[b]Atasının heykəlinin kölgəsindən qaçan şair[/b] – Vaqif Səmədoğlu

[b]Atasının heykəlinin kölgəsindən qaçan şair[/b] – Vaqif Səmədoğlu
12 fevral 2018
# 13:30

Kulis.az İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum...” yazısını təqdim edir.

III yazı

əvvəli burda

Vaqif Səmədoğlunun ilk şeirləri...

S.Vurğunun qanını daşıyan, onun tərbiyəsi ilə böyüyən, poeziyada zaman etibarilə atasının davamçısı olan V.Səmədoğlu Vurğun ədəbi təsirindən uzaq idi. Doğrudur, bəzi şeirlərdə S.Vurğunu xatırladan misralar, obrazlar, təbiət lövhələri var. Lakin bu nə təkrar, nə də təqlid deyil. Ümumiyyətlə, V. Səmədoğlu özünəməxsusluğu bütün təsirləri kölgədə qoyur.

Kölgəsiz baxtımın boz səhrasında,

Sərin yer gəzirəm, sığınım deyə,

Belindən gəlsəm də girə bilmirəm,

Ata heykəlindən düşən kölgəyə...

Çünki damarımla qan yox, tər axır,

Qorxuyla yüklənmiş ömrümün təri,

İçimdə bərəlib, yaşarır hər gün,

Özümün özümə baxan gözləri...

(1969)

Özünə, bəxtinə, ömür yoluna daxilindən boylanan heyrətli gözlər yolunu və taleyini dərk etmiş insanın qorxuyla yüklənmiş ömür tarixçəsini kövrək, ümidsiz nəzərlərlə izləyir.

Şəxsi həyatında və yaradıcılığında Vurğun fenomenindən sui –istifadə etməyən Vaqif ilk addımlarındaca özünü, “mən”ini, daxili potensiyalını ifadə etməyə başlamışdı.

XX əsrin birinci yarısında Azərbaycan şeirində coşqun, pafoslu əzəmət, qürur nümayiş etdirən S.Vurğunun fəlsəfi düşüncələrini əsrin ikinci yarısında V.Səmədoğlu daha real, obyektiv şəkildə davam etdirirdi.

“Böyük Sabirin xəstə, ağrılı yerindən sancaraq özünə baxmağa məcbur etdiyi, özünü dərk etməyə çağırdığı xalqı özünə inandırmaq lazım idi. Səməd Vurğun poeziyası bu işi gördü. O, silkələnmiş, müəyyən qədər ayılmış xalqa qürur, özünəinam aşıladı”. (T.Hüseynoğlu)

V. Səmədoğlunun ilk şeirləri 1963-cü ildə “Azərbaycan” jurnalında çap olunub. Onu ilk şeirlərindən tanıyırıq, bu gün tanıdığımız kimi...

Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...

İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər tinə,

Sapsarı son adamlar...

Doğulur sonuncu insan,

Sonuncu insan ölür,

Yenə son dəfə ağlayan,

Son dəfə gülən olur...

Şeirin poetik cazibəsi rəngsiz, ağ- qara bir tablo qarşısına çəkir bizi... Hətta “sarılıqlar” belə qara görünür... Yenə dönəcəklər tinə, sapsarı son adamlar... Dünya sonuncu insana, onun son nəfəsinə bənddir...

Müəllif söz yoluna çıxanda həyatın zahirindən doğan alabəzəkliyə meyil etmədi. Daxili, daha dərin qatlarda baş verən prosesləri izlədi və gəldiyi əqli nəticənin poetik ifadəsində özünəməxsus rənglərdən istifadə etdi. Ümidsizliyin, qəmin, kədərin yeni - həyatın özü kimi təzadlı rənglərini kəşf etdi. “Son səhər”, bir tikə yelə bənd olub sürünən sonuncu qayıq, axırıncı ağac, sonuncu yol və bu yolu kəsən sonuncu fələk. Sonuncu küçədə ölümə doğru gedən saralmış adamlar gözdən itir. Və nəhayət, doğulan sonuncu insan sonuncu ölən olur. Son dəfə ağlayan isə son dəfə güləndir.

Sanki “Dünyanın sonu” adlı heyrətamiz və düşündürücü bir tablo yaradır. Dünyaya sonuncu dəfə, son nəfəsdə baxan insanın nəzərindəki bu mənzərə ilə həyatı sevən də, sevməyən də hər kəs nə vaxtsa qarşılaşa bilər. Əlbəttə son dəfə, son nəfəsdə...

Vaqif Səmədoğlunun bütün şeirləri üçün xarakterik olan xoşagəlimli cəhətlərdən biri də odur ki, ibrətamiz, ağıllı fikir heç vaxt nəsihət, öyüd şəklində söylənilmir. Ona görə də bu poeziyada publisistik, çağırış ruhlu şeirlər aramaq əbəsdir. Burada nə konkret tənqid hədəfi var, nə tərif obyekti, fikir var –oxucunu düşündürən, özünə qaytaran, özünü özündən utandıran, kimliyini düşünməyə vadar edən, Allahından qorxudan, nəhayət insanı İnsan olmağa çağıran xeyirli bir fikir. Vətəndaş yanğısı, ictimai kədər, ümumbəşəri duyğular nə qədər güclü olsa da haray, qışqırıq yoxdur.

Vaqif Səmədoğlu lirikasında gəncliyə məxsus fərdi, intim hisslərlə, şəxsi kədərlə yazılmış şeirlərlə üzləşmədik.

Nəyin istisindən yananlar

arzulayacaqlar kölgəmi?

Hansı rənglə çəkəcəklər

xəritələrdə ölkəmi?

Şeirlərimi sevəcəklərmi

divarlar arxasında?

Nə parlayıb sönəcək

son günümün yaxasında?

Bazarda ətin qiyməti düşəcək,

yoxsa

Meşə cəngəlliyinin

qoyduğu qiymətdə qalacaq?

Öpüşəcək,

öldürəcək,

düşünəcəklərmi yenə qaranlıqda?

İnsan xoşbəxt olacaqmı

məhəbbətin doğduğu bir anlıqda?

Qatarlarda

axşamüstü,

çay paylayacaqlarmı içməyə?

Pasport, viza

gərək olacaqmı sərhədlərdən keçməyə?

Andersenin nağıllarını oxuyacaqlarmı?

Əlifba biləcəkmi hamı?

Kür daşacaq,

yoxsa bəndlər ovcundan

töküləcək Xəzərə?

İnsan bir ömrü boyu

öləcək neçə kərə?

Yol azacaqlarmı?

Məzar qazacaqlarmı?

Məsciddə yuyacaqlarmı meyidləri?

Kim sulayacaq

Bulvardakı söyüdləri?..

Şeirin məna dərinliyinə, fikir incəliklərinə nəzər salaq: Nəyin istisindən yananlar arzulayacaqlar kölgəmi? Məni şair kimi kim qəbul edəcək? Həqiqəti dərk edib kədərlənənlər... Ölkəmi xəritələrdə necə çəkəcəklər? İllər öncə verilən bu sual bu gün necə səslənir? Sərhədləri yaralanmış, yaralarından qan sızan vətənimizin xəritədəki görünüşü necə ola bilər?

Divarlar arxasındakı məhbus şeirlərimi (müəllif yəqin ki, çap olunmamış, işıq üzü görməyən şeirləri nəzərdə tutur) sevəcəklərmi? Həbs olunmuş azadlıq aşiqinin nisgilli nəğmələrini dinləmək hər kəs üçün əzizdir.

Bazarda ətin qiyməti yenəcək? – Bəlkə də məişət problemi kimi görünən bu sualdakı istehza, yumor şeirə bir az da şirinlik gətirir.

Öpüşmək, öldürmək, düşünmək – bir-birindən uzaq bu anlamlar qaranlığa aid edilir, zülmətlə əlaqələndirilir.

Qatarlarda çay paylayacaqlarmı?- Günümüzün bir qatar lövhəsində əks olunan reallığı kim bilir, bəlkə də yüz il sonra hansısa oxucunu təəccübləndirəcək. Sərhədlər, qadağalar, rəsmiliklər buxovu ləğv olacaqmı?

Ölə-ölə yaşamaq əzabından qurtulan insanları dəfn etməzdən öncə məscidlərdə yuyacaqlarmı? Buna bənzər ikinci qəribə və gözlənilməz sual-kim sulayacaq bulvardakı söyüdləri? Meyidlərin yuyulması – söyüdlərin suvarılması... Burada qanunauyğun bənzərlik varmı, ya bu da bir təzaddır?

Bu maraqlı, ilk baxışdan bir-biri ilə əlaqəsi olmayan suallardan yaranan şeirdə müəllif mühitini özünəməxsus poetik ifadə üsulları ilə canlandırır. Burada fikir, ideya nə qədər yığcam, konkretdirsə, bu fikri açıqlayan lövhələr, məqamlar daha artıq dəyişkən və çoxşaxəlidir. Bu gözlənilməzlik isə şeirin ovqatına, təsir gücünə, düşündürücülüyünə xələl gətirmir.

