Fırçayla edilən səyahət - Bob Ross necə rəssam olmuşdu?

Fırçayla edilən səyahət - Bob Ross necə rəssam olmuşdu?
29 oktyabr 2025
# 15:55

29 oktyabr tanınmış amerikalı rəssam Bob Rossun doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Bob Norman Ross 1942-ci ildə Amerikanın Florida ştatındakı Orlando şəhərində dünyaya gəlib.

14 yaşında atasının dülgərlik emalatxanasında işləyərkən sol işarə barmağının bir hissəsini itirib və məktəbdən ayrılıb.

18 yaşında ABŞ Hərbi Hava Qüvvələrinə qoşulub və baş çavuş rütbəsinə qədər yüksəlib.

Bir müddət xidmət üçün Alyaskaya göndərilib və burada təbiətin gözəlliyinə heyran qalaraq rəsm çəkməyə başlayıb.

Ordudan təqaüdə çıxandan sonra heç kimə sərt davranmayacağına və qışqırmayacağına özünə söz verib.

1970-ci illərdə rəssam Bill Aleksandr tərəfindən hazırlanmış "yaş səth üzərində yaş boya" (“wet-on-wet technique”) texnikasını böyük həvəslə istifadə etməyə başlayıb.

Bu texnikada həm boya, həm də kətan yaş olurdu və rəsmləri daha tez tamamlamaq mümkün idi. O, daim Billin "Yağlı boyanın sirri" ("The Magic of oil painting") adlı proqramına baxırmış.

Sonradan onun rəhbərliyi altında işləməyə başlayıb və bu, “Rəsm sevinci” proqramına ilham verib.

1982-ci ildə Uolt və Annette Kovalski Bobla tanış olublar. Cütlük onun rəsm texnikasını çox bəyənib və tanıdıqları prodüserlərlə danışaraq Bob üçün bir televiziya proqramı təşkil ediblər.

Proqram gözləniləndən daha böyük maraq görüb. Hər gün yüzlərlə məktub alıb və insanlar ona yaşadıqları şəhər və kəndlərin şəkillərini göndərərək növbəti bölümdə onların rəsmini çəkməsini xahiş ediblər.

Bob Ross PBS kanalında proqram apararkən maaş almayıb, çünki bu kanal dövlət yardımı və ianələrlə fəaliyyət göstərib.

Buna görə də, Ross maddi çətinliklər yaşayıb. İstəməsə də, çəkdiyi rəsmləri satmağa başlayıb, lakin həmin gəlirin yarısını kanala bağışlayıb. Yəni, həm pulsuz işləyib, həm də kanala dəstək olub.

Daha sonra öz adını daşıyan “Bob Ross” şirkətini qurub və burada rəsm öyrədən video kasetlər, boya, fırça və digər rəsm ləvazimatları satmağa başlayıb. Həmçinin kitabları da çap olunub.

Perma etdirib buruq saç düzümü ilə tanınmağa başlayıb, lakin sonralar bu saç formasından bezsə də, insanlar onu bu görünüşlə tanıdığı üçün dəyişdirməyib.

Dünyada məşhurluğu artdıqca bir çox ölkələrə səfərlər edib. Ancaq bu illərdə sağlamlığı da pisləşməyə başlayıb. Ömrünün sonlarına yaxın MTV-də çıxış etməyə başlayıb. O, maaş alıb və şirkəti də yaxşı gəlir gətirib, lakin sağlamlığı getdikcə daha da zəifləyib.

O, proqramlarında hər rəsmin üç versiyasını çəkib; Birini proqramdan əvvəl isinmək üçün, ikincisini proqram zamanı, üçüncüsünü isə sonradan – son titrlərində göstərmək üçün.

Hazırladığı televiziya proqramları bu gün də dünyanın müxtəlif ölkələrində yayımlanır. Onun qurduğu şirkət hələ də fəaliyyət göstərir və Netflix-də yayımlanan bölümlərdən gəlir əldə edir.

Həmçinin Yutubdakı “Bob Ross” kanalı da həmin şirkət tərəfindən idarə olunur.

Videolar bir çox dillərə tərcümə edilib və müxtəlif ölkələrdə nümayiş olunur. Lakin Ross bu yayımlardan heç bir gəlir əldə etməyib.

O, həyatı boyu 30 mindən çox rəsm çəkib. Bob Ross vəfat etdikdən sonra rəsmlərinin bir hissəsi xeyriyyə təşkilatlarına bağışlanıb, bir hissəsi isə PBS kanalına təhvil verilib. Bir dəfə oğrular onun maşınına girərək 13 rəsmini oğurlayıblar.

Orijinal adı “The Joy of Painting” ("Rəsm sevinci") olan televiziya proqramı ümumilikdə 403 bölümdən ibarət olub və Türkiyədə TRT 2 kanalında yayımlanıb. Türk dilində səsləndirməni Burçin Oraloğlu edib.

Rossun bu proqramlarda çəkdiyi ilk rəsm sonradan "Modern Artifact" Qalereyası tərəfindən 9,8 milyon dollara hərraca çıxarılıb.

Onun televiziyada gedən verilişində çəkdiyi rəsmlər, əslində, hamısı bir-birilə əlaqəli tablolardır. Belə ki, o, hər dəfə bir əvvəl çəkdiyi rəsmin davamını çəkib sanki izləyiciləri uzun bir səyahətə çıxarırdı.

Özü dəfələrlə proqramda "Bill mənə bu fantastik texnikanı öyrətdi, mənə çox dəyərli bir hədiyyə bəxş etmiş kimi hiss edir və bunu sizinlə paylaşıram" deyib.

Ona bu texnikanı müəllimi saydığı Bill Aleksandr öyrədib. Lakin sonradan şagirdinin çox böyük uğur əldə etdiyini görən Bill münasibətləri korlayıb: "Ona bu texnikanı mən öyrətmişəm, elə bilir ki, daha yaxşısını edə biləcək" deyərək Bobu ittiham etsə də, Bob bunu hər zaman etiraf etməyi bacarıb.

Rəsm tarixçiləri isə həmişə bu texnikanın daha öncələr bir çox tanınmış rəssam tərəfindən istifadə edildiyini, lakin bu texnikaya ad vermədiklərini bildiriblər.

Ross 1995-ci il iyulun 4-də, 52 yaşında xərçəngdən vəfat edib.

Onun ölümündən sonra “Bob Ross Inc.” şirkətinin mülkiyyəti Kovalski ailəsinə keçib.

Ross üç dəfə evlənib və iki oğlu var.

Onun rəsmləri ilə bağlı maraqlı statistika da var. Belə ki, onun rəsmlərinin 91 faizində ən azı 1, 85 faizində ən az 2 ağac fiquru, 44 faizində buludlar, üçdə birində göl və ya çay , 20 faizində şəlalə, 26 faizində qarlı dağlar, 22 faizində isə insan müdaxiləsi (barak, körpü, sədd), yalnız 1 faizində insan, 7 faizində plyaj təsvir olunub və 97 faizi gündüz, 3 faizi isə gecə səhnəsidir.

# 318 dəfə oxunub

Oxşar xəbərlər

Özü güllələnən, ailəsi sürgün olunan jurnalist - Onu adını niyə hər yerdən silirdilər?

Özü güllələnən, ailəsi sürgün olunan jurnalist - Onu adını niyə hər yerdən silirdilər?

18:10 29 oktyabr 2025
Tanınmış cazmen Bakıda master klass keçdi

Tanınmış cazmen Bakıda master klass keçdi

17:15 29 oktyabr 2025
Xalı toxuduğu dəzgahı almanlara satmaqdan imtina edən azərbaycanlı xalçaçı-rəssam

Xalı toxuduğu dəzgahı almanlara satmaqdan imtina edən azərbaycanlı xalçaçı-rəssam

16:55 29 oktyabr 2025
Pasternak “İçərişəhər” Qoruğunun Aparat rəhbəri təyin edildi

Pasternak “İçərişəhər” Qoruğunun Aparat rəhbəri təyin edildi

16:50 29 oktyabr 2025
“Sovetski”dəki tarixi bina sökülür? - Rəsmi açıqlama

“Sovetski”dəki tarixi bina sökülür? - Rəsmi açıqlama

16:30 29 oktyabr 2025
Bakıda “Rok-n-roll kralı”nın mahnılarından ibarət müzikl təqdim edilib

Bakıda “Rok-n-roll kralı”nın mahnılarından ibarət müzikl təqdim edilib

15:20 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər