İnternetdə qatillə tanış olan azərbaycanlı qadın

İnternetdə qatillə tanış olan azərbaycanlı qadın
19 fevral 2018
# 11:10

Günel Natiq

İnternet tanışlığı cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri düşünür ki, internet tanışlığından ciddi bir iş gözləməyə dəyməz. Digərlərinin fikrincə isə bu da ciddi tanışlıq üçün bir vasitədir və heç də faydasız deyil. Əslində hər iki tərəf də haqlıdır. Amma faiz çoxluğuyla götürsək, internet tanışlığına absurd bir şey kimi baxanlar daha çoxdur və deməli, bu tanışlığın ziyanlı tərəfləri daha ağır gəlir.

Çünki hər bir məsələ ona necə baxmağımızdan asılıdır.

Adətən kişi cinsinin nümayəndələri internet tanışlığına əylənmək, vaxt keçirmək üçün bir vasitə kimi baxır. Halbuki tanışlığın harda baş verdiyinin əhəmiyyəti yoxdur. Metroda, küçədə, aptekdə, toyda, nişanda, ya da internetdə. Tənha qadınlar da kiminləsə tanış olmalıdır, ya yox? Bu tanışlığın harda baş verdiyinin nə fərqi var axı? Hər işə bir qulp qoyanlar internet tanışlığına da dodaq büzürlər.

Elə mənfi baxışlar da təbii olaraq mənfi nəticələr doğurur.

Həmsöhbətim olan qadın gah ağlayır, gah gülür. “Məni suçlayanlar çox olacaq”, deyir. “Amma nə etməliydim? Hər qadının kişi sığalına ehtiyacı var. Bəzən bu hisslər insanın prinsiplərini də üstələyir”, - deyir.

Bu qadın ərindən ayrıldıqdan sonra təkliyi seçib. Cəmiyyətdə olmağı sevmir, adamlar ona tənhalığını xatırladır. Amma təkliyin də bir sonu var. Bu qadın da müəyyən yaşdan sonra təklikdən qurtulmağı qərara alır. İnternetdə tanışlıq çatlarının birinə daxil olub münasib namizədləri gözdən keçirir.

Hər qadının bir ideal kişi obrazı olur. Bu qadının da ideal kişi obrazına uyğun gələn bir adam tezliklə ortaya çıxır.

Kişi iş adamı olduğunu, xaricdə universitet bitirdiyini, elə həyatının da böyük bir hissəsinin xarici ölkələrdə keçdiyini deyir.

İki əcnəbi dildə rahat danışan bu adamın böyük sərmayə qoyduğu layihə son anda iflasa uğrayıbmış. O da uzun illərin əzab-əziyyətindən, yuxusuz gecələrindən sonra boş əllə vətənə qayıdıbmış.

Elə ilk görüşdən aralarında “elektriklənmə” olur. Qadına xüsusilə xoş gələn cəhət kişinin diqqətcil olması və ona çox vaxt ayırması idi. Təzə Romeo sevgilisini lap Şekspir kimi vəsf edirdi.

Kişinin mənzili yox idi, qadının evinə daşınır və vətəndaş nikahıyla yaşamağa başlayırlar.

Bir-iki aydan sonra kişinin xarakterində fərqli özəlliklər özünü büruzə verməyə başlayır. İçindəki davakar adam üzə çıxmağa bəhanə gəzirdi. Qadının təklikdə keçirdiyi illər onu ürkək etmişdi, “belə vaxtlarda divara qısılıb titrəyirdim. Həddini aşdığını görəndə tez əsəbini boğur, həmişəki qayğıkeşliyi ilə məni qucaqlayıb öpür, üzr istəyirdi”.

Bir dəfə qadın təsadüfən sevgilisinin bədənində döymə yazı görür. “Sabaneta” adının hansısa qadınla bağlı olduğunu düşünür. “Yəqin ki, xaricdəki sevgilisidir, hissləri elə dərin olub ki, adını bədəninə döydürüb. Bəlkə də o səbəbdən aqressivdir, onu unuda bilmir”.

Qadın araşdırmaq qərarına gəlir. Kişinin telefonundakı nömrələrə baxır, amma “Sabaneta” adına rast gəlmir. Dostuyla dərdləşəndə təsadüfən müəmmalı adı çəkir. Dostu “Sabaneta” adını eşitcək “Cənubi Amerikadakı o məşhur dustaqxanamı?”- deyə soruşur. Qadın etiraz edib “mən dediyim qadın adıdır”, deyir.

Amma içinə yeni şübhə toxumu əkilir. İnternetdə axtarış aparır. Məlum olur ki, belə bir dustaqxana həqiqətən var. Həm də ən qəddar on türmədən biridir. Əslində türmə deyəndə elə göz önünə qəddarlıq, göz yaşı və s. gəlir.

“Sabaneta”yla bağlı xəbərləri araşdırmağa başlayır. Təxminən 1 ay əvvəl bir neçə dustağın qaçdığı xəbərini oxuyanda sarsılır. Həmin dustaqlardan birinin sevgilisi ola biləcəyini düşünür.

Qadın sevgilisindən guya təsadüfən sözarası hansı universiteti bitirdiyini soruşur. Adam Amerikada oxuduğunu deyir, amma adını çəkdiyi universitet İngiltərədə yerləşirdi. Qarışıq bir vəziyyət yaranır.

Onda qadın açıq oynamaq qərarına gəlir. Onun haqqında hər şeyi bildiyini deyir. Bu illər ərzində türmədə yatdığını, ordan qaçdığını və s. Əslində çox şeyi intuitiv söyləyirdi, amma oxuduğu real faktlar onun iddialarına əsas verirdi.

“Bunları dedikcə kişinin üzü dəyişirdi, sonda daha da qorxunc bir ifadə aldı. Elə bil şiri qəfəsdən buraxmışdılar və o birinci kimi yeyəcəyinə qərar verə bilmirdi.

“Mənə yaxınlaşdı. Əllərini üzümdə gəzdirdi. Sonra boynumdan yapışdı. Sıxdı. Qışqırmaq istədim, nəfəsim çatmadı. Həmin anda Allah bilir nələr yaşadım. Ürəyimdə hər şeyi-interneti, döymə yazını, Sabanetanı, bunu aşkar etdiyim üçün özümü qarğayırdım. Hətta ilk dəfə dindar oldum və Kəlmeyi-şəhadəti oxumağı qərara aldım. Deyəsən insan ən azı bir dəfə-ölüm məqamında dindar olur.

Birdən nə fikirləşdisə məni buraxdı, qalxıb koridora keçdi, dilinin ucunda anlaşılmaz nələrsə deyərək qapını çırpıb çıxdı.

Hələ də getdiyinə inana bilmirdim. Əllərimlə bədənimi yoxlayırdım ki, doğrudanmı sağ-salamatam?

Qapını bərk-bərk bağladım. Həmin gün kompüterə yaxın getməyə belə qorxurdum. Elə bilirdim, indicə kompüterdən çıxıb qənşərimdə dayanacaq”.

İki gündən sonra qadın mesaj alır. Adam doğrudan da həbsxanada yatdığını etiraf edirdi. Xaricə qanunsuz mal keçirərkən onları aşkar edən polisi öldürübmüş. 15 həbsxanada yatıb. 15 il müddətində qaçmaq üçün plan qurub. Nəhayət, uzun illərdən sonra planını həyata keçirməyin vaxtı çatıb. Bir neçə dustaq yoldaşıyla həmin o dəhşətli yerdən uzaqlaşıb: “Bu, filmə bənzəyir, elə bu illər ərzində təsəllim həmin filmlərin real hadisələr əsasında çəkilməyi idi”.

Adamın mesajda onunla bağlı hər şeyi unutmasını, kimsəyə bir söz deməməsini xahiş edirdi:

“Mənim niyyətim sənə pislik etmək deyildi. Amma həmin anda gözlərimin önünə həmin o lənətəgəlmiş qazamat və nəzarətçilər gəldi. Bəlkə də həmin anda nəsə törədə bilərdim.”

Qadın bacardığı qədər olanları unutmağa çalışır. Bu həssas, ürkək qadın qatillə bir yatağı bölüşdüyünə hələ də inana bilmir.