İlk qələm təcrübələrindən olan başqa bir şeirdə oxuyuruq:

Batan

gəminin suya atılan

yükü kimi

kənara atıram ümidlərimi.

Ömrümün divarında

bu gün yenə

kəndir dayanıb

qapı yerinə...

Məhv olduğunu görüb ümid yükünü – gələcəyə inam, həyat eşqi ağırlığını çiynindən atır.Yaşamaq ehtirası yox olanda ömrün divarında açılan, çıxış yolu olan qapılar dar ağacına çevrilir. Kəndir – intihardır. Özün öz əlinlə ümid bağlamasını atırsan və özünü mənəvi cəhətdən süquta yetirirsən. Belə bir ömür bağlaması ilə daha başqa bir şeirdə rastlaşırıq:

Ömrümün

çarpaz düyünlənən bağlamasında

beş–on yaxşı günümün

üçü çıxacaq bəlkə.

Ümidlərimi buza qoyun,

fəqir – füqəraya paylayın

arzularımı...

(1967)

Arzu, ümid “düyünçə”sindən yenə də imtina olunur. 1960-cı illərin nümunəvi sovet tənqidçisi bu yozuma necə baxır? Bu ki sovet adamına xas arzu – istək deyil. Bu ki, ittihamdır, etirazdır, nəyisə inkardır. Sosializm quruculuğu illərinin qaynar təbiətli, qəhrəman obrazları sırasında bu cür qəhrəmanlar necə baş qaldıra bilib? Doğrudur, bu şeirdə xoşbəxt sovet adamının yüksək həyat tərzini əks etdirən heç nə yoxdur. Ancaq bu o demək deyil ki, batan, məhv olan bu qəhrəman poeziyamıza da yaddır. Onda, onun qəzəbində, istehzasında Nəsiminin, Füzulinin, Vaqifin, Sabirin şeirlərindən boylanan neçə - neçə lirik – fəlsəfi düşüncəli obrazların qüssəsi, faciəsi görünür. Vaqif ilk şeirlərindəcə Füzuli dərdinin varisi kimi çıxış etdi. Poeziyada Füzuli kədərinin ağırlığını daşımaq isə hər şairə nəsib olmur. Dövrünə məxsus dəbdəbəli və ritorik üslubdan, reallıqdan uzaq təsvir və tərənnümlərdən imtina edən V.Səmədoğlu poeziya tariximizdə daha yüksək zirvələrə üz tutmuşdu. Sevgisi də Füzuli kimi təmənnasız və dözümlü idi. Mübarizəsində onuntək inadlı və qətiyyətli, əqidəsində dönməz idi. Küskünlükdə, tərki-dünyalıqda isə daha çox Nəsimiyə bənzəyirdi.

Dünya duracaq yer deyil, ey can səfər eylə!

Aldanma onun felinə, onnan həzər eylə!

Zəmanədən şikayət motivli şeirlərində V. Səmədoğlu yenə də Füzulini xatırladır:

Zəmanə fitnəsinə adət etmişəm nə edim,

Edər zəmanəyə tabe adamları dünya.

Şeirimizin ədəbi-tarixi qaynaqlarından bəhrələnən şair öz orijinal dəsti-xətti ilə müasir poeziyamızda Füzuli ənənələrini davam etdirir. İntellektual səviyyəsinə görə V. Səmədoğlunun şeirləri Füzulinin “elmli şeir” prinsiplərinə cavab verir: “Füzulinin “şeir elmliyi” müddəası, qısaca desək aşağıdakı prinsipləri əhatə edir:

1. bədii obrazın real əsası;

2. təsvir mütənasibliyi;

3. zəngin elmi fikir və həyati təcrübə.

...Füzulinin ədəbi deviz kimi alimanə irəli sürdüyü “elmli şeir” anlayışını biz sözün tam mənasında indiki intellektual şeir tələbi kimi başa düşməliyik”.

V. Səmədoğlunu Füzuliyə yaxınlaşdıran cəhətlərdən biri də odur ki, o da sələfi kimi həyatı filosof tək dərk edir, şair kimi qələmə alır.

Qeyri-adi poetik istedada malik olan Vaqifin 1960-cı illərdə ədəbiyyatımıza gəlişi yeni bir hadisə idi. Şeirə öz dəsti-xətti, fəlsəfi düşüncələri, yadda qalan obrazları ilə qədəm qoyan gənc şairi isə ədəbi tənqidimiz soyuq qarşıladı, onu vaxtında lazımınca qiymətləndirib, tutarlı təhlil və obyektiv mülahizələrlə şeirsevərlərə təqdim etməkdən sanki boyun qaçırdı. Bu laqeydliyi nə şairin “anlaşılmazlığı”, nə də 1960-cı illər ədəbi tənqidinin elmi-nəzəri səviyyəsizliyi ilə əlaqələndirmək düzgün deyil. Sadəcə tənqidçi də dövrün “nəbzini” tutan bir çox şair və yazıçılar kimi çap olunmaq, “tanınmaq”, ad-san sahibi olmaq istədi. Vaqifin şeirlərinin “sirrini” açmaq mövcud siyasi rejimin, ictimai mühitin eyiblərini açmaq demək idi. Bu isə “irəli” getmək istəyən tənqidçi üçün perspektivli yol deyildi. Şair heç nəyə baxmadan həqiqəti yazdı, hazır həqiqəti göstərməyə isə tənqidin gücü, cəsarəti çatmadı. Vaqif isə həyatın hər üzünü-yaxşısını, pisini, sevgisini, kədərini, ağrısını, əzabını içinə götürüb səbrinə, təmkininə sığınıb şair aləmi xoşbəxtliyində daxili “mən”i ilə baş-başa verib dözməyi, şair faciəsi yaşamağı bacardı. Şeirlərinin birində deyir:

İçimə məhəbbət yazır,

içimə həsrət yazır,

yazır, yazır, yazır həyat.

Günəşli gündüzlər,

köksü məsafə ilə dolu düzlər,

gecə tək qaranlıq,

gündüz kimi aydın üzlər,

yazılır içimə,

içimdə qalır...

Sevdiklərim də,

sevmədiklərim də,

yazılır içimə,

qalır içimin

qalın səbr dəftərində...

25 yaşında V. Səmədoğlu dözümünü “qalın səbr dəftəri”nə bənzədirdi. Dünya boyda nəhəngi təmkininə, dözümünə sıxışdırıb özü ilə, tənhalığı ilə gəzdirdi. Sonrakı illərdə (yəqin ki, səbr dəftərində ağ yer qalmayanda), dözümünün başqa bir məqamında:

bu səssiz bağırtı içində

pıçıltıya ehtiyacı var insan oğlunun.

Nə yaman çətindir, İlahi,

danışa-danışa susmaq,

dillənmədən eşidilmək ondan da çətin!

Susmaq, eləcə susmaq...

deyirdi. “Səbr kasası” dolub daşanda isə “tükənmişəm, partlayıram”-deyib hay salmaq məcburiyyətində oldu. Xeyli keçəndən sonra, 57 yaşında ikən tərəddüd içində:

Bəxt deyilən zəhrimar

Bizi hara atacaq?

Gedək, daldan ya bir daş,

Ya bir xoş gün çatacaq...

(1996)

naümidliyini yaşadı.

Onun şeirlərində klassik və xalq ədəbiyyatının poetik ənənələrinə rast gəlmək olur, yeni formada - sərbəstdə yazdığı şeirlərdə belə bayatı avazı, xalq ədəbiyyatından gəlmə musiqili dil elementləri duyulurdu. “Şeirimizə əlində “Diogen çırağı”, dilində “hey” nidası ilə gələn Vaqif Səmədoğlu folklor söz düzümünün zahiri ahəngindən çox daxili aləminin musiqisini tutdu. Şair qəlbinin səsi bu dəryanın min səsli musiqisinə qarışıb əks-səda kimi geri-bizə döndü”.

Bu poeziyada misraların emosionallığı, ovsunu oxucunu daha diqqətli, həssas edir:

Yumşaq,

Tənbəl istinin qapısında

Qara açar gözü tək

Qaralır qaya,

Sabah aşura...

Sabah itmiş açarlarla

açılacaq insan dərdi.

Sabah dirildəcəklər ölənləri,

öldürəcəklər öldürənləri...

İtmiş açarla

bağlanacaq yenə dərd. (1965)

“Bir zamanlar “sərbəst” şeir yazdıqlarına görə yenilikçi adlandırılan V. Səmədoğlunun və R. Rövşənin yaradıcılığında bizcə əsl yenilik duyğuları onların kökə, xalq ədəbiyyatı ruhuna qayıdışlarından sonra yazdıqları şeirlə gəldi... Sərbəst şeirlər yazdığı zamanlarda da V. Səmədoğlu “Azərbaycan şeirinin ən böyük sənətkarı Aşıq Abbas Tufarqanlıdır!” deyirdi”. ( M. İsmayıl)

Öz elmi işində V. Səmədoğlu yaradıcılığı haqqında dəyərli mülahizələr söyləyən Məmməd İsmayıl bəzi məqamlardakı subyektiv mülahizələri ilə mübahisə doğurur: “Nə qədər Anar V. Səmədoğlunu əvvəldən sona kimi eyni yolun yolçusu olduğunu iddia etsə də, Vaqifin yaradıcılığının ümumi mənzərəsi başqa şey deyir. Onun “Yoldan teleqram” kitabı ilə son zamanlarda çap olunan “Mən burdayam, İlahi...”ni müqayisə etsək, birinci kitabdakı sərbəst şeirlərin çoxluğunu ikinci kitabda heca ilə yazılan şeirlər əvəz edir”.

Göründüyü kimi, “sərbəst”lə “heca” qarşılaşdırılması bu gün də ədəbi-nəzəri fikir obyektini tərk etməyib. Sərbəst vəznə mənfi münasibətini gizlətməyən Məmməd İsmayıl V. Səmədoğlunun “sərbəst”də yazmasını bəlkə də təcrübəsizlik hesab edir və hətta sərbəstdən hecaya keçməyi “haqq yoluna dönmək” kimi dəyərləndirir: “Qarşısını kimsənin ala bilməyəcəyi bu proses başlanmışdı, hətta bu proses “qoşmaçı”ları yox, “sərbəstçi”ləri də “haqq yolu”na döndərmişdi”.

V. Səmədoğlu yaradıcılığının ilk mərhələsində 1960-cı illər ədəbi mühitinə məxsus yenilik həvəsi, mövzu rəngarəngliyi, poetik axtarışlar, lirik emosional şeir dili yaratmaq cəhdi, ədəbi təsirlərdən çıxmaq daha orijinal, özünəməxsus cizgilərlə yadda qalmaq təşəbbüsü, xalq ədəbiyyatından gəlmə fəlsəfi-ictimai düşüncə tərzini müasir etik-mənəvi düşüncə tərzinə uyğunlaşdırmaq təcrübəsi ilə çıxış etdi və böyük uğurlar qazandı.

Sabahdan axşamacan gözüm yolda.

Nə bir yoldaş gözləyirəm,

Nə qız gözü. Nə kağıza yapışan söz,

nə də ki, bir baxt.

Sabahdan gözüm yolda.

Nə bir Günəş möhürləyən səhər,

nə də axşam imzası gözləmirəm.

Gözüm yorğun...

yorğanları qapanır...

Kimsə yox,

Heç kimi gözləmirəm.

Elə-belə...

İstəyirəm indidən

gözlərimi yol çəkməyə öyrədim.

Bəlkə lazım olacaq...

Sabahdan axşamacan gözüm yolda.

Gözləyirəm...

(1963)

Gəncliyinə baxmayaraq ictimai-siyasi durumu daha düzgün, fantastik dərəcədə real təhlil edən şairin həyata, dünyaya hər kəs üçün sirr olan ümidlərdən asılı gələcəyə-şəxsi taleyinin qeyri-adi axarına münasibət-konkretlik də təəccüb doğurur. Məsələn, şair hardan bilirdi ki, gələcək “yanıq” çıxacaq?

Vaqifin yozumunda ömür-yoldur, gözləmək yaşamaqdır. Gözləri yol çəkmək-son ucu ölüm olan ömür yolunun o başına-son mənzilə ümidlə irəliləməkdir. Şeirdə sənətkarlıq baxımından bir çox tapıntı ilə rastlaşırıq. Lakin əvvəlcə qəhrəmanın vəziyyəti ilə tanış olaq: həyat və ömür həmdəmlərindən, dostdan da, sevgilidən də əlini üzmüş lirik qəhrəmanımızın gözləri yol çəkir. Bəxtini də gözləmir. Nə işıqlı, ümidli bir səhər, nə xeyirli, nəticəli bir axşam gümanında da deyil. Heç kəsi, heç nəyi gözləməyən gözlər yollara dikilməkdən yorulur. Ancaq bu yorğunluğa öyrəşmək lazımdır. Gələcəyin gələcəyini gözləməyə dözmək üçün... Yollarında göz yorduğu gələcəkdən isə heç nə ummur, yenə də gözləyir.

Gənc şair ilahi-fəlsəfi fikri yüksək poetik formada təqdim edir. Obrazlı ifadə və deyimlər şeirdəki emosional mühitin ovqatına köklənir. Bəlkə də hər gün eşitdiyimiz sözlər yeni məna çalarları, yeni rənglər, yeni xüsusiyyətlər qazanır. Bu sözlər təzə-tər, könül oxşayan və daha çox “yük”lənmiş olur. Məsələn, “qız gözü” bu şerdə həm sevgili, həm nakam məhəbbət, həm həsrətlə və ümidsizliklə xatırlanan gözəllik, həm də gözlənilməyən, ancaq eyni zamanda arzulanan bir varlıq anlayışlarının hamısını əvəz edir, şeirin ideyası üçün əsas atributa çevrilir, üstəlik “gözləyirəm”, “gözləmirəm”, “gözüm”, “gözlərim” sözləri ilə fonetik tərkib baxımından həmahənglik yaradır. “Günəş möhürləyən səhər” ifadəsinə diqqət yetirək. Səhər sözü poeziyamızda bəlkə də ən çox işlənən və saysız-hesabsız təşbehlərlə təqdim olunan bir ifadədir. Ancaq “günəşin möhürlədiyi səhər”, eləcə də “axşam imzası” yeni və uğurlu tapıntıdır. Digər ifadələrə baxaq: gözüm yorğun... yorğanları qapanır... Göz uyuyur, göz qapaqlarını-yorğanını başına çəkir. Göz qapaqları yatanda örtülür. Yorğan qiyafəsində təqdim olunan “qapaqlar” qalxan kimi gözlər yenə yollara dikiləcək, gözləməyə başlayacaq.

Dənizdən ayrılmış qupquru qaya,

Qədim xatirətək əyib başını,

Ayrılıq illərin indi kim saya,

Kim bilir kədərin qoca yaşını?

Bəlkə yer altına qaçan Xəzərdən,

Yer üzündə qalan daş izdir qaya?

Bəlkə də fırtına içindən qopmuş

Bir parça qurumuş dənizdir qaya?

Birdaş-birdaş illər düşür üstündən,

Kiçilir hey yaşa dolduqca qaya,

Bostandan quşları qovacaq bir gün,

Xırdaca daş qalıb bu uca qaya...

(1965)

Hecada yazılmış bu şeir də “ilk qələm təcrübələri” silsiləsinə daxildir. Doğrudur, burada da dolğun, ibrətamiz bir hikmətlə qarşılaşırıq: Bəlkə də qurumuş dənizin yer altına qaçan Xəzərin nişanəsi olan, birdaş-birdaş kiçilən bu uca qaya nə vaxtsa quşa atılan xırdaca daşa çevriləcək. Yaşa dolduqca kiçilən və haçansa “heç nəyə” çevrilən qaya obrazı mənalı və yeni-çalarlıdır. Lakin buradakı qafiyə düzümü-“qaya-saya”, “başını-yaşını”, “izdir-dənizdir”, “dolduqca-uca”-bu poeziya üçün bəsit, sönük və yad görünür. “Kim bilir qədərin qoca yaşını” misrası isə eyni ilə S. Vurğun seirini xatırlatdı...

Şikəst pencəyinin

boş qolu

gecə ilə dolu...

Ürəyin yeganə yeridir

içimizin gecəsi.

İnsan səsi

qaranlıqdan çıxır.

Bulaq

yer altının zülmətindən axır.

Qarı süd sağır

inək əmcəyinin qaranlığından.

Ana bətninin gecəsindən gəlir dünyaya

insan.

Bəlkə elə yaşayırıq

bir gecədən

o birinə keçmək üçün.

Sona gecikmək üçün...

(1965)

Gecə-təzadlı əlamətlərlə izah olunur. Qaranlıq həm xeyrə, həm də şərə yozulur. “Şikəst pencəyinin boş qolu gecəylə dolu...” Burada gecə sarsıdıcı boşluq deməkdir. (Üç nöqtə qoyulur, sonra fikir davam etdirilir). İnsanın varlığına dəlalət edən ürək də, səs də içimizin zülmətində qərarlaşır. Bu dünyanın ən gözəl nemətləri - ruzisi, bərəkəti - suyu yer altının zülmətindən, südü inək əmcəyinin qaranlığından çıxır. Ən ali varlıq-İnsan da ana bətnin gecəsindən qopub dünyaya gəlir. Yeni fəlsəfi həqiqətlə üzləşirik: görünür dünyada hər şey zülmət boşluğunun bağrında peyda olur. Deməli, ömür bir gecədən o biri gecəyə yoldur. Bu yolda az və ya çox ləngimək isə ömrümüzün müddətini təyin edir...

Hələ ilk şeirlərindən qəlib poetik obrazlarda qaçmağa çalışan müəllif özü yaratdığı bədii obrazlarda məntiqə, fikrə, milliliyə, bənzəyənlə bənzədilənin uyğunluq reallığına daha çox diqqət yetirirdi.

İlk qələm təcrübələri sırasında “Mavzoley” şeiri ilə rastlaşdıq.

Burda

nə metr etalonu saxlanır,

nə üstü tozdan qorunan

İlk quran.

İnsan.

Lenin saxlanır burda.

Açıq sinəli məzarda.

Ağ günün əvvəli,

qara günün sonu

Ağıl.

Vicdan!

Əsil insan etalonu!

Şeir Leninə həsr olunub. Düzdür, burada R. Rzanın “Lenin” poemasındakı pafos, ritorik təmtaraq, bitib-tükənməyən bənzətmələr və s. yoxdur. Ancaq Leninə elə bir münasibət var ki, bu günün prizmasından baxanda belə düşünməli olursan: “Ağıl. Vicdan! Əsil insan etalonu!(?)

Bunu ədəbi güzəşt hesab etmək olmaz. Misralardakı səmimilik sübut edir ki, bu şeir təsirdən deyil, həqiqi inamdan yaranıb. Nəşr olunan şeirlərin içərisində bu müstəsna hal kimi görünür. Ancaq çox az çap olunan müəllifin arxivində bu məzmunlu şeirlər çoxdurmu, və yaxud varmı?- sualı bizi də düşündürür.

Bu payız da başlandı,

Bu yağış da...

Ölülərim,

Dirilərim dolanır içimdə.

Xatirələr səyriyir gecəmdə,

Təkliyimi minib at tək.

Yanır,

Sönür

Ötür ömrüm...

Ekspreslər dayanmayan,

Kiçik stansiyalartək.

(1964)

Payız yağışlarının, səyriyən xatirələrin qüssəsi ilə köklənib, ekspreslər dayanmayan kiçik stansiyalar tək ötüb keçən ömür qəhramanımızın tənhalığını attək minib çapsa da, özü kimsəsizliyin, təkliyin pəncəsində əzilir, ölgünləşir. Təklik və ömür ikiliyində bir-birinə həmdəmlik də, bir-birinə qənimlik də var. Tənhalıq ata bənzədilir. Ömür bu atı mənzil başına qovur, at isə sahibinin əsiri olaraq qalmır, onu mənzil başına istədiyi kimi aparır. Fikir aydındır: ömür tənhalıqda keçir. Bu sadə məntiqin ifadə tərzindəki poetik-fəlsəfi tapıntılar, dərinlik, düşündürücülük həmin şeiri bu mövzuda yazılmış onlarla şeirdən fərqləndirir.

Vaqif lirikasındakı qəm-kədər romantikasının tarixi-milli kökləri çox qədimdir. Ancaq şairin kədər fəlsəfəsinin ilk rüşeymləri ilə konkret olaraq XX əsrin əvvəllərində Azərbaycan romantizimində, xüsusilə H. Cavid yaradıcılığında rastlaşırıq. Vəli Osmanlının “Azərbaycan romantikləri” kitabında oxuyuruq: “Qüssə-bizim romantiklərin hamısının gənclik, bəlkə lap körpəlik nisgilidir. Onlardan hər biri ələ qələm alanda qəlbindən qopub gələn nalədən yazmağa ehtiyac hiss edib. Biri nalədən az yazıb, digəri çox. Romantiklərdə qüssə doğuran həyati səbəblər müxtəlifdir”.

Vaqif Səmədoğlunun bəlkə də hər şeirində rastlaşdığımız Ümid obrazının H. Cavid yaradıcılığındakı yozumu ilə tanış olaq: “Ümid əvvəlcə cazibəli, vədedici; işvəlidir. Əlbəttə, müəyyən həddə qədər. Ümid həddi aşanda, sadəcə ümid olaraq qalanda artıq yorucu, usandırıcıdır. Bunu dərk edən lirik qəhrəmanın daha dözməyə qərarı gəlmir:

Ey nəşvəli, ey işvəli ümid!

Lənət sana, ey afəti-cavid!

Artıq yetər, əl çək, mən usandım;

Arxan sıra gəzdim yapayalnız,

Hər məkrinə uydum sənin, ey qız!

Lirik qəhrəman əvvəl ümidi bakirə sanırmış, onun arxasınca gəzib dolanırmış. İşvəli ümidsə əmələ çevrilmir ki, çevrilmir. Onu bu hal usandırır. Ümid onun gözündə fitnəyə dönür. O, nifrətlə ümiddən üz çevirir. Çünki ümidlə həmişə yaşamaq olmurmuş.

Ümiddən usanıb o üzünü yəsə tutur:

Ey yəs! Sən ey hüsni-Sərazad!

Ağuşuma gəl, qıl məni dilşad!

Gəl qəlbimə gir, ey sarı yıldız!

Ruhimlə bərabər yaşa yalnız.

Sevdim səni ey sevgili dilbər!

Gəl, ağlayalım indi bərabər.

Lirik qəhrəman ümiddən yəsə ərklə, inamla dönmürmü? Sanki ümidlə yəsin elə bir fərqi yoxmuş. Yəsə də “gəl qıl məni dilşad” deyir”.

V. Səmədoğlu poeziyasının “ümidi”ə münasibətində Cavid fəlsəfəsinin izi görünür. Caviddə yəs canlı obraz, sevgili dilbər qiyafəsində təqdim olunur. Onunla görüşmək, ona qovuşmaq sanki xoşbəxtlik hesab edilir. Vaqifdə isə bu xoşbəxtlik, bu mənada müraciət obyekti daha çox ölüm anlamında özünü biruzə verir. Şeirlərinin birində, “Ölüm gəlir, ömür, sonun mübarək!”-deyən Vaqif kədərinin fəlsəfi hikməti Cavid lirikasının fəlsəfiliyi ilə sanki üst-üstə düşür. Yaradıcılığının ilk dövründən kədərlə qol-boyun olan hər iki şairin dünyaya baxışında, həyat fəlsəfəsində, “İnsan və dünya” konfliktinə münasibətdə ideya paralelləri və başqa bənzərliklər tapmaq olar.

V. Səmədoğlu poeziyasını orijinal, özünəməxsus cizgiləri ilə şərh etmək istəsək də, ənənəyə, milli-mənəvi poetik yaddaşa qayıdışı inkar edə bilmərik. Nəsimi, Füzuli, Cavid, Hadi irsinə məxsus fəlsəfi dərinlik, bədii-estetik baxış, tərkidünyalıq, “Dünya-İnsan-Ölüm” reallığını məntiqi-əqli mühakimələrlə təsvirə çəkmək, poeziya ilə fəlsəfənin, elmin, məntiqin sintezini yaratmaq, dünya malına Nəsimi etinasızlığı, gözəlliyə Füzuli məftunluğu, dərdə, kədərə Cavid, Hadi munisliyi bu poeziyanın özülüdür.

Xalq ədəbiyyatından gəlmə sadə, anlaşıqlı, şirin dil, yığcamlıq, ideya aydınlığı, yumor-dərdi gülə-gülə faş etmək üsulları isə bu poeziyanın ruhudur.

Bundan başqa bəzən bu poeziyada Səməd Vurğun romantizminin, pafosunun, emosionallığının genetik təzahürü ilə də rastlaşırıq, hecada yazılan şeirlərdə bu daha çox hiss olunur.

Nəhayət özünün ilk müəllimi hesab etdiyi R. Rza ədəbi məktəbindən bəhrələnmələr... Təkcə sərbəstdə yazdığına görə deyil, fikri ifadə formasına, poetik obyektə orijinal münasibət, mahiyyətə varmaq, yeni rənglər, çalarlar aşkarlamaq istedadına, başqalarının görmədiyini görmək və göstərmək, yada salmaq fəallığına, əqidəsində inadlı mübarizəsinə və s. yüksək keyfiyyətlərinə görə də Vaqif Rəsul Rza ədəbi yolunun layiqli davamçısıdır.

V. Səmədoğlunu sələflərindən və müasirlərindən fərqləndirən özünəməxsus novator yaradıcılıq uğurlarından növbəti hissədə danışacayıq. Lakin bu gün bizi bir şey təəssüfləndirir. 1960-cı illər Azərbaycan poeziyası üçün Vaqif Səmədoğlu kim olmuşdur? Bunu zamanında, vaxtında dərk edən, görən və göstərən olmadı. Vaqif həmin illərin ədəbi-tənqidi-nəzəri təhlil məcmuələrində, kitablarında, ədəbi-ictimai mühitdə olduğu səviyyədə görünmədi...

Mən bir gün üfiq olmuşdum,

duman çökdü dənizə...

görünmədim.

Mən bir gün cığır olmuşdum,

Gedib-gələn olmadı, ot basdı üstümü...

görünmədim.

Mən bir gün təbəssüm olmuşdum,

nə oldu bilmədim...

görünmədim.

(1969)

1999

Ardı var

# 3970 dəfə oxunub

Müəllifin son yazıları

# # #