Yeni ilin ilk günü - İkram Həsənli

İkram Həsənli

İkram Həsənli

18 dekabr 2022
# 18:45

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən İkram Həsənli "Yeni ilin ilk günü" hekayəsini təqdim edir.

Özün olmaq yaxşıdır. Başqası olmağa çalışmaq lazım deyil. Nə olursan ol, necə olursan ol. Heç kəs mükəmməl deyildir – Priyanka Çopra

Qırışlar sadəcə təbəssümün tez-tez baş verdiyi yerin göstəricisidir – Mark Tven

Nəhayət ki, məzun günü gəlib çatmışdı. Məktəbin əksər şagirdləri həyətdə düzülmüş, tədbirin başlamasını səbirsizliklə gözləyirdilər. Bayram əhvalından fərqli olaraq, hava soyuq – sanki gün ağ-qara idi. Yerdəki yağış damlaları hələ də ibrətamiz göylərə buxarlanmamışdı. Günəş də özünü biruzə vermək fikrində deyildi.

Məktəbin D korpusunda yerləşən 116 nömrəli sinifdən üzü saqqalla örtülmüş, dəbdə olan dairəvi eynəkli, hudi geyinmiş bir gənc oğlan ümidsiz baxışlarla çıxırdı. Binada ondan savayı bir canlı varlıq belə yox idi. O, tənha qalmışdı – həm binada, həm də qəlbdə...

Bu əhvalat hələ 10-cu sinfin əvvəllərinə təsadüf eləyir. Həmin o çiçəkli, rəngəbərəng günlərə... Həmişə qara şalvar və dama-dama köynək geyinərək professorlara bənzəyən Ziya ilk nailiyyətləri qazanmağa hələ təzə başlayırdı: məktəbin dərgisində hekayəsi çap olunası, internet səhifəsində isə köşə yazıları yer alırdı. Hekayə dostluqdan bəhs eləyirdi. Bu, Ziyanın ən sevdiyi mövzulardan idi. Əvvəlki məktəbində hamı ilə danışmasına baxmayaraq, heç bir dostu ilə hal-hazırda əlaqədə deyildi. Deyirlər, dostun köhnəsi, təzəsi olmur. Amma neynək, Ziya təzə dostlar qurmağa cəhd eləyirdi.
Məktəbin ilk günlərindən yanında oturan sinif yoldaşı ilə danışmağa başlamışdı. Artıq bir neçə gün sonra öyrəndi ki, onun adı Rafiqdir. Rafiq ortaboy, eynəkli, saçı çox – zil qara saçı başın bir tərəfindən çıxıb digərində bitirdi - bir oğlan idi. Rafiq məktəbin başlamasına hələ az qalmış öz doğma qardaşını itirmişdi. Məktəbin ilk günlərində çox güman ki, bu səbəbə görə rəngi solmuşdu. Buna baxmayaraq, çox mehriban idi. Ziya Rafiq kimi mehriban insana hələ ömründə rast gəlməmişdi. Bəlkə də, yaxınlarımızı itirərkən göylərdən bizə mehribanlıq hissini ötürürlər.

Ziya hər zaman Rafiqə dəstək olurdu. Çalışırdı ki, onu təhnalıqdan qurtarsın. Hər an, hər dəqiqə Rafiqlə söhbət eləyirdi. Onun kədərlənməsinə imkan vermirdi.

Onlar əsl dost idilər. Bütün vacib qərarlarını birlikdə qəbul edirdilər. İstənilən vəziyyətdə bir-birini dəstəkləyirdilər -doğru və ya yanlış yolda olmalarına baxmayaraq.

Ziya kimya ilə maraqlanırdı. Həqiqətən də, kimya onun ən sevdiyi fənn idi. Buna görə də müəlliməsi tərəfindən keçirilən olimpiada dərslərində iştirak edirdi. Dərslər məktəb vaxtından sonra baş tuturdu. Onunla birlikdə bir neçə sinif yoldaşı da həmin dərsləri buraxmırdı.
Ən sevdiyi fənninin kimya olmasına rəğmən Ziyanın ən bəyəndiyi müəllim ona fizikanı tədris edən Əhsən müəllim idi. Əhsən müəllim hündürboy, yaşlı, lakin cavan ruhlu müəllim idi. O, əslən Şəmkirdən idi. Birinci yarımil dərslər onlayn formatda olduğu üçün Ziya onu canlı görə bilməmişdi. Ziya arzulayırdı ki, kaş Əhsən müəllimlə məktəbin hansı isə məkanında təsadüfən rastlaşsın.

Günlərin bir günü sinfin riyaziyyat müəlliməsi xəstələnmişdi. Ziyanın bütün sinif yoldaşları bu xəbərə yaman sevinmişdi. Ziya da sevincək halda Rafiq ilə kart oynayırdı. Birdən sinfin qapısı tarappatarap açıldı. Sinfə daxil olan müəllimin silueti Ziyaya tanış idi. Elə nəinki Ziyaya, bütün sinifə. Hündürboy, yaşlı, eynəkli - hamının sevimlisi Əhsən müəllim əfsanəvi “saboonuz xeyir” ilə sinfə daxil oldu. Onun əlində iki torba meybə - ləzzətli, ağızdan su axıdan alma, sapsarı heyva və bəzi yerlərdə yaxşı yetişdiyindən partlamış nar - var idi. Salamlaşandan sonra zarafatından da qalmadı:

- “Bəs mənə niyə demirsiz həftədə bir boş dərsiniz var ki oturub meyvədən yeyək?! Mənə xəbər verdilər ki, bu gün sizə triqonometriya keçəsiyəm. Neynək, olsun. Siz yəqin ki bilirsiniz də, alimlər, Pifaqor da eləcə riyaziyyatı sadə dildə izah etmək üçün əlaqə qurmağı bacarırdılar. Elə biz də bu gün mövzunu rahatlaşdırmaq üçün almanı sinus, heyvanı kosinus, narı isə tangens qəbul edək... Mənə niyə belə təəcüblü baxırsız? Ondansa mənə deyin görüm kim hansı triqonometrik funksiyadır ki işimizi bilək”.

Əhsən müəllim bunu deyəndən sonra meyvələri şagirdlər arasında üç yerə böldü. Arada “Meyvələrdən üç meyvə var” mahnısını zümzümə eləyirdi. İmprovizasiyasından da qalmırdı:

- Meyvələrdən üç meyvə var
Üçü də, balam, yeməli.
Biri alma, biri heyva, biri nar
Mən hamısın yesəm sizə nə qalar?
Sinus sizin, kosinus sizin,
Tangens mənim ay nar mənim!

Bu mahnının sədaları altında sinifdəki gülüşmə dayanmaq bilmirdi. Hər kəs meyvəsindən ləzzət alıb Əhsən müəllim ifasını dinləyirdi. Yeri gəlmişkən bildirmək lazımdır ki, cəh-cəh vurub ətrafı agah edən səsindən başqa Əhsən müəllimin yaxşı tar çalma qabiliyyəti də var idi. Bütün tətillərə bir gün qalmış öz fizika dərslərində hər zaman tarını gətirər, müxtəlif oynaq mahnılar, muğamlar və lirik ifaları ilə şagirdləri əyləndirərdi. İkinci yarımilin ortalarında, Novruz bayramına az qalmış hətta belə bir hal olmuşdu ki, Ziya məktəbə özüylə kamançasını gətirmiş, Əhsən müəllimlə birlikdə oynaq mahnılar ifa edir, nəinki sinfi, bütün məktəbi dərs aurasından bayram hal-əhvalına gətirərdi. Bax, belə müəllimi var idi bizim Ziyanın.

Günlərin bir günü, kimyadan olimpiada dərsinə az qalmış, Ziya dostları ilə məktəbdə əvvəllər heç vaxt görmədiyi bir qapını aşkar etdi. İçəri girməyi doğru bilib qapını açdılar. Bu naməlum otaq akt zalı imiş. Ziyaya bura qəribə gəlirdi. Akt zalı işıqsız, kədərli görünürdü. Heç kim bura gəlmirdi. Görəsən, akt zalı da təkliyi, tənhalığı hiss eləyir? Gözləyirmi ki, hansısa şagird buranı yenə işıqlandırsın? Dostları sosial şəbəkə üçün video çəkərkən Ziya bu fikirdə idi.

Bu fikir Ziyanı günlərlə düşünməyə vadar etmişdi. Nəhayət, günlərin bir günü məktəbə elan elədi ki, tamaşa hazırlayır, kim kömək etmək istəsə ona qoşulsun. Elə həmin gün, dekabr ayının onu, məktəbin dərgisinin yazıçılarından Ruslan, Simayə, Səriyə və Firuzə ona dəstək olmağa hazır olduqlarını bildirdilər. Ziya bildirdi ki, yazacaqları pyes Anarın “Keçən ilin son gecəsi”nin davamı olacaq. Adını da artıq düşünmüşdü - “Yeni ilin ilk günü”.
Əvvəlcə, Ziya bu fikri məktəbin rəhbərliyinin bir üzvü olan Səlim müəllimə bildirdi. Səlim müəllim – saçlarına dəm səpmiş, yaşlı olmasına rəğmən cavan qəlbli olan – Ziyanı dəstəklədi. Səlim müəllim ümumiyyətlə çox hərtərəfli insan idi: həm məktəbin mühafizəsinin rəhbəri, həm məktəbin dərgisinin baş redaktoru, həm də rəhbərliyin parlaq nümayəndəsi idi. Bu üç xüsusiyyətə görə Ziya ilə sinif yoldaşı Aygün ona “Neskafe – üçü bir yerdə” təxəllüsü qoşmuşdular. Ümumiyyətlə, Ziya Aygünü məktəbin ilk tanışlıq günündə görəndə xəyalında arzulayırdı ki, onunla dostlaşsın. Hətta sirr deyil, tanışlıqda özü və Eldənizdən başqa yalnız Aygünü dinləmişdi. Hər ikisi kitab vurğunu idi – həm Ziya, həm də Aygün. Tənəffüs vaxtı bəyəndikləri və hələ başlamadıqları kitabları müzakirə etməkdən zövq alırdılar. Ziya Aygünü də ssenaristlər siyahısına əlavə eləmişdi, çünki o da vətənimiz haqqında şeiri ilə məktəbin dərgisini bəzəyəcəkdi. Halbuki, Aygün dərslərin və ev tapşırıqların bolluğundan nəzakətli şəkildə imtina eləmişdi. Hətta zarafatyana bildirmişdi ki, əgər işdə Aygün varsa, gərək sonda baş qəhrəmanımız qohumları tərəfindən gizlən aşa qatılan zəhərlə öldürülsün.

Ssenarini yazmağa keçməzdən əvvəl, Ziya dedi ki, öncə hər birisi Anarın əsərini oxumalıdır. İlk tanışlıq görüşündə əsərin müzakirəsi baş tutdu. Ondan sonra isə, birlikdə yazmaq üçün hər gün axşamçağı onlayn görüş keçirirdilər. Səriyə internetdə şərikli sənəd açmışdı ki, hamı orada eyni vaxtda yaza bilsin. Ssenarini təxminən beş günə bitirdilər. Ziya ssenarini Səlim müəllim və Nuray müəlliməyə elektron məktub vasitəsilə göndərdi. Bir neçə saatdan sonra, havanın qaralmasına az qalmış onlara cavab gəldi. Səlim müəllim narahat idi ki, şagirdlər rolları oynayarkən çətinliklərlə qarşılaşsınlar, çünki rolların əksəriyyəti əlli yaşı keçmiş insanlar idi. Ziya isə əmin idi ki, onun bu işi uğurla baş tutacaq. Ziyanı onun Azərbaycan dili və ədəbiyyat müəlliməsi Nuray müəllimə də dəstəkləyirdi. Ssenarini oxuyandan sonra bildirmişdi ki, ssenari çox gözəldir. Ssenaristlərinə - yəni, şagirdlərinə - əllərinə və ürəklərinə sağlıq arzulamışdı.

İndi isə onları ən maraqlı hadisə gözləyirdi – aktyor seçimi. Ziyanın öncədən göndərdiyi sorğudan ona yaxın insan artıq seçilmişdi. Kastinqə yalnız Ziya getmişdi, və aktyor seçiminə özü nəzarət edirdi. İnsan sayının az olmasına rəğmən hamıya rol verdi. Hətta, öz sinif yoldaşlarından da iki nəfəri aparıcı qismində dəvət etdi. Ziya üçün aktyorluqda əsas həvəs idi. Fərq etməz, aktyorun emosional oyunu var ya yox. Həvəs varsa, çox zəif aktyordan ən peşəkar birini hazırlamaq olar. Aktyor seçimi də beləcə baş tutdu.

Dekabrın son həftələrində ilk tamaşa məşqi baş tutmalı idi. Ziya qərara gəldi ki, məktəbə yarım saat tez gəlsin. Halbuki, onun daxil olmasına imkan vermədilər, ona görə də yolunu tutdu yaxınlıqda yerləşən kafeyə. İlk dəfə Simayəni elə burada gördü. O, cemli bulka yeyirdi. Elə həmin görüşdən xatirə bu qalmışdı ki, cem təsadüfən Simayənin paltarına tökülmüşdü. Əsəbi olmasına baxmayaraq, o mehribanlığını itirməmişdi. Müxtəlif mövzulardan söhbət edir, məşq barədə hazırlıqlar görürdülər.

Məktəbin ilk məşqi Səlim müəllimin otağının yanında, E208 nömrəli otaqda baş tutacaqdı. Ziya ilə Simayə məktəbin ikinci mərtəbəsinə qalxandan sonra qərara gəldilər ki, ilk növbədə koridorda heyət üzvlərini bir-bir qarşılayıb yola salsınlar. Heyətin arasında Ziyanın köhnə dostu Eldəniz də var idi.
Ziya Eldənizi iştirak etmək istəyənlər siyahısında görəndə çox təəcüblənmişdi. Onlar çoxdandır danışmırdılar. Ziya Eldənizi öz heyətinə qəbul elədi ki, dostluqları möhkəmlənsin. Ümumiyyətlə, Ziya kastinq vaxtı insanları bacarıqlarından daha çox istək və həvəslərinə görə seçirdi. O, komandasına həyatda müxtəlif zərbələrə uğramış və eləcə də heç kim tərəfindən “talantın olmadığına görə” seçilməyən şagirdləri seçirdi. Axı “luzer”lər də elə ona görə uda bilmirlər ki, onlara heç kim şans vermir. Ziya aktyor olmaq istəyənlərə ümid elədiyi üçün onlara bu parlaq şansı verirdi. Buna görə Səlim müəllim ilə xeyli mübahisələr olurdu, çünki o istəyirdi ki, hər kəs mükəmməl aktyorluq qabiliyyətinə malik olsun. Yeri gəlmişkən, Ziyanın bir əlaməti var idi ki, onun komandasında “mən” yox idi, hər şey yalnız “biz” prinsipi ilə işləyirdi.

Tanışlıqda hər kəs özünü təqdim edəndən dərhal sonra məşqlərə başladılar. Tamaşanın ilk məşqi uğurla keçdi. Ziya öz heyəti ilə fəxr eləyirdi. Əmin idi ki, hər şey planına uyğun gedərsə, tamaşanı iki həftəyə hazır eləmək olar. Amma təbii ki, hər şey ideal deyil. İrəlidən yekun imtahanlar gəlirdi, buna görə də aktyorlar rollarının sözlərini öyrənməkdə əziyyət çəkirdilər. Səlim müəllim də razı idi ki, tamaşa yanvar ayının sonuna keçirilsin. Neynək, Ziya razı oldu.

İmtahanlar bəziləri üçün uğurlu, bəziləri üçün isə uğursuz oldu. Ziya yenə də əlaçıların siyahısında idi. Buna baxmayaraq hər zaman digərlərinə motivasiya verməyi özünə borc bilirdi. Elə heyət üzvlərini də hər zaman dəstəkləyirdi. Ziya hər məşqi eyni kəlmə ilə başlayırdı: “ola bilər ki, digərləri əlaçı olmaqla şagirdlərin rəğbətini qazanır. Bir gün gələcək, biz tamaşamızı qoyacayıq, insanlar gələcəklər, sizin dediyiniz kəlmələrə qulaq asacaqlar, bəzilərini hətta məişətdə istifadə edəcəklər. Sizi hər bir şagird ayaqüstü alqışlayacaq. Məncə, budur əsl rəğbət”.

Tamaşanın məşqləri uğurla keçirdi. Ziya məşqləri həftədə iki dəfə müxtəlif məkanlarda keçirirdi. Məsələn, fevral ayındakı tətildə onlar tamaşanın məşqini Dədə Qorqud parkında, açıq havada keçirmişdilər. Soruşa bilərsiniz ki, tamaşa yeni il haqqında idi axı, necə məşqlər fevral ayında hələ də davam eləyirdi?! Təəssüf ki, məşqlərin bir dövründə hər həftə hansısa aktyor xəstələnirdi, buna görə 2 həftəlik bir neçə sinif onlayn dərslər formatına keçmişdi. Məhz bu səbəbə görə qərara alındı ki, tamaşa mart ayına keçirilsin. Buna görə aktyorlar yenidən yığışıb tamaşanın mövzusunu yeni ildən Novruz bayramına dəyişdilər. Ssenaridəki dəyişiklikləri edən əsas şəxs Ziya idi.

Həmin gün gəldi. Mart ayının on beşi “Yeni ilin ilk günü” adlı tamaşanın premyerası baş tutdu. Deyilənə görə, başlanğıc kimi hər şey əla oldu. Heyif ki, Ziya tamaşadan heç nə görə bilmədi. O tamaşa boyu səhnə arxasında aktyorlar ilə idi. Sadəcə ikicə dəfə rolu ilə əlaqədar səhnəyə çıxmışdı. Onun rolunun adı “eynəkli kişi” idi – 70 yaşlarında, həyatdan küsmüş bir insan. Ssenariyə əsasən, o, Eldənizin atası idi. Səhnəyə ikicə dəfə çıxmasına baxmayaraq hər iki dəfə gurultulu alqış səsləri ilə müşayiət olunurdu. Ziya bunu oxusaydı deyərdi ki, bu əsl xalqın rəğbətidir.

Halbuki, kulminasiya tamaşanın bitməsindən sonra baş verdi. Tamaşaçılar səhnədəki aktyorları ayaqüstü alqışlayırdılar. Ziyanın əlinə mikrofonu verəndə bir neçə cümlə deyərək kifayətləndi: “Axşamınız xeyir, əziz dostlar. Sizin bura gəlişiniz bizim üçün çox önəmlidir. Həqiqətən də, biz məktəbimizə aktyorluq sənətini gətirə bildik. Əsas inamımız budur ki, gələcəkdə insanlar daha da çox tamaşalar ilə sizin qarşınıza çıxsınlar. Fəqət mən bu gün az danışmağı özümə borc bildim. İstəyirəm ki, əsas fikirləri digər ssenaristlərdən öyrənəsiniz. Arzulayıram ki, onlar diqqətdən kənarda qalmasınlar. Çox sağ olun.”

