Kitab sərgisi

Rəhman Rəhmanov: "Xoşqədəm Hidayətqızı mənə dedi ki..." - Müsahibə

Rəhman Rəhmanov:  "Xoşqədəm Hidayətqızı mənə dedi ki..." - Müsahibə
1 oktyabr 2025
# 16:28

Kulis.az Rəhman Mirzəlizadənin Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovla müsahibəsini təqdim edir.

- Rəhman müəllim, işlər necə gedir? Teatr fəaliyyəti nə yerdədir?

- Teatr fəaliyyəti hazırda yüksək səviyyədədir. Planımızda bir-birindən gözəl tamaşalar var. Bir çox teatr tamaşaçı qıtlığı çəkir, amma bizdə belə şey yoxdur. Zalımız daim tamaşaçıyla dolu olur. Təkcə uşaqlar yox, onları gətirən valideynlər də həvəslə tamaşalarımıza baxırlar. Tamaşa həddən çoxdur. Həm Azərbaycan, həm rus bölməsi üzrə tamaşalarımız olur. Birazdan "Nənəmin aş qazanı" adlı tamaşanın məşqi olacaq.

- Əvvəl efirlərə ekspert qismində çox çıxırdız. Uzun müddətdir ki, verilişlərdə görmürəm sizi. Nə ilə bağlıdır?

- Sözün açığı, qocalmışam. Daha gedib otura bilmirəm. Hövsələm çatmır. Bundan əlavə, teatrın da işi çoxdur. Ayın 1-dən yeni tamaşa başlayır. Neçə ildir arzusunda olduğum bir tamaşa - "Bizim Aybalit" səhnəyə qoyulacaq, ona hazırlaşıram. Amma sosial verilişlərə yenə çağırırlar.

- Rəhman müəllim, bu cür verilişlərdə ailə-məişət mövzuları qabardılır. Daha doğrusu, yeznə-qayın dedi-qodusu səviyyəsində olur bu söhbətlər. Heç bunları tənqid etmisiz?

- Mən sülh adamıyam. Məsləhətimi də elə verirəm ki, sülh yolu ilə olsun. Keçən dəfə "Səni axtarıram" verilişində bir az əsəbiləşdim, dedim, elə etməyin ki, auditoriyanı tərk edim. Xoşqədəm xanım dedi, sən əziz qonağımızsan. Məni müdafiə etdi. Sonra Elgiz Əkbərin, Zaurun verilişinə ekspert kimi gedirəm. Onların hər üçü mənə yaxşı olub. Təpədən-dırnağa xəstəyəm. Onlar xəstəliyimə kömək edirlər, sağaldırlar. İstər maddi, istər mənəvi cəhətdən.

- Buna görə tənqid eləmirsiz onları?

- Dostluq edirik. Onlar qayğıma qalırsa, mən də onlarla dostluq etməyi bacarmalıyam. İkincisi, şou adamı deyiləm. Artıq-əskik danışmaram.

- Söhbət sizin artıq-əskik danışmağınızdan getmir. O verilişlərdə danışılan aşağı səviyyəli mövzuları, ailə-məişət söhbətlərini ictimailəşdirib bundan xal qoparmaq nə dərəcədə doğrudur?

- Sizinlə hardasa razıyam. Lakin bu verilişlər dünyanın bir çox yerində - Türkiyədə, Rusiyada da var, ailə-məişət söhbətləri gedir. Efirə də onlara görə baxırlar. Bir dedi-qoduya, bir də belə şoulara. Amma əvvəl "Uzaq sahillərdə", "Bəxtiyar" filminə baxırdılar. Nəhəng aktyorlarımızın da çoxu indi efirə çıxmır. Mən öz abırımı qoruyan adamam. Sağalan yara deyil bunlar...

- Sosial proqramlar olmalıdır. Amma adını "sosial proqram" qoyub hər yoldan keçəni efirə çıxarmaq... Evinin ən məhrəm söhbətini qonşusuna danışan "N" qədər adam var, amma bunları efirə çıxarıb xal yığmaq etik deyil axı.

- Cavan vaxtlarımda Əliağa Ağayev, Yusif Vəliyevlə, Nəsibə Zeynalova ilə bir yerdə səhnəyə çıxırdıq. Amma indi gəlib ekspert kimi otururam. Sadəcə sağlamlığıma görə. Çünki o verilişin aparıcıları mənə yaxşı baxırlar. Necə ki ekspert kimi vaxtımı itirirəm orada, onlar da mənə kömək edirlər.

- Rəhman müəllim, uzun müddət toylara getmisiz. Hazırda da toya gedən aktyorlar var. Maddi çətinlikdən yaranır bu ehtiyac?

- Bəli, 40 il toylara getmişəm. O dövrdə başqa yerdə qazanc yox idi. Teatrın maaşı, televiziyada qonorar az idi. Bununla ailə saxlamaq olmurdu. O vaxt Kukla Teatrıda 60 manat maaşla işə başlamışam. Nəylə dolandırasan ailəni? Ona görə də, toylara tamada kimi gedirdim. Özü də tamada kimi çox yaxşı olmuşam. Sonradan elə bir dövr gəldi ki, teatrda yüksək maaş aldım, ondan sonra getmədim toylara.

- Kommersiya sirri deyilsə, bilmək olar hazırda teatrdan nə qədər maaş alırsız?

- Teatrdan 870 manat maaş alıram. 200 manat fəxri ada görə, 500 manat prezident təqaüdü və qocalıq pensiyası alıram. Gəlirim ümumi 2000 manata gəlib çıxır.

- Siz bu gəlirə çatmaq üçün 70 ilə yaxın vermisiz. Amma bu dəqiqə gənclər var ki, sizin aldığınız təqaüdlərin heç birini almırlar, fəxri adları yoxdur və maaşları da sizdən azdır. Məhz teatr maaşı ilə 4 nəfərlik bir ailəni dolandırmaq olar?

- Bizdə yoldaşımla mənəm. Yoldaşım da təqaüd alır. Təkcə teatr maaşı alsam, təqaüdlərlə birlikdə ikimizə çatar.

- Yaxşı, bəs uşaqlı bir ailə?

- Yox, çatmaz.

- Sizdə elə aktyor var ki, başqa işlə məşğul olmasın və təkcə teatr maaşı onu qane etsin?

- Vallah, onu deyə bilmərəm. Kiminsə əvəzinə danışmaq olmaz.

- Sözü ona gətirirəm ki, sadəcə teatr, sənətlə məşğul olan biri necə ailə-uşaq sahibi olacaq? Belə çıxır ki, bu sənətə gələn biri normal dolanmaq üçün fəxri ad, təqaüd yaşını gözləməlidir?

- Digər teatrlarda bizdən yüksək maaş alırlar. Biz də gənc olmuşuq. 60 manata başlamışam işə.

- Küçə sənətinə münasibətiniz necədir?

- Pis baxmıram. O insanlar da sənətlərin elə göstərir, pulunu qazanır. Onlara ancaq "sağ ol" demək olar, çünki gedib oğurluq etmirlər.

- Nə qədər müasirsiz?

- Müasirlik lazımdır. Amma müasirlik o demək deyil ki, qısa şortik geyinsinlər, qadınlar küçədə siqaret çəksin. Hər şey ədəb-ərkanla olmalıdır.

- Nəvələrinizlə vaxt keçirirsiz?

- Əlbəttə. 5 nəvəm var. Ən böyüyünün 18, balacasının 6 yaşı var.

- Nəvələrinizdən sizin yolunuzu getmək istəyən var?

- Yox. Biri atasının yolun gedir, müğənni olmaq istəyir.

- İstəyirsiz hansısa aktyor olsun?

- Sərf eləmir...

- Nə mənada?

- Qazanc yoxdur bu sənətdə. Bu yaşa gəlib çatmışam, hələ indi qiymət verirlər.

- Əslində, bayaq bunu eşitmək istəyirdim sizdən..

- Başlanğıcda çox çətin olur. Teatrlarda maaş azdır. Amma yenə də deyirəm, aktyorun istedadından asılıdır. İstedad varsa, teatrla yanaşı kino ilə, digər şeylərlə pul qazanacaq. Adam tanıyıram ki, İncəsənət Universitetini bitirib, hazırda ayaqqabı satır. Görüb ki, bu sahədə qazanc azdır, keçib ticarətə.

- Hazırda çəkilən seriallara baxırsız?

- Vaxtım olmur. Bədii filmlərə baxıram. Çəkilən komediyalara baxıram, maraqlıdır.

- Məsələn, hansılar?

- "Komedixana" yaxşıdır, bəyənirəm.

- Onların yumorunu bəyənirsiz?

- Bəli. Hətta məni də dəvət etmişdilər, hələlik getmirəm. Fərda Xudaverdiyevin, Elməddin Cəfərovun, Müşfiq Abbasovun filmlərinə baxıram. Amma əksərən rusların bədii filmlərini izləyirəm.

Foto - Rüfət Mustafayev © APA GROUP

# 160 dəfə oxunub

Oxşar xəbərlər

Məhkəmədən Ayşe Barımla bağlı qərar

Məhkəmədən Ayşe Barımla bağlı qərar

17:50 1 oktyabr 2025
"Junior Eurovision 2025"də 17 ölkə iştirak edəcək

"Junior Eurovision 2025"də 17 ölkə iştirak edəcək

16:00 1 oktyabr 2025
Qədim Şumer və yunan mifologiyasından yazan  gürcü romançı

Qədim Şumer və yunan mifologiyasından yazan gürcü romançı

15:30 1 oktyabr 2025
Vətən müharibəsi qazisi:  "Şuşada şəhid və yaralıları Henrix Mxitaryanın villasına toplamışdıq" - Müsahibə

Vətən müharibəsi qazisi: "Şuşada şəhid və yaralıları Henrix Mxitaryanın villasına toplamışdıq" - Müsahibə

15:21 1 oktyabr 2025
Yazıçı Dmitri Bıkov qiyabi həbs edildi

Yazıçı Dmitri Bıkov qiyabi həbs edildi

13:45 1 oktyabr 2025
Gənc rəssamın fərdi sərgisi açıldı

Gənc rəssamın fərdi sərgisi açıldı

13:10 1 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər