Biz niyə gülə bilmirik? - ARAŞDIRMA

Biz niyə gülə bilmirik? - ARAŞDIRMA
5 mart 2014
# 12:40

Bu gün Azərbaycanın üzdə olan, tanınan yumoristləri, əsasən, intellektual bazası olmayan kütlə tərəfindən qəbul olunur, sevilir. Hətta, bir az irəli gedərək söyləyə bilərəm ki, az-maz mütaliəsi olan tamaşaçı üçün maraqlı deyillər yumoristlərimiz. Başqa bir gerçəklik var ki, onların tamaşaçı kütləsi də getdikcə yaşlanır. Halbuki, dünyadakı yumoristlərin əsas hədəf kütləsi gənclərdir.

Bizim yumoristlərimizlə yeni gənclik arasında isə böyük bir uçurum var. Təbii ki, yeni gənclik dedikdə, mütaliə edən, internetlə, texnologiya ilə yaxından maraqlanan, dünyada gedən prosesləri izləyən gəncləri nəzərdə tuturam. Bu gənclik hazırda kütlənin daha kiçik bir hissəsini təşkil edir, amma onların sayı günü-gündən sürətlə artır. Bu gedişatı düzgün analiz etmək isə şərtdir və yalnız bunu bacara bilən yumoristlərimiz (yaxud, ümumilikdə, sənət adamları) bu prosesdən qalib çıxa biləcək, digərləri isə uduzmağa məhkumdurlar; sənətdə azacıq da iz qoymadan yox olub gedəcəklər təəssüf ki...

Bəs səbəb nədir? Nə üçün yumoristlərimiz yeni gəncliyə xitab edə bilmirlər?

Səbəb çox bəsitdir əslində. Bizimkilər sözün həqiqi mənasında yumorist deyillər.

İstedadları ola bilər...

Çox güclü müşahidə qabiliyyətləri olduğunu da qəbul edirəm...

Hətta, bəzilərinin aktyor kimi önəmli işlər görə biləcəyinə inanıram...

Amma sadəcə istedad yetərli deyil. Bizim yumoristlərimiz yumor tarixini araşdırmadıqları, dünyada bu gün hansı proseslərin getdiyindən xəbərdar olmadıqları üçün də yumoristin əslində kim olduğunu, daşıdığı missiyanın əhəmiyyətini qavraya bilmirlər.

Bu dünya ilə bağlı məsələsi, dərdi olmayan adam yumorist ola bilməz. Uzağı, məhləmizin məzəli tiplərindən biri, yaxud Cem Yılmazın səhnədə anlatdığı “aynı bizim Faruk” məsələsindəki Faruk ola bilər.

Yumorist olmaq daha dərin bir anlamı ifadə edir.

Bizim yumoristlər (ya da Faruklar) “insanları necə güldürə bilərəm” çərçivəsində yanaşırlar öz işlərinə. Halbuki, gerçək yumorist bunu düşünməz. Zatən onun bu həyatla bağlı sualları, izah edəcəkləri var və bunları öz yumoru-satirası ilə bəzəyib insanlara çatdırar. İnsanları güldürmək bir yumorist üçün önəmlidir təbii ki... Amma öz işini sadəcə bu çərçivəyə sığışdırmaq qeyri-peşəkarlıqdır. “Çıxım küçəyə, insanları müşahidə eləyim, səhnə üçün məzəli materiallar tapım” demək kimi bir şeydir və gerçək yumorist belə hərəkət etməz. Gerçək yumorist material axtarmaz, deyə biləcəyi sözləri olduğu üçün yumoristdir zatən.

Yumorist olmaq həyata qarşı müxalif duruş deməkdir hər şeydən öncə.

Həyatla bağlı sualı olmayan, məsələləri mühakimə edə bilməyən, düşünməyən adamdan yumorist olmaz.

Gerçək yumorist zaman-zaman söylədiklərinə görə geniş kütləni də qarşısına ala bilər üstəlik. Amma nə olursa olsun inandıqlarından vaz keçməz.

Yumorist cəsur olmalıdır. Bizimkilər isə çox qorxaqdırlar. Tamam, anlayıram bəzi mövzulara girmək çətindir, amma, heç olmasa, cəmiyyətdəki absurdluqlarla bağlı nəsə deyin. İnanın ki, “Bu şəhərdə” sadəcə gəlin-qaynana münasibəti məzəli deyil. Satiranızı başqa yerlərə də yönəldə bilərsiniz, üstəlik, sizin üçün daha çox “materialın” çıxa biləcəyi, anlatdığınız absurdluqların təməlini təşkil edən bir yerə.

Məsələn, “milli mentalitet” məsələsi, “milli mentalitet oxranaları” haqqında söyləniləcək sözləri yoxdurmu bizim yumoristlərin?

Hansısa verilişdə, çıxış edərkən öz arqumentlərini gücləndirmək üçün “milli mentalitet” sözündən bərk-bərk yapışan, yeri gəldi-gəlmədi işlədən və gerçəkdə mentalitet sözünün hərfi mənasını belə dəqiq bilməyən o şəxslərin tragikomik vəziyyətləri haqqında deyəcək sözü yoxdurmu bizim yumorist dostların?

Təəssüf ki, yoxdur. Çünki həmin içiboş mentalitet anlayışının ən böyük mühafizəçiləri, müdafiəçiləri elə bizim yumoristlərimizdir. Bu gün ölkəmizdə tanınan, yumorla məşğul olan (yazan-oynayan) Elməddin Cəfərovun müsahibəsindən bir parçaya nəzər yetirək:

Sual: Komediya ustalarından kimlərə baxırsan?

Cavab: “Türkiyədən Cem Yılmaza baxıram. Onda açıq-saçıqlıq çoxdur. Bizdə mentalitetə sığmır bu. Bizim kollektivin bir qanunu var: biz nə ediriksə, birinci ailəmiz baxır. Onlara nəyi göstərə biləriksə, xalqımıza da onu göstərməliyik. Biz qurşaqdan aşağı düşə bilmərik...”

Yaxşı ki, Elməddin təkcə (“anası-bacısı, ailəsi olmayan”) Cem Yılmaza baxır, yaxşı ki, Luiyə, Riki Cerveysə-filan baxmayıb.

Sənətə bu qədər bəsit təfəkkürlə yanaşan bir adamdan nə gözləyəsən axı. Halbuki, mən müəyyən istedadları olduğuna inandığım bu adamların gördüyü işləri arada izləməyə çalışıram, müsahibələrini, açıqlamalarını-filan oxuyub eləyirəm ki, bəlkə, məni təəccübləndirələr, bəlkə, düşüncələrindəki müəyyən irəliləyişin şahidi oldum. Amma yox, təəccüblənmirəm.

Yumoristin hər şey haqqında zarafat edə biləcəyini başa düşmək lazımdır. Bunu yumoristin özü anlamalıdır ilk növbədə. Yumorist güldürməlidir, narahat etməlidir, qıcıq yaratmalıdır, düşündürməlidir. Cem Yılmaz kimi, Corc Karlin kimi, Riki Cerveys kimi...

Yumoristlərimizin ən təməl problemi bugünkü tendensiyanı, “zamanın ruhu” məfhumunu qavraya bilməmələridir. Deyə bilərsiz ki: “Necə yəni qavraya bilmirlər? Konsertlərinə minlərlə adam baxır.” Doğrudur. Amma “Zamanın ruhu” anlamını sadəcə, bu günlə məhdudlaşdırmaq savadsızlıq olar. “Zamanın ruhu” dedikdə, opportunist davranıb bugünkü kütləyə xitab etməyi, “bu ay 5 toy tutdum, gələn ay 10 olsa, əla olar” təfəkkürünü nəzərdə tutmuram.

Məsələn, bu gün, xüsusilə ədəbiyyatımız üçün səciyyəvi olan postmodernist dalğanın mahiyyətini və gələcək perspektivini anlayırmı bizim yumoristlərimiz? Bir “enter” düyməsi ilə dünyanı izləyə bilən yeni nəslin tələblərinə cavab verə bilirmi bu dostlar? Yaxud sabah cavab verə biləcəklərmi?

Postmodernizmin yaratdığı “xaos”un nə anlama gəldiyini dərk edə bilirlərmi?

İnternetin yaratdığı qloballaşmanın yaratdığı dəyişikliklə ayaqlaşa bilirlərmi? Yoxsa internetin sadəcə, Facebookdan ibarət olduğunumu düşünürlər?

Heyf ki, yumoristlərimiz bütün bunları yaxşı qavraya bilmirlər. Belə olan halda, onların gələcəkdəki prosesləri öncədən görməyi, həmin proseslərin necə bir dünyanın xəbərçisi olduğunu anlamağı və dəyərləndirməyi mümkün deyil.

Yeni gəncliyin yolu

Bu cəmiyyətin, arxasında sağlam arqumentlərin olmadığı mənasız qanunlarını, tabularını şüursuzca qəbul etmək yerinə, düşünərək öz yolunu cızmaq istəyən gəncə Elməddin, “Bu şəhərdə”, “Planet Parni iz Baku” nə verə bilər axı?

Üstəlik, bu gənc bir yandan istənilən çayxanada qarşılaşacağı, “yaxşı oğlanın bacısı Facebook-a girməz” teoreminə ürəkdən inanan gənc görünüşlü qocalarla, bir yandan da özünü yumorist adlandıran, amma yumoristin kim olduğunu dərk etməyən, bəsit sənət tərifindən belə xəbəri olmayan və düşüncə olaraq o çayxanadakı “qaqaşdan” çox da fərqlənməyən şəxslərlə mübarizə aparmalıdır ki, bu cəmiyyət düzəlsin, bu ölkə gələcək nəsillər üçün daha yaşanılacaq bir yer olsun. Yəni, işin çətindir, gənc dostum.

Sonda iki örnək...

Bu gün Amerikada, İngiltərədə və dünyanın bir çox yerində fəaliyyət göstərən yumor adamları ingilis komediya qrupu “Monty Python”un cəsarətindən, yaradıcılığından ilham almışdır. Amerikada sitkomlar çəkən, stendaplar hazırlayan yumoristlərdə “Monty Python”un təsirini görmək mümkündür. Musiqidə “Beatles” nədirsə, komediyada da “Monty Python” odur. Bunu dünyanın sənət avtoritetləri söyləyir. Bu qrup 1968-1980-ci illərdə bir çoxlarının tənqid hədəfi olmuşdur. Sərt zarafatlar, satirik skeçlər və filmlər daim müzakirə predmeti olmuş, birmənalı qarşılanmamışdır. Dinlə bağlı hazırladıqları səhnəciklər, çəkdikləri filmlər də dindarlar tərəfindən tənqid edilib. Onlar “Monty Python”un çəkdiyi filmlərin premyeraları olan kinoteatrın önündə dayanıb, insanları içəri girməməyə səsləyiblər. Yəni vəziyyət bu qədər sərtləşib.

Başqa bir örnək. “Stand up” tərzi şouların atası hesab olunan amerikalı yumorist Leni Brus 1960-cı illərdə səhnədə amerikalıları, dini, kapitalizmi sərt şəkildə tənqid etmişdi. Leni Brus dəfələrlə tamaşa vaxtı polislər tərəfindən həbs olunmuşdu. Ardınca məhkəmələr başladı. Brusu ağır cəza vermək istəyirdilər. Amma həmin dövrdə xalq, onu sevən insanlar Leni Brusun arxasında durdu. Nəticədə, məhkəmə geri addım atdı. Konstitusiyada ifadə azadlığı maddəsinə dəyiºiklik edildi. Bir yumorist konstitusiyaya dəyiºiklik edilməsinə, rejimin daha da demokratikləºməsinə səbəb oldu.

Yumoristin cəsur olmağı önəmlidir. Əslində onlar toplumun gələcəyini müəyyən edən filosoflardır. Bəli, yaxşı yumorist eyni zamanda filosofdur. Sadəcə filosoflardan fərqli olaraq, onlar düşündüklərini, təsbitlərini öz satira-yumor gücü ilə bəzəyərək və bəzən çox sərt səslənən fikirləri yumorla yumşaldaraq izləyicilərə çatdırırlar. Boş yerə yumoristlərə “modern filosoflar” demirlər.

Növbəti yazılarda adını yumor tarixinə qızıl hərflərlə yazdırmış “modern filosoflar”dan (Qroçuo Marks, Vudi Allen, “Monty Python”, Corc Karlin, Bil Hiks və s.) bəhs edəcəyik.

# 2214 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #