"Herostrat Efesdə müqəddəs sayılan Artemida məbədini yandıran bir alverçi idi. Deyilənlərə görə, o, bunu məşhurlaşmaq üçün etmişdi. Efes əmiri onu cəzalandırmaq üçün xalqa qəribə bir əmr verdi: “Herostratı unudun”. Amma tarix nə o məbədi tikdirəni, nə də o məbəddəki bir ruhanini yaddaşında saxladı. Herostratsa unudulmadı... "
"Kino+" qəzeti ilə təzəcə əməkdaşlıq etməyə başlamışdım.
Bir dəfə redaktor dedi ki, Hüseynağa Atakişiyevdən müsahibə ala bilərsən?
Bu, mənim birinci müsahibəm idi. Hüseynağa müəllim o dəqiqə başa düşdü ki, təzəyəm, özü başladı söhbət eləməyə.
"Hüseynağa müəllim, sizin yaradıcılığınızda..." güldü, "Yaradıcılığım var mənim?..." (bu gülüşün mənə-ütülü, kraxmallı sual vermək istəyən debütant jurnalistə yox, teatrda can qoyduğu illərə, özünə, dəxli olan hər kəsə yönəlmiş acı istehzası olduğunu hiss etdim).
Bu da onunla görüşdə xatırladığım ilk və yeganə epizod... Qalanları onun tamaşalarıdır.
Aktyor Evinin o zaman şəraitsiz binasında sanki qısa bir zaman kəsiyinə sığışdırmaq üçün, pis-yaxşı demədən, bir-birinin ardınca hazırladığı tamaşalar... Daim soyuq, sınıq-salxaq, iki cüt, bir tək tamaşaçı olan zalda tamaşalar göstərmək... Bu nə inadkarlıq, nə yorğunluq, nə təmkin, nə sevgi idi? Anlamaq olmurdu.
Mat-məətəl qalmışdım. Birinci dəfə "mizantrop" olmayan, işıqlı, xoş enerjili rejissor görürdüm. İndiyə kimi də bilmirəm, Hüseynağa müəllimin iddiası nəyə idi. Tamaşa başlamazdan əvvəl Aktyorlar Evinin tamaşa zalının foyesi qarşısında qayğılı gəzişərkən, tamaşaya gələn iki-bir, üç-bir adamları seyr edərkən nə düşünürdü, görəsən?
Ən təsirlisi nə idi? Ən təsirlisi o idi ki, o, fədakar sənətkar imici yaratmırdı, sadəcə şəraitə uyğun şəkildə vicdan rahatlığı üçün işini görürdü. Ən təsirlisi nə idi? Ən təsirlisi o idi ki, o, cəmiyyətin dibində uyuyanları oyatmaq üçün yorulmadan qəribə bir təmkinlə bu göl misallı cəmiyyətə daş atırdı. Hər daşın nə qədər az effektli olduğunu, yaratdığı dairələrin sonda yenə də özünə gəlib çatdığını görə-görə.
Teatrşünasların, rejissorların Hüseynağa Atakişiyevin hələ Şəki Teatrından gerçəkləşdirməyə başladığı teatr konsepsiyaları haqda fikirlərinə yalnız bir qənaəti əlavə etmək olar: Hüseynağa Atakişiyev sənətinin arxasında böyük hərflərlə ŞƏXSİYYƏT dururdu. Teatr konsepsiyalarını, üslub özəlliyini, yeni estetik meyarlar nizamnaməsini lazım olduğu qədər faş etməyə, bəlkə də, bu mane oldu?
Hüseynağa Atakişiyevin quruluş verdiyi son tamaşalar içərisində "Herostratı unudun!" deyilən bir tamaşa var. Bu tamaşa sanki bir istehza idi. Çünki, Gənclər Teatrının zamanında elə bil kimsə qeybdən Hüseynağa Atakişiyev haqqında “Herostratı unudun!” kimi absurd bir əmr vermişdi. Amma o "Herostrat" – Hüseynağa sanki bunun mümkünsüzlüyünü anlatmaq üçün özü də onlara qoşulmuşdu – unudulmaq üçün əlindən gələni edirdi... Biganəliyin qarşısında bütün bu etdiklərindən sonra nə sözü qalırdı ki, Hüseynağa Atakişiyevin? "Unudun!", deyirdi, "Herostratı unudun!". Bu küskünlük-filan deyildi, son söz yerinə tamaşaçılara deyilmiş bir kəlmə idi - "Herostratı unudun!"... Bax belə...