Şövqi Hüseynov. Böyük çoxluq onu “Pərvanələrin rəqsi”ndəki Tofiq obrazı ilə tanıyır, sevir. Amma bilənlər bilir ki, onun “palitrasında” Tofiq bəlkə də ən solğun rəngdi. Don Raffaeli (“Don Raffael- Trambonçu”), Skapyeni (“Skapyenin kələkləri”), Tarverdini (“Hekayəti xırs-quldurbasan”), qazını (“Məkkəyə yol”), Aydını (“Aydın”), Kontrabasçını (“Kontrabasçı”) tanıyanlar mənimlə razılaşar əlbət. Tək və kontrabasda birinin dünyanı gəzməsi elə-belə deyil. Elə indi də “Kontrabasçı” monotamaşası Türkiyədən, növbəti festival səfərindən yenicə qayıdıb. Şövqi Hüseynovla guya son işləri barədə informativ qısa müsahibə geniş bir söhbətə çevrilir. Diqqət! Qarşımızdakı təpədən dırnağa bir teatr adamıdır.
Özünü tapmadığın rol birovuz paltar kimidi...
- Şövqi bəy, festivaldan danışaq...
- Bu, Dənizli şəhərində keçirilən 29-cu teatr festivalı idi. Orta səviyyəli formatı var. İştirakçılar çox olsa da-festivalda 16 teatr kollektivi iştirak edirdi-“Çexov festivalı” kimi yüksək səviyyəli deyil. Peşəkarların yox, tamaşaçıların festivalı idi. İştirak etdik, mükafat qazandıq.
Festivalın hər hansı nominasiyası, qiymətləndirmə sistemi yox idi, jüri var idi, amma “Belaya Veja” festivalındakı kimi peşəkarlarla müzakirələr-filan təşkil olunmamışdı. Buna baxmayaraq festivalda iştirak etmək, başqa kollektivlərin işinə baxmaq çox xoş oldu.
- Deyəsən, sizin Kamera Teatrından bu günədək ən çox festivala gedən tamaşanız budur...
- Haqlısınız, 1998-ci ildən üzü bəri “Kontrabasçı” çox festivala gedib. Dənizli bu il iştirak etdiyimiz ikinci festivaldır. Martda Şri-Lankada festivalda iştirak etdik. “Kontrabasçı”nı festivala çox çağırırlar. Bu da məni sevindirir. Gör neçə ilin tamaşasıdır. 15 ildir onu oynayıram. Bilirsiniz, özümün qocalmağı problem deyil, amma tamaşanın qocalması faciədi...
- Bilirsiniz niyə bunu soruşdum, axı bu monotamaşadır və siz əvvəldən sonadək monoloq deyirsiniz. Dil baryeri var-tamaşaçılar üçün maraqsız ola bilər...
- Dil baryeri məsələsi şərtidi, tamaşanı Şri-Lankada subtitrlərlə oynadıq. Çox yaxşı qarşılandı. Yazılar da çap olundu, müzakirələr də oldu və ən əsası hindli tamaşaçı vacib, həssas məqamlara gözləmədiyim halda reaksiya verdi. Hətta çoxu o sətirləri-titrləri oxumadığını dedi... Zalın həyəcanını hiss edirdim. Bu hiss məni heç vaxt aldatmayıb. Türkiyədə ordakı qədər alınmadı. Hiss elədim ki, olmadı. Niyə alınmadı? Dili bilmədilər deyə bilmərik.
- Kontrabasçının faciəsi –kədəri: daim qıraqda, diqqətdən kənarda qalmaq, lazımsızlıq. Amma siz, Allaha şükür, teatrda birinci skripkasız qəhrəmanları, xarakterik obrazları yaradırsınız. Nə zamansa Kontrabasçının keçirdi hissləri yaşamısınızmı?
- Mütləq. Axı bunsuz mümkün deyil. Yaşam tərzi baxımından mən o kontrabasçını tanıyıram. Aktyor oynadığı obrazda özünə yaxınlıq tapmalıdı. Çünki, rejissor və aktyorun orqanikası çox fərqlidir. Ya rolu özümdə tapıram, ya da özümü zorlayaraq öz orqanikamdan çıxıram və rejissorun istəklərini yerinə yetirirəm, bəzən də hətta çox yaxşı alınır. Amma tamaşaçı onu mütləq hiss edir.
Özünü tapmadığın rol birovuz paltar kimidi, geyinəndə sərbəst olmursan. Tamaşaçı da sərbəst olmadığını qeyri-səmimiliyini hiss edir. Hətta bu paltar nə qədər rahat olsa belə bunun birovuz olması görünür. Deyə bilmərəm ki, səhnəyə çıxanda yüz faiz dönüb başqa bir adam oluram. Əlli faiz oynasan belə, bu, böyük uğurdur.
“Kontrabasçı” mənim ən çox sevdiyim janrdadır- tragikomediya. Ümumiyyətlə, məncə sırf komediya və ya sırf faciə olmur. Həyatda olduğu kimi.. Düzdür, mən kontrabasçı kimi həyat yaşamamışam, şansım gətirib. Amma dəfələrlə o mərhələni keçmişəm. Düşünmüşəm ki, bu iş nədir məşğul oluram, ümumiyyətlə, gərəksizəm. Orqanika pozulanda, mənən zorlananda belə olursan. Ona görə kontrabasçının yaşadığı mənə uzaq deyil.
- Tamaşa hazırlanarkən rejissorla mübahisələr düşürmü, rejissor sizi yaradıcı adam kimi, hansısa mənada opponenti kimi qəbul edirmi? Yoxsa onun dediklərini icra etməyə məhkumsuz?
- Bizim bəxtimiz gətirib ki, biz Cənnət xanımın tələbəsi olmuşuq və bu mərhələni keçmişik. Cənnət xanım diktə etməyib, əksinə fikirlərimizi dinləyib və dəstəkləyib. Çünki yalnız etiraz edən, şübhələnən adamdan nəsə gözləmək olar. Cənnət xanım həmişə bizi dinləyib, niyə razılaşmadığımızı öyrənməyə çalışıb.
Məsələn bu gün haqqında danışdığımız “Kontrabasçı”nı iki ilə hazırlamışıq. “Otello” il yarıma hasilə gəldi. Ikisinin də rejissoru İrina Perlova idi. Amma onunla mübahisələrimiz fərqli idi. Bu mübahisələr uzanır, məşq qalırdı. İrina xanım aktrisa idi. Həqiqətən də rejissor və aktyor yaxın da olsalar çox fərqli peşələrdir. Mən sizin dediyinizi nə Kamera teatrında, nə burada görməmişəm ki, rejissor otursun, desin ki sola dön, səsini qaldır, burda yıxıl və s.
- İndi nəyi məşq edirdiniz?
- Dario Fonun “Markolfa” əsərini işləyirik. Cənnət xanım hazırlayır. Sizin yadınızda olar, “Don Raffael - Trambonçu” adlı bir tamaşamız var idi. Onu Gənc Tamaşaçılar Teatrında iki dəfə oynadıq. Kiçik bir tamaşa idi. Tamaşaçı üçün bir tamaşa azlıq edir. Uzatmaq tamaşanın da keyfiyyətinə təsir göstərir. Hər iki tamaşanı “İtalyansayağı xoşbəxtlik” adı ilə təqdim etmək istəyirik. Çünki hər ikisində qəfil xoşbəxtlik və qəfil məyusluq var.
- Teatr niyə bu qədər arxaik, köhnə, maraqsız gəlir? Hətta adında teatr sözü olan mətnlər belə oxunmur. Bu teatrı nə belə edib? Halbuki, oynadığınız seriala baxılır. Orda da siz oynayırsınız da...
- Ağrılı məsələdir. Əvvəla televiziyaya kütlə baxır. Buna baxmayaraq adamlar teatrla maraqlanmırsa, ora gəlmirsə, burda yeganə günahkar teatr özüdür. Teatr özü-özünü gözdən salıb ki, onunla maraqlanmırlar. Qısası, teatra gəlmirlərsə, günah məndədi, məsələn, mən yaxşı aktyor olsam camaat gəlib baxar. Tamaşaçı həmişə haqlıdır.
- Kontrabasçını, Don Raffaeli xatırladıq. Bu mövzuda dünya kinosunda teatrında onlarla əsər var-elə üçünü siz yaratmısınız... Sənətkarın faciəviliyi...
- Əgər teatr başlıqlı yazı oxunmursa, bu elə faciədir... Şit əyləncələrə baxırlarsa, amma tamaşa zalı boş qalırsa bu elə faciədir. Bizim faciəmizdir...Tamaşaçı hər şeyi hiss edir. Hansı əhvaldayam onu da hiss edir. Bizə elə gəlir ki, hiss etmir.
Serial...
“İyirmi il teatrda çalışmışam, tər tökmüşəm, amma Tofiqə görə bu qədər hörmət qazanmışam...”
- “Pərvanələrin rəqsi” serialının çəkilişləri bitib?
- Hə. Bitib.
- Tamaşaçılar sizi daha çox serialla tanıdı.
- Bu serialla çox tanındım. Nə gizlədim, mənə indiyədək bu qədər hörmət etməmişdilər. Qazla bağlı problemimiz vardı, heç bilmirdim necə etməliyəm, kimə deməliyəm. İşçilər qaydasına qoymaq üçün müəyyən məbləğ istəmişdilər. Baş idarəyə getdim. Katibə məni görən kimi “Tofiq sizsiz?”-,dedi. Dedim, bəli. Rəis qalxdı, hörmətlə qarşıladılar və o problemi iki saniyəyə pulsuz-zadsız həll elədilər. İyirmi il teatrda çalışmışam, tər tökmüşəm, teatrda yatdığım olub, o qədər rol, o qədər həyəcan yaşamışam... Amma Tofiqə görə bu qədər hörmət qazanmışam.
- “Pərvanələrin rəqsi” uğurlu alındı. Sizcə səbəbi nədir?
- Dialoqlar axıcıdır. Həyat var, səmimiyyət var. Üzr istəyirəm, orda heç kim banlamır, saxtalıq etmir. Ən əsası isə bütün ssenari ayaqüstü yazılıb, əlavələr olunub. Bütün personajların xarakteri ayaq üstə, danışa-danışa yazılıb.
Bilirsiniz, oturub stol arxasında belə şey yaratmaq olmaz. Bilirsiniz “Çitka” deyilən stolüstü məşqləri mən sevmirəm. Stol arxasında müəyyən nəticəyə gəlmək olmaz.
- “Sarı seyidin sınanmış cəddi haqqı” bu kimin andıdı?
- Rövşən İsax fikirləşib. Belə and yoxdu. Heç bir bölgəmizdə belə adam- Sarı seyid yoxdu.
- Başqa seriala çəkilirsiniz?
- Elə bu komanda ilə rejissor Rövşən İsax yeni bir serial çəkəcək.
- Nədən bəhs edəcək?
- Konkret ssenari yoxdu. Amma bilirəm ki, Şanson ifaçını oynayacağam.
Kino
- Kinoya çəkilirsiniz?
- Sonuncu dəfə Eldar Quliyevin “Dərvişin qeydləri”ndə karvansaraçını oynadım.
- Epizodikdi?
- Yox. Orda epizodik rol yoxdu. Səkkiz əsas obrazın birini yaradıram. Süjeti belədi ki, karvansarada ölüm hadisəsi baş verir və bu qətli araşdırırlar.Nə çox fikrə getdiniz? Hara getsən, mən teatr aktyoruyam ee...
Yenə teatr...
- Şövqi bəy, sizcə bu gün tamaşaçı niyə teatra gəlməlidir?
- İnsanların canlı ünsiyyətə, təmasa ehtiyacı var və get-gedə daha da artır. Məsələn mən virtual kitab oxuya bilmirəm, mən gərək səhifələrə toxunam, arasına vərəq qoyam. Bu canlılığa ehtiyacımız var. Bu gün canlı ünsiyyət üçün darıxan insanlar çoxdur....