Virtual dünya xəyalpərəst qadınlar üçün vazkeçilməz məkandır. Adamı görmürsən, tanımırsan, ancaq təsəvvür edirsən və xəyallarında özünə bir obraz uydurursan.

Çox istəyirsən həmin adam bu obraza uyğun gəlsin.

İkinci qəhrəmanım da internet tanışlığının fəsadlarını yaşayıb. Türkiyəli oğlanla tanış olan qadın elə sanır ki, qarşıda onu serial qəhrəmanlarının yaşantılarına bənzər gözəl və qayğısız bir həyat gözləyir.

Aradığı hüzur və dincliyi birinci arvadında tapa bilmədiyini deyən kişi gözəl şeylər vəd edir. Evlilik təklif edir. Amma ailəsinin anasının xəstəliyi ucbatından toya gələ bilməyəcəyini söyləyir. Sən demə ailəsi məlum səbəblərdən onun həyatına müdaxilə etmirmiş.

Qız İstanbula yola düşür. Elə ilk günlərdə məlum olur ki, kişi həddindən artıq qısqancdır. Amma qız tədricən bu halların keçib-gedəcəyinə ümid edir.

Bir dəfə istirahət günlərinin birində ər öz arvadını iş yerinə aparır.

“Heç kimsənin olmadığı bir ofis idi. Mən ikinci mərtəbəyə qalxdım və ətrafı gözdən keçirməyə başladım. Ərim pillələrlə ardımca çıxırdı. Mən birdən çevrildim və onu gördüm. Əlindəki tapançanı mənə tuşlayıb: “Son vaxtlar sən mənim canımı çox sıxırsan”, - dedi. Mən güldüm. Elə sandım, zarafat edir. Başqa bir şey ağlıma da gəlmədi. Amma baxışlarını unuda bilmirəm. Qəribə baxırdı; hər şeyni itirməyə hazır olan bir adamın baxışlarıydı”.

Heç nə demədən tapançanı aşağı saldı. Pillələri endik. Dinib-danışmadan evə gəldik.

Bir dəfə sahildə gəzirdik. Mən dənizin üzərində uçuşan qağayılara baxır, doğma sahilləri xatırlayırdım.

Evə gələndə üstümə cumdu.

- De görüm, o kim idi? Niyə sənə baxırdı? Tanıyırsan onu?

Elə bildim zarafat edir, dedim:

- Mən qağayılardan başqa heç kimi görmədim.

- Məni ələ salırsan? - deyə yumruğunu düyünlədi. Elə birinci zərbədən yerə yıxıldım. Ürəyi soyumadı, bu dəfə təpikləməyə başladı. Özümə gələndə evdə yox idi. Vanna otağına keçib qanamış üz-gözümü yuyaraq qaynanamın gözlərindəki təlaşı xatırlayırdım. Demə bu təlaş və qorxu səbəbsiz deyilmiş.”

İstanbula ilk gəldiyi vaxtlarda qonşu qadının da dediyi sözlər yadına düşür: “Qızım, qaynananla əlaqəni kəsmə. Onlar səni qoruyar”.

Niyə qoruyar, nədən qoruyar? O vaxt bu sözlərin anlamını anlamamışdı. Amma indi yaxşı anlayırdı...

Məlum olur ki, kişi psixoloji cəhətdən normal deyil. Birinci arvadı da onun aqressivliyinin qurbanı olub. Sonuncu dəfə uşaqların gözləri önündə ölümcül döydükdən sonra qadın uşaqları da götürüb evi birdəfəlik tərk edib.

Həmyerlimiz olan qadın da belə edir. Elə ilk uçaqla Bakıya qayıdır.

Bu da internet tanışlığının zərərli tərəfləri. Məsələ internetdə deyil, düşünmədən yola çıxmaqdadır. Ailə həyatı oyun meydançası deyil, risk etmək üçün həyatın başqa sahələri var. Bəzən bu risklər insana həyatı bahasına başa gələ bilər. Hətta nəticədə özünüzü qatillə bir yataqda görə bilərsiniz...

# 1423 dəfə oxunub

Müəllifin son yazıları

# # #