Yuxular və mələklər - Rauf Qocayev

Rauf Qocayev

Rauf Qocayev

14 dekabr 2022
# 13:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Rauf Qocayevin "Yuxular və mələklər" hekayəsini təqdim edir.

Yuxu, həqiqət aləminə açılan pəncərədir. Yuxuda olmuş və olacaq hadisələri eynilə görmək, yaxud bəzi işarələrlə müşayiət etmək mümkündür. İnsan yuxuda cismaniyyət hüdudlarını aşır, tamamən ayrı bir aləmə səyahət edir. Kim bilir, bəlkə də bu aləmdə öz qədərinə aid bir çox sirləri görür.

Mən son zamanlarda yuxularla bağlı çox araşdırmalar aparır, yuxuda gördüklərimin mənasını öyrənməyə çalışırdım. Demək olar ki, hər yatdığım gecə bir-birindən fərqli, mənalarını heç cürə başa düşmədiyim yuxular görürdüm. Heç vaxt təsəvvürümə gətirə bilməzdim ki, gördüyüm bu yuxular həyatıma belə bir təsir göstərəcək.

Heç vaxt olmadığım və hara olduğu haqda düşüncəmin olmadığı bir məkanda idim. Qarşımdakı masanın üzərində bir neçə kağız və bir dəftər var idi. Harada olduğumu və qarşımdakıların nə olduğunu başa düşməmiş, telefonun xəbərdarlıq siqnalının səsinə yuxudan oyanmışdım. Oyananda xatırladığım tək şey qarşımdakı dəftərin üzərində “Ofeliya” yazılmağı idi. Qəribəsi odur ki, həyatıma heç vaxt Ofeliya adında biri daxil olmamışdı. Bəs,
- “Niyə Ofeliya?”, “Axı kimdir o?” – deyə, durmadan beynimdə səslənən saysız-hesabsız suallardan bir təhər xilas olduqdan sonra hazırlaşıb işə getməkçün evdən çıxdım.

İş yerim yaşadığım evdən 2 saat uzaqlıqdadır. Özüm Qazaxda yaşayıram. İş yerim isə Tovuzun ucqar dağ kəndində yerləşən yanğınsöndürmə bölməsidir. Odur ki, işə çatana qədər Ofeliya haqda düşünmək üçün xeyli vaxtım var idi. Demək olar ki, özümü xatırladığım gündən bu günə kimi keçən həyatımın hər anını fikirləşdim, amma Ofeliya adlı heç kimi xatırlaya bilmədim. İşə çatanda fikirləşməkdən başımın ağrıdığını hiss etdim. Yuxuda gördüklərimizin yalnız keçmiş yox həm də gələcək həyatımızdan xəbər verdiyinə inanırdım. Gələcəkdə nə vaxtsa Ofeliya ilə qarşılaşacağımla bu mövzunu beynimdə bağlamağa çalışdım. Bacarmışdım. Həm dağların qoynundakı təmiz hava və cənnət mənzərəsi, həm də işimlə əlaqədar keçməli olduğum təlimlərin fiziki yorğunluğu məni beynimdəki suallardan azad etmişdi. Həmin gün Ofeliya haqqında heç fikirləşmədim. Yalnız günün sonunda yatmağa hazırlaşanda, “Bəlkə bu gecə Ofeliyanı yuxumda görərəm” ümidilə yuxuya getmişdim.

Evdən çıxanda hər yer zülmət qaranlıq idi. Gecənin bu vaxtı çöldə neynədiyimi və hara getdiyimi bilmirdim. Birdən uzaqdan polis maşınlarının işıqları və yaranmış insan izdihamı diqqətimi çəkdi. Həmin yerə çatanda gördüyüm mənzərə qarşısında donub qalmışdım. Yerdə qanlar içərisində uzanmış, təxmini 16 yaşlarında olan bir qız cəsədi var idi. Deyəsən qəza idi. Bir qədər sonra polislərin qandallayıb maşına salmaq istədikləri atamı gördüm. Ola bilməz, bu ki bizim maşınımız idi. Deməli bayaq gördüyüm qızın qatili atam idi? Nə edəcəyimi bilmirdim. Qaçaraq polis maşınının yanına çatanda atamın, “Onu mən öldürmədim” sözlərini eşitdim.

Yuxudan qorxu, həyəcan və göz yaşları içərisində oyanmışdım. Saata baxdım. 04:11. Oyanan kimi telefonu götürüb atama zəng etdim. Bir neçə dəfə çağırış səsi eşidildikdən sonra atam zəngimi açdı. Qəribə idi. Atam heç vaxt mənim zəngimi açmazdı. Ata ürəyi, həmişə konturum getməsin deyə zəngimi rədd edib özü yığırdı. Doğrudan da nə qədər böyüsək də valideynlərimizin gözündə həmin uşaq olaraq qalırıq. Nəysə, qayıdaq söhbətimizə. Atam zəngi açdı.

- Alo, ata, hardasan?
- Gəncəyə müştəri var. Onu götürmək üçün yola çıxdım. Nə olub?
Atam taksi sürücüsü idi. Ona görə də günün istənilən vaxtında müştəri zəngilə evdən çıxa bilərdi.
- Ata, yalvarıram qayıt evə. Pis yuxu görmüşəm.
Bu sözlərimdən sonra, o gülməyə başladı.
- Yaxşı, qayıdıram, amma sabah bu gediş haqqını səndən alacam!
Atamın bu sözlərindən sonra içimdəki narahatlıq keçdi. Üzümdə təbəssüm yarandı.

Razılaşıb sağollaşdıqdan sonra telefonu söndürüb təzədən yatdım.
Səhəri evə gedəndə atam yemək yeyirdi. Deyəsən yenə uzaq bir yerə müştəri aparacaqdı. Hərəkətlərində tələskənlik var idi. Gecə olan danışığımızdan söhbət açdım.
- Ata, düzünü de, gecə evə qayıtdın ya yox?
- Nə danışırsan, a bala, nə gecə? Nə qayıtmaq?
- Yaxşı da, ata, söz soruşuram. Getdin hə? O qədər yalvardım e sənə!
Birdən söhbətimizə anam qoşuldu.
- Atan bütün gecə evdə olub, a bala, nədən danışırsan?
Başda ikisinin birləşib mənə oyun oynadıqlarını fikirləşsəm də üzlərindəki ifadədən ciddi olduqlarını başa düşdüm.
- Ata, gecə sənə zəng elədim. Saat da dəqiq yadımdadır – 04:11. Sən də Gəncəyə müştəri apardığını dedin.
- Yəqin yuxu görmüsən, bala, olan işdir. İşdən gəlmisən, yəqin çox yorulmusan. Get yat dincəl.
Yaşadıqlarımın yuxu olmadığına əmin idim. Cibimdən telefonu çıxarıb cəld son danışıqlara baxdım.
- Görürsən, deyirəm yuxu deyildi, bax! Dediyim vaxtda danışmışıq.
Atam öz telefonundan son danışıqlara baxanda həqiqətən də mən dediyim vaxtda danışdığımızı gördü.
- Nə bilim a bala, yəqin mən yuxulu olmuşam. Zəngi açıb ağzıma gələni demişəm.

Gecə atamla telefonda danışanda arxadan gələn külək və addım səslərini eşitdiyimə and içə bilərdim. Nə qədər bunu desəm də, onlar hər ikisi həmin vaxt onun evdə olduğunu müdafiə etmişdilər. Yavaş-yavaş ağlımı itirdiyimi fikirləşməyə başladım. Doğrudan da yorğun idim, amma beynimdəki suallar yatmağıma mane olurdu. Yerimin içində fikirləşə-fikirləşə yuxuya getmişəm. Telefonuma gələn zəngin səsi məni oyatdı. Zəng edən atam olsa da, telefonun arxasındakı onun səsi deyildi.

– Salam. Danışan inspektor Əliyevdir. Məmməd Qocayev sizin atanızdır?
Əlim-ayağım əsdi. Bir necə saniyə donub qaldıqdan sonra özümü bir təhər toplayıb cavab verdim:
– Bəli atamdır.
– Atanız qəza törədib, zəhmət olmasa polis bölməsinə yaxınlaşın.

Dünya sanki başıma yıxılmışdı. Polis bölməsinə çatanda evdən necə çıxıb bura gəldiyimi xatırlamırdım. Atam dəmir barmaqlıqlar arxasında idi. Mənə zəng edən inspektordan hadisəni soruşdum. Məlum oldu ki, atam Gəncəyə müştəri aparan vaxt 16 yaşlı bir qız uşağını vurub. Adı isə Ofeliyadır. Sanki damarlarımdakı qan donmuşdu. Bütün bu olanların yuxu olması və oyanmağım üçün yalvardım, amma təəssüf ki bu yuxu deyildi.
Ofeliyanın valideynləri də orada idi. Anası hönkür-hönkür ağlayır, atası isə atama nifrət dolu ifadələr səsləndirirdi: – Elə bilirsən yaşayacaqsan? Elə bilirsən mən qızımın qatilini sağ qoyacam?

Nə reaksiya verəcəyimi bilmirdim. Atamın yanına getdim. Bu yaşıma kimi onu heç vaxt bu vəziyyətdə görməmişdim. Sual dolu baxışlarla gözlərinin içinə baxdım.

– Oğlum, qurban olum, heç kəs inanmır mənə. Sən inan mənə, onu mən öldürməmişəm. Özü maşının qabağına qaçdı. Hər şey bir anda oldu. Əyləci sıxa bilmədim. İnan mənə oğlum, mən qatil deyiləm.
Atamla bir-birimizə çox bənzəyirik. Məni görən hər kəs Məmmədin oğlu olduğumu həmin dəqiqə başa düşür. Böyüdükcə başa düşdüm ki, atamla ortaq cəhətimiz yalnız xarici görünüşümüz deyil. Müxtəlif hadisələrə verdiyimiz reaksiyalar belə demək olar ki, eynidir. Buna görə də onun gözlərinə baxan kimi düz dediyini anladım, amma hələlik ortada olan mənzərə yenə də atamı Ofeliyanın qatili edirdi.

Səhər qızın dəfninə getdim. Ailəsi, qohumları, sinif yoldaşları hamısı orada idi. Hər kəs pərişan idi. 16 yaşlı bir insanın həyatı 1 günün içərisində məhv olmuşdu. Ofeliyanın valideynləri məni dünən şöbədə görmüşdülər. Tanısalar məni oradan dərhal uzaqlaşdırardılar. Çünki mən, onlar üçün qızlarının qatilinin oğlu idim. Buna görə də bacardığım qədər gözə görünməməyə çalışırdım. Orada öyrəndim ki, Ofeliyanı tanıyan, demək olar ki hər kəs ona Mələk deyirmiş. Mərhumun şəkillərinə baxanda bunun əbəs yerə olmadığını başa düşürsən. Doğrudan da mələyə bənzəyirdi. Uzun saçları, sanki ay parçasına bənzəyən bəmbəyaz gözəl üzü ilə mələk adı qazanmış Ofeliya, bu dəfə doğrudan “mələk” olmuşdu. Ağlamamaq üçün özümü güclə saxlayırdım.

Elə bu vaxt oradakı qızlardan birinin hərəkəti diqqətimi çəkdi. Sanki kimisə axtarırmış kimi ürpək və qorxu dolu baxışlarla ətrafa boylanırdı. Bu qız, izah edə bilməyəcəyim şəkildə məni özünə çəkirdi. İçimdən bir səs onunla təcili danışmalı olduğumu dedi. Ortalığın sakitləşməyini gözlədim. İnsanlar azaldıqdan sonra axır ki, bütün cəsarətimi toplayıb ona yaxınlaşdım. Düzünü desəm nə deyəcəyimi bilmirdim. Fikrimi toplayıb sözə başladım.

- Salam, adım Raufdur. Olar sizə bir neçə sual verim? Məsələn, Ofeliya sizin nəyiniz idi?
Verdiyim suallar onsuz da bayaqdan qorxu içərisində olan bu qızın daha da narahatlığına səbəb olmuşdu.

– Salam, adım Safuradır. Ofeliya mənim ən yaxın rəfiqəm idi. Biz bacı kimi idik.

Onun göz yaşları içərisində verdiyi cavab mənə həddindən artıq ağır təsir etmişdi. Axı mən qardaş qədər yaxın olduğum insanları 2020 döyüşlərində məzara qoymuşam. Bunun necə ağır hisslər olduğunu başa düşürəm. Yazıq qızcığaz hansı hisslər keçirirdi indi...

Özümə gələndə Safuranın qabağında hönkür-hönkür ağladığımı gördüm. Həm onun məsum, qorxmuş baxışları, həm də dedikləri ilə yadıma düşən şəhid qardaşlarımın xatirəsi ağlatmışdı məni. Bİr təhər özümü ələ alıb, sözə davam etdim.

- Bayaq fikir verdim, kimisə axtarırdın. Hərəkətlərin diqqətimi çəkdi. Özümdən asılı olmadan sənlə danışmalı olduğumu hiss etdim. Safura qorxmuşdu. Bildiyi, amma deməyə qorxduğu nələrinsə olduğu açıq-aşkar gözlərindən hiss olunurdu. Onu sakitləşdirməli və qorxmağı üçün bir səbəbin olmadığını bildirdikdən sonra danışdı.

- Kənanın gəlib-gəlmədiyinə baxırdım. Görmədim, deyəsən gəlməyib. Başqa vaxt...
Danışa-danışa göz yaşlarına boğulurdu. Sözünü tamamlaya bilmədi.
- Kənan kimdir? Başqa vaxt nə? Qorxma, danış mənə.
- Kənan Ofeliyanın sevgilisi idi. Başqa vaxt ay elə sevirəm, ay sən mənim həyatımsan kimi sözlər deyirdi ona. Hanı bəs? Niyə yoxdur? Yaman da sevirmiş! Axırıncı dəfə elə qəzadan bir gün qabaq görüşmüşdülər, amma bu görüşdən heç də xoş təəssüratlarla ayrılmamışdı.

Daşlar yavaş-yavaş yerinə otururdu. Qəzadan bir gün qabaqdakı görüşdə mübahisə ehtimalları və atamın, “onu mən öldürmədim, özü maşının qabağına qaçdı”. sözləri beynimdə çox dəhşətli bir mənzərə oyandırmışdı. Əgər hər şey doğrudan da mən fikirləşdiyim kimi olmuşdusa, mənə ancaq bir çıxış yolu qalırdı. Kənanı tapıb əllərimlə öldürəcəkdim. Safuradan Kənan haqda dəqiq məlumatlar aldıqdan sonra vaxt itirmədən onu axtarmağa başladım. Qazax kiçik yer olduğundan axtardığın adamı tapmaq elə də çox vaxtını almır. Bir neçə telefon zəngindən sonra Kənanı tapıb zəng etdim. Fikrimdə hadisəni dəqiqləşdirib onu öldürmək var idi. Görüş yerinə çatanda Kənan artıq orada idi. Tapşırdığım kimi tək gəlmişdi.

Sakit, şirin dillə soruşsam, əlbəttə ki inkar edəcəkdi. Buna görə də yanına çatan kimi bir neçə zərbə ilə onu yerə yıxıb, cibimdə gətirdiyim bıçağı düz xirtdəyinə dirədim. İnsan ya spirtli içki təsirində olanda, ya da ölüm təhlükəsilə üz-üzə qalanda doğruları danışır. Bu dəfə də elə oldu. Boğazına dirənmiş bıçağın qorxusundan hər şeyi danışmağa başladı.
- Mən onu heç nəyə məcbur eləməmişəm. Həmişə görüşəndə elə hərəkətlər edirdi ki, məni başdan çıxardırdı. Mən də neyniyim? Kişiyəm də, özümü saxlaya bilmədim.

Artıq onun boğazını üzməməkçün özümü güclə saxlamışdım. Özünə kişi deyərək, vətən müharibəsində içlərində 18 yaşlıların da olduğu minlərlə şəhid qardaşımızı, vətən sağ olsun deyib, oğulları ilə fəxr edən atalarımızı və kişi qeyrətli ana-bacılarımızı təhqir edirdi. Kişilik, 16 yaşlı qız uşağının saf hisslərindən istifadə edib, onunla cinsi əlaqəyə girməkdir? Ayaqlarımın altında uzanan bu bişərəf hansı haqla özünə kişi deyirdi? Artıq özümü saxlaya bilmirdim.

Kənanın boğazını oradaca üzməyimə telefon zəngi mane oldu. Zəng edən polis inspektoru idi. Şəhərin təhlükəsizlik (nəzarət) kameralarından görüntülər əldə etdiklərini və Ofeliyanın intihar etdiyini aşkarladıqlarını bildirdi.

– Səninlə işimiz hələ bitmədi - deyib, oradan uzaqlaşdım. Polis bölməsinə çatanda, atam artıq barmaqlıqlar arxasından çıxarılmışdı. Görüntülərə baxdım. Ürəyim parçalandı. Olanları heç kimə danışa bilməzdim. Yazıq qızın arxasınca min cür hekayə uydurub danışacaqdılar. Ofeliyanın ölümünün qəza olaraq qalması daha yaxşı idi. Mələyin o biri tərəfdə də əziyyət çəkməsinə icazə verə bilməzdim. Bildiklərimi heç kəsə danışmadım.
Səhəri gün Qazaxda Kür çayından tapılan cəsəd haqqında xəbərlər yayıldı. Həmin cəsəd isə çox təəssüflər olsun ki, Mələyin ən yaxın rəfiqəsi Safuraya aid idi. Kənan, artıq şərəfsizliyini daha üst səviyyəyə çıxartmış, bir insanı intihar həddinə çatdırmaqdan da əlavə qətl törətməyə cəsarət etmişdi.
Hadisəni eşidən kimi bunun onun əməli olduğundan zərrə qədər şübhə duymadım. Yarımçıq qalan işimi tamamlamalı idim. Həmin gün bunu etməməyimə çox peşman olmuşdum, amma ailəmi də bu cür şərəfsizlərə görə gözü yaşlı, nigaran qoya bilməzdim.

Kənana yaraşan bir ölüm planı hazırladım. Onunla yenidən görüşüb hər şey sübut olunduqdan sonra dəmir barmaqlıqlar arxasında başına gələcəkləri təxmin etməyini istədim və uzaqlaşdım.

Mələk və Safuranın ekspertiza rəyindən sonra hər ikisinin təcavüzə uğradığı təsdiqlənmişdi. Lakin mən yenə gecikmişdim. Kənanın, Safuranı Mələyin ölümündə şübhəli olmaması üçün susduracağını fikirləşsəm də bu heç ağlıma gəlməzdi. Üçüncü dəfə görüş üçün görüşsəm, artıq ailəmi gözü yaşlı qoyacaqdım.

Lakin çox keçmədi ki Kənanın özünü asdığı yerdə, ipdən xilas edilib bıçaqlandığı xəbəri şəhərə əməlli hay-küy saldı. İntihar etmək istəyi vicdanına təslim olub, özünü cəzalandırmağı mənim təlqinimdən sonra başına gələnlərdən qorxmağı idi əslində, amma “mələklərin” yaxınları bunun ona mükafat olacağını fikirləşib onu öldürmüşdülər. Onlarla bıçaq zərbəsilə öldürülən Kənan, öz murdar qanı ilə neçə-neçə ailənin işığını söndürmüşdü. Düzünü desəm hər nə qədər vəhşilik kimi səslənsə də onun ölümünə üzülməmişdim. Ofeliya və Safura kimi mələklər, ən gözəl çağlarında həyatlarını sonlandırdığı vaxt qatillərinin yaşamağa haqqı yoxdur məncə...

Bu hadisələrdən sonra uzun müddət yuxu görmədim. Olanlar mənə çox pis təsir göstərmişdi. Gördüyüm yuxuları heç kimə danışmadım. Çünki heç kəs mənə inanmayacaqdı. Uzun müddət o yuxuları niyə gördüyümün səbəbini araşdırdım. O yuxuların bir xəbərdarlıq olduğunu düşünəndə, vaxtında mənasını başa düşüb qarşısını ala bilmədiyimə görə özümü bağışlaya bilmirəm.

Onların timsalında bütün mələklərdən üzr istəyirəm. Bağışlayın ki, Kənan kimi şərəfsizlərdən vaxtında sizi xilas edə bilmirik. Ümid edirəm ki ruhlarınız şaddır!

# 1684 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #