Çiçək - Gülmira İsmayılova

Gülmira İsmayılova

Gülmira İsmayılova

23 noyabr 2022
# 19:25

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Gülmira İsmayılovanın "Çiçək" hekayəsini təqdim edir.

Hərzamanki kimi bu gün də hər bir qarışını əzbərə bildiyim yollardan səssizcə keçirdim. Mahnıya qulaq asmırdım, ya da nəsə düşünmürdüm. Sadəcə yola nəzər salırdım və yanımdan ötüb keçən maşınların səsinin qulağımı ağrıtmasına icazə verirdim. Ətrafa nəzər salanda gözümə sanki son günlərini yaşayırmış kimi görsənən bir çiçək ilişdi. Yarpaqları solmuş, başı aşağı əyilmişdi. Digər çiçəklər kimi qaməti düzgün deyildi. Ətrafındakı digər çiçəklər bu qədər şux və yamyaşıl dayanarkən, onun solğun duruşu olduqca qəribəydi.

Öz-özümə – Adi bir çiçəkdir – deyib gözlərimi ondan çəkdim və yoluma davam etmək istədim. Lakin bir neçə addım atmışdım ki, yerimdə dayandım və dönüb təkrar çiçəyə nəzər saldım. Başqa vaxt bir çiçəyin halı məni heç maraqlandırmazdı. Çünki onu sağalda bilməyəcəyimi yaxşı bilirdim. Amma o gülün qupquru, sanki yağışın illərlə islatmadığı torpağından ayırmaq istədim. İlk dəfə çiçəyin yerinin o quru torpaq deyil də, mənim yanım olduğunu sandım. Hər nə qədər çiçək torpağa möhtac olsa da, mən bu gerçəyə inanmaq istəmədim.

Həqiqəti kənara qoyub ona tərəf yaxınlaşdım və yavaşca olduğu yerdən çıxardım. Mənə elə gəlir ki, heç ruhu da incimədi. Qucağımda körpə uşaq tuturmuş kimi çiçəyi tutdum və iri addımlarla evə doğru irəlilədim. Mənim evim onun olduğu yerdən isti idi. Ən azından mənim evim və sevgim onu sağaldacaqdı. Buna əmin idim.

Evə gəldiyimdə isə yaşamağın onun üçün nə qədər çətin olduğunun fərqinə vardım. Çünki çiçək yol boyu daha da taqətdən düşmüş, başını daha da aşağı əymişdi. Sanki onu acı taleyi ilə tək buraxmağımı istəyirdi. Düşündüm ki, onu kitablarımdan birinin içinə qoyar, daha da qurudub illərlə özümlə saxlaya bilərdim. Lakin içimdə olan bir parça ümid buna mani oldu. Çünki çiçək hələ də yaşayırdı. O ölməmişdi. Yaşayan bir canlını ölümə tərk eləmək insanlığa yaraşmayan hərəkət idi. Vicdanım yenə də mənə qalib gəlmişdi.

İçimdəki ümid onun sağalıb yenidən açacağını, əvvəlki kimi xoşbəxt olub qoxusuyla insanı məst edəcəyini və gözəlliyi ilə gözləri gözəlləşdirəcəyini deyirdi. Bu ümid məni həyəcanlandırdı. Onun tez sağalması üçün əlimdən gələni edəcəkdim. Bəlkə də, bu ümid onu yenidən həyata bağlayacaqdı.
Çiçəyi götürüb ən gözəl saxsıya əkdim və yaşıllaşmağını gözlədim. Günlərlə çiçəyin yanından ayrılmayıb onu seyr elədim. Təssüf ki, dəyişən heç bir şey olmadı. Çiçək olduğu kimi qupquru bir vəziyyətdə qalmışdı. Çünki göy üzündə bir parça belə günəş işığı yox idi. Evin istiliyi çiçək üçün bir məna kəsb eləmirdi. Kədərləndim. Əziyyətimin qarşılığını ala bilmədiyimi düşündüm. Axı mən ona günlərimi ayırmışdım. Yanından ayrılmayıb sadəcə onu izləmişdim. Bu haqsızlıq idi. Hiss elədiyim acıya dözə bilməyib ağlamağa başladım. Göz yaşlarım inci kimi bir-bir çiçəyin dibinə töküldü və bir anda çiçək özünə gəldi.

O zaman bir şeyi çox yaxşı dərk etdim. Günlərlə onun yanında dayanıb gözləmək onun üçün nəsə elədiyim mənasına gəlmirdi. Çiçəyə olan həddindən artıq sevgimə görə ona su verməyi unutmuşdum. Əslində hamısı həyəcandan idi. Hər şeyin tez baş verməsini istəyirdim.
İndi bunları düşünmək vaxtı deyildi. Çiçəyim özünə gəlmişdi. Xoşbəxtlikdən yerimdə rəqs eləməyə başladım. Qəhqəhələrim bütün otağa yayıldı.

Sevincimin həddi hüdudu yox idi.

Elə bu an, pəncərədən içəri doğru günəş işıqlarının girdiyini gördüm. Beləcə göy üzünün hisslərim olduğunun fərqinə vardım.

Bundan sonra kədərimi çiçək üçün gizlədəcək və xoşbəxt olacaqdım. Çünki çiçəyimi günəşsiz qoymaq istəmirdim. Elə də oldu. Günəş hər gün ən təpədə dayanırdı. Xoşbəxtliyim çiçəyi də xoşbəxt edirdi. Onu belə görmək isə məni daha da xoşbəxt bir insana çevirirdi. O gündən sonra hər gün çiçəyi suladım, ona sevgi dolu sözlər dedim və həmişə xoşbəxt olub ona bolluca günəş işığı bəxş elədim.

İndi ikimiz də xoşbəxt idik. O hər keçən gün daha da yaşıllaşıb, daha da böyüyürdü. Amma bir gün qəribə bir hadisə baş vermişdi. Hərzamanki kimi yuxudan oyanıb ilk ona sabahın xeyir dedim. Bir də gördüm ki, çiçəyimin yarpaqları solub və ilk gəldiyi gün kimi başığı aşağı əyib. Bu an, sanki dünyam başıma yıxıldı. Diqqətlə və sevgiylə böyütdüyüm çiçəyim mənə vəda eləmək istəyirdi. Çox qorxdum və cəld onu suladım. Həm də hər zamankindən daha çox suladım. Sonra isə şən bir musiqi açıb ona xoş gözlər söyləməyə başladım. Yarpaqları daha da solmasın deyə ona dəstək oldum. Bu, bir neçə gün davam elədi. Lakin elədiklərimin bir faydası olmamışdı. Çiçəyim hər keçən gün gücsüzləşir və qamətini əyirdi. Mən də çarə olaraq taxta parçaları ilə ona dayaq yaratdım ki, ayaqda dura bilsin. Hər keçən gün ona daha yaxşı baxdım. O da hər keçən gün daha da pisləşdi.

Çiçəyim üçün bu qədər üzüldüyümü görən anam otağıma gəldi. Saçlarımı sığallayıb çiçəyi geri qaytarmağımı istədi. Çiçəyin yerinin torpaq olduğunu və onu torpağına əmanət eləməyimi dedi. Mən isə bunu qəbullanmaq istəmədim. Çiçəkdən ayrılmaq istəmirdim amma onun burada daha çox yaşaya bilməyəcəyini də yaxşı bilirdim. Ona baxıb ikinci dəfə yanında ağladım. Yenə göz yaşlarım onu üzərinə töküldü. Lakin bu səfər yaşıllaşmaq yerinə çürüməyi seçdi. Artıq çiçəyimə yaxşı təsir eləmirdim. Çiçəyin yeri mənim yanım deyildi. Çiçək heç vaxt mənim çiçəyim olmamışdı.

Onun çürüməsinə daha da dözə bilməyib qucağıma aldım və evi tərk elədim. Ayaqyalın qaçaraq onu qopardığım yerə gəldim. Qanayıb göynəyən ayaqlarımı düşünmədən özümü yerə atdım və torpağı dırnaqlarımla qazmağa başladım. Onu aldığım kimi yavaşca yerinə geri qoydum və üzərini örtdüm.

Ağlayaraq evə qayıtdım. Gedərkən hər saniyə arxama baxdım. Necə oldusa evə çatdığımın fərqinə varmamışdım. Otağıma girib havaya nəzər saldım.

Göy üzünü qara buludlar sarmışdı və hər an güclü yağış yağa bilərdi. Tez kefimi yerinə gətirməyə çalışdım. Çünki kədərli olsam çiçəyim günəşsiz qalardı. Onunla olan gözəl günlərimi ağlıma gətirərək günəşin yenidən doğuşunu izlədim.

İndi hər gün çiçəyin üzünə baxmamağa çalışaraq həmin yollardan keçirdim. Ona baxmağa qorxurdum amma artıq cəsarətimi toplamışdım. Üzümü çevirib onun olduğu yerə nəzər saldım. Yamyaşıl olmuşdu və hərzamankindən daha da böyük idi. Digər çiçəkləri ötüb keçmişdi. O zaman daha yaxşı anlamışdım. O çiçək mənim deyil, o çiçək torpağın idi. Mən isə mənim olmayan çiçək üçün hər gün günəşin çıxmağına icazə verirdim. Çiçək mənim deyildi amma günəşim həmişə onun üstündə idi

# 5049 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #