Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı

İbrahim İlyaslı, şair

İbrahim İlyaslı, şair

8 iyul 2026
# 17:26

Kulis.az "Günün şeiri" layihəsindən İbrahim İlyaslının "Sizin də məhləyə yağış yağırmı?" şeirini təqdim edir.

Sizin də məhləyə yağış yağırmı,-
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?

Evinə torpağın ətri dolurmu,-
Açıb pəncərəni çölə baxanda?
Yenəmi ürkəksən həminki kimi,-
Yenəmi qorxursan şimşək çaxanda?

Kəndə dönürsənmi xəyallarında,-
Yadına düşürmü o payız günü?..
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı körpü”nü.

...Və qəfil başladı leysan tökməyə,
Sel ağzına aldı bərəni-bəndi.
Bir anın içində çay aşıb-daşdı,
İki yerə böldü “İncəsu” kəndi.

Başqa yermi vardı daldalanmağa?-
Qaçıb akasyanın altında durduq.
Birdən çəpərində Osman dayının
İşıq dirəyini ildırım vurdu...

Titrəyib əsirdin həyəcanından,
Tutub əllərindən,- qorxma söylədim.
Qorxulu nağıllar düşdü yadıma,-
Sənin qəhrəmanın olmaq istədim.

Xəyalən özümü çaya vururdum,
Ağaclar axırdı pərli-budaqlı...
Guya köhlənlər də yara bilməyən
Seli yaracaqdım... Eh, uşaq ağlı...

Yadındamı o nur, o ipək qarı?-
Sənəm nənə... Qaşdan bizə baxırdı.
-Ay bala, sətəlcəm olarsınız ki!-
Deyib, əl elədi, evə çağırdı...

Sonrası... Nə deyim, sonrası heç nə,
Buludlar dağıldı, yağış da kəsdi...
Ancaq, ürəyimdə şırım açmağa
Mənə bu xatirə bir ömür bəsdi.

Sizin də məhləyə yağış yağırmı?-
Sular sevişirmi navalçalarda?
Qırx ildi həmincə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?!

# 804 dəfə oxunub

Oxşar xəbərlər

"Deyirlər: dərdi-eşqin adəm öldürməz, dürüstdür bu..." - Xurşidbanu Natəvanın qəzəlləri

"Deyirlər: dərdi-eşqin adəm öldürməz, dürüstdür bu..." - Xurşidbanu Natəvanın qəzəlləri

15:00 6 avqust 2026
"Sevişənlər hər gün sarmaş-dolaşdı..."  - Ejen Gilvik

"Sevişənlər hər gün sarmaş-dolaşdı..." - Ejen Gilvik

14:10 5 avqust 2026
"Sən də Allah kimisən..." - Sevinc Yunuslu

"Sən də Allah kimisən..." - Sevinc Yunuslu

13:00 5 avqust 2026
"Bu əsəri yaradan dahi heykəltəraşın ehtirası oxunur..." - Persi Biş Şellinin şeirləri

"Bu əsəri yaradan dahi heykəltəraşın ehtirası oxunur..." - Persi Biş Şellinin şeirləri

14:30 4 avqust 2026
"Gedibsәn, qayıtmaq yadından çıxıb..." - Nəriman Həsənzadənin şeirləri

"Gedibsәn, qayıtmaq yadından çıxıb..." - Nəriman Həsənzadənin şeirləri

14:00 1 avqust 2026
"Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh..." - Məhəmmədhüseyn Şəhriyar

"Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh..." - Məhəmmədhüseyn Şəhriyar

16:00 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər