Kişilərdə qadını, qadınlarda kişini sevən dahi

Kişilərdə qadını, qadınlarda kişini sevən dahi
8 yanvar 2024
# 09:00

Kulis.az İradə Musayevanın “İtirilmiş zamanın sorağında” romanı haqqında yazısının ikinci hissəsini təqdim edir.

Əvvəli burada

M.Prust darıxanların və darıxdırıcı həyatın yazarıdır...

1909-cu ildə Marsel Prust artıq “İtirilmiş zamanın sorağında” romanının strukturunu müəyyənləşdirmişdir. 1922-ci ilə qədər davam edən yazı prosesi isə müəllifin xəstəliyi səbəbindən çox ağrılı keçir. Mətnə daima yeni materiallar əlavə edən yazar bütün cildləri nəşr etdirə bilmir. Yeddi cilddən sonuncu üçü onun ölümündən sonra yalnız qaralama formada mövcud olduğu üçün qardaşı Robert bu hissələrin redaktəsinə və nəşrinə nəzarət edir. Cildlər ilk olaraq 1913-cü ildən 1927-ci ilə qədər Fransada nəşr olunur: 1.Svann tərəfi (1913-cü il, 1919-cu ildə isə təkrar, dəyişdirilmiş variantda) 2.Çiçəklənən qızların kölgəsində (1919-cu il. Elə həmin il Qonkur mükafatını alırş) 3.Germantes yolunda (1920-1921-ci illər, iki cilddə) 4.Sodom və Homorra (1921-1922-ci illər, iki cilddə) 5.Məhbus (1923-cü il) 6.İtmiş Albertina (1925-ci il) 7.Qaytarılan vaxt (1927-ci il).
Prust birinci cildin nəşri üçün pul ödəmişdir. Hətta bir çox nəşriyyatlar romanın çapından imtina etmişlər. Birinci kitab çap olunanda üçcildliyin ilk hissəsi kimi təqdim edilmişdir.

1914-cü ilin əvvəlində NRF (Nouvelle Revue Française – Yeni Fransız İcmalı) nəştiyyatı tərəfindən kitabın rədd edilməsi məsələsində iştirak edən A.Gide üzr istəmək və romana görə təbrik etmək üçün Prusta məktub yazır. “Bir neçə gündür ki, kitabınızı yerə qoya bilmirəm... Bu kitabın rədd edilməsi NRF-nin indiyə qədər etdiyi ən ciddi səhv olaraq qalacaq və buna görə çox məsuliyyət daşıdığım üçün utandığımı boynuma alıram. Həyatımın ən acınacaqlı peşmançılığıdır” (Tadié, J-Y. (Euan Cameron, trans.) Marcel Proust: A Life. New York: Penguin Putnam, 2000).

Romanın “Çiçəklənən qızların kölgəsində” adlı ikinci kitabı 1914-cü ildə nəşr olunmalı idi, lakin I Dünya Müharibəsinin başlaması səbəbindən gecikdi və 1919-cu ildə çap olundu.

Roman konkret hadisələr silsiləsi, əhvalatlar toplusu deyil, təhkiyəçinin yaddaşından sel kimi axıb gələn və ən incə, zərif, xırdalıqlarla dolu olan süjetli xatirələrdən ibarətdir. “İnsan düşüncəsinin psixologiyası” anlayışı bu romanda əsl mahiyyəti ilə ortaya qoyulur. Yaddaş və zaman əlaqəsinin fəlsəfi yönləri ədəbiyyat vasitəsilə təqdim edilir. Bəlkə də ədəbiyyat tarixində ilk dəfə olaraq bədii söz öz estetik qabığından çıxıb elmə, elm adamlarına mövzu ötürür. A.Eynşteyn, A.Berqson, Z.Freyd və başqa mütəfəkkirlərin elmi-fəlsəfi qənaətləri ilə M.Prust ədəbiyyatından doğan ideyalar arasındakı paralellərin tədqiqatçılar tərəfindən müqayisəsi də bunu sübut edir. Bu məqamda onu da qeyd edək ki, Prust 1895-ci ildə fəlsəfə üzrə bakalavr dərəcəsi almışdır.

M.Prust yaradıcılığını tədqiq edən fransız yazarı, akademik J. Tadier qeyd edirdi ki, Prust romanları ilə hər şeyi dilin ərazisinə çevirirdi. “Prustun kitabını oxuyun, orada bütün fransız ədəbiyyatı cəmləşib” (https://storyport.online/poznakomitsya-s-avtorom/marsel-prust-pisatel-v-kotorom-sosredotochena-vsya-frantsuzskaya-literatura/)

Romanın baş qəhrəmanı, həyatının çox hissəsini yataqda keirən gənc adam hər şeyə mikroskopik nəzərlərlə baxır. Onun beynində minlərlə sual dəqiqələr içərisində cavab tapa bilir. Hədsiz səbr və dəqiqlik, qələmin incə işləmələri qeyri-adi ədəbiyyat mətnləri ərsəyə gətirir. Adi insanlar qəflətən yuxudan oyanarsa. “Mən haradayam?”, “Bura haradır?” – sualını özünə verər və bir an içərisində də özünə gələr, yuxudan ayılar. Marselin sualları və “niyələr”-i isə tam başqadır. Məsələn, o, yuxudan oyanar-oyanmaz düşüncəsinin harada, hansı zamanda, məkanda yatması haqqında düşünür. Özünü ilk oyandıqda qaranlıq içərisində itib-batmış bir əşya, bir böcək, həşərat, ən yaxşı halda mağara adamı zənn edir. Lakin insan olmağın və şüurlu varlıq, ali canlı kimi mövcudluğun səbəbini də dərhal bəyan edir. Xatırlama, yaddaş vasitəsilə böşluq, qaranlıq və anlaşılmazlıq, qeyri-müəyyənlik içərisindən özünü xilas edə bilir. “Amma mənim öz yatağımda belə zehnimi tamamən əzən dərin bir yuxuya getməyim, düşüncəmi yatdığım məkanın ərazisindən qoparmağa kifayət idi. Gecənin ortasında oyandığım zaman, harada olduğumu xatırlamadığım üçün ilk anda kim olduğumu belə bilməzdim. Ən ibtidai, ən bəsit formada, bəlkə bir heyvanın içərisində titrəyiş kimi var olma hissini yaşayırdım, bir mağara adamından daha aciz olurdum. Amma sonra, yaddaş deyilən şey olduğum yerin xatirəsi ilə bağlı olomasa da, daha öncə yaşadığım və indi də içərisində ola biləcəyim yerlərdən bir neçəsinin nişanələri öz-özümə içərisindən çıxa bilməyəcəyim bu boşluqdan məni çəkib çıxarır, yaddaş göy üzündən uzadılmış bir yardım əli kimi mənə geri dönərdi” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.12).

Təkcə beynin və düşüncənin deyil, həm də bədənin, əzaların (dizlərin, dirsəklərin, gözün, çiyinin və s.) da yaddaşı olduğuna inanırıq. Bəzən bu əzalar ağrı, bəzən üşütmə, bəzən qızdırma, tərləmə və s. ilə belə xatirələr oyadır, yaddaşın bərpasına kömək edib insanları, əşyaları, zamanı və məkanı tanıdır. Məsələn, gözlər öz yaddaşını işə salıb Marselin ölmüş babasının Kombredəki evinin tavanından incə zəncirlərlə asılmış lampanı yaydığı işıq şüaları ilə birlikdə canlandırır, “dirildir”. Bu “diriltmə” sadəcə lampa ilə bitmir, o lampanın xatırlanması ilə otaqlar, bina, o yerlərdəki adamlar və saysız-hesabsız hadisələr “dirilir”, zaman bərpa edilir... Yaddaş azadlığı olmasa, insanın bütün hiss və düşüncələri məhbus həyatı yaşayar. Prust da göstərir ki, balaca məkanlarda eyni əşyalarla illərlə yaşadıqda, üz-üzə qaldıqda həmin əşyalar bizim düşüncəmizi əsir almış olur.

C.Coys və M.Purust XX əsr roman janrının forma və məzmun, estetik mahiyyət ampluasında inqilab etdi. Onlar təkcə yeni ədəbi forma və yeni estetik sənət qavramı deyil, həm də yeni ədəbi-estetik zövqü olan oxucu formalaşdırdı. Daha doğrusu, oxucuda yeni ədəbi-estetik zövq forması yaratdılar. Bu böyük missiyanı klassik qəliblərlə yerinə yetirmək mümkün olmazdı.

Onlar öz möhtəşəm romanlarını dünya müharibəsi, inqilablar içərisində yaşayan insanların daxili və zahiri aləmlə bağlı suallarına cavab kimi yazdılar. M.Prustla C.Coysun əsas fərqi ondan ibarət idi ki, C.Coys şüur səyahətinə, M.Prust isə ruh gəzintisinə çıxır. M.Prustda ruhun gəzintisi şüurun təhlillərini çox zaman arxaplanlı edir. C.Coysda istehzalı və ateistik yanaşma təsəvvürü yaradan mülahizələr hər addımda müşahidə olunurdu, M.Prustda isə sevgi, mərhəmət axtarışında Allaha bağlı bir səmimiyyət var idi. Hətta ən sadə, primitiv ritual ənənəsinin fraqmentlərini belə anlayış, sevgi və rəğbətlə, xalq inancına hörmət jesti ilə təsvir edir. Məsələn, may ayı boyunca davam edən cüməertəsi günlərində keçirilən “Məryəm ana ayinləri”nin təsvirində bunu görmək olur. Eləcə də kilsələrə və dini rituallara, dini abidələrin struktur elementlərinə münasibətdə C.Coysla M.Prust arasındakı fərq kəskin xarakterlidir. Bəzən ruhu cəzb edən gözəlliyin, təbiət və kilsə mənzərələrinin, insani davranışların yanında saatlarca qala bilir. Bir gülün, bir çiçəyin, bir ağ tikan kolunun nağılını, hekayəsini xəyalında canlandırır. Dünyanın, Yer planetinin fırlanmasını, hərəkətini bu məqamda dondurur. İnsan xislətinin eybəcərliyini və ya anlaşılmazlıqlarını, absurdluğunu da eyni təfərrüatla, tələsmədən, səbrlə qələmə alır.

“İtirilmiş zamanın sorağında” əsərində həm də romanist Berqotdan danışılır ki, onun da prototipi fransız mədəniyyətinin ən nüfuzlu nümayəndəsi və “sonuncu böyük klassiki” adlandırılan Nobel mükafatçısı, “Silvestr Bonnarın cinayəti”, “Kraliça Qazayağının aşхanası”, “Qırmızı zanbaq”, “Janna d”Arkın həyatı”, “Pinqvinlər adası”, “Allahlar qurban tələb edir”, “Kiçik Pyer”, “Çiçəklənən həyat” romanlarının müəllifi Anatol Fransdır. Romanda Anatol Fransın adı müstəqim mənada da çəkilir. Məsələn: “Balbek! Yurdumuzun ən qədim geoloji hissəsi, həqiqətən, Armor. Dəniz, yer üzünün sonu – gənc dostumuzun oxuması lazım olan böyük Anatol Fransın “Odesseya”dakı kimerlərin həqiqi ölkəsitək təsvir etdiyi dumanlı və lənətlənmş bölgə...” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s.s.70).

Berqotdan (Anatol Fransdan) danışarkən onun romanını necə sevgi ilə oxumasını aşiq olduğu qadının görüşünə tələsmə kimi izah edir. Berqotu bütün Avropa və Amerikanın ən ucqarlarında belə sevə-sevə oxuyanlar sırasına özünü də aid edirdi. Səbəbsə, axıcı, musiqili təhkiyə, qədim dil elementləri, kədər və hüznlü səhnələrdəki kontrast və s. bu kimi xüsusiyyətlər idi. Fransanın tarixinə, mədəniyyətinə əsərlərində abidə ucaldan, bəzən də ona parodiyalar yazan, inqilablarını, müharibələrini, daxili və xarici siyasətini bədii mətn kontekstində ensiklopedik məlumat vasitəsilə oxunaqlı edən Berqotun romanında “arxaik hisslər və düşüncələr” onu cəlb edirdi. Romanın qəhrəmanı Marsel dünyaya “boş xəyallardan ibarət həyat”, “tükənməz gözəl mənzərələr seli”, “dərk etmənin və sevmənin həzz dolu işgəncələri”, “müqəddəs və füsünkar, əbədiyaşar görünən kilsələrin mənzərəsinə rəng qatan portretlər” – ekvivalenti kimi baxırdı. Məhz Berqotun əsərlərini ecazkar görüntüləri ilə onun üçün yeni bir fəlsəfə, o dövrdəki müharibələrin yüksələn tonunu ifadə edən mənbə hesab edirdi.

Marsel Berqotu ən çox da qədim fransız abidələrini və dəniz mənzərələrini ecazkarlığı, dünyayla harmonik bağlantısı baxımından təsvirlərinə görə sevirdi. Bu təsvirlərin möhtəşəmliyi dünyanı və gözəlliyi dərk etdirirdi. Həm də ona təəccüblənirdi ki, vaxtilə kilsədə ağlından və ürəyindən keçənləri inanılmaz eyniyyətlə onun romanlarında oxumuşdu. İnsanların bir-birindən xəbərsiz eyni obyekt haqqında müxtəlif zaman və məkanlarda oxşar qənaəti, düşüncəsi heyrətamiz idi. Hətta yuxusuz gecələrində anasına və nənəsinə yazdığı məktubların mətnini, yarımçıq qalan kitabında tamamlaya bilmədiyi fikirlərin və cümlələrin davamını onun – Berqotun (Anatol Fransın) kitabında oxuyurdu. Bu anlarda özünü hədsiz xoşbəxt hiss edirdi, çünki Berqot onu düşünmə və özünü, ağrısını ifadəetmə əzabından xilas etmişdi. Bu məqamlarda “Hazır yemək üstünə çıxan ac adam” rahatlığı duyurdu. Berqot fəlsəfəsinə məftun idi, amma düşüncələrində onu bütün uşaqlarını itirmiş kədərli qocaya bənzədirdi. Ən sadə cümlələrində belə fəlsəfi anlam tapırdı və s.

Bir gün Berqotun kitablarının birində xidmətçi ilə əlaqəli bir zarafat səhnəsini oxuyanda daha da təəccüblənir. Çünki o öz xidmətçiləri Fransuazla bağlı nənəsinin yanında etdiyi zarafatların eynisini oxuyurdu. Amma Berqot bunu daha gözəl dillə ifadə edirdi. Hətta bu qədər kəsişən, eyni düşüncə və əqidə oxşarlığı onu ağladırdı. Roman səhifələrinə göz yaşı axıtdığı zamanda özünü uzun ayrılıqdan sonra atasının qolları arasında ağlayan uşağa bənzədirdi.

1997-ci ildə Sankt-Peterburqda “Neva” jurnalında XX əsrin tanınmış filosoflarından olan Merab Mamardaşvilinin vaxtilə (1984-1985) Tbilisi Dövlət Universitetində Marsel Prust haqqında oxuduğu 36 mühazirəsinin mətni çap olunmuşdu. O mühazırələrdə də bir çox Prustşünaslar kimi müəllif romanın ideya və konsepsiyasını həm də Prustun şəxsi həyatı, ailəsi, təhsili, mühiti və hətta xəstəliyi ilə əlaqələndirir. Bildirir ki, Prustu üzən astma yalnız fiziki xəstəlik deyil, həm də psixoloji xəstəlikdir. Bu cür xəstələrdə ölümə yaxınlıq assosasiyası hər şeyə yansıyır. O bu romanında ölümlə mübarizə mücadiləsindən yazdı, ölüm duyğuları və hissi həm də fiziki ağrılara səbəb olur. Boğulma, ölümü yaxınlıqda hissetmə kimi simptomlarla mübarizə, bu işgəncəyə qarşılıq olaraq yazılan “İtirilmiş zamanın sorağında” romanı həm də tibb sahəsinin tədqiqat obyekti ola bilər.

Günlərin birində Marselin əlində Berqotun kitabını görən Svann onunla bu barədə danışır və hətta Berqotla dost olduğunu, onları tanış edə biləcəyini söyləyir. Bu xəbər Marselin ayaqlarını yerdən üzür, möcüzə baş verdiyini düşünür. Berqotla görüşmək ona insanlar arasına enən tanrını görmək kimi gəlirdi. Özünü xəyali olaraq kilsənin dəhlizində hiss edir, təsəvvüründə Berqotla artıq dostdur və abidələr, Fransa təpələri, Normandiya düzənliyi haqqında onun təbəssümlə izahatını dinləyir.

Merab Mamardaşvili məsləhət görür ki, “İtirilmiş zamanın sorağında” əsəri Dantenin “İlahi komediya”sı ilə paralel oxunsun. Çünki Prustun mətni ruhi bir səyahət və ya ruhun səyahətidir, “İlahi komediya” da qəlbin daxili səyahətinin ilk böyük mətnlərindən biridir. Dantenin simvolları, aforizm və ifadələri istər-istəməz Prustun da romanında bu və ya digər şəkildə ifadəsini tapır.

Romanda çoxlu kontrastlı münasibətlər var ki, müəllif onları emosiyasız, açıq hiss edilməyən tənqidi yanaşma ilə təsvir edir. Məsələn, musiqi müəllimi, təqaüdçü M.Venteyl – Svann, Leoniya xala – Fransuaza – Yevlaliya – qabyuyan qız münasibətlərinə diqqət yetirək.
M.Venteyl ona və qızına hörmətlə yanaşan, onlara kömək etmək istəyən adama (Svana) daxilində platonik bir məmnuniyyət, minnətdarlıq yaşadırmış kimi davranır. Svann uzaqlaşdıqda “Nə cazibədar adam! Nə yazıq ki, bu qədər uğursuz evliliyə girmişdi” – təəssüfü ilə bu mövzuda hamının qınaq obyekti olan Svann haqqında danışmağa başlamışdı. Prust bu məqamda ən səmimi insanlarda belə ikiüzlülük olduğunu vurğulayır və bu barədə uzun-uzadı müşahidələrini təsvir edir. İnsanlar görüşərkən daxili səslərini boğur, qarşısındakı adam barədə düşündüklərini yox, o anda “lazım olan” fikirləri səsləndirir, uzaqlaşan kimi isə dərinliklərə atdıqları təəssürat bayıra, azadlığa çıxır.

Və ya, Leoniya xala – Fransuaza – Yevlaliya – qabyuyan qız münasibətlərinə diqqət yetirək. “Vaxtilə Fransuaza ilə xalam, ov və ovçu məsəlində olduğu kimi, daima bir-birlərinin hiyləgərliklərini əvvəlcədən təxmin etməyə çalışırdı. Anam qorxurdu ki, Fransuazaya xalamın əlindən gəldiyi qədər etdiyi kobudluğun və həqarətin sonunda ortada bir nifrət yaransın. Fransuaza xalama nifrət edə bilərdi. Fransuaza get-gedə xalamın hər kiçik sözünə belə diqqətlə yanaşırdı. Xalamdan bir şey istəyəcəyi zaman əvvəlcədən necə deyəcəyi barədə uzun-uzadı düşünürdü. İstəyini bitirdikdən sonra da gizlicə xalamı izləyir, nə düşündüyünü, nəyə qərar verəcəyini üzündən oxumağa çalışırdı”. (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s . s.126).

Fransuaza Leoniya xalanın pulları bəzən boşuna xərclədiyinə də əsəbiləşər (məsələn, Yevlaliya və rahibə verdiyi pulları düşünərkən) və bunu biruzə verərdi. Onun xarakterində absurdizm elementləri, anlaşılmazlıqlar tez-tez müşahidə olunurdu. Daxilində sadizm və humanizm kontrastlılığı hökm sürürdü və iki anti hiss daima bir-birini əvəzləyirdi. Qəzetlərdə yazılan tanımadığı adamların ölümü, faciəli taleyi haqqında məlumatı eşidəndə göz yaşlarına qərq olardı. Amma bir addımlığında yenicə uşağı olmuş qabyuyan qızın gecələr ağrıdan qıvrıldığı vaxtda yatağından durmaz və xanım onu köməyə çağıranda isə “Oyun oynayır, yalandan özünü xəstə kimi göstərir, xanımlıq iddiasındadır” – bəhanəsi ilə daxilindəki sadizmi və iftiraçılığı ortaya qoyardu. Bu məqamda onu da qeyd edək ki, qabyuyan qız obrazı sabit bir hədəf kimi saxlanılır və insanların ədalət, mərhəmət hissi miqyasını ölçmək üçün bu hədəf barometr rolunu oynayır. (Necə ki Svannın rəsm kolleksiyasına daxil olan, divardan asılmış qulluqçu qadın əsərindəki obraza qarşı mərhəmət hissi qabardılır, real durumda isə qabyuyan qızın ağrı və problemlərinə etinasız yanaşılırdı.)

Və ya toyuq qızartmaqda tayı-bərabəri olmayan Fransuazanın toyuqların kəsilməsi prosesindəki qəddarlığı xüsusi qələmlə təsvir edilir. Marsel mətbəxə girəndə köməkçisi olmayan Fransuazanın bişirəcəyi toyuğu necə qəddarlıqla öldürdüyünü görür. Toyuğun boynunu qulağının alt hissəsindən kəsməyə çalışan qadın toyuğu söyür və qışqırırdı. “Pis heyvan, pis heyvan”... Şam yeməyi zamanında və kilsədə mərhəmətli, həlim, xeyirxah kimi görünən qadının bu balaca, aciz heyvana qarşı qəddarlığı get-gedə coşurdu. Hətta toyuğu kəsib bitirdikdən sonra da ona düşmən nəzərlərlə baxıb: “Pis heyvan, pis heyvan” – deyə deyinirdi.

Marsel bu mənzərədən sarsılır və tir-tir titrəyərək yuxarı mərtəbəyə çıxıb Fransuazanın bu evdən getməsini, işdən qovulmasını qətiyyətlə tələb edir. Lakin ona izah edirlər ki, Fransuaza getsə, ona bu qədər dadlı yeməkləri və ətirli qəhvəni hazırlayan olmayacaq. Əslində isə Marselin bu tələbinin özündə də bir sadizm, acımasızlıq elementi var idi. Özü də hiss etmədən toyuğa qarşı qəddarlığı xidmətçiyə qarşı qəddarlıqla konpensasiya eləmək istəyirdi. Marsel “dadlı yeməklər və ətirli qəhvə qorxusu”nun hamı üçün keçərli olduğunu anladı, anladı ki, hər kəsin qəddarlığı və güzəşti belə qorxular hesabına yaranır. Amma beynində “Bəs toyuqlar?!” – sualı hələ tam cavabını almamışdı. Xalası Fransuazanı yüksək qiymətləndirir, onu məhz bu qəddarlığı, başqaları ilə güzəştsiz davranışı üçün işdə saxlayırdı. “Xalama canını belə verməyə hazır olan Fransuaza başqa insanlara qarşı inanılmaz sərt idi. Buna baxmayaraq, xalam onu ​​yanında saxlayırdı, çünki onun qəddarlığını bilsə də, xidmətini yüksək qiymətləndirirdi. Necə ki, kilsə vitrajlarında rəsm edilmiş əlləri dua üçün açılan kral və kraliçaların tarixdə hakimiyyətləri üçün tökdüyü qanlı səhifələr mövcuddur. Mən də Fransuazanın zaman-zaman yumşaqlığının, ləyaqətinin, fəzilətlərinin arxa mətbəxdə əsl mahiyyətini dərk etdim, onların kökündə hansı faciələrin gizləndiyini fərq etdim” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s. s.131).

Leoniya xala 15 gün sürən ağır xəstəlik əzabından sonra ölür. Ölüm yatağında olan Leoniya xalaya sədaqətdə yeni bir Fransuaza qarşımıza çıxır. “Xalamın on beş gün sürən son xəstəliyi müddətində Fransuaza onun yanından bir dəqiqə belə ayrılmamış, gecələr paltarlarını belə əynindən çıxarmamış, başqa adamı xəstəyə xidmətə izn verməmiş, xanımının bədənindən yalnız məzara qoyularkən ayrılmışdı. O zaman anladıq ki, Fransuazanın içində yaşatdığı, xalamın təhqiramiz sözlərindən, şübhələrindən, hikkəsindən qaynaqlanan qorxu, özlüyündə bizim nifrət hesab etdiyimiz, amma əslində sayğı və sevgi olan bir duyğu yaratmışdı. Onun xeyirxahlıqlarla dolu olan ürəyə sahib xanımı, hökmdarı, əsrarəngiz bir hakimi-mütləq əfəndisi artıq həyatda deyildi. Onunla müqayisədə biz çox az şey edirdik... Xalaımızın ölümünə aid olan kədərimiz Fransuazanı heç cür qane etmədi, çünki böyük bir cənazə yeməyi təşkil etmədik, xalam haqqında danışanda səsimizdə xüsusi bir tondan istifadə etmədik və hətta bəzən mahnı da oxuyurdum” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s. s.162).

Əzablı gecələrdə qapı altından süzülən işıq seli, xəfif ayaq səsləri açılan və ümidli səhər assaosasiyası yaradır. Amma həm işıq, həm də addım səsləri bir göz qırpımında yox olub gedir. İçində ölən ümidlər yenidən gözləmək və əzab çəkmək bədbəxtliyinin davamından xəbər verir: “Yanağımı, bir şəfqət duyğusu ilə yastığın, eynən uşaqlığımızdakı yanaqlar kimi totuş və körpə olan gözəl yanaqlarına basardım. Saatıma baxmaq üçün bir kibrit yandırardım. Gecə yarısı... Məcburən gəzintiyə çıxıb gecəni tanımadığı bir oteldə keçirmək zorunda qalan xəstənin bir zaman oyanaraq qapının altındakı işıq selini görərək sevindiyi an... Nə böyük xoşbəxtlik, artıq səhər açılmış. Xidmətçilər az sonra qalxar, zəng çalındığında köməyə gələrlər.Acılarının sakitləşəcəyi ümidi xəstəyə iztiraba tab gətirmək mətanəti, əzmi verir. Bax, ayaq səsləri gəlir; səslər yaxınlaşır, sonra uzaqlaşır. Qapının altındakı işıq seli yox olmuşdur. Gecə yarısıdır; havaqazını bağlamışdılar. Sonuncu xidmətçi də getmişdir və bütün gecə çarəsiz iztirab çəkmək məcburiyyətindədir” (Marcel Proust. Kayıp Zamanın İzinde. Swann'ların Tarafı. Kitap 1. Yapı Kredi Yayınları, 2006, 545 s. s.10).

Romanda təsvirlər, fikir və ifadələr birmənalı xarakter daşımır. Müəllifin mesajlarından əlavə, oxucuların mətn parçalarını özlüklərində mənalandıra biləcyi üslubi fərqlilik var. Belə müşahidələr oxucunu hər an ayıq-sayıq olmağa, fikri və mesaji qaçırmamağa vadar edir. Məsələn, Marselin nənə bacıları nəcib əsilli, aristokratiya sinfinin son nəsli kimi tipikləşdirilir. İnqilabdan sonra da öz simalarını, xarakter və dürüstlüklərini qoruyub saxlamağa çalışan bir sinfin nümayəndələri kimi son dönəmi yaşayır və uzun müddət yataqda xəstə yatandan sonra vəfat edirlər. Leoniya xalanın ölümü də buna misal ola bilər. Genetik yaddaş davranış və xasiyyətləri ilə yanaşı, hər bir insanın özünü təkmilləşdirməsi, formalaşdırması missiyasını da Prust birmənalı qəbul edirdi. Onun fikrinə görə, tərbiyə insanı az dəyişər və mahiyyət etibarı ilə yox. Yəni, insan tərbiyə obyekti olaraq təhlil edilməməlidir.

O, insanın mənəvi dərinliklərində eksperimentlər və müxtəlif cür təcrübi əməliyyatlar aparır. Məlum olur ki, zaman və məkan hamı üçün eyni effektli deyil. Hər kəsin öz zaman və məkan qavrayışı var. Tərəddüdlər və ziddiyyətlər, xaos toplusundan ibarət olan insan o qədər mürəkkəb varlıqdır ki, özü də bəzən nə istədiyini bilmir, hisslərini, arzularını belə mücərrədlik içərisində itirir. Bəzən harada olduğunu, onunla həqiqətdə nə baş verdiyini, göz önündə olanlarla, hiss etdikləri arasında uçurum olduğunu dərk edir. Hətta çox vaxt ona elə gəlir ki, sevir, amma əslində nifrət edir. O, bunu yalnız həyatda baş verənlərlə deyil, həm də əsas psixoloji durumu ilə də izah edə bilir. Hərdən ona elə gəlir ki, Albertinanı sevir, amma əslində musiqi dinləmək istəyir. Nədənsə, Albertina onun üçün bu istəyin səbəbkarı olur, yəni musiqi istəyinin hansı bir mexanizmlə yarandığını aydınlaşdıra bilmir.

Prustun ölümə və həyata münasibətində fərqli yanaşması diqqəti cəlb edir. M.Mamardaşvilinin də doğru müşahidə etdiyi kimi, Prust romanında tez-tez “həqiqi həyat” ifadəsini işlədir. Məlum olur ki, “ölülər aləmi” ilə bağlı bir həyat da var. Real və xəyali mövcudluğun sərhəddini aradan götürdüyü anlarda ölüm anlayışı təkcə insana aid olmur. Əşyaların, zamanın, hərəkətliliyin də dayandığı, öldüyü, sıradan çıxdığı və ya başqa planetə köçdüyü ehtimallarını inandırıcı şəkildə təqdim edir. Və romantik üslub metodu ilə yox, bütün deyilənləri real şəkildə yaşayan və müşahidə edən insan kimi...
Prustun bu 7 romanında konkret bir cəmiyyətin, ictimai-siyasi hərəkatın, hansısa ölkə və dövlətin reallığa söykənən, xronoloji ardıcıllıqla ifadəsini tapan tarixi yoxdur. Onun hədəfi insandır. Zamanını və bu zaman itkisində özünü unudan insanın yaddaşına dönüş jestidir. İnsan unutduqları ilə yox olur. O bu itkiləri ən kiçik böcəkdə, ən zərif çiçəkdə, kilsə dəhlizlərində, adalarda, meşələrdə, tarixi abidələrin daş yaddaşında axtarıb tapır. Zaman izsiz ötüb keçməyib, sadəcə zaman qırıntılarını toplayaraq onu yoxdan var etmək lazımdır və bu işi ədəbiyyatda, fəlsəfədə məhz M.Prust yerinə yetirir. Onun bu axtarışı fəlsəfə sahəsində də canlanma yaratdı. Bir çox filosfların (hətta antik dövr filosoflarının) zamanla bağlı nəzəriyyələri yenidən çözülməyə başladı. Aristotel, Platon, Kant və başqa mütəfəkkirlərin zaman hərəkətliliyi konsepsiyası M.Prustun roman mətnlərinin təhlili zamanı bəzən təsdiq, bəzən isə inkar edildi.

Zaman insan şüurunun, yaddaş və düşüncəsinin bir formasıdırmı, yoxsa, bizdən asılı olmyaraq özlüyündə mövcud olan bir həyati kateqoriyadır? Bizmi zamanda, zamanmı bizdə inikas olunur? Fəlsəfənin, fizikanın, psixologiya və ya astronomiyanın zamanla bağlı sualları həmişə eyni mahiyyət daşımayıb. Lakin ədəbiyyatda bu sualın cavabını axtaran C.Coys və M.Prust kimi tədqiqatçı, filosof yazarlar sübut etdi ki, zaman insan şüurunun funksiyalarından biridir. İnsan şüuru, düşüncəsi və yaddaşı sferasından kənarda zaman miqyası, təsəvvürü mümkün ola bilməz. Dünyanı dərk şərtlərindən biri kimi insan beynində gedən proseslərin tədqiqatçıları bunu birmənalı şəkildə təsdiq edir. Zamanın bizim düşüncəmizdə hərəkətliliyi həmişə gələcək zamana doğru irəliləyiş qənaəti yaradıb. Biz həm psixoloji, həm də fizioloji olaraq gələcəyi “inkişaf xətti” relslərinin üstündə olduğumuz kimi zənn edirik. Zamanın keçmişə işləməsi, ümumiyyətlə keçib gedən zaman anlayışının olub-olmaması məsələsi isə mübahisəli şəkildə qalır. “1 saat” dediyimiz zaman kəsimi hamı üçün eyni ölçüdədirmi?

“Ümumi nisbilik nəzəriyyəsinin elmi şəkildə ortaya qoyduğu gerçək belədir: Zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxılır; daha ağır, daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır... Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə əkiz qardaşlardan biri Dünyada qalıb digəri işıq sürətinə yaxın sürətdə kosmosa səyahətə çıxarsa, kosmosa gedən insan, geri qayıtdığında əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. Eyni nümunə, işıq sürətinin yüzdə doxsan doqquzuna yaxın sürətlə hərəkət edən raketlə, kosmosda səfər edən ata və dünyada qalan oğlu üçün də düşünülə bilər. Eynşteynə görə “Əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya qayıtdığında oğul 33 yaşında, ata isə 30 yaşında olacaq” (Paul Strathern, Einstein ve Görelilik Kuramı, Gendaş Yayınları, 1997, 92 s.s.57).

Prust romanlarını Ziqmund Freydin oxşar aspektlərdə tədqiqat apardığı vaxtlarda yazılıb. Həkim Fransua Bernard-Mişel deyirdi ki, “Prustun ədəbiyyatda gördüyü iş ilə Freydin tibdə etdiklərini müqayisə edə bilərsiniz”.
https://storyport.online/poznakomitsya-s-avtorom/marsel-prust-pisatel-v-kotorom-sosredotochena-vsya-frantsuzskaya-literatura/
Fransa Akademiyasının üzvü Jan-Lup Körtis isə Prustu Eynşteynlə müqayisə edir: “Roman məkanında Prust Eynşteynin bir neçə il əvvəl fizikada etdiyi inqilabla müqayisə edilə bilən bir inqilab etdi, yəni nisbilik anlayışını təqdim etdi... Obyektivlik illüziyadır. Müşahidəçi müşahidə etdiyi sistemin bir hissəsidir və onunla birlikdə dəyişir. https://storyport.online/poznakomitsya-s-avtorom/marsel-prust-pisatel-v-kotorom-sosredotochena-vsya-frantsuzskaya-literatura/

“İtirilmiş zamanın sorağında” romanında məkana münasibət məsələsi də eynən C.Coysda olduğu kimidir. Doğma bir şəhərin küçələrini, “tərəflər”ini, ərazisini, obyektlərini, ağaclarını və parklarını adı, ünvanı, xarici və daxili görünüş xırdalıqları ilə təsvir etmək mükəmməlliyi müşahidə olunur. Kombre ərazisində iki gəzməli tərəf vardı. Bunlar bir-birinə o qədər əks yönlərdə idi ki, ikisinə getmək üçün evdən bayıra iki ayrı qapıdan çıxardılar. Biri, M.Svanın həyətinin qabağından keçdikləri üçün “Svann tərəf” – deyə anlatdıqları Mezeqliz - la Vinez tərəfi idi. O biri isə Germanta tərəfi idi. Mezeqliz - la Vinezi “o tərəf” olaraq tanıyırlar. Marsel bir də bazar günləri Kombreyə gəzməyə gələn insanları tanıyır.
Yeniyetməlik illərində Mezeqliz onun nəzərində üfüq kimi əlçatmaz, nə qədər uzaqlara gedirsə getsin, Kombreyə bənzəməyən bir ərazinin dolanbacları ilə gözdən itən bir yer, Germanta isə daima “o tərəf”in, həqiqətən, daha çox düşüncə sərhəddi, ekvator xətti, qütb, Şərq, mücərrəd bir coğrafiya idi.
Küçə və kənd adları, ərazilər yaddaş səhifələrində qorunub saxlanır. Tansonvil, Sent-Espri küçəsi, Perşan küçəsi, Monjuven, Şampye kəndi, Müqəddəs Sent -Andre-de Şan eyvanı, “Atıcılar evi” və s.

Təsvirlər əsasında anlaşılır ki, yaşamaq üçün Kombre bir qədər kədərli yer idi, evləri yerli qara daşdan inşa edilmiş, çöl tərəfdə olan pilləkənləri və uzun kölgələr salan damları artıq qaralmağa başlayırdı. Salonlarda pərdələri qaldırında müqəddəslərin təntənəli adlarını daşıyan küçələr (Kombrenın ilk senatorlarının tarixi ilə əlaqəli xeyli sayda adlar) görmək olar. Sent-İler, Sen-Jak küçəsi, Marselin xalasının evi, hasarının da daxil olduğu Sent-Gildeqrad, və Sent-Espri bağının kiçik bir qapısından çıxış... Onun yaddaşının çox dərin bir küncündə mövcud olan bu küçələrin rəngləri indi dünyanı onun üçün bəzəyən rənglərdən o qədər fərqli idi ki, həqiqətən, ona elə gəlir ki, hamısı meydanda onları əsir edən kilsə ilə birlikdə sehrli rəsmlərdən ibarətdir.

M.Prust bizdən uzaqlaşan zamanı qaytarmaqla həm də insanı, özünü, daxili “mən”ini tərk etmiş insanı özünə qaytarır. İtirilmiş, təhrif olunmuş hisslərin istiliyini təzələyir. Uzun mütaliədən sonra ortada “boş keçmiş zaman” obrazının yarandığını görürük. Y.Şulman “boş keçmiş zamanın romanı” ifadəsini təhlil edərkən hətta 1-ci kitabla 7-ci kitab arasındakı kitabları xatırladır. Ortadakı kitablarda durğunluq dövrü yaşanırmış kimi təəssüratını açıqlayır. Əslində isə boşluğun romanlarında əsl həqiqət və əsl həyat romanlarının mahiyyəti çözülür.

Qəribədir ki, itirilmiş, əldən çıxan, bizi tərk edən zamanın və zamanla birlikdə yox olmuş hissələrimizi bərpa etmək, yenidən diriltmək imkanı olmasını bu roman vasitəsilə dərk etmək olur. Zaman seli axıb gedəndə insanı özündən belə uzaqlaşdırırmış. Prust isə insanı özünə qaytmaq yolunu ədəbiyyat, söz, sənət vasitəsilə reallaşdırır.

Roman bildiyimiz süjet xətləri strukturunda, hadisələrin “əvvəl-orta və son” sxemi üzrə qurulmayıb. Sonu gözlənilən və ya roman boyu izlənilən bitkin süjet elementi yoxdur. Lakin bütün pərakəndəliklərin, xaotik səpələnmələrin mücərrəd, hiss olunmayan zaman seli kontekstində sistemli düzülüşü var. Tarixin dolanbaclığında gəzinmək, müasir dünya mənzərəsinin sosial-siyasi baxımdan rəsmini çəkə bilmək, fərqli estetik nəzəriyyələr tezislərindən istifadə edərək müxtəlif dünyagörüşləri qarşılaşdırmaq, müqayisə etmək, fəlsəfənin zaman-məkan qanunlarını yenidən nəzərdən keçirmək və ən əsası da sevgi növlərinin obrazlarını, sevgi hisslərinin epopeyasını qələmə almaq fenomenallığı məhz M.Prust istedadının xarakteristikasını ifadə edirdi.
Normal cinsi qabiliyyətə malik olmayan, homoseksual M.Prust kişi-qadın münasibətləri, sevgisi haqqında çox böyük istedadla, hissləri təhrif etmədən yazırdı. Bütün roman boyu da bu nisbəti saxlamağa cəhd edib. Məlumdur ki, “kişilərdə qadını, qadınlarda isə kişini sevən” Prust homoseksual idi. Ədəbiyyatda homoseksuallığı sadəcə müşahidə edən deyil, yaşayan və bütün bunları xırda təfərrüatına qədər təsvir etməyi bacaran komplekssiz müəllif idi.

Homoseksuallıq hətta onun üçün estetik düşüncə çoxçalarlılığına bir səbəb olmuşdur. Homoseksual duyğuları vasitəsilə obrazlarının ən incə psixoloji portretini yaradırdı. O, etiraf olunmayan düşüncə və hisslərin tərcümanı idi. Gizli qorxuların, bədbəxtliklə bitən nakam sevgilərin obrazını təsvir edəndə çoxları üçün anlaşılmaz cins sindiromu köməyə gəlirdi. Çox-çox sonralar belə onun romanını oxuyan gənclərin əksəriyyəti heyrət içərisində “O, mənim yaşadığım hissləri haradan bilə bilərdi?” – deyə düşünmüşlər. Prust öz şəxsi həyatında yaşadıqlarını (qarşılıqsız sevgi, qayğı ilə əhatə olunduğu halda diqqətsizliklə qarşılaşması hallarının çoxluğundan narazılıq, qapalı və boğucu, yatağa zəncirlənmiş kimi əsirlik həyatından doğan kədər və s.) həm də bu yaşantıları dilə gətirə bilməyənlərin adından romanlaşdırdı.

Qəribədir ki, Prust heç vaxt açıq şəkildə homoseksuallığını etiraf etməmişdir. Baxmayaraq ki, bu barədə ailəsi və dostları çox şey bilirdi. Hətta 6 fevral 1897-ci ildə onun homoseksual olduğunu yazan müəllif (Jan Loren) ilə duelə çıxır. Dueldə ölən və yaralanan olmur, hər ikisi sağ qalır və hələ şöhrətli yazıçı olmayan Prustun duel macərası ilə bağlı qəzetlər sadəcə ötəri məlumat verir.

Prustun bəstəkar Reynaldo Hahn və onun sürücüsü, katibi Alfred Aqostinelli ilə olan romantik münasibəti, eləcə də 1918-ci ilin yanvar ayında gecə Albert Le Cuziat tərəfindən idarə olunan əxlaqsızlıq yuvasına basqın zamanı polis tərəfindən tutulan şəxslərdən birinin də Prust olması məlumatı da real faktlara əsaslanır. Pol Morand bu hadisələrlə bağlı öz jurnalında Prusta, eləcə də Gideyə “daim ov edən, öz macəralarından heç vaxt doymayan”, “əbədi ovçular, yorulmaz cinsi macəraçılar” kimi ifadələr işlədərək sataşmışdır.

Sonralar isə o, André Gideyə deyəcəkdi ki, homoseksuallıq haqqında uzun-uzadı belə yazmaq olar, bir şərtlə ki, insan bunu özünə aid etməsin...

Ardı var...

# 1934 dəfə oxunub

Müəllifin son yazıları

# # #