşünür bu gün danışacağam, tənqid edəcəyəm, sabah mənə rol, mükafat verilməyəcək. Aktyorları bu asılılıqlardan xilas etmək lazımdır, vəssalam. Teatrlarımız ona görə seçilir ki, bu insanlar fikirlərini sərbəst deyə bilmirlər, reallıqda isə deməlidirlər. Mən Tabakovun Putin ilə mübahisəsinə qulaq asmışam. Tabakov hətta Putin söz deyəndə onun sözünü kəsməyə belə cürət edir. Bu, bizim milli mentalitetimizdən də asılıdır. Mən elə məqamlarla rastlaşanda deyirəm ki, bəlkə bunun bir səhv tərəfi var və bunu götür-qoy etsək, anormal tərəflərini görə bilərik. Bizdə qəribə bir itaətkarlıq və qorxu var. Bunun aradan qaldırılması üçün aktyorlara sərbəstlik vermək lazımdır.
Qəribə bir tendensiya da hökm sürür. Bu gün təlxəklik statusunu qazanmaq lazımdır ki, səni incitməsinlər. Amma mən qorxum və buna görə də susum ki, danışsam, mənə rol verməyəcəklər, bunu heç vaxt etmərəm. Versələr də, verməsələr də, canları sağ olsun.
- Deməli, elə məhz bu xasiyyətinizdən dolayı bu gün teatr səhnəsində Sizi görməyə həsrətik. Siz niyə bütün bu olacaqları gözə alırsınız?
- Heç kimdən heç nə istəməmişəm. Təbii ki, bütün cəmiyyətin olduğu kimi, mənim də maddi və mənəvi olaraq çox şeyə ehtiyacım var. Amma nə edim? Səhərdən axşamacan dəsmal götürüm ağlayım? Ona görə müəyyən şeyləri demək lazımdır. Mən bu teatrda elə insanlarla rastlaşmışam ki, işdən çıxan kimi səsləri açılır. Soruşanda da deyirlər ki, çörək yediyin yerə təpik atmaq olmaz. Öz hərəkətlərinə bu cür haqq qazandırırlar. Deyirlər ki, siyasət olmasın. Ailədə iki insan, iki dost arasında da siyasət var. Bəzən olur ki, insan istəmədiyi işi görməyə məcbur olur. Misal üçün, bir əsər götürülür, hiss edirəm ki, yaxşı əsərdir, ola bilər ki, mən işləyim, amma məşqlərə başlayanda görürəm ki, yox, mənlik deyil. Mənim ordan çıxmağım üçün bir sistem lazımdır. Amma indiki vəziyyətdə bundan imtina etsəm, qərar veriləcək ki, guya işimin öhdəsindən gələ bilmirəm.
Tam əminəm ki, teatrın aparıcı qüvvəsi rejissor olmalıdır və o, çox şeylə barışmamalıdır. Sənət adamları bütün quruluşlara müxalifətdə olmalıdır, hansısa siyasi partiyaya xidmət etməməli, cəmiyyətin gördüyünün əksini görməlidir. Hamının gözəl gördüyünü də eybəcərliyi ilə, sevginin içində nifrəti ilə, yaxşı adamın içindəki pisliyi ilə görə bilməlidir. Əgər belə bir adam varsa, yaxud da olacaqsa, o zaman yenilik olacaq. Keçmişə heç vaxt qayıtmaq istəmirəm, bu gündən də narazılığım yoxdur. Amma təsəvvür edin ki, oxuduğum vaxtlar dərs deyən tənqidçilərdən ilki olan Mehdi müəllimin sözünün üstünə heç kim söz demir. Bu etalondur. Razı olan da, olmayan da onun dedikləri ilə barışmalıdır. Aydın Talıbzadə, ya İlham Rəhimli bir tamaşanı analiz etsin, yaxud aktyor haqqında fikir desin, o dəqiqə əks-təsir başlayır. Demək, cəmiyyətimiz elədir ki, burda bir ideologiya yoxdur. Bizim milli ideologiyamız nədir? Sovet dövründə yalançı kommunizm dövrü var idi. Yalan da olsa, var idi. Amma indi heç o da yoxdur.
- Bu gün elə həmin ideologiyanın gətirdiyi vəziyyətdə deyilikmi?
- O həmin dövrün gətirdiyi ideologiyadır, bu gün isə bizim ideoloqlarımız normal ideologiya düşünməlidirlər. Qızların ideologiyası odur ki, mütləq ərə getsinlər, kişilər isə varlı qadınla evlənsinlər. Budur, vəssalam. Milli ruh yoxdur. Yalnız varlıların övladları oxusun, irəli getsin - bu necə olur? Niyə olur bu? Bütün bunlar səbəblərdir. Biz sizinlə nə edə bilərik ki? Heç bir şey.
- Hazırda elə bir rejissor varmı ki, onunla işləməkdən zövq alırsınız?
- Zövq almaq deməzdim, amma anladığım rejissorlar var ki, mən o rejissorları çox yaxşı başa düşürəm, onları deyə bilərəm. Onlardan biri rəhmətlik Hüseynağa Atakişiyev idi. Bugünkülərdən deyirsinizsə, məsələn, kimin nə deməsindən asılı olmayaraq, Mərahim Fərzəlibəyovun adını çəkərdim. Biz bir-birimizi çox yaxşı başa düşürük. Mərahim müəllim mənə deyəndə ki, burdan çıxıb bu sözü deyəcəksən, mən onun nə demək istədiyini çox yaxşı başa düşürəm. Öz təkliflərimi də verirəm və biz anlaşırıq. Yaxud Bəhram Osmanov. Düzdür, onun bir deyimi olub - “aktyor kimdir ki?” Mən özü ilə danışdım, deyir mən elə mənada deməmişəm, ola bilər jurnalistlər düz yazmayıb. Son işlədiyim rejissorlardan Kamran Şahmərdanın adını çəkə bilərəm, onunla da işləmək rahatdır.
- Füzuli müəllim, Sizi illərdir tanıyıram və istər səhnədə, istərsə də həyatda çox iddialısınız. Yəqin ki, iddialarınız Sizə çox şeyləri qurban verməyə sövq edib və etmisiniz...
- Vallah, iddialı olmaq, məncə, pis şey deyil. Yaxşı bir deyim var - hər zaman dahi olmağa çalışmalısan ki, heç olmasa adi, sıradan biri ola biləsən. O mənada hər şeyi bəyənmirəm, hər şeyi qəbul etmirəm, yaxud hərdən tərsliyə salıb hamının qəbul etdiyini mən qəbul etmirəm. Başa düşməyə, əksini görməyə çalışıram. Hər şey göründüyü kimi, güzgü kimi düzgün deyil ki. Mütləq şəkildə bunun bir əyri tərəfi var. Sırf mənim özümlə bağlıdırsa, özümə qarşı iddiam yoxdur, sadəcə, kimsəyə möhtac olmaq qorxusu var. Allah insanın başına elə bəla gətirə bilər ki, məəttəl qala bilərsən, ölümü də vaxtında verməyə bilər. Sadəcə, görəcəyim işi təmiz, səlis və vicdanla, haqqına görmək istəyirəm. Ümumiyyətlə, mən ədalətə çox meylliyəm. Məsələn, məni hansısa bir qruplaşmaya salmaq istəyirlər ki, sən burda ol - əlimi vicdanıma qoyub deyirəm ki, mümkün deyil. Olmaz yəni, axı bu dünyada haqq, ədalət deyilən bir şey var. Mütləq şəkildə insan hər gün gecə özünə hesabat verməlidir. Məncə, bunu hər bir insan etməlidir. Elə olub qərar çıxarmışam və səhər gedib o insandan üzr istəmişəm.
- Bilirik ki, ölkədən çox tez-tez gedirsiniz. Bu illər ərzində geriyə dönməmək istəyiniz heç olmayıb?
- İnanın, hər dəfə olur, hər gedəndə düşünürəm bəlkə qayıtmayım, bəlkə gəlməyim. Bilmirəm nədir, amma gəlirəm və yenə də qayıdıram. Yəqin yaş öz işini görür. “Ölümə yaxın torpaq çəkir” deyirlər. Bəlkə də mən indi 25 və ya 28 yaşında olsaydım, qayıtmazdım. Amma 40 yaşından sonra insanın kamillik dövrü başlayır. Əvvəllər bunu mücərrəd anlayırdım, amma bu gün bütünlüklə anlayıram ki, bu gün üzərində gəzdiyin torpaq sənin olmalıdır. Yad yerdə hər şəyin belə olsa, o sənin deyil. Millətlər, insanlar var vətəni yoxdur, bizdə isə var. Heç istəməzdim getdiyim zaman qalmaq barədə düşünüm, amma çox təəssüflər ki, hər dəfə gedəndə bu barədə düşünürəm.
- Azərbaycan kinosu və teatrının mövcud vəziyyətini bir cümlə ilə ifadə edə bilərsinizmi?
- Teatr dediyim balıq kimi hələ nəfəs alır, kino isə ümumiyyətlə, yoxdur. Fikrimcə, yaxın 3-5 ilə də olmayacaq, belə getsə, ümumiyyətlə, heç olmayacaq. Montaj nədir anlamayanlar bu gün kino çəkir.
- Siz qeyd etdiniz ki, gənc kadrların cəlbi bu yöndə müsbət addım ola bilər. “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi gənclərlə əvəzləndi. Bu qurumun fəaliyyətində Siz fərq hiss edirsinizmi?
- Bu proses kimin təyin olunmasından asılı deyil. İstəyirsiniz sizi qoyaq, fərqi yoxdur. Nə isə dəyişilməlidir, nə isə düz getmir, məsələ budur. Jerar Depardye gəlib Rusiya vətəndaşı oldu. Gətirək onu da kinostudiyanın direktoru qoyaq, yenə də heç nə olmayacaq. Görünüşdə də gəncdir, amma necə işləsin? Nə işləsin? Mənə elə gəlir ki, bir ildə bütün atmosferi dəyişmək olar. Bircə insanlara qarşı münasibət normal olmalıdır. Qanunlara normal riayət etsək, bu cür müzakirələrə ehtiyac yoxdur. Məsələn, mədəniyyət və turizm nazirinə və bu sahədə olan rəhbər şəxslərin hərəsinə teatrda kiçik epizod vermək lazımdır ki, kütləvi səhnəyə də olsa, çıxsınlar, həmin paltarları geyinib həmin tozu udsunlar və bizim vəziyyətimizdə bir neçə saat da olsa, yaşasınlar.
- Yerli serialların çox aşağı səviyyədə olduğunu qeyd etdiniz. Amma bu yaxınlarda biz Sizi iki serialda gördük...
- Ramiz Fətəliyevin peşəkar ssenarist olmasına heç kim şübhə ilə yanaşa bilməz. Seriallardan birinin ssenaristi məhz Ramiz Fətəliyev olduğu üçün razılıq verdim. Amma bir müddətdən sonra Ramiz Fətəliyev bu ssenaridən əlini üzdü, mən də dəvət olunanda həmin vaxtlar idi. Ümumiyyətlə, sizə etiraf edim ki, iki serialdan heç birinə baxmamışam, seriala baxmıram. Çünki serialı nə çəkən bilir nə çəkəcək, nə yazan bilir nə yazacaq, nə də baxan bilir ki, nələr olacaq. İkinci serialla bağlı isə bir yaxın adam xahiş etdi ki, mənim xətrimə bunlara bir kömək et, təzə başlayırlar, gördüm ki, istedadlı uşaqlardır və həqiqətən də kömək etmək qərarına gəldim. Pulumu da pis vermədilər, mən də razılıq verdim. Haradan bilim ki, bu adamın kinomontaj, bu peşə haqqında heç anlayışı belə yoxdur. 4-5 seriyada çəkildim, sonra imtina etdim. Ümumiyyətlə, çəkildiyim heç nədən razı deyiləm, ümid etdim ki, bunu heç efirə də buraxmayacaqlar, amma verildi. Özüm də özümü bu seriallarda görmək istəməzdim. Ümid edirəm ki, bu serial, ümumiyyətlə, hamının yaddaşından silinib gedəcək.