"Biz məhvə məhkumuq..." - Anasından qaçıb yemişan kollarına sığınan dahi

"Biz məhvə məhkumuq..." - Anasından qaçıb yemişan kollarına sığınan dahi
16 yanvar 2024
# 15:00

Kulis.az İradə Musayevanın “İtirilmiş zamanın sorağında” romanı haqqında yazısının üçüncü hissəsini təqdim edir.

Əvvəli burada

Prust roman yazma sənətində aşılmaz bir zirvəyə yetişdi...

M.Prust “İtirilmiş zamanın sorağında” romanını bitirəndən az sonra öldü. Mistik bir olay kimi görünür. Prust üçün varolmanın sirri bu kitabın yazılması missiyasına bağlı idimi? Missiya bitdi və həyat tamamlandı, hər iki kitab örtüldü...

1922-ci ilin yazında xidmətçisi Selest Albaretin dediyinə görə, romanına “Son” sözünü yazır və “İndi ölə bilərəm” – deyir. (Mehmet Rifat. Marcel Proust ya da Bir Roman Yaratmak.Yapı Kredi Yayınları, 2015, 168 s. s. 23-24).

Bu kitabın son sözünü yazmaq fərəhli bir hal kimi Prustun xidmətçisinin də xatirəsində yer alıb. “Bu gecə son kəlməni yazıram!”– təntənəsini elan edən Prust üç aydan sonra, 51 yaşında vəfat edir. Hətta ömrünün son illərində sağlamlığına diqqət etmədiyini, yeməkdən qaçdığını deyirmişər. Görünür, yazdığı “İç kitabı” ilə özünün tale kitabını eyni vaxtda tamamlamaq lazım imiş...

Prustun bronxit xəstəliyi get-gedə artsa da, müalicə almaqdan imtina etmiş və xəstəliyi bronxo-pnevmoniyaya çevrilmişdir. Yazıçı son günlərini yaşadığı vaxt diktə ilə romanındakı Berqotte adlı qəhrəmanının ölümünü təsvir edən bir neçə cümlə əlavə etdirir. Noyabrın 18-də huşunu itirən Prust gözlərinə “kök qara qadın” göründüyünü bildirir və vahimə içərisində dünyasını dəyişir.

Prust hər yazarın bir iç kitabı olduğunu söylər və yazarın vəzifəsinin də o iç kitabı oxuyub tərcümə etmekdən ibarət olduğunu düşünərdi. “Hətta bu kitabı “Sehr kitabı” adlandırırdı. “Sizin işiniz içinizin dərinliklərində olan kitabı kəşf və tərcümə edə bilməkdir”.

(https://www.gzt.com/nihayet/daryus-sayeganla-son-kitabi-hakkinda-proustun-seyr-suluku-3545237)

“Avtobioqrafik roman”, “tarixi roman”, “psixoloji təhlil romanı”, “fəlsəfi traktat” və s. terminlərlə janrı təyin edilən “İtirilmiş zamanın sorağında” əsərində saysız-hesabsız mövzulara toxunulur: məhəbbət, qısqanclıq, tənəzzülə məruz qalan cəmiyyətlər, ətalət, durdurulmuş zaman fəlsəfəsi, sənət, ədəbiyyat vasitəsilə real dünyaya ekvivalent aləm yarada bilmək imkanlarının mövcudluğu, aristokratiya aləminin daxili yaşantıları və s.

Qeyri-ixtiyari yaddaş mexanizmi sayəsində Prust indiki zamanda yaşanan hissi keçmiş zamanla əlaqələndirə bilirdi. O öz daxili psixi aləmini müşahidə edir, diqqətlə izləyir, onu xarici aləmlə müqayisə edib ortaq xüsusiyyətlərlə müşahidə olunan gerçəklik yaradırdı. İntrospeksiyanın qanunlarına görə insan öz şüuru, dərrakəsi ilə bu imkanları reallaşdıra bilərdi.

Gecələrini keçmişi canlandırmaq, indiki zamana gətirmək kimi çətin bir işə həsr edən Prust həm də bu fəaliyyətin ədəbiyyatını yaradırdı. Romanın I kitabı olan “Svann tərəfi”nin ilk sətirlərindən başlayaraq bütün müşahidələr, hiss və düşüncələr, qavramlar məhz yuxu ilə əlaqəli olur. Zaman sərhədləri və ya sərhədsizliyi belə çox hallarda yuxu mistikası fonunda öyrənilir.

Onun romanı bir və ya bir neçə obrazın deyil, bütöv bir insan ömrünün hekayəsidir. O həm də zamanların psixologiyasını, xarakter və hərəkət dinamikasını bilirdi. İnsanı zaman kontekstində götürsə də, daha çox müxtəlif zamanları insan düşüncəsində, yaddaşında əks etdirməklə vaxtın, zamanın yaddaş elementi, parçası olması həqiqətini açıqlayırdı. Bu romanda körpəlikdən qocalana qədər yaşanan ömrün tarixi, salnaməsi bütün tərəfləri və təfərrüatı ilə təsvir edilir. O, sadəcə, insan həyatının deyil, daha çox insan psixologiyası və yaddaşı, bu yaddaşdakı boşluqlar, itirilən fraqmentlərin tədqiqatçısıdır. Şüuraltını bu qədər səbr və diqqətlə araşdıran, oradan itirilmiş zamanın parçalarını, epizod və fraqmentlərini tapıb çıxaran ikinci bir yazar adı çəkmək mümkün deyil.

Çay süfrəsində bir parça madlen (medalyon formalı keks) dadı vasitəsilə keçmişin böyük bir zamanını və məkanını (Kombreni) canlandırıb təqdim edən müəllif sübut edir ki, zaman su kimi axıb getsə də, yaddaş onu bərpa edə bilər. Yaddaş keçmişdə, eləcə də indiki zamanda olmuş və varsa, onun mahiyyətini forma və xüsusiyyətlərini əbədi olaraq içinə yaza bilər.

J.Rıvıere “İnsan qəlbinin öyrənilməsində bəzi irəliləyişlər, Freyd və Prust” adlı kitabında (J.Rıvıere. Librairie de France, Paris, 1927, 196 pp.) etiraf edirdi ki, həqiqətən də, Prust klassik zaman və məkan məhdudiyyətlərini qırmağa müvəffəq olmuş, özünü zamanın ağası kimi keçmişdə, indi və gələcəkdə öz istəyi ilə sərgərdan gəzdirməyi bacarmışdır. Zaman belə onu dayandıra bilməmişdir. Əksinə, o zamanı, itirilmiş vaxtı yaddaşı ilə geri qaytarmağa nail olmuşdur. Zamanın keçməsi bizi keçmişin gözəl anlarından uzaqlaşdırdığı halda qeyri-ixtiyari yaddaş və yaddaşın səyi bu məsafəni aradan qaldırmağı bacarmışdır. Nəticədə keçmişi indiki vaxta qaytararaq zamana qalib gəlməyə müvəffəq olmuşdur. Zamanın buxovları qırılmış, itirilmiş vaxt, nəhayət ki, geri qaytarılan zamana çevrilmişdir.

Prust üçün təxəyyül xarici dünya ilə daxili aləm arasında vasitəçi rolunu oynayan mexanizmdir. “İtirilmiş zamanın sorağında” romanını yazarkən müəllif gecələr işlədiyi qaranlıq otaqda xatirələrini ağ səhifəyə proyeksiya edərək yaşayıb. O özü və sonralar onun yaradıcılığı haqqında yazan tədqiqatçılar bu fəaliyyəti fotoqraf işinə bənzədib, onun yaradıcılıq otağını foto laboratoriyası hesab ediblər. Həyatın səhnələrini “fotoyaddaş bazasında” qoruyub saxlamaq və romanda onları sözlə yenidən canlandırıb hərəkətə gətirmək...

“Prust özü ədəbi yaradıcılığı fotoqrafın yaradıcılığı ilə müqayisə edirdi: onun fikrincə, yazıçı real həyatı ədəbiyyata köçürmək imtiyazına malikdir, çünki başqa insanların da keçmişi olduğu halda, yalnız o – yazıçı yaşadığı keçmişi necə canlandırmağı və oxucuya çatdırmağı bacarır. (Emily Eells. Proust dans la chambre noire: portraits et photographies de l’auteur. Savoirs en Prisme, 2020, p.8).

Birinci kitabda (“Svann tərəfi”) göstərilir ki, bir gün çox halsız və xəstə olduğu, soyuqdan titrədiyi üçün anası Marselə bir parça madlen ilə çay verir. Marsel madleni çaya batırıb ağzına aparır. Kombre bütün detalları ilə gözü önündə canlanır. Ona görə ki vaxtilə Leonya xalanın ( Prustun 1886-cı ilin iyununda vəfat edən xalası Elizabet Amiotin obrazı) çaya və ya ihlamura batırıb verdiyi madlen dadının eynisini andıran bu həzz zamanı yaddaşı təzələnir və həmin illərə qayıdır. Göz, qulaq, bədən əzaları yaddaşları bir araya toplanaraq Marselin uşaqlığına təsadüf edən elə bir dövrü xatırladır ki, orada Leonya xala, nənə, baba, Adolf dayı, xidmətçi Fransuaza, Leqranden, Svann, Jilbert və onlarla digər insanlar, eləcə də onların həyatının parçaları, yaşadıqları evlərin, küçələrin şəkli var. Əyalət şəhəri olan Kombredə onun həyatı sanki iki istiqamətdə – (Svann tərəf və Germante tərəf) cərəyan edir. Bu xatirənin baş qəhrəmanı əsasən Leonya xala olur. Həyat yoldaşını itirdikdən sonra otağa, çox hallarda yatağa qapılıb qalan bu qadının təkbaşına yaşadıqları, daxilinə çəkilmə və daha çox iç dünyası ilə söhbətləri sonralar Marselin özündə təkrarlanır. O da Marsel kimi xırdalıqlar, təfərrüatlar, detallara diqqət kəsilərək yaşayır. Məsələn, həmişə yemək zamanı tələb edir ki, stola düz boşqablar qoyulsun. Çünki bu boşqablardakı yazını ucadan oxumaqla özündə rahatlıq tapır. “Barı unutmayın da, kremli yumurtamı düz boşqabda verin”. Xalam hər yemək zamanı yazılı rəsmlərlə bəzənmiş düz boşqabların üzərindəki yazıları oxuyaraq vaxt keçirirdi. Gözlüyünü taxıb hecalarla oxuyardı: Əli baba və qırx həramilər... Ələddinin sehrli çırağı... Sonra da gülümsəyərək, “Gözəl, çox gözəl” – deyərdi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.12).

Kombredəki kilsənin təsviri, memarlığı, tikilişi, daşlarının forması, xalılarının bütün rəng çalarları, xaç, ibadət prosesi, vitrajlarla (şəbəkələrlə) bağlı təfərrüatlar o qədər incə, xırda detalları ilə rəsm edilir ki, o məkanın səsi və rəngi, qoxusu belə hiss edilər olur. Prust “Kilsəmizi o qədər çox sevirdim ki, bugünkü kimi gözümün önündədir” – deyərək təsvirləri canlandırır.

“Altından keçdiyimiz köhnə, qapqara, xəlbir kimi dəlik-deşik olmuş giriş qapısı çərçivəsinin küncləri əyilmiş və oyulmuşdu. Sanki kilsəyə gələn kənd qadınlarının müqəddəs suyu götürən utancaq barmaqlarının yüngül toxunuşu əsrlər boyu təkrarlandığı üçün daşı dağıdacaq gücə sahib olmuş, daşda izlər qoymuşdu, necə ki, arabanın təkərləri hər gün daşa sürtülüb iz qoyur.

Hətta orada dəfn olunmuş Kombre baş rahiblərinin toxunulmaz qalıqları üzərindəki məzar daşları da cansız və sərt bir maddə deyildi, zaman onları yumşaldıb bal kimi maye etmişdir” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.66).

R.Bart “Müəllifin ölümü” adlı essesində yazırdı: Hətta məşhur psixologizmi ilə tanınan qəlb ustası Prust da – sadəcə, təfərrüat xırdalamırdı, təfərrüatın dərinliklərinə getməklə yazıçı ilə onun personajlarının münasibətlərini mürəkkəbləşdirir – açıq-aşkar qarşısında duran vəzifəni bunda görürdü… Prust təhkiyəçi qismində nə isə görən, əzab çəkən adamı yox, hətta yazan adamı da seçmirdi, elə birisini seçirdi ki, o, hələ yazmaq haqqında düşünür (onun romanındakı cavan oğlan, – yeri gəlmişkən, onun neçə yaşı var, kimdir, nə işlə məşğuldur – yazmaq istəyir, ancaq başlaya bilmir və roman da o zaman bitir ki, nəhayət, yazı alınır, ilk cümləsi yazılır), bu yolla Prust müasir yazı epopeyası yaratdı”. (https://kulis.az/xeber/edebi-tenqid/lessspan-style%22color:red%22greaterRolan-Bart:lessspangreater-%22Mullifin-olumu%22-lessspan-style%22color:red%22greaterEsselessspangreater-23503)

İranlı filosof və yazar Daryuş Şayegan M.Prustun “İtirilmiş zamanın sorağında” romanı haqqında yazır: “Yazar lap əvvəldən düşüncəsində bütün kitabı tamamlamışdı. Bu baxımdan Prustu ədəbiyyatın Eynşteyni adlandırmaq olar. Prust zamanı və məkanı bir-birindən ayırmır. Bir-biri ilə əlaqələndirir. Ona görə də itmiş zamanın izi ilə itmiş məkanı da axtarır”. (https://www.gzt.com/nihayet/daryus-sayeganla-son-kitabi-hakkinda-proustun-seyr-suluku-3545237)

Müəllif həm də Prustun ”Romanlarım Berqsonvaridir” – ifadəsini əsaslandırır. Məlum olur ki, Prust obrazlarını daima eyni hərəkət süjetində göstərir və bu eyniyyət daxilində insanların necə dəyişdiyini, daxili “mən”in necə başqalaşdığını təsvir edir. O, hərəkətin davamlılıq nəzəriyyəsindəki tezisləri Berqsondan götürmüş və inkişaf etdirmişdir. İnsanları müxtəlif tərəflərdən və dərinliklərə enərək öyrənir, onların fərqli zaman və məkanlarda, müxtəlif situasiyalarda vəziyyətdən asılı olaraq dəyişən obrazını yaradırdı. Prust heç bir vaxt Freydin əsərlərini oxumamışdı. Təbii ki Freyd də Prustu. Fəqət ikisi də eyni qənaətə gəlmiş, dünyanın anlaşılmazlığına eyni prinsiplərlə işıq tutmuşdular. Prust obrazlarını yaradarkən mütləq onların şüuraltını hədəfləyir və vasvasılıqla onu incələyir, təhlil edirdi. Bəzən sanki hansısa elementi gözdən qaçırmamaq üçün eyni dairəyə qapılıb qalırdı. Bu baxış stereoskopik, üç ölçülü bir görünüşə malikdir. Əvvəllər heç bir yazar obrazlarını zamanın və məkanın müşahidəsi fonunda, bu cür fərqli səbəblərlə qələmə almamışdır. Prust isə şücaət göstərərək bu insanların məhz bu cür olması amillərini çox dərinliklərə enərək analiz etmişdir.

M.Prustun romanında həm də ekzistensializm estetikasına xas əlamətlər var idi. Baxmayaraq ki, bəzi tədqiqatçılar bu cərəyanın fransız ədəbiyyatı ilə bağlılığını İkinci Dünya müharibəsi dövrünə aid edirlər. XX əsrin əvvəllərində Avropada baş verən ictimai-siyasi, sosial, hərbi hadisələr Avropa insanının estetik qavramında, ictimai düşüncəsində və mənəvi təkamülündə yeni, daxili gərginliklərlə bağlı fundamental suallar ortaya çıxarmışdı. Birinci Dünya müharibəsi insana qarşı ən böyük haqsızlıq nümunəsi kimi travmatik sindiromlar yaratmışdı. İndi xarici aləmdən daha çox insanın mənəvi-psixoloji aləminin inqilabı, üsyanı, müharibəsi püskürməkdə idi. Ekzistensialistlər insanın subyektiv dünyasını bütün xarici ələm mənzərəsinə qarşı qoyur, onların depressiv, sıxıcı həyatını, tənəzzülüə uğramış ümid və arzularını sənət dili ilə ifadə edirdi. Frans Kafkanın, Alber Kamyunun, Jan Pol Sartrın romanlarında bunu daha aydın görmək olur. Əslində mahiyyət etibarilə klassik Şərq ədəbiyyatında sufizm fəlsəfəsi ilə üst-üstə düşən ekzistensializmdə insanın fərdi kimliyi, şəxsiyyəti, “dünya və mən” kontekstində mərkəzdə olan obrazı qabardılır. Bu estetikanın nəzəri qanunları ilə təhlil və təsvir edilən insanın üzərinə həm də ciddi məsuliyyətlər qoyulur. İnsan obyekt və ətrafda baş verənlərə cavabdehdir! M.Prust da həmin insanın kitabını yazmışdı. Özünün də dediyi kimi, “daxili kitabı”nı...

İçimizin romanını M.Prust qədər mükəmməl yazan ikinci bir yazıçı hələ də yaranmayıb. Bu insanın “səssiz” səsi norveçli ekzistensialist rəssam Edvard Munkun “Qışqırıq” əsərindəki qəhrəmanın harayı ilə eyni məna, mahiyyət daşıyır. Prustun insanı da üzünü öz içinə, daxilinə çevirib heyrətlənən, bütün bəşəriyyətə yad kimi görünən qərib adamdır. E.Munkun kişi və ya qadın olması bilinməyən qəhrəmanı homoseksual olan M.Prustun eyni təbiətli qəhrəmanlarının bir çoxunun daxili “mən” obrazı ilə ekvivalentləşir. “Cinssiz insan” mövzusu istər rəssamlıqda, istərsə də ədəbiyyatda və digər sənət sahələrində həmişə aktual olub. Bu insanı cəmiyyət və dünyanın özü ilə oyunda təsvir etmək həm də Prusta aid idi. Bu ədəbi-estetik baxışda insan cins bölgüsü məhdudiyyətindən cıxarılır. Onun təbiətində həm də daima bir qorxu, heyrət və üsyan emosionallığı müşahidə edilir. Bu üsyan Prustda heç vaxt ictimai-siyasi mahiyyətli olmayıb. İnsan hiss və düçüncələrinin özünə, daxilinə yönəlik istiqamətində baş qaldırıb. Çox zaman da adi, xırda və sezilməyəcək dərəcədə kiçik nüanslarla...

Marsel Kombredə ağ tikan (yemişan) kollarından ayrılanda göz yaşları tökür. Yemişan kollarının rəngi, quruluşu, təbiətin bir elementi olaraq funksiyası, təbiət, aləm, insan və dünya ilə harmoniya yarada bilmək missiyası haqqında uzun-uzadı yazır. Tarlalarda “özbaşına, azad küləklər”lə təmasda xoşbəxt olan yemişan kolları da insan üçün, onun ruhi-mənəvi aləminin saflığı, qəlbinin musiqi ilə döyünməsi, dünyanı gözəl qoxularla duyması üçün yaradılmışmış – məntiqinə inanırıq.