Bu cümlədən sonra zaldan bir neçə nəfərin alqış səsləri eşidildi. Digər ssenaristlər də sözlərini dedilər. Axırda söz verildi Simayəyə. O, tamaşanın prodüseri kimi qələmə alınmışdı. Çıxışı təxminən beş dəqiqəyə yaxın baş tutdu. Zalda hər kəs onu alqışla müşayiət elədi. Tamaşa bitəndən sonra Səlim müəllim hər bir heyət üzvünə sertifikatları təqdim elədi. Səhnə fəaliyyəti ilə gələcək planlar haqqında fikrini bildirdi. Bu an zalın ən işıqlı yerindən duran Əhsən müəllim yavaş-yavaş səhnəyə yol aldı. O, Ziyaya tərəf gəlirdi. Ziya düşünürdü ki, nəhayət ona nə isə deyəcəklər, çünki bayaqdan yalnız əsas aktyorları təbrik eləyirdilər. Əhsən müəllim təbəssümü ilə Ziyaya yan alırdı. Ziyanı həyəcan bürümüşdü. Əhsən müəllim onun stimulu idi. Ziyanın bəzi sinif yoldaşları hətta onu buna görə lağa qoyurdular. Heç cür düşünə bilmirdilər ki, Ziya niyə görə Əhsən müəllimin xətrini bu qədər çox istəyir. Əslində, səbəb çox sadədir: Ziya Əhsən müəllimin bir xüsusiyyətini çox bəyənirdi. O, birinci yarımildə Əhsən müəllimin fizikadan xəbəri olmayan şagirdlərə şans verməyini görmüşdü. Fizikadan aralıq imtahandan bəzi şagirdlər çox aşağı qiymət almışdılar, və Əhsən müəllim onlara dəstək kimi dərslərin birində demişdi: “Əziz gəcələk fiziklər, sabah saat dörddə hər birinizi otağımda gözləyirəm. Sizin imtahanlarınıza baxasıyıq. Hətta ola bilsin qiymətləriniz artsın.

Halbuki, kimsə mənim yanıma qiymət artırmaq məqsədilə gələrsə, onun qiyməti qalxmağın yerinə əksinə düşəcək. Çox xahiş eləyirəm ki, mənim yanıma dava etməyin yerinə səhvlərinizi öyrənməyə gəlin”. Sabahsı gün Ziya da daxil olmaqla bir neçə nəfər onun otağına vaxtında getmişdi. Ziya on beş dəqiqə sıra gözləyəndən sonra nəhayət Əhsən müəllimin otağına girmişdi. Əhsən müəllim onun testini kompüterindən açaraq sadəcə bir kəlmə demişdi: götür bu vərəqi və qələmi, izah elə sualı necə həll eləmisən. Ziya səbrlə həllini izah elədi. Əhsən müəllim diqqətlə həlli dinləyirdi. Ziya belə bir neçə sualın izahını bitirəndən sonra Əhsən müəllim bildirdi ki, sualları məhz izah elədiyinə görə Ziyanın qiymətini iyirmi bal artıracaq. Ziya təəcüb içində idi: nəhayət qarşına müəllim çıxmışdı ki, hansı ki qiymətə deyil, biliyə qiymət verir. Yadına keçmiş məktəbindəki rəqs müəllimi düşdü. Ziya həmin vaxtlar kök idi. Buna baxmayaraq onun rəqs müəllimi İrşad müəllim öz rəqs qrupuna Ziyanı həvəsinə görə əlavə eləmişdi. Ziya rəqs eləməyi müəllimindən öyrənir, dərnəkdə yeni dostlar qazanırdı. Günlərin bir günü məktəbə gələndə gördü ki, müəllimin şəkli koridorda asılıb. Qarşısında isə qərənfillər və qızılgüllər düzülmüşdü. Ziya gördüyünə inanmamışdı. Dördüncü mərtəbədəki sinfinə qalxanda təəccüb hissi içində idi. Səhər idmanı zamanı bir hərəkət belə eləyə bilməmişdi. Əlləri aşağı, hönkür-hönkür ağlayırdı.

Məktəbdə bildirmişdilər ki, yeni rəqs müəllimi artıq tapılıb. Ziya ilk məşqlərə gedəndə yeni müəllimi ona fikir vermirdi. Heç cür öz rəqqasları siyahısına Ziyanı kök olduğuna görə salmırdı. Fəqət Ziya həmişə vaxtında gəlir, boş oturur, digərlərin rəqs etməyinə tamaşa eləyirdi. Bir dəfə müəllim sıraların birində əyləşən Ziyanın yanına gəlib dedi ki, boş vaxtını itirməkdənsə bir daha rəqs dərnəyinə gəlməsin. Ziya həmişə geyindiyi rəqs paltarını sonuncu dəfə çıxarırdı. Sonuncu dəfə keçmiş məktəbinin akt zalını rəqqas qismində tərk eləyirdi. Qısası, məhz buna görə İrşad müəllim ilə Əhsən müəllimin qədrini bilirdi və onların bu keyfiyyətini özündə də inkişaf eləyirdi. Hazırkı məktəbində Ziya Əhsən müəllimin dərslərini səbirsizliklə gözləyər, onun gəlişini özünə bayram eləyərdi. Bundan əlavə, o, Əhsən müəllimin bioqrafiyasını əzbərə bilirdi.

...Əhsən müəllimin Ziyaya çatmasına az qalırdı. Ziyanın arxasında Simayə dayanırdı. Nəhayət, Əhsən müəllim səhnəyə çatdı və üzünü tutdu Ziya tərəfə: “Maşallah, qəşəng tamaşa hazırlamısan, Simayə. Bu gərgin imtahanların yoxlanışından sonra mənə həqiqətən də zövq verdi. Gələcəkdə yeni tamaşaların olsa mənə elektron məktub göndərməyi unutma ha! Əlinizə sağlıq. Əhsəndən sizə əhsən!”

Ziyanın üzündə təəccüb var idi. O, pərt olmuşdu. Üzündəki təbəssüm də itmişdi. Sanki onun pərəstiş elədiyi Əhsən müəllim tamaşada Ziyaya heç fikir verməmişdi. Bu onu çox məyus eləmişdi. Növbəti günlərdə də insanlar yalnız baş aktyorlardan və Simayədən danışırdılar. Heç kim Ziyanı yadına salmırdı. Dərsdə ha müəllimlər tamaşanı yadına salırdı, ya aparıcı Abdulu, ya da baş rollardan biri Bünyadı təbrik eləyirdilər. Heç kim Ziyanın tamaşanı qurduğunu dilinə də gətirmirdi. Ziyanı təbrik edən Rafiq və Aygün daxil olmaqla yalnız bir neçə dostu olmuşdu...

...Soyuq qış gecələrindən biri idi. Ziya coğrafiya dərsini tədris edən Aysun müəlliməni diqqətlə dinləyirdi. Dərsin izahından sonra o şagirdlərə sual verməyə başladı. İlk sual sinfin birinci yarım ildə ən aşağı ortalama qiyməti almış Ələddinə verildi. Sual belə idi: Çaylarda rast gəlin U-işarəli dərənin nə olduğunu izah edin. Ələddin suala zarafatla yanaşdı. Dərhal cavab verdi:

“Ay müəllimə, həmin “U” işarəsi çayda bilmirəm harada rast gəlinir, amma məktəbimizdə bir əhsən ona, dərs keçə bilməyən Əhsən müəllim var, onda dəqiq olasıdır”.

Sinif gülüşürdü. Ələddin Əhsən müəllimin saçının az olduğuna görə başının arxa tərəfində “U” işarəli bir simvol yarandığını artıq bütün məktəbə yaymışdı. Bəli, məktəbdə hər kəs bu zarafatı eşitmişdi. Hətta Ziya da. Ziya Ələddinin müəllimləri, eləcə də sevimlisi Əhsən müəllimi necə alçaltdığını görəndə heç vaxt cavab verə bilmirdi, çünki zəif idi. Qəlbində hər bir hissi keçirirdi, amma hisslər elə içində qalırdı. Bu dəfə də Ziyanın üzündə təəccüb var idi. Təəccüb və hirs. Bu Ələddin kimdir ki, məktəbin sevimlisi Əhsən müəllimi digər müəllimənin qarşısında lağa qoysun?! Ziya əsəbiləşirdi. Ziyanın içindən heç vaxt görünməyən bir cin çıxmağa başlayırdı.

Əvvəllər hissləri uduzurdu və qəlbinin daxilində qalırdı. Bu dəfə hisslər udan vaxtdı. Hisslər – o hisslər ki, insana düşmən qazandırır, düşmənlərinə isə dost. Ziya sanki qaynamış çaydan idi. Bir anda Ələddin və bu iyrənc zarafatı haqqında düşündüyü hər bir detalı sinfə qışqırdı: Ağzıvın danışığın bil, ay şagird, AY UŞAQ! Hələ müəllimin saçını lağa qoyur. Həmin müəllimin ki, ağır qəzada sevdiklərini, eləcə də həyat yoldaşını itirib. Həmin müəllim ki, gecə saatına baxmayaraq yanan evdən balalarını xilas etməyi bacarıb! Həmin müəllim ki, qəzada bədəninin otuz faizi, eləcə də saçı yanıb. Həmin müəllimin ki, hakimlər tərəfindən evi yandıraraq həyat yoldaşını öldürmək məqsədi zənn edildiyi üçün az qala türmədə ömrünü keçirəcəkdi; bir sözlə, onu sevdiyi insanlar və eləcə də tələbələri haqq qazandırmaqla xilas etməsəydi ömrü türməyə dönəcəkdi. Həmin müəllim ki, həyatda yaşamağa yeqanə səbəbi məşğul olduğu elm – fizikadır. Yox bir! Hələ saçını lağa qoyur. Sənə lampadan çıxmış Ələddin əbəs yerə deməzlər. Bir şeyi dəqiq bilirəm ki fındıq beynin və qəlbsiz ruhun dəqiq lampaya yerləşər.

Sabahsı gün Ziya məktəbə gələndə içində sanki müxtəlif hisslər qaynayırdı: həm hirs, həm narahatlıq, həm qorxu, həm də iftixar. Sinfə daxil olanda hər kəsə salam verdi. Amma təəsüf ki, heç kim ona cavab vermədi. Öz yerinə keçərkən sinif yoldaşı Abbas onu dərhal dayandırdı:

“Bu gündən sən burada oturmursan”. Ziya dedi ki, yerin davası mənasızdır, və əşyalarını qoyanda Abbas ona tərəf cumaraq dedi: “Ay kişi, rədd ol buradan! Get özünə başqa yer tap”. Dava başladı. Ziya fiziki cəhətdən zəif olduğu üçün uduzdu. Məcbur oldu sinfin ən qabaq hissəsinə keçsin. Halbuki, o Abbasa möhkəm bir şillə vurmuşdu. Abbasın üzü qızarmışdı. Abbas Səlim müəllimin yanına gedib Ziyanın ona məqsədyönlü hücum elədiyini bildirdi. Tələb elədi ki, məktəbdən çıxarılması üçün ilk xəbərdarlığı alsın. Abbasın üzündəki qızartını görən Səlim müəllim sinifdə kameranın işləmədiyinə görə ona inandı. Ziyanı dəstəkləyən bir nəfər belə olmadı. Bütün məktəb ona qarşı oldu, çünki Abbas məktəbin “A.U.E”sinin görkəmli nümayəndəsi kimi hamının sevimlisi idi.

Məktəbdə bu xəbərdarlıq çox ciddi qəbul olunurdu. Bu səbəbdən cəza kimi Ziyanı sinif nümayəndəliyindən çıxartdılar və qanunsuz seçkilərlər vasitəsilə yaratdığı dram dərnəyindən nəinki aktyor, həm də rəhbər vəzifəsindən azad elədilər. Ziya bu ərəfələrdə qəmgin idi, çünki onun yaratdığı, mükəmməllik səviyyəsinə gətirdiyi bir dərnəkdən onu öz aktyorları seçkilərlə çıxartdılar. Təsəvvür edirsiniz? Bütün vaxtını bir şeyin yaradılışına sərf edirsən, səhnə hərəkətlərini öyrətdiyin aktyorlara şans verirsən ki, özlərini məşhur eləsinlər, axırda isə səni elə həmin aktyorlar müdüriyətin qərarı ilə keçirilən qanunsuz seçkilərlə çıxarırlar.

Ziyanın yerinə rəhbər kimi onun sinif yoldaşı, onun vaxtilə tamaşada aktyor kimi işləmək şansını verdiyi Abdulu təyin elədilər. Abdulu hamı xoşlayırdı, çünki o Abbasın dostu idi. Aktyorlar onu alqış sədaları altında qəbul elədilər. Ziya isə həmin ərəfələrdə qəzəbli olduğu üçün heç kimlə danışmırdı. Eləcə də heç kim onunla danışmırdı. Həttə ingilis dilindən keçirilən “Danışıq” tapşırığında sinif yoldaşları onun mükəmməl İngilis dilinə yüz baldan sadəcə otuz vermişdilər. Bundan əlavə, məktəbin Şagirdlər ittifaqı məktəblə tanışlıq videosu çəkərkən, Ziyanı baş rolda çəkəcəkdilər. Halbuki, haradansa Abdul gəlib çıxdı və onu Ziyanın yerində həmin klipdə çəkdilər. Ziya öz iki saatını itirmiş və eləcə biologiya imtahanına hazırlaşa bilməmişdi. Heç kim Ziyanı heç bir yerdə görmək istəmirdi. Beləliklə, Ziya özünü dəyişməyə qərara gəldi. Daha həmin mehriban Ziya görünməyəcəyini əminliklə bilirdi.

“Əlvida, silah”. Heminqueyin belə bir kitabı var. “Əlvida, Ziya” – həyatın belə bir səhifəsi var. Ziya artıq yox idi. O özünə təxəllüs kimi “Zia”nı qəbul eləmişdi. Zia Ziyadan fərqli olaraq insanlarla az danışır, sakit, “yox” deməyi bacaran bir insan idi. İmicini dəyişərək, o, saçının əksəriyyətini qırxmışdı – saçı kirpininkinə oxşayırdı. Ziya yüngülvari saqqal saxlayırdı. Artıq məktəbə boz rəngli hudisində gəlirdi – köhnə “professor” paltarını geyinmirdi. Onuncu sinfin böyük əksəriyyətini çox dərs oxuduğu üçün gözləri zəifləmişdi, buna görə də dairəvi eynək taxırdı. Ziaya transformasiya onuncu sinfin sonunda tamamlandı: Ziya ilk dəfə əlaçı ola bilmədi. Zianın dəyişdiyini yalnız şagirdlər hiss eləməmişdi. Müəllimlərdən bir neçəsi ona təklif edirdilər ki, psixoloq ilə görüşsün. O isə hər zaman eyni cür cavab verirdi: “Əvvəllər insanlar tərəfindən bəyənmək üçün özümdə hər bir detala fikir verirdim. Ancaq istəyirdim ki, məni digərləri bəyənsin, məni bəyənməyən qalmasın. Hər kəslə fərqli danışırdım, hər bir insana fərqli hobbilərə sahib olduğumu deyirdim. Sonralar hiss elədim ki, mənim emosiyalarım doğru işləmir. Gülməli hadisələrə ağlayır, kədərli söhbətlərdə isə gülürdüm. Sonra yenə evdə ağlayırdım, çünki düşünürdüm ki, kiminsə xoşuna gəlmədim. İndi isə mən fikir vermişəm ki, nəhayət hər şey öz qaydasındadır. Sən demə, hər şey digərlərinin düşüncələrinə çox fikir verdiyim üçün baş verirdi.

Özümə daha çox fikir verməyə başladım. Başa düşdüm ki, əgər mənim özüm üçün heç nə eləməsəm, mənim əvəzimə mənə heç kim heç nə eliyəsi deyil. Nəhayət gecələr normal yata bilirəm. Daha heç kimin fikri mənim üçün stimul deyil”.
Sən demə, həyatda ən haqsız məqam biologiyada kəsilən ballar deyilmiş - həyat özü haqsız ola bilir. Abdul dərnəkdən zəif insanları çıxartmışdı. Onların yarısı onuncu sinfi pis qiymətlərinə görə bitirə bilməmişdilər, digər yarısı isə məktəbdə qalmalarına rəğmən hər şeydən bezmiş, ətrafdakılardan küsmüşdülər. Rafiq ilə Simayəyə gəlincə, onlar Ziyanı sadəcə qəbul eləmirdilər. Zianın üzünə deyirdilər ki, onlar həmin mehriban, hamıya kömək eləyən Ziyanı indi tanımırlar. Ziya sadəcə susurdu. Nəyinə lazım idi, artıq dostlarına güvənmirdi. Onun köhnə “dostları” məktəbin dərgisindən onun hekayəsini cırıb Novruz bayramında tonqal hazırlamışdılar. Yadına əvvəlki məktəbdəki bir qızın dedikləri düşdü: “bu həyatda dostluq anlayışı yoxdur. Yalnız özünü düşünmək var. İnan mənə, Ziya, gün gələcək, nə dediyimi anlayacaqsan. Nə sinif yoldaşı, nə ən yaxın sirdaşın – inan mənə o sirdaşa nə demisənsə, artıq hamısını arxanca öz “yaxınlarına” deyib. Çalış hər kəsi öz dostun adlandırma. Nə isə, o gün gələcək. Özün bunları nə vaxtsa, gec ya da tez başa düşəcəksən”. Həmin gün həqiqətən də gəldi – yeni ilin ilk günü.

...On birinci siniflər məktəbin geniş həyətində oturmuş, məzun gününün başlamasını səbirsizliklə gözləyirdilər. Elə deyəsən başlamaq üzrə idi, çünki məktəbin müdiri Səbuhi müəllim səhnəyə məğrur addımlarıyla keçirdi. 11A7 sinfindən bir nəfərin yeri boş idi. Həmin insan sinfindən çıxaraq yağışın yağmasına baxmayaraq həyətin şagirdsiz cığırıyla hərəkət eləyirdi. Həyətdəki çiçəklərin rəngi solmuşdu. Ağacların arasından keçib ünvanına çatdı.

Boş, qəmgin akt zalına daxil oldu. Sıraların birində özünə yer taparaq əyləşdi. Sadəcə gözünün qabağında xatirələr canlanırdı. İlk on sinfin parlaq xatirələri. Həmin parlaq xatirələr onun gözündən parlaq göz yaşları axıdırdı. İlk müəllimi, ilk qiyməti, ilk dostluğu, və eləcə son dostları. O, hər şeyin başladığı və bitdiyi akt zalında divarlara əli ilə toxunaraq, tamaşanın məşqlərini yadına salırdı.

Məktəbdə sertifikatları paylayan Səbuhi müəllimin səsi hər yerə yayılırdı: “Ziya? Ziya? Ziya?!...” Bu sədalar altında o məktəbdən çıxırdı. Adətən dolu olan yol bu gün boş idi. Hər il bu gün parlaq günəş saçırdı, amma bu gün dumanlı, yağışlı gün idi. İslanmasına baxmayaraq, o, bu gün bitmək bilməyən, sürüşkən, palçıqlı, hərəkətə mane yaradan daşlarla örtülmüş yoluna davam eləyirdi. Ziya bir daha məktəbdə görünməmişdi.

# 1864 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #