Bizim indimiz yox, keçmişimiz yox - Günün şeiri

Rəbiqə Nazimqızı

Rəbiqə Nazimqızı

5 noyabr 2023
# 11:00

Bu gün şair Rəbiqə Nazimqızının doğum günüdür. Bu münasibətlə Kulis.az onun "Qızım üçün" şerini təqdim edir.

Qızım üçün

Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.

Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.

- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.

Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə...
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.

Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.

Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.

# 2823 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #