Dahi Amerikan rejissoru rus kinotənqiçisi Anton Dolinə “Kübar həyat” adlı yeni filmindən, seriallardan, Donald Trumpdan və köhnə Hollywooddan danışır.
- Sizin alter-eqonuzu çox aktyor oynayıb. Amma onların içinə ən mükəmməli Jesse Eisenbergdir.
- Hə, çoxdan fikir vermişəm, o, elə rolları seçir ki, gənc olsaydım, onları özüm oynayardım. Hər halda öz filmlərimdə. Hərçənd məndən fərqli olaraq, Jessi əsl aktyordu. Mən adi komedianam, dərinliyə qadir deyiləm. Güldürə bilərəm, amma Chekhovu oynamaq çətin ki... Jessi əla aktyordu, həmişə fərqlidi. Hətta “Kübar həyat”da da əvvəlcə Kaliforniyaya bəxtini sınamağa gəlmiş sadəlövh gəncdi, sonra isə Nyu-Yorkda gecə klubu idarə eləyən, pozulmuş və həyatdan azacıq yorulmuş, özünə arxayın kişidi. Onun yerində mən olsaydım, gülməli olardım, amma onun qədər inandırıcı və maraqlı olmağı bacarmazdım. Bilirsiniz, ömrüm boyu bir fikir beynimdən çıxmayıb: mənim oynadığım istənilən rolu Dustin Hoffman daha yaxşı oynayardı! Sadəcə mənim ona qonorar verəcək qədər pulum yox idi, üstəlik o, həmişə məşğuldu. Yeri gəlmişkən, bu fikrimi Dastinə demişəm. O, məndən daha yaxşıdı, əminəm.
- Yeri gəlmişkən, Eisenberg də sizin kimi dramaturqdu.
- Onun pyeslərindən birini görmüşəm, çox xoşuma gəldi! Möhtəşəm, həddindən artıq maraqlı pyesdi. İmkan olanda başqa pyeslərinə də baxacam.
- Bəs filmin digər personajları necə - onlar sizə bənzəmirlər? Axı, hamısı sizin təxəyyülünüzün məhsullarıdı.
- Təəssüf ki, mən Stive Carellin qəhrəmanı kimi deyiləm, özümü gözəl qadınlarla müqayisə eləməyəcəyəm... Bilirsiniz, bir vaxtlar mən, ümumiyyətlə, qadın rolları yazmaqdan qorxurdum – elə bilirdim, məndə alınmır. Bu problemi ancaq Diane Keatonla görüşüm dəyişdi. O, mənim özümə inanmağıma səbəb oldu: onun xarizması və ağlı mənə, dünyaya onun gözləri ilə baxmağı öyrətdi. Əlbəttə ki, qadınlar kişilərdən daha maraqlı və daha mürəkkəbdirlər. Yəni kişilər də mürəkkəb olur, amma onların mürəkkəbliyi o qədər də görünmür. Qısası, o qadın qəhrəmanlarda özümü görmürəm. Hərdən qanqster qardaşda öz portretimi görmək istəyərdim.
- Bu personaj filmə kifayət qədər sərt, sizin filmləriniz üçün xarakterik olmayan səhnələr gətirib.
- Mənim böyüdüyüm 1930-cu illərin sonu və 1940-cı illərdə cinayətkarlıq bütün cəmiyyətə bulaşmışdı. Demək olar ki, hər gün hər yerdə qətl törədilirdi. Bu, Nyu-York həyatının vacib hissəsi idi. Hər səhər qəzetlər hardasa tapılmış növbəti cəsəd haqqında yazırdı. Mən həmin reallığı inandırıcı göstərmək istəmişəm: küçələrdə qətllər, güllələnmələr, qəsdən törədilən avtomobil qəzaları. Korrupsiyalaşmış siyasətçilər, gündəlik qəddarlıq – bizim reallığımız idi. Mənim həyətimdə qanqsterlər yaşayırdılar, oyun yoldaşlarımdan çoxunun həyatı həbsxanada bitib. Onlar 14 yaşlarında quldur olurdular – bundan gec yox- tapançadan ayrılmırdılar; bu həyat tərzi idi.
- Amma sizin üçün yox.
- Mən onların standartlarına uyğun gəlmirdim.
- “Kübar həyat” filmindəki yəhudi qanqster o biri dünyaya inandığı üçün xristian dinini qəbul eləyir. Bəs siz?
- Mən ateistəm. Mənim üçün istənilən din böyük biznesdi, hansı daha çox vəd verirsə, ən yaxşı müqaviləni də o bağlayır.
- Filmdən belə məlum olur ki, siz, məhz, həmin dövrün-30-cu illərin cazına aşiqsiniz...
- O illər musiqi üçün fantastik dövr idi. Necə bəstəkarlar yazırdılar?! Bu, Cole Porterin, George Gershwinin, onlarla digər müəllifin çiçəkləndiyi dövrdü. Onda caz balaca klublar üçün ezoterik əyləncə deyildi. O, hər yerdəydi. Benny Goodman, Count Basie və Duke Ellington musiqini hamı üçün ifa eləyirdilər. Mən səhərlər məktəbə hazırlaşanda radiounu işə salırdım və orda həmişə ya Billy Holiday, ya da Frank Sinatra oxuyurdu. Gershwinin, ya da Porterin mahnılarını ifa eləyirdilər. Yox, onları xüsusi didjeylər intellektuallar üçün hazırlamırdılar, hətta uşaqlar, qocalar da bu musiqi dinləyirdilər.
- Bəs 30-cu illərin Hollivudu necə idi?
- Mən o dövrün filmlərinə baxmağı, o dövr haqqında oxumağı sevirəm. Amma 30-cu illərin Hollivudunda rejissor olmaq... Aman! O vaxtlar studiyalar rejissorların aldıqları nəfəsə də nəzarət eləyirdilər. Bu barədə fikirləşəndə o rejissorlardan bəzilərinin son dərəcə gözəl filmlər yarada bilmələri möcüzə kimi görünür. Mən John Hustondan, William Wylerdən, George Stevensdən danışıram. Onların yaradıcı problemləri olmayıb. Sadəcə hər şeyə görə - hansı aktyorları çəkmək, necə montaj eləmək - və prodüserlə mübahisə eləmək zərurəti olub. Studiyaların ulduzlara münasibəti də dəhşətli olub – onlarla zibil kimi davranıblar: gecə kublarının, musiqinin, şampan şərabının bütün o kəhkəşanı həmin dövr haqqında son dərəcə səthi təsəvvür yaradır. Yeri gəlmişkən, xatırlayın: həmin illərdə çəkilən filmlərin əksəriyyəti çox pisdi. Onlar ildə yüzlərlə film çəkirdilər və onlardan maksimum onu yaxşı alınırdı.
- Siz başqa cür işləyirsiniz, öz filminizdə hər kadra nəzarət eləyirsiniz.
- Unutmayın ki, mən öz filmlərim üçün pulu özüm tapıram. Və onlar elə də bahalı deyillər. Mən yaxşı sərmayəyəm: mənimlə çox pul itirməyəcəksiniz, hətta bəlkə qazandınız da. Xoşbəxtlikdən hər filmə 200 milyon dollar xərcləyən studiyalar mənə baş qoşmurlar.
- Filminiz titrlərində “Amazon” adı yazılıb. Bu şirkət kinoprodüserliklə nisbətən yaxın zamanlarda məşğul olmağa başlayıb.
- Mən onlarla işləməmişəm, sadəcə filmi distribyusiya üçün alıblar. Orda heç kimi tanımıram, hərçənd təzəlikcə onlar üçün serial çəkmişəm. Düzdü, onlar da hələ serialı görməyiblər, onun haqqında nə fikirləşdiklərini bilmirəm. Mənə elə belə də dedilər: “Nə istəyirsən, elə - Paris, ya da Kaliforniya, 1920-ci illər, ya da 50-ci illər, ağ-qara, ya da rəngli, gülməli, ya da ciddi. Sadəcə işin bitəndə xəbər elə”.
- Siz heç Amazondan nəsə sifariş eləmisiniz?
- Heç vaxt!
- Bəs seriallara baxırsız?
- Mənim televizorumda işə salma düyməsi yapışqan lentlə bağlanıb ki, təsadüfən işə düşməsin.
- Belə çıxır ki, serial çəkməkdən xoşunuz gəlmədi?
- Mən asan yolla pul qazanmaq istəyirdim. Fikirləşirdim ki, iki tammetrajlı filmi sürətlə çəkəcəyəm, vəssalam. Məlum oldu ki, bu iş göründüyündən çətindi. Sadə layihə deyildi və 3 həftəyə tamamlamaq mümkün olmadı. Ancaq indi onu bitirdiyimə görə xoşbəxtəm. Ümid eləyirəm, sifarişçilər razı qalacaqlar.
- Yəni ikinci mövsüm olmayacaq?
- Çox güman ki, yox. Zatən birincini də məndən güclə qopartdılar. Sadəcə onlar mənə dayanmadan böyük məbləğ təklif eləyirdilər. Mən də axırda təslim oldum. Mən son dərəcə acgözəm və belə sərfəli təklifdən imtina eləyəcək qədər axmaq deyiləm.
- “Kübar həyat”a qayıdaq. Bu filmdə siz ilk dəfə kino tarixinin ən dahi operatorlarından biri olan Vittorio Storaro ilə işləmisiz. Onunla işləmək necə idi?
- Çox gözəl! Hər halda dahidi. Ümumiyyətlə, bu sarıdan bəxtim gətirib – tarixin ən yaxşı operatorları ilə işləmişəm. Dahi amerikan operatoru Gordon Willis, dahi italyan operatoru Carlo Di Palma, Vilmos Zsigmond, Sven Nykvist - hamısı dahidir... Darius Khondji də inanılmaz operatordu, Zhao Fei də. Ustaddırlar... Onlardan öyrənmək istəyirsən.
- Rəqəmsal kamerayla çəkmək necə idi?
- Lentə çəkməkdən heç bir fərqi yoxdu. Kadrı qurursan, işığı qurursan və çəkirsən. Sadəcə kamera bir az başqa cür görünür – bütün fərqləri budu.
- Axı, indi daha çox dubl eləmək mümkündür.
- Mən çox dubl eləmirəm, diqqət dağınıqlığı sindromum var. Bütün diqqətimi layihəyə cəmləyirəm və hər şeyi birinci dəfədən yaxşı eləyirəm. Başa düşürsünüz, mən təyyarədə də uzun müddət otura bilmirəm, şam yeməyində də. Bir şeyi əvvəl bir, sonra o biri rakursdan, ordan-burdan çəkmək nəyə lazımdı? Əgər bir stolun arxasına oturmuş çox adamı çəkməliyəmsə, kameranı elə qururam ki, hamı eyni vaxtda kadra düşsün. Bu bədii həll deyil, sadəcə başqa cür işləməyə hövsələm çatmır. Birlikdə işlədiyim dahi operatorlar arasında Haskell Wexler vardı. Məhz bu xasiyyətimə görə yola getmədik. Elə hey yeni-yeni rakurslar təklif eləyərək məni özümdən çıxardırdı.
- Bir neçə kəlmə də ABŞ-dakı hazırkı siyasi vəziyyət haqqında danışın. Donald Trump sizin “Məşhurlar” filmində çəkilib.
- Hə, çəkilib! Mənimlə işləyəndə o, mehriban və sevimliydi. Meydançaya vaxtında gəlirdi, çox çalışırdı. Ancaq mənə elə gəlir ki, respublikaçıların namizədinin kim olacağının əhəmiyyəti yoxdu – Trump, Buş, Rubio, Kruz... Prezident - Hillary olacaq. O, buna layiqdi. O təcrübəlidi, möhtəşəmdi, ağıllıdı, ondan əla prezident çıxacaq. Trump isə məğlub olacaq.
- Niyə belə əminsiz?
- Çünki bu il Hillarynin ilidir. Heç kim ona tay ola bilməz, bütün ölkə də bunu bilir.
- Bəs Berni Sanders?
- Onun danışdıqlarının bir çoxu xoşuma gəlir, amma düşünmürəm ki, o, Hillari qədər effektli prezident olsun. Hillary Sandersdən daha çox çalışacaq. Sandersin həyata keçirmək istədiyi işlər siyahısında nəzərdə tutulandan daha çox iş görəcək. O, daha təcrübəli və qabiliyyətlidir.
- Növbəti filminiz haqda nə deyə bilərsiniz?
- Onu Amerikada çəkəcəyəm, hələ bilmirəm harda. Nyu-Yorkda olsa, yaxşı olar. Axı, mən orda yaşayıram. Aylarla mehmanxanalarda qalmaqdan zəhləm gedir.
- Bu filmdən gözlənilməz nəsə varmı?
- Mənim bütün filmlərim bir-birindən fərqlənir. Amma bilirsiniz ki, mən heç vaxt döyüş filmi, vestern, ya da super qəhrəmanlar haqqında film çəkməyəcəyəm. Belə kinematoqrafiya məni maraqlandırmır. Elə filmlərə baxmıram, özüm də çəkmərəm. Hərçənd super qəhrəmanı oynamaq... belə təklif gəlsəydi, fikirləşərdim.
oxuzali.az