Vicdan məhkəməsi - İsmail Məcidli

İsmail Məcidli

İsmail Məcidli

10 dekabr 2022
# 14:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən İsmail Məcidlinin "Vicdan məhkəməsi" hekayəsini təqdim edir.

(sənədli hekayə)

“... Kim könüldən yaxşılıq edərsə, bilsin,
Allah verər əvəzini, nə elədiyinizi bilir O.”

Quran-i Kərim, Əl-Bəqərə surəsi, ayə 158

Ailəm Azərbaycanda yaşayır. Özüm isə Rusiyada ticarətlə məşğulam. Bir neçə dəfə pul toplayıb ailəmə baş çəkmək üçün Azərbaycana gəlmək istəsəm də bu mümkün olmayıb. Çünki birinci dəfə yığdığım pulları qaldığım evdən qaraçılar oğurladılar. Ondan sonra qorxudan evdə pul saxlamırdım, üstümdə gəzdirir­dim. Onu da bir gecə evə gələndə qabağımı kəsib əlimdən aldılar. Ticarətdə də əlim gətirmədiyindən daim yoldaşlarımdan borc alır­dım. Qazandıqlarım da borclarıma güclə çatdığı üçün lap çıxıl­maz vəziyyətə düşmüşdüm...

Bir axşam evdə oturub gələcək halımın nə cür olacağı haqqında fikirləşirdim. Axı, nə qədər ondan-bun­dan borc almaqla yaşaya­caqdım. Borcla yaşaya-yaşa­ya ailəmə və uşaqla­rıma da həs­rət qalmışdım, neçə il idi ki, onları görmürdüm. Birdən ağlıma gəldi ki, hər ay bu qədər adamdan borc alıb qaytar­maqdansa, bor­cu bir nəfər­­dən almaq daha sərfəli olardı...

Səhər işə gələndə bir vyetnamlı iş yol­daşımla görü­şüb və­ziy­yətimi ona danışdım və vətənimə getməkdən ötrü ondan üç min dollar borc pul istədim. İnsafla desək, göz­lədiyimin əksinə ola­raq o, heç nə soruşmadan mənə istə­diyim məbləği verdi. Əs­lin­də isə yoldaşım mənim gizli niyyətimdən xəbərsiz idi, Azər­bay­cana gəldikdən sonra geriyə qayıtmaq istəmir­dim. Çünki bu­ra­ya qayıdıb borcu­mu verəndən sonra yenə də əvvəlki kimi yaşa­mağa məh­kum olacaqdım...

Üç gündən sonra mən iş yerinə gəlib həmin vyet­namlı yol­daşımla görüşüb bir müddət məni axtar­mamasını tapşırdım. Elə bunu demiş­dim ki, o əlini cibinə salıb pulla­rını çıxardı və içəri­sindən iki ədəd yüz dollarlıq əskinası ayıra­raq mənə uzatdı.

- Bunları da götür, uşaqlarına mənim adımdan hədiyyə al, - dedi.

Yoldaşımın sözləri məni ildırım kimi vurdu. Bir anlı­ğa özümü elə itirdim ki, ayaq üstə güclə durdum. Yıxıl­mamaq üçün əllərimi uzadıb onun çiyinlərindən yapışdım. İçimdə bir fırtına baş qaldırmışdı. Mən haldan-hala düşür­­düm. Yatmış vicdanım oya­­naraq sanki məni dara çəkmək istəyirdi. Az qala ürəyim part­la­yacaqdı, qəhər məni boğur­du. Dəli bir ağlamaq keçirdi könlüm­dən, gücüm yalnız gözlərimi yumub içimdə səssiz ağlayaraq utan­dığımdan ona baxma­mağa çatırdı. Qorxurdum ki, gözlə­rim məni satar və yoldaşım niyyətimdən xəbər­dar olar. Onun pul tut­muş əli isə havada mənə tərəf uzanmış halda qalmışdı...

Mənim bu vəziyyətimi görən yoldaşım:

- Nə oldu sənə? Niyə ağlayırsan? Nə dedim axı, sənə? Səni özümə qardaş sanıram, uşaqlarını da bir əmi kimi sevirəm, – deyib əlindəki pulları cibimə basdı...

Həyəcanımdan nə edəcəyimi bilmirdim. Yolda­şım mə­­ni özünə tərəf çəkib bağrına basdı və qucaq­layaraq üzümdən öpərək:

- Heç darıxıb eləmə, get ailəni gör, uşaqlarına baş çək. Qa­yı­dıb gələrsən, yenə də birlikdə işləyərik, Allah qoysa borcunu da qaytararsan. Sən gələnə kimi mən sənin işlərini də görəcəyəm, elə edəcəyəm ki, bundan sonra çətinlik çəkməyəsən, - dedi.

Yoldaşımın sözlərindən bir qədər toxta­sam da içim­də sanki bir tonqal alışmışdı. Və bu tonqalın alovunda ürə­yimdəki bütün pis niyyətlər alışıb yanırdı. Elə bu yanğı ilə də qəlbim və ruhum sanki yenidən doğulmuşlartək yeni­ləşirdi...

Evə nə cür gəldiyimi bilmirəm, bircə o yadımdadır ki, o, əlindəki pulları mənə vermək istəyirdi. Sonrası nə oldu bilmirəm, unutmuş­dum. Evdə əlimi cibimə salanda sanki barmaq­larımı cərəyan vurdu. Onun bayaq əlində tut­duğu iki ədəd yüz dollarlıq cibimdə idi. Onların bura nə cür düşdüyünü də xatırlamırdım...

Məni vicdanım bərk narahat edirdi. Vyetnamlı yol­da­şımın mənə etdiyi yaxşılığın qarşılığında ona etmək is­tə­­dyim hərəkətin sanki ağrı-acısını çəkirdim...

Paltarlarımı soyunmadan yerimə uzansam da rahat­lana bil­mirdim. Bayaq oyanmış vicdanım məni bitməz bir sorğu-suala tutmuşdu, yaşadığım ömrün bütün anlarını xa­tır­ladaraq məndən hesabat tələb edirdi. Səhərədək gözlə­rimi yummadan onun sorğu­larına cavab verirdim, lap məh­kəmədəki kimi sanki müttəhimlər kürsüsündə otur­muşdum...

Səhəri dirigözlü açsam da yerimdən qalxanda özümü quş kimi yüngül hiss edirdim. Mən daxilən təmizlən­miş­dim, dünyaya sanki yenidən gəlmişdim, özümü tanıya bil­mir­dim...

***

Azərbaycana gəlib ailəmə və uşaqlarıma baş çəkən­dən son­ra yenidən Rusiyaya qayıt­mışdım. Vyetnamlı yol­da­­şım söz ver­diyi kimi mənim işlərimi də yerinə yetirmiş­di. Və mən də işimə elə yeni doğul­muşlartək başlamışdım. Qısa bir zaman ərzində işim­də çox böyük irəliləyişlər hiss edirdim. İş yoldaşlarımın da mənə müna­sibətləri sanki dəyi­şilmişdi, hamının inam və etibarını qazanırdım. Biz­nesimdə də uğurlar əldə edirdim...

Artıq işlərim qaydasına düşmüşdü, yaxşı pul qaza­nırdım. Borclarımı da vaxtında qaytar­mışdım və hətta ailəmə də xərclik göndərirdim. Mən daxilən yeni insan olmuşdum. Allahımdan razı idim, çünki istədiklərimi əldə etmişdim. Və bütün bunların müqa­bilində, inam və etibarı ilə vicdanımı silkə­ləyərək onu həyəcan­landırıb ürə­yimin qəddarlığını müalicə edən, mənə halal­lığın qa­pı­sını aça­raq düz yola qaytaran o vyetnamlı qardaşıma sonsuz min­­nətdarlığımı bildirəndə:

- Həyatda hər şey sənin öz əlindədir. Çalış ki, bütün işlərini vicdanının nəzarəti və hökmüylə yerinə yetirəsən. Holland filo­sofu Benedikt Spinozanın dediyi kimi:

- “Həyatın üzünə gülümsəməsini istəyir­sənsə, ona xoş əh­val-ruhiyyəni bəxş etməli­sən.”, - dedi.

***

Həmin vyetnamlı ilə münasibətlərimiz daha da isti­ləş­­miş­di. Məni tez-tez evinə qonaq aparırdı. Çoxdan ailəli olmalarına baxmayaraq hələ də uşaqları yox idi. Hər dəfə bu ailəyə gələndə onların mənim uşaqlarımla maraqlan­dıqlarını gördükcə ürəyim az qala qan ağlayırdı. Onların da arzularının çin olmasını və evlə­rindən körpə səsi eşidil­məsini o gözəgörünməz Allahımdan arzu edirdim...

Və bir gün işə gələndə yoldaşımı orada görmədim. Narahat olduğum üçün ona zəng etməli oldum. Eşitdiyim cavabdan necə sevin­dimsə, bir anlığa sanki dilim tutuldu, danışa bilmədim, o isə sevindiyindən ağlaya-ağlaya yal­nız bunu deyə bildi:

- Qardaş, axır ki, sənin duaların həyata keçdi. Alla­hımız bizə əkiz övlad, iki oğul bəxş etdi...

Güclə:

- Şükür kəramətinə Allahım, arzumuz gözü­müzdə qal­­madı, qardaş, - deyə bildim...


# 3214 dəfə oxunub

Müəllifin son yazıları

# # #