Məşhur ABŞ aktyoru Filip Seymur Hoffman bir neçə gün əvvəl evində ölü tapıldı. 46 yaşlı aktyor yüksək dozada narkotik maddə qəbul etdiyinə görə “overdoz”dan ölmüşdü.
Hoffman 1967-ci ildə anadan olub. 1990-cı illərdən kino karyerasına başlayan aktyor “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazına görə kino aləminin diqqətini qazana bilmişdi.
2006-ci ildə “Kapote” filmindəki oyununa görə “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar mükafatı qazanmışdı.
Kulis.Az Filip Seymur Hoffmanın “Esquire” jurnalına müsahibəsini təqdim edir.
Mənim əsl adım Seymur Filip Hoffmandır. Adətən adamlar özünə ikinci ad qoşanda əsəbiləşirəm. Bu mənə çox iddialı görünür. Amma mənim əhvalatımda belə şey yoxdur. Sadəcə olaraq mən kinoda göründüyüm vaxtda dünyada artıq Filipp Hofman adında biri var idi –ikisi çox olardı. Ona görə də Seymuru əlavə etməli oldum.
Amma mən çoxlarının düşündüyündən daha yüksəyəm.
Çox adam üzümə məni gombul adlandırır. Elələri də var ki, deyir mən gödəkboyam. Bəziləri yazır ki, mənim sifətim xəmir kimidi, saçlarım saman kimidi. Amma qulaq asın, axı mən yaraşıqlı oğlanam. Amma heç kimin ağlına gəlmir ki, mənim yaraşıqlı tərəfimi təsvir etsin. Mən elə hey gözləyirəm ki, kimsə mənim haqqımda yazsın ki, mən yaraşıqlıyam, ya da maraqlıyam. Amma kimi zibil hamı susur. Amma digər tərəfdən minnətdar olmalıyam ki, heç kim məni “piyli əclaf” adlandırmır.
Mənim xarici görkəmim və bədənim mənə istənilən adamı oynamağa imkan verir. Bu adamlar mənə həmişə maraqlıdır.
Həmişə mənə elə gəlib ki, ömrümün yarısını ucuz yeməkxanada sendviç kəsəcəm, sonra da sallaq döşlü, dolu bir ağıldankəmlə evlənəcəm. Heç vaxt düşünməmişəm ki, kinoya çəkilim.
Mən təsadüfən aktyor oldum. Ciddi şəkildə döyüşlə məşğul olurdum, sonra boynumu zədələyib özümə xətər yetirdim. Beysbola getməyə başlamışdım ki, bir qıza vuruldum. Onu nə iləsə heyrətləndirməli idim. Odur ki, düşündüm, bəlkə aktyor olum? Yadımdadır, o gecə Tanrıdan soruşdum: “İlahi! Bəlkə mən bu beysbola birdəfəlik tüpürüm? Bu qızı elə çox sevirəm ki...”. Düzdür, cavab zad eşitmədim, amma məncə o, “hə” dedi.
Uğur
Mən həqiqətən də “Böyük Lebovski”də oynamağı çox istəyirdim. Amma bununla belə öz-özümə deyirdim: “Lənət şeytana, bunlar axı Koen qardaşlarıdırlar, mən onlarla heç cür razılaşmayacam.” Ona görə də mən qərara gəldim ki, onların yanına gedib nə isə qəribə bir hərəkət etməliyəm. Axırda mən getdim və qışqırmağa, acıqlanmağa başladım. Və onlar elə bərkdən güldülər ki, az qala cırılacaqdılar. İndiyədək yadımdadır, mən gülən Koenlərə baxıb düşünürdüm: “Hə, rol getdi işinin dalınca. Eybi yox, kişnəslər də yaxşıdı”.
Uzun illər mənim ən böyük nailiyyətim o oldu ki, bir dəfə, xeyli vaxt əvvəl, mən hovuzda işləyəndə ora Maylz Devis (Məşhur amerikan cazmeni) gəldi. Onda mən düşündüm: “İşə bax- həyatımda birdə bundan da böyük məqam olmayacaq.” Prinsipcə elə də oldu.
Məşhur aktyor və ya yaxşı aktyor. Bunlar ayrı-ayrı şeylərdir.
İlk dəfə məni 29 yaşım olanda küçədə üzdən tanıdılar. Adamlar mənə baxırdılar, mənim hər bir hərəkətim şok idi. Elə bil sol əlimi itirmişdim-özümü elə hiss edirdim.
Mənə əlavə şöhrət lazım deyil. Onunla nə edim, bilmirəm.
Uğura ciddi yanaşmaq lazımdır, daha ətli qarnirə yanaşdığın kimi deyil. Şöhrət tədricən özünü şübhədən məhrum edir. Bu, şöhrətin səninlə etdiyi ən pis zarafatdi.
Qorxunu yenmiş adam hər şeyin öhdəsindən gələ bilən adamdır.
Mən qorxu haqqında film çəkmək istəyirəm. Ətrafa baxın: bütün planeti nevroz bürüyüb. Adamlar qorxmuş haldadırlar. Onlar gündəlik idarəolunan dəhşət içindədirlər, ölümdən, yoxsulluqdan qorxurlar və durmadan xırda təhlükə istehsal edirlər. Film üçün yaxşı mövzudu, elə deyil?
Mən gənc olanda qorxum bu günkündən daha az idi. Mənə elə gəlir ki, qorxu bizim içimizdə günbəgün böyüyür.
Qocalıq və uşaqlar
Filip Rotun (Amerika yazıçısı) bir fikri mənim çox xoşuma gəlir: “Qocalıq döyüş deyil, qocalıq qanlı qirğındır”. Bu fikir elə xoşuma gəlir ki onu bir neçə dəfə təkrarlamaq istəyirəm.
Mənim indi 42 yaşım var, valideynlərim də sağdır. Demək olar ki, hər müsahibə verəndə məndən soruşurlar: “Qoca valideynlərlə necə yaşayırsan?” Axmaq sualdır. Axı heç kim valideynlərdən soruşmur ki, onlar qocalan övladları ilə necə yaşayırlar.
Adamlar qocalmağa bir məqamda başlayırlar. Sən 40-cı onluğa yaxınlaşanda anlayırsan ki, sən və sənin bədənin dəyişməyə başlayır. Bu hal adamı öldürür. Bunu anladığın məqamda hamı öz cavabını axtarır. Mənim cavabım uşaqlardır. Onlar mənim həyatıma daxil olanda mənim bununla bağlı o qədər problemlərim yarandı ki, mənim öz uşaqlarım o problemin içində qarışdı.
Mənim uşaqlardan başım çıxmır, onlar haqqında çox az bilirəm. Amma mən bir şeydə əminəm: onlar planetin ən güclü sevgi istehlakçılarıdır. Əgər sizin uşaqlarınız varsa, çətin ki, kiməsə əlavə sevginiz qalsın.
Film haqqında iş gedə-gedə kiminsə “Hə, necədir, alınır?” deyə soruşmasını sevmirəm. Onda deyirəm “zibil də alınmır”. Bilirsiz nə zaman alınır? Filmi tam bitirəndə. İş bitir, bir-birinizin əlini sıxıb evə yollanırsız, onda özümə deyirəm: “Hə, alındı”.
Aktyor olmaq ağırlıq qaldıran olmaq kimidir. Sadəcə sən bütün ağırlığı beyninin köməyi ilə qaldırırsan.
Sən kitab oxuyanda da düşünürsən, siqaret çəkəndə də. Amma eyni şeyləri deyil.
Bu gün “Otello”nu yenidən oxuyanda mən özümü Barak Obama haqqında düşünməkdən saxlaya bilmirəm.
Əgər siz yaxşı aktyorsunuzsa çalışın ki, ildə bir dəfə də olsun teatr tamaşalarında oynayasınız. Mən deyə bilmərəm ki, yaxşı aktyoram, amma məni ildə bir dəfə teatrda görə bilərsiniz. Film çəkilişlərində mütləq elə bir gecə olur ki, səhər dan yeri ağaranda oyanıb öz-özünə deyirsən: “Bu nə sarsaq işdir ki, mən məşğulam”.
Mənim həyatım həmişə təlaş işində keçir. Bu mənim işimə yarayır. Amma ürəyimin dərinliyində mən eyni zamanda bir işlə məşğul olmaq istəyirəm, amma işə gələndə paralel olaraq min cür işlə məşğul olmalı oluram. Mən kinoda və teatrda oynayıram, tamaşalara quruluş verirəm, hətta Nyu-Yorkda teatr şirkəti almışam. Bu mənə bir saniyə də dinclik vermir. Məncə mən təlaş içində də öləcəyəm. Bu fikir hətta xoşuma gəlir.
Əsas hesabları ödəyəcək qədər pul qazanmaqdır. Qalanı xoşagələn əlavələrdir.
Çoxlu rəqəmləri olan çeklər almaqdan xoşum gəlir. Amma həm də yaxşı kinoya da çəkilmək istəyirəm. Bu iki şey çox az hallarda üst-üstə düşür. Ona görə də mən yaxşı filmlər uğrunda mübarizə aparacam, qazanmağa gəlincə, bir şey düşünərəm.
Yoxsulluq inanılmaz azadlıqdır. O qədər inanılmazdır ki, çox az insana uyğun gəlir.
Mən dəyişikliyi sevirəm, balaca, böyük, fərq etməz. Amma məni heç vaxt kovboy şlyapasında görə bilməzsiniz.
“Buqa üslubunda gecə” filmində Mark Uelberqi öpmüşəm. Nə deməli? Öpüş öpüşdür.