Bir öpüşünlə, bir sığalınla, bir toxunuşunla...- GÜNÜN ŞEİRİ

Bir öpüşünlə, bir sığalınla, bir toxunuşunla...-<span style="color:red;"> GÜNÜN ŞEİRİ
4 iyul 2016
# 11:44

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Günel Mövlud: “Sən uzaqbaşı...”

Aygün Aslanlı üçün

Sənə başqaları toxunanda

Qısqanmıram...

Sənə başqaları toxunanda

Qəzəblənmirəm...

Sən mənim bir parcamsan

Ağrıyıram

Sənə başqaları toxunanda

Sən anam kimi deyilsən

Onu bu qədər sevməzdim

Sən bacım ola bilməzdin

Belə duymazdı məni

Sən kişilər kimi deyilsən

Belə arxayın uyumazdım

Onların qucağında...

Hər səhər

Yolumun üstünə

İyrənc sifətli kişilər çıxır

Hər axşam evə dönəndə

Sabah kəsiləcək bir heyvan görürəm

Sən hər gecə bədənindəki

İkigünlük tər qoxusuyla

Məni gözləsəydin

Bunları özümə dərd eləməzdim

Onlar bizi heyvan kimi xatırlayır

Qoxumuzu

Bizsə bir-birimizin

Dərisinin yaddaşında qalırıq

Mən

Hər an duyuram

Sənin

Necə yumşaq olduğunu

Möhkəm olduqlarından deyil

Duyğusuz olduqlarından

Kişilər anlamaz

Qadınların göz yaşlarını

Kiminsə çiyninə axıtmaq istəyini

Özlərinə sığınmağını

Əşyalara qısılmağını

Biz

Bir-birimizi

Şüurumuzla deyil

Tamam başqa şeylərlə

Anlayırıq

Səndə olan hər şey

Mənə

Bir öpüşünlə

Bir sığalınla

Bir toxunuşunla keçir

və ya

daha çox təmasla...

sən məni

cırılmış köynəklərlə

qırılmış boyunbağılarla

təkbaşına qoyub getməzsən

sən uzaqbaşı

mənim bir köynəyimi

geyinib gedərsən

özününkü bilib

onu mənə qaytardığında

sənin hərarətini,

sənin qoxunu duyuram,

yadıma kobud həmlələr deyil,

sənin əzizləmələrin düşür...

# 1877 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #