Kriminal dəstəyə qoşulan səkkizinci sinif şagirdi, gödəkçəsini qumarda uduzan ana - "Qaqaşın sözü"

Kriminal dəstəyə qoşulan səkkizinci sinif şagirdi, gödəkçəsini qumarda uduzan ana - "Qaqaşın sözü"
20 dekabr 2023
# 12:00

Kulis.az Orxan Adıgözəlin məşhur serial haqqında "Qaqaşın sözü" adlı yeni yazısını təqdim edir.

Son günlər çox müzakirə olunan “Cлово пацана. Кровь на асфальте“ serialının birinci mövsümünü izlədim.
Rusiya istehsalı olan və rejissor Jora Xrıjovnikov tərəfindən ərsəyə gələn serial xeyli məşhurluq tapıb, hətta qalmaqallara da səbəb olub.
Seriala baxmaqla çox da aram olmadığına baxmayaraq, Xrıjovnikovun ekran əsərini bəyəndim.

Yazımda vacib detallara toxunmaq niyyətindəyəm, ancaq əvvəlcə gəlin serialın rusca olan adını, dilimizə uyğun ifadə etməyə çalışaq. “Пацан” rus dilində jarqon sayılan və əsasən, yeniyetmə və gənc oğlanlara xitab edilən sözdür. Üslubi cəhətdən məişət səviyyəsində istifadə edilən söz, həm də cinayətkar dəstəsinin siravi üzvü olan oğlanlara müraciət şəklidir. Yəni “oğlan”. Sözün haradan gəldiyi ilə bağlı nəsə yazmayacağam. Maraqlanan quqla müraciət edə bilər. Əlqərəz, “пацан” bu məqalədə “qaqaş” kimi ifadə olunacaq.

Bizim submədəniyyətimizdə bu sayaq ideologiyası, jarqonu və həyat tərzi ilə seçilənlər arasında “qaqaş” xitabı gen-bol işlənir.

“Слово пацана. Кровь на асфальте” – “Qaqaşın sözü. Asfaltdakı qan” – buradakı “qaqaşın sözü” onun özünə, sözünə, vədinə nə qədər vəfalı, sadiq olmağına işarət, dəlalət etdiyini göstərir. Bizdə bundan əsasən, “kişi kimi” əlavəli cümlələrdə, o ideyaya uyğun olan inanc və fəlsəfədə istifadə edilir. Belə ki, bu yazıda bəhs olunan serial haqda qısa olaraq “Qaqaşın sözü” adından istifadə edəcəyik. Söhbət uzandı, keçirəm seriala.

“Qaqaşın sözü” serialındakı hadisələr 1989-cu ildə Sovet Rusiyasının Kazan şəhərində baş verir. Şəhər qeyri-rəsmi olaraq yeniyetmə dəstələri aralarında “bölünüb”. Bu bandalar “malik olduqları” ərazilər, qəsəbələr uğrunda döyüşlər təşkil edir, quldurluq və soyğunçuluqla məşğul olurlar.

Serialın əsas qəhrəmanı səkkizinci sinif şagirdi Andreydir. O, anası və azyaşlı bacısı ilə yaşayır, atası isə yoxdur. Andrey nümunəvi şagirdlərdəndir. O, pianoda ifa edir, ingilis dilini yaxşı bilir. Bir gün məktəbdə müəllim, Andreydən Marat adlı şagirdin ingilis dilini təkmilləşdirməsinə kömək etməyi xahiş edir. Marat zorba, ipə-sapa yatmayan, dalaşqan yeniyetmələrdəndir. Elə olur ki, oğlanlar tez zamanda yaxınlaşır və dostlaşırlar. Andrey Maratın üzvü olduğu kriminal dəstəyə üzv olur. Bir müddət sonra Maratın böyük qardaşı Vova Əfqanıstandan müharibədən qayıdır və üzvü olduğu bandanın o olmadığı dövrdə dəyişməsi ilə barışmır və həmin icmadakı vəziyyəti dəyişir. Bu da özü ilə xoş, eyni zamanda dəhşətli hallar gətirir.

Yuxarıda da yazmışam, serial izləməyi çox da xoşlamıram, “Qaqaşın sözü” istisnalardan oldu. Onu xoşlamağıma başlıca səbəb serialda təsvir edilənlərin mənə heç də yad olmamasıdır.

Yeniyetməlik dövrümü yadıma salıram. İlahi, mən nələr eləmişəm, hansı çevrə ilə yoldaşlığım, dostluğum olub?! Bakıda, İnqilab qəsəbəsində elə məhəllədə böyümüşəm ki, oradan keçən “yad” qaqaşlar təqib oluna, döyülə bilərdilər. Məhəlləmiz avtoritar-mühafizəkar, yırtıcı və amansız mühitin çalarları ilə əhatə olunmuşdu. Az qala, orada yaşayan yaşıdım olan, elə məndən böyüklərlə də söz-söhbətim, davam düşüb.

“Qaqaşın sözü”ndəki kimi dəstələr, qaydalar, mühit təkcə yeniyetməliyim çağımla məhdudlaşmadı. Böyüdüm, məktəbi bitirdim, Gəncə şəhərində Universitetə qəbul oldum, orada yaşamağa başladım və bir də ayıldım ki, yeniyetmə dövründəkindən daha qəddar mühitin içindəyəm. Kütləvi davalar, avtoritet iyerarxiyası, rituallar, cəzalar, yoldaşlıq və ölümlə rəqsə bərabər həyat tərzi...

Bir gün bunları memuarımda geniş şəkildə bölüşəcəyəm. Əvvəllər düşünürdüm ki, istəmədən, ixtiyarsız o mühitin içinə düşmüşəm. Sonra anladım ki, bu, öz seçimim olub. Əlbəttə ki, şüurlu yox. Sananlar var ki, insanı şüur idarə edir. Elə həmin vaxt kənarda peyda olan şüursuzluq qımışır, oğrun-oğrun gülür və istehzalı üz ifadəsi ilə başını yelləyir.

“Qaqaşın sözü” mənə təkcə kemişimi xatırlatmadı. Oradakı peşəkar aktyor oyunu, gözəl operator işi, dövrə uyğunlaşdırılmış rekvizitlər, ləzzətli soundtreklər, real anturajı ötürən fabulanın içində, bir növ isti piroqun üzərindəki qaymaqlı dondurma kimi xoş təəssürat yaradır.
Serialdakı hadisələrin bir hissəsinin “xəyal məhsulu” olduğu vurğulansa da, oradakılar realda həmin dövr üçün yaşanmış hadisələr olub. 1970-ci illərdən başlayaraq Tatarıstanda gənclər arasında cinayətkarlıq bumu yarandı. Buna ad da verilmişdi: "Kazan fenomeni". Cinayətkar qruplar əsasən, yaşayış yeri üzrə birləşmiş yetkinlik yaşına çatmayanlardan ibarət idi. Ona görə də dəstələr özlərini “küçə” adlandırırdılar. Gəncədə istifadə edilən “küçəli” sözünü xatırlayıram. “Küçəli” jarqonu təkcə məhəllə yoldaşına yox, bir yerdə çörək kəsdiyin, əzizləmə və isti münasibət bəslədiyin şəxslərə edilən xitabdır. Bunu da o dava-dalaşlı günlərimdə çox eşitmişəm. “Küçəli” məhz Gəncə şəhərində işlənən sözlərdəndir.

“Qaqaşın sözü” serialında aktyor oyununun peşəkarlığı çox diqqətimi çəkdi. Rejissor əla seçim eləmişdi. Ən xoşuma gələn aktyor ifası bandanın başçısı Kaşeyə məxsus idi. “Kaşey” onun ləqəbidir. Biz onun adını sona qədər bilmirik. Kaşey əsas qəhrəmanların yer aldığı “Universam” dəstəsinə rəhbərlik edir. Buna baxmayaraq, o antoqonistdir. Hiyləgər, qəddar, soyuqqanlı - bunlar onun əsas xüsusiyyətləridir. Koşey ona mane olanlarla sərt davranır, hətta köməkçilərinə də güzəştə getmir. Bu personajda avtoritar başçıya xas xarakterik xüsusiyyətlər var. O, xarizmatikdir, insanları inandırmağı bacarır. Məlumatlar yalan olsa da, onları həqiqət kimi çatdırmaq qabiliyyətinə malikdir. Təşkilatçılıq qabiliyyəti və natiqliyi ilə birgə sərtliyi də diqqət çəkir. Koşey rolunu aktyor Nikita Koloqrivıy canlandırır. Koloqrivıy rolunun öhdəsindən ustalıqla gəlib. Onun danışığı, siqareti çəkməyi, hər xırda davranış tərzi, susması belə banda başçılarına xas görünüşü və enerjini ötürə bilir.

Düzdür, “Qaqaşın sözü” boşluqlardan da hali deyil. Məsələn, birinci seriyanın əvvəlindən Andreylə birgə avtobusda gedən və qorxudan pullarını Marata verən oğlan, bir gün keçir, özü lotuluq edir və “haqq” alana çevrilir. “Düzgünlükdən, vicdanla işləyib pul qazanmaqdan” ehtirasla danışan və oğluna nümunə olmağa çalışan ana bazarda ucuz şans oyununun qurbanına çevrilib, azart oyunlarının aludəçisi kimi davranıb, həmin oyuna papağını, gödəkçəsini qoyub, uduzur.

Serialı Rusiyada qadağan etməklə bağlı söhbətlər gəzir. Onun cinayətkarlığı, kriminalı romantikləşdirdiyini bildirirlər. Tatarıstan başda olmaqla, ölkənin digər bölgələrində cinayətkar dəstələrin artdığı nəzərə alınıb. Kazandakı kütləvi davalardan sonra Tatarstanın Ombudsmanı videomüraciətlə bildirib ki, “serialı qadağan eləmək lazımdır”.

O dəfə Nigar Köçərli feysbukda belə bir sual ünvanlamışdı: “Nə üçün “Qaqaşın sözü”nün populyarlıq qazanmasından sonra Rusiyada, əsas da Kazanda serialdakı cinayətləri təqlid edənlər və əsas da kriminal artıb, ancaq “Peaky Blinders” serialından sonra İngiltərənin Birmingem şəhərində oxşar vəziyyət yaranmayıb”?

Hər şey gün kimi aydındır. Hökumətlər necədirsə, cəmiyyətləri də onlara oxşayır. Kriminal Rusiyadakı sistemin ən ümdə rıçaqlarındandır. Daxili vəziyyət həm də cinayətkar qruplarının varlığı ilə idarə olunur.

Bir rusun “Qaqaşın sözü” haqda belə bir rəyini oxumuşdum: “Xeyr, təbii ki, biz istisna deyilik. Nyu-Yorkda Harlem, Parisdə ərəb bölgələri var, amma oradakılar daha çox gettodurlar. Biz isə bir də ayıldıq ki, bütün ölkəmiz gettoya çevrildi”.

Hə, qaqaş düz ifadə eləyib: "Rusiya böyük bir gettodur."

Yeri gəlmişkən, bir az “Peaky Blinders” serialına baxdım, pafosdan, uyğunsuz vəziyyətlərin soxuşdurulmasından ürəyim bulandı. Bir köpüklük deyil. "Слово пацана” ilə onu heç müqayisə etməyəcəyəm.

Bir məqam da gerçəkdir, sosial infrastrukturun inkişaf etmədiyi ölkələrdə kriminal da geniş vüsət alır. Humanist, yaxşı sistem insan xislətinin idbar tərəflərini məhdudlaşdırır. İnsan yönümlü idarəetmə sistemi vətəndaşlarına gözəl vərdişlər aşılayır, onları ibtidailikdən uzaqlaşdırır. Nəticədə ölkədə cinayət hallarının faizi xeyli aşağı olur.

“Qaqaşın sözü” serialını izləyib-izləməmək də seçimdir.

Xoş seyrlər və seçimlər!

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
#
#
# # #