“Xatırladığım qədər yemişanı Məryəm ana mərasimində sevməyə başladım. Müqəddəsliyinə baxmayaraq daxil olduğumuz kilsənin hər yerində yemişan var idi, hətta qurbangah üzərində belə... Onlar möcüzəvi şənliklərin ayrılmaz hissəsi kimi idi. Bayram mərasimlərində üfüqi şəkildə bir-birinə bağlanan budaqlarını şamdanlar və müqəddəs çanaqlar arasından uzadırdılar” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.122).

Marselin yemişan qoxusuna yolunu azdığı anlar da çox olur. Bəzən atasının və babasının ardınca getdiyi halda yemişan ətrinin cazibəsinə dalaraq onlardan xeyli uzaqlaşır və tənbeh olunur. Evdən bayıra çıxmayan Leonya xalanı da yemişan bitkisinin gözəlliyi, qoxusu, sehrli cazibəsi ilə gəzintiyə çıxarmağa çalışırlar. Təbiətin bir elementi kimi canlı və ruhu, düşüncəni əsir alan bu bitkidən Prust bədii detal, kod kimi istifadə edir. Madlen parçası kimi yemişan da zamanı canlandırır, məkanı yada salır, xatirələri şəkilləndirir. Hətta keçmişin tablosu xüsusi qoxu, rəng də hiss etdirir.

“Ancaq yemişanların qarşısında xeyli dayanıb onların görünməz, daimi qoxusunu ciyərlərimə çəkdim. Bütün bunları tam dərk etməyən ağlıma bunu necə təqdim edəcəyim haqqında düşündüm. Yenə də güllərin uşaq sevinci ilə təkrar etdiyi ritmə ayaq uydurmağa çalışdım. Bir çox musiqi pauzaları kimi gözlənilməz fasilələrlə mənə bəzi hissləri xatırlatdı, yaddaşımı oyatdı. Eyni sehri mənə bolluca təqdim etdilər, Lakin yüz dəfə çalınsa da, sirrini aça bilmədiyimiz melodiyalartək daha dərinə getməyə imkan vermədilər. Bir-iki dəqiqə başımı başqa səmtə çevirdim ki, yeni güclə onlara yaxınlaşa bilim(Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.148).

Marselin valideynləri Kombredən Parisə qayıtmaq üçün vaxtı bir az tezləşdirirlər. Həmin gün səhər fotosu çəkiləcək deyə, saçlarını burdurur, əyninə məxmər pencək geyindirir, başına təzə papaq qoyurlar. Anası hər yeri axtardıqdan sonra onu Tansonvillə bitişik kiçik yolda göz yaşları içərisində tapır. Yemişanların tikanlı budaqlarını qucaqlayaraq vidalaşırdı. Pencəyini, şapkasını qəzəbindən yerə atmış, saçlarının buruğunu dağıdıb pozmuşdu. Anası onu göz yaşları içərisində gördükdə əhəmiyyət verməsə də, yerə tulladığı papaq, pencək üçün çox qəzəblənir və qışqırır. Amma Marsel anasını dinləmir və “zavallı yemişanlarım!” – deyərək ağlayırdı. Uşaq həssaslığı ilə təbiətin bir zərrəsində, bir yemişan kolunda qarşılıqlı saf məhəbbət həyəcanı duyurdu. Ona görə də bu kolların qarşısında dayanıb onlara gələcəkdə pis işlərlə məşğul olmayan adam olacağı, bütün sonrakı yaz mövsümlərində Parisdən gəlib onları ziyarət edəcəyi barədə söz verirdi. Ən doğma adamları – ata və anasının onu anlamaması, ana həssaslıqla yanaşmaması haqqında romanın bir çox yerlərində işarələrə rast gəlirik. Bu məqamda da həmin fikir təkrarlanır. Marsel üzünü yemişan koluna tutaraq deyir: “Sən olsaydın, məni incitməzdin, getməyə məcbur etməzdin. Mən heç vaxt səndən incimədim! Və mən səni ölənə qədər sevəcəm” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.154).

Onun uşaq təsəvvüründə yol boyu səpələnmiş yemişan kolları onları yola salmaq, onlarla vidalaşmaq üçün belə düzülmüşdü. Yemişanların üstündə sərgərdan dolaşan küləyin sürəti, hərarəti, məsafəsi belə unudulmayıb. Marsel Kombreyə gələn kimi orada olduğunu dərindən duymaq, hiss etmək üçün dərhal özünü bayıra atar, çöllərdə əsən küləyin arxasınca qaçardı. Romanı yazarkən həmin küləyin təsvirini o qədər incəliklə rəsm edir ki, mətndə sanki yemişan kolları üzərində rəqs edən Kombre küləyinin havası duyulur.

“Düşünürdüm ki, bu meh onun yanından keçib, ondan başa düşmədiyim xəbərləri gətirir və qulağıma pıçıldayır, yanımdan keçəndə onu qucaqlayırdım” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.154).

Uşaqlığını, çəpər boyunca uzanan, tezliklə yerini yabanı güllərə verəcək olan yemişanın qoxusunu, hər iki tərəfi ağaclarla sıralanan çınqıllı bir yolda əks-sədasız ayaq səslərini, çaya doğru irəliləyən, bir bitkiyə dolaşdığı andaca partlayan su köpüklərini uzun illər yaddaşında daşıya bilmişsə də, onu kədərləndirən həmin yerlərin yolları və o yollarda gəzən insanların xatirələri ilə birlikdə artıq yox olması idi.

O, bütün həqiqətlərin yaddaşla bağlı olduğuna inandığı üçün ona təqdim edilən çiçəkləri reallıq faktı kimi qəbul edə bilmirdi. Daima yaddaşındakı obraza güvənir, onu canlı, doğru, həqiqi olan hesab edirdi. Yaddaşın diktəsinə daha çox inanır, qarşısındakı, xəyalındakı deyil, yaddaşındakı mənzərələri duyur, hiss edirdi. Hətta sonrakı illərdə səyahət zamanı kənd yerlərində rastlaşdığı qarğıdalı çiçəkləri, yemişan və alma ağacları keçmişi ilə bağlı olduğuna görə onu xoşbəxt edir və qəlbini fərəhləndirirdi.

M.Prustun qəhrəmanları (müxtəlif sosial təbəqə nümayəndələri – kəndli, aristokrat, məmur, xidmətçi, rahib, tələbə və s.) həyat adlı bir boşluğun içərisində zamanı ələ keçirirlər. Bəlkə də, əsl həqiqət elə yoxluq, heçlikdir və həyatımız, həyat dediyimiz reallıqdan uzaq yuxudur?

Və hər şey yenidən başlanır, yenidən təkrarlanır. Dairə təkrarı inkişafdırmı? – sualı yenidən ortaya çıxır. Zamanı bəzən qoxular, buruna gözlənilmədən gələn iy vasitəsi ilə də bərpa etmək olur. Necə ki, anasının anidən təklif etdiyi çay və madlen qoxusu Kombre ilə bağlı yüzlərlə səhifəlik xatirələrə start verir. Zaman hisslərin əsiridir və istənilən vaxt geriyə çağrıla bilər. Süjet və hadisələr düzümü də dairə assosasiyalıdır. Məsələn, romanın əvvəlindəki bəzi səhnələr məna-məzmun baxımından romanın son səhifəsi ilə səsləşir. Belə çıxır ki, əvvəldə artıq son yazılmışdı.

Svan Odetta ilə bağlı sevgisinin ən xoş, başlanğıc çağında dinlədiyi musiqidəki bir misranı uzun müddətdən sonra təkrar eşidəndə həmin misra vasitəsilə də zamanı geriyə çevirə bilir (Necə ki madlen parçasının qoxusu Kombre həyatını tam təfərrüatı ilə yenidən yaşatmışdı). Prust “ölən zamanla birgə yox olmaq” taleyinə üsyan edirdi. “Bəlkə də, əsl reallıq heç bir şey deyil və həyatımız mövcud olmayan bir xəyaldır, amma sonra hiss edirik ki, bu musiqi misraları və həyatımızla əlaqəli digər anlayışlar da hiss olunmadan yox olur. Biz məhvə məhkumuq, amma taleyimizi izləyən bu ilahi zaman əlimizdə girovdur. Onunla birlikdə ölmək fikri isə gözümüzdə ölümün acılığı, sıradan bir iş olması ehtimalını azaldır”. (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.376).

Həmin ecazkar və yaddaşında keçmiş zamanla bağlı yeni bir dünya yaradan musiqi misrası haqqında, o misranın – musiqili misranın müəllifi haqqında xəyallara dalır. Həyatının müəyyən qarışıq məqamı ilə bağlı kod rolunu oynayan həmin əsər və dünyanın bütün dahi sənətkarları haqqında əsl həqiqəti də kəşf edir. Göstərir ki, hər biri bir aləm olan milyonlarca sevgi, eşq, cəsarət və sükut notlarının kəşf olunmamış qaranlıqlarında ancaq tək-tük notlar var ki, böyük sənətkarlar tərəfindən icad edilmişdir. Bu sənətkarların tapdıqları motivlər içimizdəki duyğulara qarşılıq olaraq, onları oyandırmaq üçün əhəmiyyətlidir, bir boşluq, bir heçlik zənn etdiyimiz ruhumuzun o məchul, usandırııcı qaranlığı içində bizdən xəbərsiz nə böyük bir zənginlik və müxtəliflik gizləndiyini anlamağımıza kömək edir. Həmin musiqi eleminti ilə bağlı assosasiya onun daxilində sevgi və xoşbəxtlik simvolu kimi qalmışdı. Çünki Odetta ilə bağlı ən gözəl anların xatirəsi içərisində idi.

Prust da insan xarakterinin qaranlıq dərinliklərində əlifənərli gəzir və ədəbiyyatı musiqi, rəsm “dili”nin kəşfləri ilə zənginləşdirərək bir elm halına gətirirdi. Elə bir elm ki orada həm psixoloq, həm də filosof və insan fiziologiyasının sirlərini bilən mütəxəssis kimi söz demək lazım idi. Onun sevən qəhrəmanları çox zaman heç nə danışmır, eşqinin necə ölməsinə tamaşa edirdi...

“İtirilmiş zamanın sorağında” romanında adı xüsusi başlıqlarda diqqət mərkəzinə gətirilən Svann obrazı vasitəsi ilə M.Prust həmin dövrün aristokratiya mühitinin mənzərəsini, o mühitə aid insanların maraq və əyləncə növlərini, aristokratiya tiplərinin xarakterik cizgilərini əks etdirmişdi. Svann müəllifin də vurğuladığı kimi, “yüksək aristokratiya mühitində intellektual bacarığını havayı, boş-boşuna mənasız zövqlərə xərcləmiş sənətşünas” olaraq öz dərin bilgisini aristokratiya xanımlarının xidmətində israf etmiş, onların tablo almalarında və digər məsələlərdə yardımında olmuşdur. Onun amalı daha çox aşiq olduğu qadınların gözündə parlamaqdır. Prust göstərir ki, dünya yaranandan ən bacarıqlı, istedadlı insanların qazandıqları onlardan qat-qat aşağı səviyyəli adamların yolunda xərclənir və çox zaman da əhəmiyyətsiz şəkildə. Svan da aşağı təbəqəyə məxsus qadınlarla əlaqə quranda bundan qorxurdu. O qorxurdu ki, bir otaq xidmətçisinin qarşısında düzgün qiymətləndirilmədiyi üçün rəzil olar. Dərin, kədərli bir üz ifadəsi Svanın hissiyyatını dondururdu, ancaq sağlam, dolğun bədən, çəhrayı bir üz isə emosiyalarını oyadırdı. Svanın nəzərində səyahət etmək əvəzinə otağına qapılıb Paris mənzərələrini seyr etmək kimi, reallıqdan uzaq qorxaqlıq yeni xoşbəxtliklərə abdalcasına arxa çevirmək kimi bir davranışdır.

Qadınlar və sevgi məsələsinə münasibətini ifadə edəndə isə deyirdi ki, bu yaşa gəlincəyə qədər həyatımızda eşqə bir neçə dəfə məruz qalmışıq. Eşq bizim qarışıq və passiv, ətalətdə olan qəlblərimizdə təkcə öz qüsursuz və dəyişməz qanunları ilə inkişaf etmir. Ona biz dəstək olur, yaddaşın köməyi, təlqinlə onu istiqamətləndiririk. Bir əlaməti tanıdığımız zaman digər əlamətləri də xatırladır, canlandırırıq. Sevgi mahnısını başdan sona qədər əzbər bildiyimiz üçün, qadının başlanğıc notalarını oxumasına ehtiyac duymuruq. “Qadın mahnını ortasından – qəlblərin bir-birinə yaxınlaşdığı, iki adamın bundan sonra belə, sadəcə, bir-birləri üçün var olacaqlarından söz açdıqları nöqtədən söyləməyə başladığı təqdirdə də, bu musiqiyə kifayət qədər alışqan olduğumuzdan gözlənilən andan dərhal qarşılıq veririk” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.210).

Onun Odetta ilə münasibətlərində açılan xarakteri qarşımıza yeni bir Svann obrazı çıxarır. Əvvəllər davranışlarında tam səmimi görünən Odetta bu ali kateqoriya insanına yanaşmasında etirafını açıqlayır. “Sizin kimi böyük bir alimə mənim kimi bir qadın kömək edə bilməz, bilirəm, – deyə cavab verir Odetta. Alimlər heyəti qarşısında qurbağaya bənzəyirəm. Amma öyrənməyi, məlumatlanmağı çox istəyirəm. Qədim kitablara aludə olmaq, köhnə kağızların içərisində itib-batmaq kim bilir nə qədər zövqvericidir... Məni lağa qoyacaqsınız, bilirəm. Amma ziyarətimə gəlməyinizə əngəl olan bu rəssam (Verneri nəzərdə tuturdu) kimdir? Adını əvvəllər heç eşitməmişəm. Yaşayırmı? Əsərlərini Parisdə görmək mümkünmüdür, görəsən? Sizin nələri sevdiyinizi bilmək, beynimdə canlandırmaq üçün onun əsərlərini görmək istərdim. Bu qədər çox çalışan adamın alnının arxasında nələr olduğunu təxmin etmək, bu başa baxıb: bax, bunu düşünür – deyə bilmək istərdim. Çalışmalarınıza qatılmaq nə böyük xoşbəxtlik olardı!” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.212).

Svann “xoşbəxt ola bilməmək qorxusu”nu bəhanə gətirəndə Odetta “Sevgidənmi qorxursunuz? Nə qəribə... Mənimsə həyatda axtardığım tək şey sevgidir, onu əldə etmək üçün canımı da verərdim... Hər halda bir qadın üzündən acı çəkdiniz. Başqa qadınların da onun kimi olduğunu zənn edirsiniz. O sizi anlamamışdır, siz o qədər fərqlisiniz ki... Sizdə ilk xoşuma gələn də bu idi, başqalarına bənzəmədiyinizi dərhal hiss etmişdim” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.212). – deyir. Odettanın səsi o qədər səmimi və doğma idi ki, Svanı mütəəssir etmişdi.

Romandakı Marsel müəllif Marseldirmi? Tam da yox! Prust özü də qəhrəmanlarının prototipi olduğunu inkar edirdi. O, sadəcə, həyatın bütöv bir parçasında (əslində bütün dünyanı və bütün zamanları ehtiva edə biləcək ümumiləşdirilmiş bir parçasında) yaşadığı ölkənin qanunlarına, adət-ənənəsinə, siyasətinə və müxtəlif təbəqədən olan sosial tiplərinə, dini inanc və tarixi abidələrinə tədqiqatçı kimi yanaşır, təhlillər aparırdı. Sosioloq, psixoloq, tarixçi və filosof kimi ədəbiyyat yaradan yazıçı missiyasında idi. İntuisiya, aşırı həssaslıq, yaddaş enerjisi ilə zamanı geri qaytarır, yaxalayır və eksperiment obyektinə çevirirdi. Ağlın təhlilləri isə ikinci sırada idi. “Ağıl hissin əldə etdiklərini araşdırıb təsdiq edir. Yəni ağıl təqibedicidir, öncül deyil. Prust bir sənətçi olaraq dağınıq və gizli duyğuları əqli təhlillər işığı altında isbatlayanda özündən məmnun olurdu”. (D. Şayegan– https://www.gzt.com/nihayet/daryus-sayeganla-son-kitabi-hakkinda-proustun-seyr-suluku-3545237)

Prust ictimai mənzərənin obrazını bir axşam ziyafəti, bir rəsm sərgisi kontekstində, müxtəlif sosial tiplərin portret cizgiləri fonunda bütün xırdalıqları gözdən qaçırmadan rəsm edə bilirdi. Məsələn, Odettanın təkidi ilə Verdyurengilə axşam yeməyinə gedilir. Orada doktor Kotar həyat yoldaşı ilə, gənc pianist xalası ilə, rəssam, Verdyurenin köhnə dostu Sanet və başqa etimad göstərilən şəxslər bir araya gəlib nələrisə müzakirə edirdi. Onun bir çox səhnələrdə olduğu kimi burada da sənət adamlarını diqqət mərkəzinə gətirməsi səbəbsiz deyil. Pianoçu, rəssam... Musiqi və rəsmlərlə dünyanı nizamlı hala gətirmək cəhdi... Doktor Kotarın portreti ətrafında aparılan söhbət və tanışlıqlar fransız cəmiyyətində elitanın maraqları, dünyagörüş və həyata baxış meyarları, estetik zövq kredosu haqqında mükəmməl məlumat verir. Svanın qadınlara olan həvəsi onu ağlının yox, hissinin çəkdiyi yerə yönəldir. Məsələn, ziyafət axşamında diqqətini savadlı, intellekti olan Sanetə doğru yox, (halbuki Sanet Svanla tanış olmaq istəyirdi) pianistin xalasına doğru yönəldir. Prustun obraz təqdimatlarında psixoloji duyum istedadının və başqa adamların belə hissini, duyğusunu özündə yaşada bilmə qabiliyyəti hər səhifədə müşahidə olunur. Məsələn, pianistin xalasının bilərəkdən anlaşılmaz şəkildə danışmasını belə izah edir: “Pianistin xalası qaranın şüx və hər zaman diqqəti cəlb edən bir rəng olduğunu zənn etdiyi üçün yenə qara paltar geymişdi və hər yeməkdən sonra olduğu kimi üzü qıpqırmızıydı. Svanın qarşısında hörmətlə baş əydi, amma dərhal da məğrurcasına başını dikəltdi. Heç bir təhsili olmadığı və qüsurlu danışığından qorxduğuna görə sözləri bilərəkdən anlaşılmaz şəkildə tələffüz edir, bir yanlış yapacaq olsa da, anlaşılmazlığın içində itib gedəcəyini, açıqca fərq edilməyəcəyini düşünürdü. Buna görə də, onun nitqi yalnız bir neçə sözün seçilə biləcəyi səs-küylü qarışıqlıqdan ibarət idi. Svann M.Verdyurenlə söhbət edərkən, pianistin xalasının yüngül bir hiylə ilə danışmasına fikir vermədi, lakin M.Verdyuren bunu sezdirdi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.218).

Prust oxucuya özünü, daxili ziddiyyətlərini açmaq, kəşf etmək üçün sonsuz imkanlar yaradır. Öxucu öz duyğu və hisslərinin romanı ilə üz-üzə qaldıqda heyrətlənməyə bilmir. Dünyanın istənilən ölkəsində, istənilən dilində Prust dili ilə özünü oxuya bilmək, xəbərsiz olduğu daxili təbəddülatlarının obrazını görmək oxucu üçün ədəbiyyatın gücünü açmaq idi. Romanda böyük hərflə yazıla biləcək bir “Mən” obyekti var. Milyonlarla insanın “Mən” deyə biləcəyi elə bir “Mən” ki, bəşərilik xarakteri daşıyır. Adəm və Həvva başlanğıcına qədər gedib çıxan və əslində bəzən də Həvvasız, sadəcə, “Mən” (Adəm) ilkinliyinin darıxan halı... Adəm yalnızlığı ilə yerə, bəlkə, böyük bir boşluğa düşmək acısı ürəyini darıxdırır. Boşluqlarda zaman olurmu? Boşluğun zamanı hansı təqvimlə hesablanır? Məkan olaraq yerlə göy arasında qalan varlıqların dünəni, bu günü və sabahı hansı müddətlərlə məhdudlaşır? “Dünən” (əslində bütün keçmiş) hara qədər uzadılır? Milyon, min il, yoxsa bir sutka və ya bir neçə saatlıq zaman? Yarıyuxulu vəziyyətdə ətrafa boylanan Marsel Adəm kimi bəlkə, əbədi ayrıldığı cənnəti itirdiyinə görə ruhsuz və nəşəsizdir? Yuxuya dalanda da, yuxudan həyəcanla oyananda da özünə doğru gedir...

“Prust hər yazarın bir iç kitabı olduğunu söylər və deyirdi ki, yazarın vəzifəsi o iç kitabı oxuyub tərcümə etməkdir... Yazar içindəki simvolları kəşf edib Misir Heroqlif yazısının oxunub tərcümə edilməsi kimi izah etməlidir.Bu həqiqət kitabı, sadəcə, böyük bir yazarın ortaya çıxaracağı bir şey deyildir. Bu kitab hamımızın içərisində mövcuddur, onu tərcümə etmək lazımdır. İçimizdəki adı bilinməyən simvolların kitabını oxuyanda ilk olaraq daxili dünyamızın sirlərini kəşf etmək üçün özümüzdəki yaradıcı özəlliyin fərqində olmalıyıq”. (D. Şayeganhttps://www.gzt.com/nihayet/daryus-sayeganla-son-kitabi-hakkinda-proustun-seyr-suluku-3545237)

D.Şayegan bir maraqlı faktı da vurğulayaraq bildirir ki, amerikalı yazar Andrev Holleran bir məktubunda dostuna yazır ki, axır ki, “İtirilmiş zamanın sorağında”nı oxuya bildim. Təsəvvür et ki, romanı mükəmməllik səviyyəsinə çatdıran Coys artıq geridə qaldı, Prust roman yazma sənətində aşılmaz bir zirvəyə yetişdi. Elə mükəmməl və elə qüsursuz bir üslub ki “Bundan sonra nə edəcəyik?” – deyə düşünməkdən başqa bir şey qalmır bizə”.

(https://www.gzt.com/nihayet/daryus-sayeganla-son-kitabi-hakkinda-proustun-seyr-suluku-3545237)

Aristokrat dairədə (Svann bu dairəni “kiçik qəbilə” adlandırırdı) “mükəmməl bir centlmen” təyini ilə ad çıxaran Svanla tanışlıq romanın I kitabından başlanır. Gözlə görünən böyük hadisələr baş vermir. Svanın Odettaya olan məhəbbətinin romanı isə kontrastlı səhnələrlə doludur. Adama elə gəlir ki, Svanın daxilindəki təlatümlər, bütün hiss və duyğularını silkələyən düşüncələr seli gözlə görünən bir məkanda gözlə görüləcək bir şəkildə baş versəydi, bəlkə də, ətraf od tutub yanardı. Sakit görünən bir insanın mənəvi-psixoloji dünyasının inqilab və müharibələri, məğlubiyyət və təslimçilik halları hansısa bir ölkədə baş verən ictimai-siyasi hadisələr çəkisinə bərabər durumda inikas edilir.

Odetta cavan, gözəl və sevimli bir qadın kimi Svanın məhəbbət romanının baş qəhrəmanına çevrilir. Hər axşam Odettanı Zəfər Tağının arxa tərəfində yerləşən evinə gətirən Svann uzun müddət özünü xoşbəxt hiss edir. Odettanı zövqsüzlüyü, bilgisizliyi, anlaşılmaz və qeyri-dürüst davranışları – bütün tərəfləri ilə sevir. Sənətşünas, tədqiqatçı, aristokratiya qanunlarının nizamlayıcı şəxsi kimi qəbul edilən Svann Odettaya qarşı bəzən kor kimi davrandığının da fərqindədir, lakin sevgi bütün “olmaz”ları bağışlayır.

Prust romanının mənzərələri təkcə insan düşüncələri, hiss və duyğuları, dialoqları, sevgi və tərəddüdləri ilə təsvir edilmir, həm də hər bir obrazın daxili simasını, həyat tərzini, estetik baxışlarını əks etdirən zahiri element və fraqmentlərlə canlandırılır. Odettanın yaşadığı evin zahiri təsviri də bəzi mesajlar verir. Ümumiyyətlə, Prustun təfərrüata varma üslubunda məqsədsiz heç nə yoxdur. “Odettanın arxa tərəf paralel küçəyə baxan, səkidən bir az hündürdə yerləşən yataq otağının sağından, dik bir pilləkənlə tünd rəngə boyanmış, Şərq istehsalı qumaşların, türk muncuqlarının və bir ibrişimin ucunda (qonaqları Qərb sivilizasiyasının son ixtiralarından məhrum etməmək üçün qazla yanan lampa) iri bir yapon fənərinin asıldığı divarların arasından keçərək, salona və qonaq otağına çıxılırdı. Salonla qonaq otağının qarşısındakı dar dəhlizin divarı, bağça hasarlarına bənzər ulduzlu barmaqlıqla əhatələnmişdi. Divarın sonunda dödkünc dibçəklərdə o dövrlərdə hələ nadir olan, lakin bağbanların sonradan istixanada yetişdirə bildiyi növlərlə müqayisə edilə bilməyən böyük xrizantemlər əkilmişdi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.236).

Odettanın evində Svanın siqaret qutusunu unutması ilə əlaqədar onun qısaca məktubunda, kiçik bir yazı parçasında belə xarakteristika mesajı verilir. “Tələsik, iri hərflərlə, səliqəsiz, ingilis sərtliyi ilə yazılmış, savadsızlığın və dağınıq bir zehnin, iradəsizliyin işarəsi kimi görünə biləcək” məktubda əslində sevgi dolu bir xəbər göndərilir: “Qəlbinizi də burada unutsaydınız, onu sizə geri qaytarmazdım” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.238).

Maraqlıdır ki, Svanın ağlı “səliqəsizlik, savadsızlıq və dağınıq düşüncəli” qadını dərk edib olduğu kimi qiymətləndirsə də, hissləri “Qəlbinizi də burada unutsaydınız, onu sizə geri qaytarmazdım” hərarətinə məğlub olur. M.Füzuli dediyi kimi “əql yar olmur”, hissin diktəsi qalib gəlir və Svanı uzun müddət məğlub duruma sala bilir. Svanın lap əzəldən elə bir zövqü vardı ki, məşhur rəssamların əsərlərində təkcə bizi əhatə edən reallığın görünə bilən ifadəsini deyil, əksinə, ilk baxışdan sezilməyən, əslində isə tanış simaların gizlənən cizgilərini tapa bilirdi. Məsələn, Antenio Rizzo tərəfindən hazırlanmış Doge Loredanonun büstündə, məşqçi Remyunin məşhur yanaqlarını və kəsik qaşlarını, ümumiyyətlə, ona heyrətamiz bir bənzərliyi görürdü və s.

Ümumi intellektual və estetik zövq baxımından Odetta onun istədiyi qadın tipi deyildi. Svann vaxtilə tam əks tipdə olan qadın arzusunda olub. Hətta Svann bu qadına həssas estet nəzərləri ilə baxanda, onun üzündə, bədənində gözəllik olub-olmaması sualları yaranır və Odettanın gözəlliyi şübhə altına düşür, Svanın sevgisi sarsılırdı. Nəticədə Svann gözəllik haqqındakı estetikasını dəyişdirib ona başqa gözlə baxır, eşqini bərpa edib təzələyir və möhkəmləndirirdi. Hətta öpüşən zamanlarda Odettanın simasında muzeyin ən qiymətli əsərini xəyalən canlandıra bilirdi. Svann reallıqla xəyal, canlı insanla köhnə bir portret arasında qəribə eksperimentlər aparır, öz impravizə bacarığını konkret olaraq tətbiq edirdi. Məsələn, xəyalən sevdiyi qadın tipi portretinin cizgilərini və ifadə, jest elementlərini canlı qadın Odettanın simasına köçürüb onunla sevişirdi. Əslində lap dərindən analiz edəndə Svann Odettanın şəxsində onun özünü yox, öz estetikasındakı idealı sevirdi. Və o idealı Odettanın şəxsinə özü köçürmüşdü.

“Masanın üstünə Odettanın şəklini əvəz edə biləcək İoforanın qızının portretini qoydu. Böyük gözlərə, cildin qüsursuzluğuna, xəyanət edən üzünün incə xüsusiyyətlərinə, yorğun yanaqlarına düşən gözəl tellərə heyran qaldı. Bu günə qədər estetik baxımdan gözəl hesab etdiyi şeyləri, canlı bir qadının timsalına uyğunlaşdıraraq, bu gözəlliyi bir sıra fiziki fəzilətlərə çevirdi, bu fəzilətlərin birləşməsini tanıdığı bir canlıda tapmağı bacardığı üçün fərəhləndi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.238).

Onların münasibətləri ətrafdakı insanlar tərəfindən təhlil edilir, müxtəlif fikirlər söylənilirdi. Məsələn, M.Verdyuren arvadı ilə bu barədə danışanda Svanı anlamadığını, onu olduğu kimi görünməyən biri kimi qəbul etdiyini deyir. Odettadan sonra dostları da onu tanıya bilmirdi. Heç bir qadınla maraqlanmır, kimsə ilə məktublaşmır və s. Prust göstərir ki, insan aşiq olanda başqalaşır, onun əvvəlki obrazı dəyişir, qarşımızda yeni bir insan peyda olur. Svanın dostları da bu halı müşahidə edir və təəccüblənir. Həm də sevgi əzab verdikcə dəyəri artır sanki. Svanda yaranan ürəksıxılması halı məhz Odetta sevgisi üzündəndir. “Bəlkə də, Odetta bu ürəksıxılması sayəsində Svanın gözündə önəm qazanmışdır. İnsanlarla adətən o qədər maraqlanmırıq, lakin bizə bu qədər acı və xoşbəxtlik verə bilmə gücünü bir adama yüklədiyimiz üçün o adam başqa bir dünyaya aid imiş kimi görünür gözümüzə” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.252).

Musiqi, rəsm əsəri vasitəsilə yaddaş oyanır və həzz duyğuları ağılla dərk edilməyən vəziyyəti aydınlaşdırırdı. Svann şairlərdən, rəssamlardan, bəstəkarlaradn Odettaya danışır, onunla nələrisə bölüşmək istəyirdi. Dünyanın ən məşhur sənətçilərini müzakirə etmək istəyən Svann Odettadan bu sözləri eşidirdi: “Təbii ki, şeirlər doğru olsaydı, şairlər bütün söylədiklərinə inansaydılar, şeir dünyanın ən gözəl şeyi olurdu. Amma adətən şairlər dünyanın ən mənfəətçi adamları olurlar. Söhbətdən xəbərsiz deyiləm, bir dostum bir şairə aşiq idi. Adam şeirlərində elə hey eşqdən, göy üzündən, ulduzlardan danışırdı. Yazıq qız havayı kötək yedi, adam üç yüz min frankını oğurladı” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.258).

Odettanın zövsüzlüyü, əsl sənətdən xəbərsizliyi Svanı narahat etmirdi, hətta onun xoşuna gəlirdi. Öz-özünə “nə xoş bir çevrə” – deyirdi. Əsl gerçək həyatı bu çevrədə yaşayırdı, bu əhatədəki insanları yüksək aristokrat dairəsinə aid olanlardan daha çevik, daha qabiliyyətli, daha sərbəst və azad hesab edirdi.

M.Prust yaradıcılığında bir çox estetik “izm” əlamətləri olsa da o, XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış imressionizm incəsənət cərəyanından daha çox bəhrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində ədəbiyyatda daha geniş yayılan impressionizm zamanın böyük hadisələri fonunda yaranmış yeni ədəbi-mədəni, fəlsəfi-estetik zövq və baxış forması idi. Bu yaradıcılıq metodu uzun müddət davam edən estetik baxış növü kimi böyük (K.Hamsun, M.Prust, O.Uayld, G.Bar) sənətkarlar yetişdirdi. “Ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi” impressionist yazıçı metodunda əsas əlamət idi. Təsadüfi detallarla, ani təəssüratlarla böyük həcm yaradan mətnin süjetini qurmaq üslubu yeni və maraqlı idi. Həm də insanların yaşadığı hiss və həyəcanların ədəbiyyatda bu şəkildə inikası doğmalıq yaratmışdı.

Ardı var...


# 1796 dəfə oxunub

Müəllifin son yazıları

# # #