Öləcəyi günü yuxuda görən Məmmədbağır Bağırzadə

Xalq artisti Məmmədbağır Bağırzadə

Xalq artisti Məmmədbağır Bağırzadə

30 oktyabr 2025
# 10:17

Bu gün müğənni,Xalq artisti Məmmədbağır Bağırzadənin anım günüdür.

Kulis.az Elşən Qəniyevin "Mahnılarda yaşayan ömür" yazısını təqdim edir.

Onun səsi də, ifası da, səhnə mədəniyyət i də bir başqa idi. Gözlərindən, baxışlarından daxili gözəlliyini görmək olurdu. Üzündən nur tökülürdü. Tanrı ona əvəzsiz bir nemət - gözəl səs vermişdi. Məlahətli səsi adamın ruhunu oxşayıb qanına hopurdu.

Efirə çıxmazdan əvvəl el şənliklərində ad çıxarmışdı. Hələ o zaman nəinki Azərbaycanda, İranda, Orta Asiyada da yaxşı tanıyırdılar onu. O, əsl Azərbaycan oğlu idi. Oturub-durmağı, əxlaqı, ləyaqəti ilə... Elə efirə də ilk dəfə 1977-ci ildə Ələkbər Tağıyevin "Azərbaycan oğluyam" mahnısı ilə çıxdı. İlk mahnısı ilə də tamaşaçıların ürəyinə çığır açıb dinləyiciləri səsinin sehrinə saldı. İlk dəfə Məmmədbağır Bağırzadənin ifasında səslənən, sonralar düşmənin üstünə yeriyən qəhrəman oğullarımızın qəhrəmanlıq marşına döndü bu mahnı.

Azərbaycanın Xalq artisti, mahnılarımızın, muğam və təsniflərimizin bənzərsiz ifaçısı, bəstəkar-müğənni Məmmədbağır Bağırzadə 1950-ci il iyulun 21-də Bakının Nardaran kəndində dünyaya gəlmişdi. Uşaqlıqdan musiqiyə, ifaçılığa marağı olan 20 yaşlı Məmmədbağır hərbi xidmətdən qayıtdıqdan sonra toylarda görünməyə başlamışdı. Doğulduğu Nardaran kəndində klassik musiqiyə, muğamlara həmişə böyük hörmət və sevgi görən Məmmədbağır bənzərsiz ifa tərzi ilə qısa bir zamanda Bakı və Bakıətrafı kəndlərin sevimlisinə çevrilərək hörmət qazanmışdı. Məmmədbağır həm öz bəstələrini oxuyar, həm də klassik musiqiyə üstünlük verərdi. Gənc xanəndənin bir üstünlüyü də onda idi ki, klassik şeiri, qəzəlləri yaxşı bilirdi. 1979-cu ildə A.Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsində Xalq artisti Əlibaba Məmmədovun sinfində dərs alan Məmmədbağır Bağırzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdi.

Xalq artisti Əlibaba Məmmədov xatirələrində deyirdi:

"Hər dərsin sonunda mütləq Məmmədbağıra bir muğam oxutdurardım ki, ruhumuz qidalansın. Onun səsinin, avazının bir başqa gözəlliyi var idi. Məmmədbağır nadir səs sahiblərindən idi".

Elə bu səbəbdəndir ki, Əlibaba Məmmədov bu nadir səs sahibini rəhbərlik etdiyi "Humayun" ansamblına dəvət edir. Sonralar M.Bağırzadə Asəf Zeynallı adına musiqi kollecində Xan Şuşinski sinfində və muğam kafedrasında, həmçinin 3 saylı musiqi məktəbinin muğam sinfində müəllimlik edir. Eyni zamanda müğənni 1976-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radiosunun solisti olur. Sənətkar həm də özünün "Dilkeş" ansamblını yaradır.

Oğlu Rahim Bağırzadə bu barədə jurnalistlərə verdiyi müsahibələrinin birində demişdir:

"Atam ansamblının adını "Dilkeş" qoymuşdu, evdə daha çox ərəb, türk kanallarına baxırdı. Bir dəfə bunların səbəbini atamdan soruşanda mənə dedi ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. O, dünyasını dəyişəndən sonra arxiv idarəsində işləyən tanışımızdan xahiş etdim ki, bizim nəslin şəcərəsini araşdırsın. Məlum oldu ki, atamın ulu babaları İraqda, Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss etmişdi".

Müğənni repertuarında daha çox Əliğa Vahid, Mədinə Gülgün, Fikrət Qocanın şeirlərinə bəstələnən mahnılara üstünlük verərdi.

Məmmədbağır Bağırzadə ifa etdiyi mahnılara öz möhrünü vurmağı bacaran nadir sənətkarlardan idi. Onun ifa etdiyi "Axşamlar", "Səni unuda bilmirəm", "Olmaz, olmaz", "Belə qəmli dayanma", "Xatirələr", " Ayrılıq olmayaydı" mahnıları əbədiyaşarlıq qazanmış musiqi nümunələrindəndir.

Məmmədbağır Bağırzadə ifaçılıqla yanaşı, mahnı da bəstələyirdi. O, 30-dan çox mahnıya - "Darıxıram", "Dözə bilmirəm", "Güman yeri var", "Qaldı dağlarda", "Olmaz", "Qəhrəmanlıq nəğməsi", "Dindir məni", "Ana dünyası", "Xoşum gəlir", "Axtarır gözüm səni" musiqi ömrü vermişdi.

Xanəndənin oğlu Rahim Bağırzadə demişdi:

"Atam ağir təbiətli, qapalı xarakterə malik olan adam idi. Oktyabrın 30-da rəhmətə gedəcəyini yuxuda görmüşdü. Həmişə də bu tarixdən qorxurdu. 2005-ci ilin oktyabr ayında dünyasını dəyişdi. Elə oktyabrın 30-da öz vəsiyyətinə uyğun olaraq doğulduğu Nardaran kəndində dəfn olundu".

Xanəndə haqqında bu günə qədər 7 sənədli film çəkilib. Fonetekamızın qızıl fondunda iki - "Rast" və "Zabul" muğamları saxlanılır. Müğənni dünyasını dəyişdikdən sonra haqqında "Doymadım bu dünyadan" və "Azərbaycan oğluyam" adlı iki kitab yazılıb.

# 62 dəfə oxunub

Oxşar xəbərlər

DTX "Hürriyyət" redaksiyasında əməliyyat keçirdi - Vüqar Məmmədov saxlanıldı

DTX "Hürriyyət" redaksiyasında əməliyyat keçirdi - Vüqar Məmmədov saxlanıldı

12:54 30 oktyabr 2025
“Çoxdan şampan içmirdim”- Yazıçılar son nəfəslərində nə demişdilər?

“Çoxdan şampan içmirdim”- Yazıçılar son nəfəslərində nə demişdilər?

12:00 30 oktyabr 2025
Rövşən Abdullaoğlunun imza günü olacaq

Rövşən Abdullaoğlunun imza günü olacaq

11:16 30 oktyabr 2025
Ən məşhur əsərlərini həbsxanada yazan  "İspaniya ədəbiyyatının aslanı"

Ən məşhur əsərlərini həbsxanada yazan "İspaniya ədəbiyyatının aslanı"

11:15 30 oktyabr 2025
Ancelina Coli və Bred Pitt  nəyin davasını edir?

Ancelina Coli və Bred Pitt nəyin davasını edir?

10:53 30 oktyabr 2025
"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin  xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

10:48 30 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər