Elxan Cəfərov: "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə

Elxan Cəfərov:  "Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir" - Müsahibə
30 oktyabr 2025
# 18:11

Kulis.az Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar İncəsənət xadimi Elxan Cəfərovla müsahibəni təqdim edir.

– Elxan müəllim, son illərdə Kino Agentliyinin fəaliyyəti nəticəsində kino sahəsində hansı əsas nəticələrə nail olunub?

– Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb. Onlardan 21-i tammetrajlı bədii, 15-i sənədli və bədii-sənədli, 26-sı qısametrajlı, 8-i animasiya, biri isə çoxseriyalı bədii filmdir. Bu günə qədər 41 film artıq tamamlanıb və təhvil verilib, 30 layihə isə istehsalatdadır. Ümumilikdə, kino istehsalına 21 milyon manatdan çox vəsait ayrılıb. Bu, Azərbaycan kinosu üçün kifayət qədər ciddi göstəricidir.

– Dövlət maliyyələşməsi sistemində hansı yeniliklər baş verib?

– Əvvəllər dövlət həm sifarişçi, həm də icraçı kimi çıxış edirdi. Yəni həm pulu ayırır, həm də özü çəkirdi. Amma son illərdə aparılan islahatlar bu modeli tam dəyişdi. İndi dövlət yalnız sifarişçi rolundadır, icraçılar isə şəffaf müsabiqə yolu ilə seçilən özəl studiyalardır. Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir. Filmlərin yaradıcılıq keyfiyyətini isə Bədii Şura qiymətləndirir. Bu, daha şəffaf və ədalətli bir sistemdir.

– Bu dəyişikliklər kino istehsalına necə təsir edib?

– Əvvəl cəmi 3–4 şirkət film çəkirdi, indi isə onlarla yeni studiya və müstəqil prodüser bu prosesə qoşulub. Bu, həm rəqabəti artırdı, həm də gənc rejissorların qarşısında yeni qapılar açdı.

Bu gün həm tanınmış, həm də gənc rejissorlar öz filmlərini çəkir, yeni adlar üzə çıxır. Ən gözəl tərəfi isə odur ki, bu layihələrin çoxunda “Azərbaycanfilm” kinostudiyasının bazasından aktiv istifadə edilir.Yəni milli kino ənənəmizlə müasir istehsal bir aradadır.

– Dövlət sifarişi ilə çəkilən filmlər arasında hansı layihələr daha çox fərqlənir?

– Ümumiyyətlə, qeyd edim ki, film layihələrinə dəstək göstərilən zaman bizim üçün prioritet məsələ əsasən milli vətənpərvərlik ruhunun və milli yaddaşımızın qorunmasına xidmət edən, habelə Qarabağ və vətən müharibəsi mövzularına həsr edilmiş filmlərin sayısının artırılmasıdır. Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən bu istiqamətdə son üç il ərzində 22 filmin istehsalına dəstək göstərilmiş, onlardan 15-i tam təhvil verilib, 4-ü təhvil mərhələsindədir, 3 filmin isə təhvili 2026-ci ildə nəzərdə tutulur.

Dediyim kimi, tarixi mövzular da bizim üçün hər zaman ön plandadır. Çünki, kino təkcə sənaye deyil, həm də milli yaddaşın qorunması deməkdir. Bu baxımdan “Tağıyev” çoxseriyalı bədii filmi, “Molla Nəsrəddin: Çətin günlərimin dostu”, “Nargin”, “Atropatena”, “Azıx”, “Akinak. İşquz qılıncı”, “Cənnət yuxusu” kimi layihələri qeyd edə bilərəm. Bu filmlər həm mövzu, həm də texniki səviyyə baxımından beynəlxalq standartlara cavab verir və bir neçəsi artıq tamaşaçılara təqdim olunub.

Bundan əlavə, 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin prioritet mövzuları məhz bu yanaşma əsasında müəyyən edilmişdir. Bildiyiniz kimi, tarixi Azərbaycan dövləti və ya tarixi hadisə haqqında, Azərbaycan tarixində iz qoyan qadınlar haqqında, məşhur xadimlər (mədəni, ədəbi, siyasi, idman və s.) haqqında, Azərbaycan nağıl və ya dastanlarının motivləri əsasında, Vətən müharibəsi qəhrəmanlarının timsalında Vətən müharibəsi haqqında filmlərin istehsalı o cümlədən, klassik Azərbaycan filmlərinin müasir dövrümüzə uyğunlaşdırılması və Mozalanın 55 illiyinə həsr olunmuş film layihələri bu müsabiqənin mövzuları kimi reqlamentdə göstərilmişdir. Bundan əlavə, müasir innovasiya hadisələrinin qəhrəmanları haqqında, qəhrəmanı uşaq olan və uşaqlara xitab edən filmlərin, eyni zamanda, musiqili janrda filmlərin istehsalı da “dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin prioritet mövzuları arasında yer alır.

– Kino Agentliyi film istehsalını necə stimullaşdırır?

– Hər il müxtəlif müsabiqələr təşkil olunur. Məsələn, bu il postprodakşn (yəni montaj və son işləmə mərhələsi) müsabiqəsinin qalibləri artıq filmlərini təhvil verir. Dövlət dəstəyi müsabiqəsinin 17 qalibi istehsalata hazırlaşır. 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə müraciətlərin qəbulu da artıq bu gün (30.10.2025-ci il) başa çatır. Fürsətdən istifadə edərək bütün iştirakçılara uğurlar arzu edirəm.
Bu sistemli yanaşma həm kəmiyyət, həm də keyfiyyət baxımından sabit inkişafı təmin edir. Əgər bu templə getsək, çox qısa zamanda istədiyimiz nəticələrə çatacağıq.

– Kino istehsalı məşğulluğa da təsir göstəribmi?

– Əlbəttə. Son illərdə yüzlərlə yeni iş yeri açılıb. Kino sadəcə yaradıcılıq sahəsi deyil, həm də iqtisadiyyatın bir hissəsidir. Film istehsalı bir tərəfdən mədəniyyət, digər tərəfdən iqtisadi dəyər yaradır. Üstəlik, bu, ideoloji və insan kapitalı baxımından da çox önəmlidir. Onu da qeyd edim ki, xarici istehsalçıların ölkə ərazisində çəkilişlərinin aktivliyi ildən-ilə artır. Bunun əsas səbəblərindən biri də cənab Prezident tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin yaradılması ilə bağlıdır. Bildiyiniz kimi bununla bağlı olaraq Nazirlər Kabineti tərəfindən artıq “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları”təsdiq edilmişdir.

– Bəs bu gün kino sahəsinin qarşısında duran əsas məqsədlər nələrdir?

– Kino sənayesi çoxşaxəli bir sahədir. Burada həm milli mədəniyyətin qorunması, həm də iqtisadi inkişaf bir-birini tamamlayır. Cənab Prezidentin müəyyən etdiyi kino strategiyası çərçivəsində Kino Agentliyi bu istiqamətdə ardıcıl işləyir və artıq real nəticələr də var. Bu il üçün dövlət sifarişinin prioritet mövzuları - Qarabağ Zəfəri və Böyük Qayıdış - mədəni irsimizin bərpası, müasir Azərbaycan şəxsiyyətləri, milli dəyərlər, ailə institutunun qorunması və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsidir. Qısası, indi danışmaq yox, işləmək vaxtıdır. Məqsədimiz təkcə film çəkmək deyil, Azərbaycan kinosunu həm məzmun, həm forma, həm də keyfiyyət baxımından yeni mərhələyə çıxarmaqdır.

# 569 dəfə oxunub

Oxşar xəbərlər

Ən məşhur əsərlərini həbsxanada yazan  "İspaniya ədəbiyyatının aslanı"

Ən məşhur əsərlərini həbsxanada yazan "İspaniya ədəbiyyatının aslanı"

18:00 30 oktyabr 2025
"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin  xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

"O, böyük bir alovun qalığı kimi görünürdü" - Ərinin xəyanətlərini bağışlayan, şeirlərini əzbərində tutan qadın

17:50 30 oktyabr 2025
Tarı dilə gətirən tarzən  - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?

Tarı dilə gətirən tarzən - Qurban Pirimov ermənini səhnədən necə uzaqlaşdırmışdı?

17:45 30 oktyabr 2025
Məşhur aktyor müğənniliyə başlayır

Məşhur aktyor müğənniliyə başlayır

17:44 30 oktyabr 2025
Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

17:40 30 oktyabr 2025
Məşhur prodüser 146 il həbs cəzası aldı - Səbəb

Məşhur prodüser 146 il həbs cəzası aldı - Səbəb

17:15 30 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər